"İnanıram ki, TÜRKSOY Yazarlar

Birliyi böyük işlər görəcək"

 

Yeni yaranmış birliyin sədr müavini seçilmiş şair Səlim Babullaoğlu ilə söhbət

 

Martın 6-da Ankarada, TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dünyası ədəbi mühiti üçün ciddi hadisə baş verib, türk dövlətləri yazıçı təşkilatları rəhbərlərinin iştirakı ilə TÜRKSOY Yazarlar Birliyinin quruluş toplantısı keçirilib. TÜRKSOY-un baş katibi Sultan Rayevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Qalıbəyov, Türkiyə  Yazarlar Birliyi İdarə heyətinin üzvü Mahmud Ərdəmir, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türkmənistanın Ankaradakı səfirliyinin II katibi Handuri Turayev iştirak ediblər.

Açılış nitqində TÜRKSOY-un baş katibi Sultan Rayev Türkiyədəki böyük itkilərə səbəb olan zəlzələnin hər bir insanın qəlbini sarsıtdığını vurğulayaraq, bunu bütün türk dünyasının kədəri olduğunu söyləyib. Daha sonra baş katib ölənlərin ruhunu yad etmək üçün toplantı iştirakçılarını 1 dəqiqəlik sayğı duruşuna dəvət edib. Sultan Rayev çıxışının sonrakı hissəsini türk ədəbiyyatlarının problemlərinə yönəldərək təşkilatlanma məsələlərinə diqqət çəkib: "Bu gün TÜRKSOY-un çətiri altında  toplanmağımızın əsas səbəbi türk xalqları ədəbiyyatının gələcəyini müzakirə etmək, türk dünyası ədəbiyyatlarının, ədəbi mühitlərin arasındakı əlaqələri gücləndirmək, bir körpü salmaqdır. TÜRKSOY-un müqəddəs vəzifəsi  türk boylarının mədəniyyətinə sağlam körpü olmaq, mədəniyyət, xüsusən ədəbiyyat vasitəsilə qardaş türk boylarını yaxınlaşdırmaq, birliyə, bərabərliyə dəvət etməkdir. Unutmaq lazım deyil ki, ədəbiyyat mədəniyyətin şah damarındakı  qandır".

Daha sonra Səlim Babullaoğlu, Uluqbəy Esdövlət, Siracəddin Səyyid, Nurlan Qalıbəyov, Mahmud Ərdəmir, Yaqub Öməroğlu, Handuri Turayev çıxış edərək məsələ ətrafındakı fikir və təkliflərini səsləndiriblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən hazırlanan ilkin konsepsiya ətrafında müzakirələr aparılıb, TÜRKSOY Yazarlar Birliyinin təsis sənədi imzalanıb.

Daha sonra TÜRKSOY Yazarlar Birliyinin sədri, fəxri sədri və sədr müavinləri seçilib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət TÜRKSOY Yazarlar Birliyinin sədri, Səlim Babullaoğlu, Siracəddin Səyyid, Nurlan Qalıbəyov, Yaqub Öməroğlu, Musa Kazım Arıcan TÜRKSOY Yazarlar Birliyinin sədr müavinləri vəzifəsinə, Murad Qəhrəman isə TÜRKSOY Yazarlar Birliyinin baş koordinatoru vəzifəsinə seçiliblər. İdarəçi struktur, sədr və sədr müavinləri hər 2-3 ildən bir müddət üçün nəzərdə tutulub.  Bu ilin 29-30 mart tarixlərində TÜRKSOY Yazarlar Birliyinin I toplantısının Özbəkistanın Nəvai şəhərində keçirilməsinə qərar verilib.

TÜRKSOY Yazarlar Birliyinin sədr müavini seçilmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu ilə müsahibəni diqqətinizə çatdırırıq.

 

- Səlim bəy, xoş gəlmisiniz.

- Təşəkkür edirəm.

- Xalq yazıçısı Anar yeni yaranmış TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, siz isə sədr müavini seçildiniz. Anar müəllimi də, sizi də təbrik edirik. İnanırıq ki, ədəbiyyatlarımız, türk dövlətləri ədəbiyyatları üçün düşərli olacaq.

- Çox sağ olun.

- TÜRKSOY Yazarlar Birliyinin yaranması hansı zərurətdən doğdu və yeni yaranmış təşkilat hansı işləri görməyi planlaşdırır?

- İndiyə qədər türk dövlətləri, türk xalqları ədəbiyyatlarının qarşılıqlı tanıdılması, mübadiləsi işində töhfə vermiş xeyli təşkilatlar, insanlar olub, bu gün də var ki, biz onların hamısını minnətdarlıqla xatırlayırıq, minnətdarıq. Amma çağımızın ən yaşlı, ən təcrübəli beynəlxalq mədəniyyət təşkilatı, heç şübhəsiz ki, TÜRKSOY-dur. Və TÜRKSOY-un çətiri altında ədəbiyyat təşkilatının yaradılması da bu mənada doğrudur, zərurətdir. Hətta mən deyərdim ki, bir qədər də gecikmiş prosesdir. Başqa tərəfdən, görülməyən, yaxud görülə bilməyən, görülməsi vacib işlər var. Səbəb isə çox adidir. Bu işlərin vahid şəkildə planlaşdırılmaması, maliyyə resurslarının olmaması. TÜRKSOY isə hər baxımdan ən uğurlu platformadır, fikrimcə. Odur ki, TÜRKSOY Yazarlar Birliyi yarandı. TÜRKSOY-un hörmətli baş katibi Sultan Rayevin yazıçı olması, ədəbiyyatçı olması, əlbəttə, bu məsələdə çox vacib məqamdır, yəni prosesin reallaşmasında xüsusi rol oynadı. Cənab Rayev təsis toplantısında bir fikir səsləndirdi. Dedi ki, ədəbiyyat mədəniyyətin şah damarından axan qandır. Doğru fikirdir, doğru təsbitdir. İnanıram ki, TÜRKSOY Yazarlar Birliyi böyük işlər görəcək. Konkret iş planından, niyyətlərdən danışmaq istəmirəm. Necə deyərlər, düşər-düşməzi olar. Hələlik bunu deyim ki, 29-30 mart tarixlərində Özbəkistanın Nəvai şəhərində TÜRKSOY Yazarlar Birliyinin I toplantısı keçiriləcək və bir xeyli məsələlər orda müzakirə ediləcək.

- Səfəriniz necə keçdi, hansı təəssüratlar var?

- Çox sıx iş qrafiki vardı. Demək olar ki, martın 6-da 8 saatdan artıq bir müddət çıxışlar oldu, təsis sənədləri, prinsiplər, təşkilati və təmsilçilik məsələləri ilə bağlı təkliflər müzakirə edildi, ortaq sənəd hazırlandı, imzalanma mərasimi keçirildi. Sonra şəxsən mənim üçün Türkiyə Böyük Millət Məclisini ziyarət etmək, Kilisdən seçilmiş millət vəkili Mustafa Hilmi Dülgər ilə çox xoş, isti və yaddaqalan  görüş, onun rəfaqəti ilə Türkiyə Böyük Millət Məclisinin binası ilə tanışlıq, 15 iyul hadisələri, o məşum dərbənin  Türkiyə Böyük Millət Məclisi binasındakı  izlərini öz gözümüzlə görmə imkanı, dərbə şəhidlərinə ucaldılmış memorialı ziyarət heç vaxt unutmayacağım hadisələrdir.

Sonra biz Ankara, Etiməsgut bələdiyyəsini ziyarət etdik. Bələdiyyə sədri Ənvər Dəmirəllə görüşdük, onun təşəbbüsü və zəhməti hesabına başa gələn nəhəng "Türk tarixi muzeyi və parkı"na baş çəkdik. 50 min kvadrat metr açıq havada, 6 min kvadrat metr qapalı məkanda qurulmuş, türk tarixinin önəmli dövlət və mədəniyyət adamlarının, eləcə də türk hərb tarixinin ən şanlı hadisələrini ifadə edən möhtəşəm heykəllər və rəssamlıq əsərləri ilə təşkil olunmuş möhtəşəm muzey və parkdır. Qürurvericidir ki, bu əsrarəngiz mədəniyyət hadisəsinin ərsəyə gəlməsində azərbaycanlı rəssam Yaşar Zeynalovun böyük rolu var, daha doğrusu, qapalı məkandakı o batal səhnələri anladan monumental əsərləri Yaşar müəllim çəkib. Muzeyi, parkı bizə ən kiçik ayrıntılarıyla anlatdılar, muzey barədə maraqlı bir filmə tamaşa etdik. Bunlar, yenə deyirəm, unudulmaz təəssüratlardır.

Daha bir vacib məqam isə, axşam yeməyi idi. Atatürkün sevimli yeri olan və onun adını daşıyan tarixi Orman çifliyində yerləşən "Qaşı bəyaz" restoranında TÜRKSOY-un baş katibi cənab Rayev, ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, ölkəmizin TÜRKSOY-dakı daimi təmsilçisi Elçin Qafarlı, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Ankaradakı səfirləri və yazıçı birlikləri rəhbərlərinin iştirakı ilə təşkil olunan ziyafət, maraqlı söhbətləri idi.

- Söhbətlər, tanışlıqlar adətən gələcək işlər üçün başlanğıc nöqtə olur...

- Razıyam. Həmişə belə olub. Mənim təcrübəmdə bunun xeyli təsdiqləri var.

Söhbətlər təcrübə deməkdi, ilk növbədə. Adamları tanımaq deməkdi. Məsələn, mən TÜRKSOY-un fəaliyyəti ilə təbii ki, daha öncədən tanışdım. Yaxud indiki baş katib Sultan Rayevi əvvəl yazıçı kimi tanıyırdım, sonradan isə Qırğızıstanın Mədəniyyət naziri kimi fəaliyyəti barədə müfəssəl məlumatım vardı. 10-15 il olar. İndi insan kimi yaxından tanış oldum və bu məndə məmnunluq doğurdu. Onun ədəbiyyat naminə görmək istədiyi işlərin dərin səmimiyyətinə inandım.

Yaxud bizim TÜRKSOY-dakı təmsilçimiz Elçin Qafarlı ilə tanışlığım vardı, müxtəlif xarici ölkələrdə görüşmüşdük. Gördüyü xeyli vacib işlərə bələdliyim vardı. Amma heç vaxt bu səfərdə olduğu qədər söhbət etməmişdik. Ədəbiyyat və ümumən mədəniyyətin problemləri barədə heç zaman bu qədər dərin fikir mübadiləsi aparmamışdıq. Xeyli maraqlı, əsaslı, dəyərli şeylər  kəşf etdim Elçin Qafarlıda. Onun fəaliyyətinin bilmədiyim vacib məqamları haqda məlumat aldım. Bu da məndə məmnunluq doğurdu. Bəzi düşüncələrimi bölüşdüm onunla. Bütövlükdə TÜRKSOY-un fəaliyyəti ilə bağlı öz baxışımı, fikirlərimi dedim. Təbii, gələcəklə bağlı. İnanmaq istəyirəm ki, bütün bunların bizli, bizsiz, xeyiri olacaq. TÜRKSOY-un ünsiyyətdə olduğum çalışqan, fədakar personalı ilə söhbətlər etdik. Anar Novruzoğlu, Cavid Barış, Şahnaz xanım, Yusuf bəy və bizim yeni yaranmış Yazarlar Birliyinin baş koordinatoru Murad Qəhrəmanla. Bu dəyərli insanlarla ünsiyyət inanıram mənim üçün faydalı olacaq.

- TÜRKSOY Yazarlar Birliyi üçün hər hansı təklifləriniz oldumu?

- Əlbəttə, oldu.

- Bizimlə bölüşərdiniz, zəhmət olmasa.

- Bəzi şeyləri indi bölüşmək tezdi. Amma xeyli təkliflər verdik. Bilirsiz, bu səfərdən bir az əvvəl Sultan Rayev və Elçin Qafarlı Yazıçılar Birliyini ziyarət etmişdilər. Orda cənab Rayev bəzi fikirlərini və niyyətini dilə gətirmişdi və mən də həmin görüşdə öz təkliflərimi səsləndirmiş, hətta yazılı şəkildə bildirmişdim.

Bu dəfə isə həmin təklifləri yenidən işləyərək və genişləndirərək təklif etdim. Burda təşkilatlanma, üzvlük, təmsilçilik, nəşrlər, mübadilə, təkcə TÜRKSOY üzvü olan ölkələrin deyil, o cümlədən Cənubi Azərbaycanda yaranan ədəbiyyatın təmsilçiliyi və bütövlükdə bütün türk coğrafiyasındakı topluluq və cəmiyyətlərinin ədəbiyyatlarının ifadə olunmasını, təmsilçilərinin olmasını dilə gətirdim. Çoxlu məsələlər var. İnanıram ki, zaman-zaman bu məsələlər qalxacaq, həll olunacaq, konkret işlər görüləcək.

- Anar müəllimin fəxri sədrliyə namizədliyini TÜRKSOY rəhbərliyimi irəli sürdü?

- Mən belə deyərdim: TÜRKSOY rəhbərliyi və toplanmış yazıçı təşkilatlarının rəhbərləri bu düşüncəni, təklifi məmnuniyyətlə və yekdilliklə dəstəklədilər. Çünki bu gün bütün türk topluluqlarında, mənim fikrimcə, Anardan nüfuzlu yazıçı və həm də ədəbiyyat, mədəniyyət  xadimi yoxdur. Təklifi isə mən verdim.

 

Söhbətləşdi: Faiq Balabəyli

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.24.