Corab oğrusu
Hekayə
Müdirə
koronavirusa yoluxduğunu bildir. Ona halsızlıqdan, əzələ
ağrılarından, sinəni deşən öskürəkdən
danış. Müdiri tanıyırsan, ürəyi
daşdır. Kollektivin qeydinə qaldığını,
heç kimi yoluxdurmadığına ümid etdiyini də əlavə
et. Yox, yox, vallah, əclafın ürəyi daşdır, onu
inandırmaq müşkül məsələdir, ən
yaxşısı sən fotoşopda saxta pozitiv nəticə sənədi
düzəlt və emailə yüklə. Klik. Göndərildi.
Vəssalam.
Səhər
Vəfadan əvvəl oyan. Qəşəng bir pürrəngi
çay dəmlə, bir tava pomidor çığırtması,
bir tava göyərti küküsü hazırla. Tərəddüdlü
adamsan, əvvəlcə internetdə "ən yaxşı
kükü resepti" yaz, inqridientlərə yaxşıca
göz gəzdir. Evdə keşniş yoxdur, eybi yox, belə də
alınar. Süfrəyə nə tapdın düz: yağ,
bal, qaymaq, pendir, zeytun, xiyar-pomidor, heyva mürəbbəsi.
Vəfa
səsə oyanacaq. Yuxulu gözlərini ovuşdura-ovuşdura
mətbəxin kandarında dayanıb əsnəyəcək.
Çaş-baş halda bir sənə baxacaq, bir də
süfrəyə. Ona baxıb gülümsə.
Səndən
nə əcəb? Gün hatərəfdən
çıxıb bugün? Adamın kefi çağ olanda hətta
yola getmədiyi, illərdir boşanmaq istəyib boşana bilmədiyi
arvadına da xoş davranır. Bunu ona demə. Niyə kefin
belə kökdür? Niyə belə xoşbəxtsən? Ona
izah etmə. Ancaq bu niyəni hər dəfə
xatırladıqca məst ol, qasığını xoş bir
həyəcan qıdıqlasın. Vəfa sənə tərs-tərs
baxacaq. Özünü qəribə aparma. Bir şey fikirləş
tap. De ki, yaxşı yatmısan, özünü gümrah
hiss edirsən. Bu qədər sadə.
Yaxşıca yeyib doyandan sonra masadan qalx. O, hələ
çayını bitirməyib.
Yemək
necə idi? Mütləq
soruş. İlk dəfə
üçün pis deyil. Hə, nə yaxşı.
Çox
şühbəli davranma.
Telefonu tez-tez yoxlama. Təbii ol, hərəkətlərinə fikir
ver. Aranızda həmişəki
sükut var. Sükuta
fikir vermə.
Üzünü qırx. Güzgüdəki əksində gözlərinin
parıltısına bax.
Onurğandan barmaq uclarına dördnala çapan həyəcanı
hiss et. Bu an Vəfanın səsi hamama dolacaq, yaxandan yapışıb səni üstündə məst-xumar uzandığın
xəyal tayalarından
aşağı atacaq.
Hazırsan? Hə, hazıram, üzümü
yuyum çıxaq.
Onu avtobus dayanacağına kimi ötür. On dəqiqəlik
yol boyunca səhərin xumarlandıran
mehindən zövq al,
ətrafa göz gəzdir. Eyni binalar, eyni adamlar, eyni kələ-kötür
yollar. Heçnə dəyişməyib, ancaq sanki, bugün
bir başqa gündür, bugün hər şey fərqli, daha canlı görünür.
Bugün
olacaqları, qurduğun
planları düşün.
İçində izaholunmaz
bir hiss var. Sanki bugün
həyatının son anına
kimi yaddaşından silinməyəcək. Xəfif əsən
yarpaqlara fikir ver. Aranızda həmişəki
sükut var. Sükuta
fikir vermə.
Onunla sağollaş. Vaxt itirmə,
dərhal telefonunu çıxar. Sevincdən, bəlkə
də təlaşdan əllərin əsəcək.
Elzanın nömrəsini
tap. Zəng vur. Yox, yox,
zəng vurmaq olmaz. Bəlkə hələ evdən
çıxmayıb? Bəlkə makiyaj
edir və telefonu mətbəx stolunun üstündə unudub? Bəlkə əri çörək
diliminə yağ-bal yaxa-yaxa stolun üstündəki telefona
zillənib? Biraz səbrli
ol. Yaxınlıqdakı skamyada oturub
bir siqaret yandır. Elzanı düşün. Onun yumşaq döşlərini
və hərarətdən
tərləmiş isti
boynunu düşün.
Onunla keçirəcəyin
anları təsəvvür
et. Saata bax. Doqquz tamam.
İndiyə yəqin ki,
təhlükə sovuşub.
Nömrəni yığ. Barmaqların
hələ də titrəyir. Dayan, heç riskə getmə, ən yaxşısı mesaj yaz.
Əla. Hər şey plan üzrə
gedir. Elza yoldadır. Onun işdən yayınmaq üçün müdirə
yazdığı bəhanəyə
gül. Koronavirus. Ha-ha! Yox bir!
Təngnəfəs evə çat.
Biraz tərləmisən. Hələ ki,
ən azı yarım saatın var. Tez duşa gir.
Günü-gündən seyrələn saçını
dara. Biraz jele vur, heçnə olmaz. Dişlərini yenidən fırçala.
Elza siqaret qoxusunu sevmir. Evin səliqəli olub-olmadığına
fikir vermə, onsuz da çox
vaxtınız yoxdur.
Ona bugün deyəcəklərini
təkrar-təkrar xatırla,
verəcəyin vədləri
əzbərlə. Moskvaya aldığın
biletləri, nə vaxt, necə qaçacağınızı, onsuz yaşaya bilməyəcəyini və
s. Ancaq bu sonrakı işdir. İndi divanda otur, sakitləş.
Rahat ol. Evə girən kimi,
onu necə qucağına alıb yatağa atacağını,
şəhvətdən doğan
səbirsiz tələskənliklə
bir-birinizi necə soyunduracağınızı düşün.
Sinəndən ayaqlarının arasına axıb çuğlayan şirin ehtiras ləpələrinə
təslim ol.
Budur, mesaj! Elza demək olar
ki, çatır.
Beşcə dəqiqə. Cəmi beşcə dəqiqə sonra ehtirasın dəli sularında könüllü boğulacaqsan.
Gözlərini yum. Fikrini cəmlə. Ona deyəcəklərini xatırla.
Sənsiz yaşaya bilmərəm.
Sənə düşkünəm. Gəl qaçaq buralardan.
Qapının kilidində burulan açar cingiltisi səni şəhvətli
xəyallarından, şiddətli
arzularından qoparacaq,
jeleli saçlarından
tutub uğursuz evliliyinə sürüyəcək. Yerindən dik
atılıb girməyə
deşik axtaracaqsan.
Şişirtməsiz filansız, əgər
bir deşik olsaydı həqiqətən
girərdin. Çarpayının altına uzan. Belə şeylərə ya kinolarda, ya da
kitablarda rast gəlmisən. Ancaq bu,
nə kinodur, nə də kitab. Bunlar həqiqətən baş verir və sən çarpayının altındasan.
Qapı açılacaq. Əvvəlcə
Vəfanın qaqqıltısını
eşidəcəksən, sonra
isə dedikərini anışdıra bilmədiyin
bir kişi
səsi. Sonra bu səs altında sinəsiüstə
uzandığın çarpayıya
yaxınlaşan bir cüt coraba çevriləcək. Vəfa qaqqıldamağa
davam edir. Telefonun cibində bir neçə dəfə titrəyəcək. Telefonu ehtiyatla
cibindən çıxar.
Mesaj! Qapının ağzındayam. Niyə telefona baxmırsan?
Bugünü heç vaxt unutmayacaqsan. Mesajı görməyinlə qapının zəngi basılacaq. Ətrafa sükut
çökəcək. Sükuta fikir vermə. Qarşında vurnuxan təlaşlı
ayaqlardakı corablara fikir ver. Bunlar ki, sənin Moskvada ezamda olarkən aldığın,
topuğuna xırda ayılar səpələnmiş
və aylar öncə itirdiyin corablardır.
Vəfanın əsəbi pıçıltılarını
eşidəcəksən. Qarşında çarəsizliklə vurnuxan
corablara diqqət kəsil. Onları aldığın günü xatırla.
Möhtəşəm gün idi.
Həmin
günün ən unudulmaz günün olduğunu düşünərdin.
Bugünə qədər. Çünki artıq əminsən: bir neçə saniyə sonra çarpayının
altında tək olmayacaqsan.
Əli Zərbəli
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.15.