Azərbaycan Milli Teatrının
150, bəlkə 165 illiyi
1844-cü ildə Rusiya dövlət və hərbi xadimi
general Feldmarşal Qraf Vorontsov Mixail Semyonoviç (1782-1856)
Qafqazın inzibati mədəni mərkəzi şəhəri
olan Tiflisə Qafqaz ordusunun baş komandanı və
Qafqazın baş hakimi - canişini təyin olundu (1825-1855). O, xanımı tərəfindən
I Nikolayın qohumu idi. M.Vorontsov öz
ağlı, biliyi ilə başqa çar
inzibatçılarından elmə, ədəbiyyata, mədəniyyətə
hamilik etməyi ilə fərqlənirdi.
Vorontsov imperator I Nikolaya və hərbi nazir Knyaz Aleksandr
Çernişevə məktubla müraciət edərək
1845-ci ildə Tiflisdə rus teatrının
açılışını xahiş etdi. Məktubda belə bir qeyd
var: "Zaqafqaziyaya gəlişimin birinci ilində Tiflisdə
ictimai rus teatrı açmağın həm hərbi və
mülki məmurlarımızı əyləndirmək, həm
də xüsusilə yerli əhalini rus dili, rus əxlaqı ilə
tanış etmək və onları Rusiya ilə daha da
yaxınlaşdırmaq üçün əhəmiyyətli
bir iş olacağını anladım"... Vorontsov
İtaliya Opera Teatrı artistlərini də Tiflisə dəvət
edirdi. Hətta tədbirlərində və
şəhər meydanlarında konsert verdirmək
üçün Naxçıvandan ərdəbilli müğənni
Səttarı da öz ansamblı ilə Tiflisdə
saxlayırdı.
Canişin Zaqafqaziyada yaşayan millətləri də
yaddan çıxarmadı. O, imperatordan gürcü, erməni və
Azərbaycan dilində fəaliyyət göstərən
teatrların açılmasına da nail oldu (1849-cu ildə).
1848-ci ildə isə rusdilli qız məktəbinin -
"Svyataya Nina"nın
açılmasına icazə aldı.
Gürcülər öz milli teatrının
yaranışını 1850-ci ildən götürür. Gürcü
teatrının yaranışı ilə bağlı olan bir
tarixi hadisəni aydınlaşdırmağı lazım
bildik.
1850-ci il yanvarın 11-də Tiflisdə ilk dəfə
olaraq gürcü dilində Georgi Eristavinin
"Bölgü" adlı əsərinin tamaşası
göstərildi və bu tarix gürcü teatrının
yaranma tarixi oldu. Bir az əvvəl isə
1832-ci ildə bir qrup gürcü zadəgan Rusiya
imperiyasının əsarətindən qurtarmaq
üçün Knyaz Orbelianinin evində verilən ziyafət
zamanı Qafqaz canişini baron Rozeni və onun ətrafını
həbs etmək, bununla da rus ordusunu başsız qoymaq
planını hazırlamışdı. Lakin plan baş
tutmadı. Məhkəmə sui-qəsd
iştirakçılarına ölüm hökmü kəsdi.
Onların arasında Knyaz Georgi Eristavi də
vardı. Son anda ölüm hökmü
Rusiya imperatorunun qərarına əsasən, sürgünlə
əvəz olundu. 1850-ci ildə artıq
G.Eristavi sürgündən qayıdıb Tiflisdə
yaşayırdı. Onun əsəri 1845-ci
ildə açılan rus teatrının binasında yox, Tiflis
gimnaziyasında oynanıldı. 1850-ci il
11 yanvarda o dövr üçün dövlət əhəmiyyətli
sayılacaq belə bir tədbirin həyata keçirilməsi
şübhəli və ləkəli bioqrafiyası olan Georgi
Eristaviyə öz dilində teatr açmağa imkan verirdi.
Ermənilərdən danışmaq mümkün deyil. Ermənilər öz teatr
tarixini bütün dünyaya guya eradan əvvəl 53-cü
ildə Yunan dramaturqu Evripidin "Vakxpərəst
qadınlar" əsərinin oynanılması ilə bəyan
edirlər, müəllif yunan, əsər yunan dilində, yunan
şəhərində oynanılıb, bunun erməniyə nə
dəxli var? Belə çıxır ki, erməni
teatrı Yunan, Hind, Çin teatr tarixindən də qədimdir.
Bu isə teatr tarixinə qəti uyğun gəlmir,
cəfəngiyatdır. Əslində, erməni
teatrının tarixi 1863-cü ildə Sundukyanın
dramaturgiyası əsasında G.Çmişkyanın
başçılığı altında Tiflisdə
yaranıb.
Mirzə
Fətəli Axundov (1812-1878) "Təmsilat"ına ön
söz kimi yazdığı "Fehristi-Kitab" məqaləsində
hicrinin 1266-cı ilində Knyaz Vorontsovun fərmanı ilə
Tiflisdə teatr binası inşa edildiyini və bu teatrda "Hər
bir əhli-elm"in bu imkandan istifadə etmək
üçün himayə və qayğı göstərdiyini
söyləyir. Ayrıca teatr binası 1845-ci ildə
inşa edilib və rus dilində tamaşalar üçün
nəzərdə tutulub. Canişin tərəfindən
həyata keçirilən belə bir tədbir ruslaşma siyasətinə
xidmət etməliydi. Üç dildə - gürcü,
erməni və Azərbaycan dilində yazmaq üçün
canişin üç dildə komisyon təşkilinə əmr
verdi. Azərbaycan komisyosunda işləmək
üçün Mirzə Fətəlidən başqa adam tapılmadı və axırda pyes yazmaq
Mirzə Fətəliyə tapşırıldı. Bu, Vorontsovun Qafqazda apardığı mədəni
islahatlarla bağlı idi. M.F.Axundov 1850-ci ildə
"Hekayəti-Molla İbrahim Xəlil Kimyagər",
"Hekayəti-Müsyo Jordan həkimi-nəbatət və dərviş
Məstəli şah Caduguni-məşhur", "Sərgüzəşti-Vəziri
Xani-Lənkəran" komediyalarını yazmışdı.
Hər üç komediyanın əlyazması
üzərində müəllifin xəttilə "Təsnifi-kapitan"
Mirzə Fətəli Axundzadə, Tiflis, fi sənaye 1267
(1850)" yazılmışdı.
1851-ci ildə "Müsyo Jordan həkimi-nəbatət
və dərviş Məstəli şah Caduguni-məşhur"
və "Xırs Quldurbasan" komediyası çap edildi. "Kavkaz"
30 oktyabr 1851. Bu gün orijinal "Xırs
Quldurbasan" komediyası oynanacaq. Tiflis "Kavkaz" 2
fevral 1852-ci il. M.F.Axundov
"Sərgüzəşti mərdi xəsis"
komediyasını və "Mürafiə Vəkilləri"
tamamlanıb. Tiflis teatrı Petrovskinin benefisi M.F.Axundov
"Vəziri Xani-sərab" 14 may 1853. Azərbaycanda
teatra doğru bir addım atan M.F.Axundzadə hansı
mövzudan bəhs olunmasına baxmayaraq, əlvanlığı
ilə göz qamaşdıran, min cür yozuma şərait
yaradan altı əsər meydana gətirdi. Bu əsərlərin yazıldığı dilin
kökündə böyük Şərq mədəniyyəti
dayanırdı.
Sual oluna bilər ki, niyə M.F.Axundzadə faciə
janrına müraciət etmədi? Axundzadə ehtiyat edirdi ki, faciə əsəri
yazarsa, bu, istər-istəməz Şəbeh teatrı ilə
uyğunlaşacaq, onsuz da xalqımız Şəbeh
tamaşasında sinə-baş vura-vura ağlayır, necə
ki, Mirzə Ələkbər Sabir deyirdi: "Ağladıqca
kişi qeyrətsiz olar, necə ki ağladı İran
oldu". Nəcəf bəy Vəzirov
"Müsibəti-Fəxrəddin" əsərində
sübut etdi ki, M.F.Axundzadə yanılmayıb. Bu əsəri tam mənada Şərq ədəbiyyatına
söykənən əsər adlandırmaq olar. Bu müsibətnaməni həm klassik faciə ilə,
həm də Şəbeh tamaşalarının mətni ilə
müqayisə edə bilərik. Ağlamaq
- böyük sarsıdıcı hadisəyə hissi
münasibətdir. Gülmək - bu hadisənin
baş verməməsinə münasibətdir. Biz Axundzadənin yazdığı komediyada Parisdə
hakimiyyətin dəyişməsinə gülmürük.
Biz Parisdə baş verən hadisənin cadugər
tərəfindən törədilməsinə inananlara
gülürük. Biz Şeyx Nəsrullahın
ölü diriltməsinə yox, İsfahan lotusu olmasına
yox, onun ölü diriltməsinə inananlara
gülürük. Yəni aldanan adamların
savadsızlığına, elmsizliyinə,
nadanlığına gülürük!..
"1873-cü
il
2 mart Bakı
Tiflisdə
canişinə
İnayətli
Əfəndim!
Baron
Aleksandr Pavloviç Nikolaiyə!
Martın onunda müsəlmanların Novruz
bayramıdır. Buranın yerli əhalisindən bir neçə şəxs
o gün Mirzə Fətəli Axundovun "Vəziri-Xani-Lənkəran"
əsərini tatar (Azərbaycan) dilində oynamaq fikrindədilər...
Zaqafqaziya əhalisi arasında Bakı əhalisi
Avropa adətlərinə ən çox yabançı qalaraq
hər cür yenilik və xüsusən də tamaşadan uzaq
qalırlar. Şübhəsiz, onların
arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət
oyatmaq öz-özlüyündə onları bizə
yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən
biridir. Ona görə də bu yolda birinci təşəbbüsün
maneəyə uğraması arzu olunacaq hal deyildi.
...Digər
tərəfdən də pyesin məzmununda elə bir şey
yoxdur ki, qadağan edilən əsərlər cümləsinə
daxil olmasına səbəb olsun... Məsələni
nəzəri-alilərinə ərz etməklə martın
onunda məzkur əsərin oynanılmasına lütfən
icazə buyurmaq meylində olub-olmadığınızı
teleqrafla bildirməklə bəndəni şərəfyab
buyurmağınızı rica edirəm.
Ehtiramati-faqiəmi ərzə və i.ax. Dmitri Staroselski.
Bakı general-Qubernatoru".
"8 mart, Tiflis. Bakıda general-Qubernator D.Staroselskiyə! 205-ci
maddənin yasaq qərarı xristian əhalisi
üçün ümumi teatr tamaşalarına aiddir. Mirzə Fətəli Axundovun əsərini ailəvi
tamaşa surətilə oynamaq olar. Aleksandr Pavloviç".
"Mart ayının 10-cu günündə Bakıda
Sobraniyedə veriləcək təsnifi - Mirzə Fətəli
Axundzadə "Sərgüzəşti-Vəziri-Xani Lənkəran". Keyfiyyəti
dörd məclisdə bəyan olunub. Vilayətin Xanı
- Əliyar, Mirzə Həbib Vəzir - Səməd,
Zibaxanım - Nəcəf (Bəy Vəzirov), Teymur ağa -
Əskər (ağa Çorani). (Azərbaycan Teatrının
Salnaməsi səh: 37. 1975-ci il)
Məktubda tamaşa oynamaq üçün adı
çəkilməyən Həsən bəy Zərdabi idi. Zərdabi
Sokrat kimi əlində çıraq insanları
aydınlığa, işığa aparan dahi şəxsiyyət
idi. O, Azərbaycan teatrının yaradıcısı
idi... 1880-ci ildə Hacı Zeynalabdin Tağıyev teatr
binası tikdirdi. Bunu Azərbaycan teatr tarixində
mühüm, əlamətdar bir hadisə kimi qiymətləndirməliyik...
Şamaxıda
teatr
"6 dekabr Şamaxı.
Keçən ilin axırlarında biz xeyriyyə məqsədi
ilə bir teatr tamaşası vermək qərarına gəldik. Gənclərimiz
toplanıb bir səhnə düzəltdilər, tələm-tələsik
dekorasiya çəkdilər, pərdə və afişa
hazırlandı, dekabrın 6-da tamaşa veriləcəyi elan
edildi. Bu yenilik hamını maraqlandırdı, həvəskarların
verdikləri beş tamaşada, bir yer də
boş qalmamışdı. Şamaxıda
afişalar əldən-ələ gəzirdi. Şəhərin hər tərəfindən
tökülüb gəlir və bilet almağa
çalışırdılar. Ətrafdan
gəlmiş yerli əhalinin atları tamaşa
binasının ətrafında kişnəyirdilər.
Tamaşa
verilən binanın darısqallığından səhnəni
yaxşı görmək olmurdu... Bu hadisə şəhərdə
bir teatr binası düzəltmək məqsədini yada
saldı... Biz köhnə və boş
qalmış daş binanı nəzərə aldıq. Bir çoxları "bundan bir şey
çıxmaz" əqidəsində idilər. Şəhərdə teatr binası barəsində
düşünməyə başladılar. Məlum oldu
ki, bu işə min beş yüzdən iki
min manatadək gümüş pul lazımdır. Belə pul haradan tapılacaqdı? Bəlkə də tapdıq. Çünki
şəhərdə şayiə yayılmışdı ki,
bəziləri material, başqaları işçi qüvvəsi,
bir başqası öz zəhmətilə kömək etməyə
hazırdır. Hətta yerli hörmətli
adamlardan pul verməyə hazır olduğu barədə də
danışırdılar. Bu söhbətlər
getdiyi yerdə birdən-birə bir cavan bəy polismeystrlə
cənabi qubernatorun yanına gəlib, teatr binası tikilməsi
üçün 1500 manat verməyə hazır olduğunu
bildirdi. Hətta, əgər artıq lazımdırsa,
onu da verməyə razılıq verdi. Aydındır ki, onun ianəsini qəbul etdilər və
bu barədə canişinə xəbər verdilər.
Knyaz bizə icazə verdi ki, teatr tikmək
üçün maqazinlər binasını alaq və ianə
verən Atabəy Zeynalbəy oğluna təşəkkür
edək. Biz hazırlıq işlərinə
başladıq. Bəs binanın planını kim hazırlayacaq? Baş arxitektor
burada deyildi, onun köməkçisi şamaxılı
Qasımbəy isə heç vaxt quberniyadan kənara
çıxmamış və teatr binası görməmişdi.
Bu o qədər də qorxulu deyildi. Çünki əvvəla Qasımbəy
öz-özlüyündə savadlı, təcrübəli və
işdə istedadlı olduğunu göstərmişdi, ona
görə də bu təzə işi də başa
düşürdü, ikinciyə qalan yerdə ümumi arzu hər
bir arxitektordan yaxşıdır. Elə
belə də oldu. Buradakılardan birisi bir parça
kağızın üzərində karandaş ilə
teatrın eskizini çəkdi, təsadüfən buraya gəlmiş
bir nəfər mühəndis zabit onu düzəltdi... Bundan
sonra Qasımbəy əla bir plan hazırladı... Beləliklə bir ay keçməmiş köhnə
maqazinin divarları arasında teatra yararlı bir bina hazır
oldu. Təsəvvür edə bilərsiniz: səhnə
həm uca idi, həm də geniş, üzü yuxarı olan
zalda yüz yer vardı, iki tərəfdən 14 loja düzəldilmişdi:
birinci olmaq üzrə Şamaxıya bundan artıq nə
lazım idi? Halbuki, elə Tiflisin də birinci teatrı manejdə
qayrılmışdı, özü də bizimkindən
çox da yaxşı deyildi... Hər halda aprelin 17-də
birinci tamaşa verildi, artistlər və teatr tikənlər
alqışlarla qarşılandı..." ("Kavkaz",
6 iyul 1858).
Deməli, əslində, Azərbaycan Milli
Teatrının yaranması tarixi 1873-cü ildən yox, 1858-ci
ildə Şamaxıda açılan teatrla başlayır.
1859-cu ildə Şamaxıda güclü zəlzələ
nəticəsində teatr binası dağıldı. Şamaxı
qubernatorunun Çar II Aleksandra müraciəti nəticəsində
Quberniya mərkəzi Bakı şəhərinə
köçürüldü.
Əli Nurzadə
Xalq artisti, Akademik Milli Dram
Teatrının
aktyoru, Azərbaycan Mədəniyyət və
İncəsənət Universitenin
professoru
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.12.