Vaqif Bayatlı Odər cizgiləri...
Üzümüz
danışır... Biz susanda da o "dil-boğaza qoymur".
Onun siması da susmur və onu sevən neçə-neçə
insanlar arasında "üz oxuyanlar" da az olmayıb. Bir dəfə
həmin "üz oxuyan" vəzifəli dostlarından biri
ona - Vaqif Bayatlı Odərə zəng vurub belə bir etiraf
edib: "Sənin üzünün təmizliyindən
utanıram".
Onun
simasına baxanda, gözünə, üzünə, bir-birinə
sıxılmış qaşlarına tamaşa edəndə və
bütün bunları dəqiq, "hərfbəhərf
oxuyanda" onun kimliyini daha dərindən öyrənmiş
olursan və bir həqiqət də aydın olur ki, insan
üzü elə hürufilərin də inandığı
kimi ifadəli, mənalı, məzmunlu bir yazıdır. Vaqif
Bayatlı öz simaya, üzə inananlardan, hətta
çöhrəni, sifəti and yeri qədər müqəddəs
bilənlərdəndir:
Ağlaya-ağlaya
top-top oynayan
qardaşımın
üzü köməyin olsun.
İnsan
üçün həqiqi müqəddəs şeylərin
sayı hər nə qədər çox olarsa, həmin
adımın tapdalamayacağı, üstündən vecsizcə
adlaya bilməyəcəyi nəsnələrin miqdarı da bir
qədər çox olur. Vaqif bəyin şeirlərində də,
həyatında da, prinsiplərində də bu sayaq müqəddəslərin
sayı daim çox olub, ona görə onun and yerləri,
tapınaqları da bəs qədərdir:
And olsun
amanın
arxamca gəlib-getdiyi
yollara...
***
Zəng
eləmişəm Vaqif bəyə, hal-əhval tuturuq. Ondan
cavabını soruşmalı olduğum suallarım var. Vaqif bəydən
soruşuram ki, cavanlıqda Ənvər Məmmədxanlı
ilə, Abbas Zamanovla dostluq etmisiniz. Hər ikisi sizdən
yaşca böyük olub, aranızdakı bu qədər
yaş nisbətinə, sinni fərqinə baxmayaraq, onlarla
yaxın olmusunuz. Bəs sizi bir-birinizə bunca bağlayan səbəb
nə idi? Vaqif müəllim əvvəlcə hər iki mərhum ziyalımız haqqında
xoş sözlər deyir. Onlar barədə çox
danışır, ancaq onun dedikləri mənim verdiyim
sualın cavabı deyil. Mən yenidən sualıma
qayıdıram, konkret olaraq soruşuram ki, o adamlarla - Ənvər
Məmmədxanlı və Abbas Zamanova sizi bir-birinizə
bağlayan, yaxın edən əsas səbəb nə idi?
İnadkarlığımı
susdurmaq üçün bir cümlə deyir: "Necə ki,
uşaq vaxtı biz tez böyümək istəyirik, eləcə
də cavan olanda əlüstü qocalmağa - müdrik
olmağa can atırıq. Mən cavanlığımda onlarla
bir yerdə vaxt keçirməklə öz
qocalığıma can atırdım. Onlarla sözümüz
ona görə tuturdu ki, məndə də yaşımdan
böyük daxili ruh var idi. Biz üç böyük ruh
idik, ona görə də bir yerdə olanda elə bil ruhlar aləmində
olurduq..."
***
Yağışlı
bir gecə imiş... Qapı möhkəm döyülür.
Vaqif Bayatlının vəfalısı, ömür-gün
dostu Tamam xanım qapını açır və Vaqif bəy
təngnəfəs soruşur: "Ayaqqabılarım
hanı?". Əvvəl şairin vəfalısı elə
bilir ki, şair ayaqyalındır, ona görə
ayaqqabılarını axtarır. Sonra baxıb görür
ki, yox, səbəb başqadı, bu xına, o xınadan deyil.
Evdə ayaqqabıların yerini bilməyən şairə
xanım onların yerini göstərir. Bir də Tamam xanım görür
ki, şair bir cüt ayaqqabı
ayağında, bir cüt də əllərində tələsik
qaçır.
90-ci illərin
əvvəllərində çox şeyin qıt, az
tapılan vaxtları imiş. O zamanlar Tamam xanım Türkiyəyə
gedibmiş, orda rastına dəri ayaqqabılar
çıxıb, o da həyat yoldaşına bir neçə
cüt alıb ki, barı şairin bir neçə il dəyişəyi
olsun.
Fəqət
sən demə, o yağışlı gecədə əlindəki
ayaqqabılarla qaçan Vaqif bəy yağışda birgə
gəzişdiyi böyük yazıçının yanına
tələsirmiş, çünki onun
ayaqqabılarının altı deşilibmiş və su
içəri keçirmiş.
Bu olanları göz önünə gətirin-
yazıçı dostunun ayaqqabısına su dolduğunu, onun
corablarının yaş olduğunu bilən şairin evə
qaçması, yerini bilmədiyi ayaqqabılarını
axtarması, o görüşü, o məhrəmliyi. Azərbaycanın
iki düşüncə insanının bir-birinə
qarşı həssaslığını
düşünün...
***
80-ci illərin
axırları imiş. Meydan hərəkatının
qızğın dönəmi, SSRİ-nin laxladığı
vaxtlar imiş. Bir dəfə
şairin həyat yoldaşı Tamam xanım o
çağları yada salaraq danışırdı ki, o vaxt
çoxları tribunada əsib-coşurdu. Amma Vaqif müəllimin
hərakət eşqində də bir "sonacan getmək"
ehtirası vardı. O zaman tribunalarda elə adamlar
varmış ki, meydanı gurladar, adamları qaza gətirər,
boğazının yoğun yerinə salıb pafoslu şeirlər
oxuyar, yumruğunu havaya qaldırıb şüarlar söyləyərmiş,
amma onlar elə ki, tribunadan endilər olarlarmış ayrı
adam. O tipli adamların bəziləri meydana həm də
iş yeri kimi, asan şöhrət qazanmaq platforması, yaxud
karyera nərdivanı kimi baxırmışlar. Amma Vaqif müəllim
meydan hərəkatını yetişdirən, SSRİ-nin
qollarının boşaldığı dövrdə öz zəif
biləkləri ilə ona güc gəlməyə
çalışan millətçilərin içərisində
olanda da bütün ürəyini danışdığı sözlərə,
dilə gətirdiyi həqiqətlərə qoyurmuş, nəticədə
əsəbləri korlanır, asta-asta səhhət
böhranları başlayırmış. Bu Vətən
maksimalizmi - olanını qoymaq Vaqif bəyin sonradan yaranacaq xəstəliklərinə
yol açırmış. Və o xəstəliyi yaradan səbəb
- sonacan getmək, axırına çıxmaq, olanını
ortaya qoymaq xarakteri ilə də sonacan həmin xəstəliklə
dəyanətlə, vüqarla vuruşacaqdı. Vaqif bəy
ruhunun gərginliyindən, tarıma çəkilmiş əsəbindən
dolayı tapdığı xəstəliyə qarşı pak
ruhunun gücüylə mübarizə aparır. Yoxsa o dözənə
heç kəs dözməzdi. Görünür, "Dərd
dərdlə unudulur" deyən şair, "xəstəlik
xəstəliklə unudulur", "ağrı
ağrıyla kəsir"miş kimi köntöy qədərin
imhatanlarına tuş gələcəyini də qeyri-ixtiyari
bilirmiş. Kim bilir...
***
Bu hadisəni
mənə gənc şairlərdən biri danışıb.
Deyirdi ki, bir dəfə sevgilimlə Yaşıl Teatrın
qarşısından keçirdik, Vaqif müəllimlə
rastlaşdıq. Mən Vaqif müəllimlə salamlaşanda
həmin xanım kənarda idi. Soruşdu ki, o qız kimdi,
dedim ki sevgilimdi. Vaqif müəllim sevindi, sağollaşanda elə
oldu ki, mən şairlə görüşüb
ayrıldım və həmin xanım arxada qaldı, heç
cür Vaqif müəllimə əl uzadıb görüşə
bilmədi.
Sonra
başqa vaxt Vaqif bəylə görüşəndə
soruşdu ki, sevgilin necədir? Dedim ki,
ayrılmışıq. Vaqif müəllim dedi ki, onsuz
bir-birinizi sevmirdiniz. Bu sözlər gənc şairə qəribə
gəlib ki, axı bizi bircə dəfə ayaqüstü
görən şair hardan bilib ki, münasibətlərimiz
hansı səviyyədə, səmimiyyət müstəvisində
idi? Vaqif bəydən bu qənaətinin səbəbini
soruşanda aldığı cavabdan sarsılıb:
"Keçən dəfə sağollaşanda onu arxada
qoymağından və onun sənin kürəyin tərəfdən
güclə əl uzatmasından bildim ki, bir-birinizi sevmirsiniz.
Çünki sən onu arxada qoyur, o isə səndən
qabağa keçməyə
çalışırdı".
***
Mərhum
prezident Əbülfəz Elçibəy Vaqif Bayatlı
haqqında ən vacib həqiqətlərdən birini deyib:
"Bütün zaman sənin içindədir, sənin zamana
dəxlin yox. Zaman sənin ayaqların altında gah qabaq
qaçır, gah dala. O, səni yaxalaya bilmir. Sən zamanla məzələnirsən,
tez-tez onu azdırıb zamansız tanrının yanında əylənirsən".
Doğurdan
da, Vaqif Bayatlı Odəri və yazdıqlarını konkret
olaraq hansısa zamana aid eləmək çətindir. O,
çox zaman göy üzündən yazır. Göy
üzü bu günəmi aiddir? Onun mələklər
xüsusunda çox şeiri var. Mələklər dünənin,
bu günün söhbətidirmi? Uçmaqdan yazır,
uçmaq təkcə bu günəmi bağlı məsələdir?
Ümumi mənada o şeirlərində elə məsələləri
qələmə alır ki, onların zamana birbaşa mənada
dəxli yoxdur. Hətta onun sevgi şeirləri belə tam mənada
gənclik ruhunda deyil, yaxud orta yaşda yazdıqlarında
ömrünün keçid dövrünün
sayrışmaları duyulmur, son dönəm
yazdıqlarını oxusanız da sezməzsiniz ki, şair
ömrünün ixtiyar çağındadır. Elə bil
ona yaşını da biz - onu sevənlər uydurmuşuq. Bu
zamansızlıq onun bütün poeziyasının qayəsinə
hopub. Ona görə də onun şeirlərinin altında tarix
yoxdur. O tarixi göstərərək yox, yoxa çıxararaq
yaradır...
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2023.- 18
mart.- S.13.