Elçinin mətnlərində
Şuşa:
romantikasından Zəfər
reallığına
- Bu bayraq ki, Şuşada elə...
elə dalğalandı, yenə
qayıdacaq Şuşaya!
Elçin
Elçinin
yaradıcılığında Şuşa
mövzusu hələ sovet dövründə
yazdığı əsərlərdə qərar tutur.
"Şuşaya duman gəlib"! Çox illər
əvvəl oxuduğum bu mətnin bədii-estetik təsir
gücünü hələ də xatırlayıram. O
zaman Şuşa öz sehri, ecazı, əsrarəngizliyi
ilə yazıçının diqqət mərkəzində
idi. Tarixi yaddaşımızın bizə
ara-sıra pıçıldadığı bəzi həqiqətlərin
gizli və aşkar gerçəklərinə rəğmən
bu qədim şəhərin gözəlliyinin romantikası
yaşanır, onun saf və təmiz atmosferi insan ruhu ilə
müvazi dərkini tapırdı.
Sonra... Sonra çox hadisələr yaşandı. Ard-arda itirdiklərimiz, aldığımız dərin
yaralar, kataklik və xaotik proseslər. Onların
içində birinin ağrısı daha çəkilməz
oldu. Şuşanın işğalı! Dövrün
gətirdiyi bütün böhranları
yaradıcılığının müxtəlif yönləri
ilə reaksiya verib işıqlandıran Elçin qələmində
bu itkinin obrazı da bədii təcəssümünü
tapdı. Bir qədər də fərqli
müstəvidə. Zənnimcə,
Qarabağ probleminin, onun gətirdiyi ağrının fərqli
özəlliklərlə işlənməsi
yazıçının iti müşahidəsindən
qaynaqlanmaqla bərabər, həm də ruhunun Qarabağ
yaddaşı, onun təbiətinin incəliklərini, dərinliklərini
duymaq gücünə bağlıdır.
Bir
çox digər əsərləri ilə yanaşı,
Elçinin müstəqillik illərində qələmə
aldığı "Qarabağ şikəstəsi" və
"Bayraqdar" əsərlərində
qaçqınlıq həyatının
ağrı-acısının, açdığı dərin,
sağalmaz yaraların, saysız-hesabsız itkilərin bədii
təsviri verilir. Hər iki povestlə
bağlı illər əvvəl bir yazı
yazmışdım. Elə yazıldığı
zamandan az sonra. "Elçin
nəsrinin yeni uğuru" adlandırdığım məqalədə
Qarabağ mövzusuna müəllif baxışını
isti, təzə-tər duyğularla təhlil etməyə
çalışmış, yazıçının emosional
toxunuşlarını nəsrimizin uğuru sırasında dəyərləndirmişdim.
Bu yaxınlarda yenidən oxuduğum bu mətnlərdə Şuşa ilə bağlı müəllifin
vurğuları diqqətimi yenidən cəlb etdi. Bu dəfə Zəfərin
gözü ilə oxuyub dəyərləndirməyə
çalışdım onları.
Elçinin bu iki povesti hər şeydən əvvəl
ötürdüyü emosional enerji baxımından diqqəti
cəlb edir. Bədii əsərdə bu amil hətta mükəmməl
bədii texnikadan da vacib məsələdir. Əsərlərin əsasında nə
döyüş səhnələri dayanır, nə də
Şuşanın tarixi, məişəti və mədəniyyəti.
Halbuki yazıçı bu coğrafiyanı
kifayət qədər yaxından tanıyan, tarixin emosional
yaddaşını daşıyan biridir. Amma
sözü gedən əsərlərin mərkəzinə
Elçin müharibə ilə bağlı insan hekayələrini
qoymağı tərcih edib.
Buzovnada fəhlə yataqxanasında sığınacaq
tapan qaçqınlar müharibədən uzaq bir yerdə
yaşayıb bir parça çörək tapsalar da,
heç zaman rahatlıq tapmır, itirdikləri yurd, vətən
daim onları təqib edir, yuxularına girir. İtirilmiş
torpaqların xatirəsilə yaşayan Cümü ("Qarabağ şikəstəsi")
qaçqınlıq həyatını həyat hesab etmir, onun
həyatı ilə yanaşı yaddaşı da
Şuşada Ağadədəli məhəlləsində
qalır. Cümü (Qızıldiş Cümşüd) ermənilərin
günahsız xalqın başına gətirdiyi faciəni
unuda bilmir, o mənfur "gün"ü təqvimin bir
günü kimi deyil, şeytan oyunu kimi xatırlayır:
"...amma o gün - 1992-ci ilin 8 may günü, erməninin
Şuşanı işğal etdiyi, camaatı qırıb
qaçırtdığı gün - heç cürə
gün sözünün içinə
sığışmırdı. O gün - camaatın quru
canını götürüb qaçdığı o
gün Allahın verdiyi gün deyildi, o 8 may günü
Şeytanın şuşalılara hədiyyəsi idi, amma
şuşalıların Allahın qarşısındakı
günahı nə idi ki, Şeytan onlara belə bir hədiyyə
edirdi?.."
Məlumdur ki, müstəqillik dövrü bədii nəsrində
qaçqınlıq mövzusu ədəbiyyatda aktual mövzu
olaraq qalır, diqqət mərkəzinə çəkilirdi. Elçinin təhkiyəsində
də bu məsələ özünəməxsus
çalarlarla inikas etdirilir. Hekayənin qəhrəmanı
Cümünün arvadı Sonanın dilindən səslənən:
"- Biz insan deyilik, biz qaçqınıq!..
Qaçqınıq!.. Qaçqınıq!..", - hayqırtısı fərdin deyil,
minlərin bəşəriyyətə ittihamı kimi səslənir.
Yazıçı xalqın tarixi taleyinə
yazılmış bu alın yazısı ilə oxucunu
insan-qaçqın dilemması üzərində
düşünməyə vadar edir. Qaçqınların
çəkdiyi əzablar, çadırlarda keçən
ömür, ömrün kəc rəftarına boyun əyməkdən
başqa çarəsi olmayan insanların həyat dramı.
Yataqxanada
məskunlaşmış insanlar aradan xeyli vaxt ötsə də,
bu həyata - qaçqınlığa uyğunlaşa bilmir,
taleyin acı yazısına qarşı çıxaraq haqq səsini
ucaldırlar: "-Bizə heç nə lazım deyil! Bizə
humanitar yardım da lazım deyil! Onu da aparın ermənilərə
verin! ...Bizə Şuşanı qaytarın! ...Qalibin -
Cümü ilə Sonanın oğlunun - qolundan
yapışıb irəli çəkdi. - Bax, bu
Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni
yataqxanadı! Yataqxana adamın vətəni
olar? Yataqxana adamın torpağı olar?.."
Sürəyya xalanın dilindən səslənən bu
ittiham bütün şuşalıların, qaçqın
düşmüş insanların içinə
yığılıb qalmış dərd-kədərin,
ağrı-acısının hayqırtısı kimi səslənir.
"Qarabağ şikəstəsi" hekayəsi
"Bayraqdar" povestinə proloq kimi dəyərləndirilə
bilər. Hər iki əsərdə qaçqınlıq
problemi, bu yaşamın insan psixologiyasına təsiri,
insanların kədər və iztirablarının, sosial-mənəvi
sıxıntılarının bədii inikası əsas təcəssüm
predmetidir.
Elçinin "Bayraqdar" əsərindəki Bayraqdar
Surxay azərbaycançılıq ideyalarını qəlbində,
ruhunda yaşatması, dövlətçiliyə sədaqəti
ilə yadda qalır. Povestin ilk hissəsindən bir epizoda nəzər salaq:
"2003-cü il mayın 28-nə, Azərbaycan Demokratik
Respublikasının 85-ci ildönümünə bir gün
qalmış, yəni mayın 27-də,
axşamçağı böyük-kiçik bütün
şuşalıların Bayraqdar
çağırdığı Surxayın daha sabahı
gözləməyə səbri çatmadı, səliqə
ilə ağ çitə, üstündən də sellofana
büküb çarpayının altında - başqa yer yox
idi - saxladığı bayrağı - müstəqil Azərbaycanın
üçrəngli bayrağını çıxartdı,
xüsusi bir həvəslə, ləzzətlə çiti,
sellofanı açdı və bayrağı götürüb Buzovna fəhlə
yataqxanasının həyətinə düşdü,
gözünü qıyıb zəndlə qazanxananın
damına baxdı".
Artıq
on ilə yaxın bir müddətdə məskunlaşdığı
yataqxananın üçüncü mərtəbəsinin
otağının pəncərəsindən dalğalanan
bayrağı bu dəfə ənənəni pozaraq həyətdəki
qazanxananın damından asdığı zaman Surxayın
ağlına belə gəlmir ki, hər şeydən və
hamıdan artıq sevdiyi bu bayraq yeganə övladı
Əbülfətin cavan ömrünə son qoyacaq, vaxtsız
ölümünün səbəbi olacaqdır. Oğlunun yas mərasimində Bayraqdarın həyətdəki
qoca iydə ağacının budaqlarının arasından
bayrağı asması həyatının ən
ağrı-acılı günündə belə onun qəlbindəki
bu müqəddəs sevginin əsla azalmadığını
bir daha təsdiq edir.
Bayrağın
Surxayın həyatındakı rolundan söhbət açarkən
əsərdəki bir epizod onun obrazını bütün
reallığı ilə əks etdirmiş olur: "İllər
keçdikcə Şuşanın mərkəzindəki o
köşk, o köşkdəki qəzet-jurnallar və o qəzet-jurnallardakı
siyasi xəbərlər Surxayın həyatının mənasına
çevrildi - hər şey belə deyirdi, amma əslində,
belə deyilmiş, çünki Surxayın həyatının
həqiqi mənası və onu Bayraqdar edən üçrəngli
bayraq oldu. ...Və o bayrağın eşqi telefon
stansiyasının yanındakı o mətbuat
köşkünə, qəzet-jurnallara və o qəzet-jurnallardakı
siyasi xəbərlərə hörməti və məhəbbəti
də sıxışdırıb Surxayın ürəyində
büzüşdürdü - indi o ürəyin içindəki
üçrəngli bayraq idi...".
Şuşada qəzet köşkündə işləyən
Uzun Surxay Məmmədovun Bayraqdar ləqəbi ilə
çağırılması onun 1988-ci ildə ermənilərin
Qarabağı Azərbaycandan almaq istəyinə etiraz mitinqindəki
iştirakından və elə bu səbəbdən də iki
gün həbsxanada saxlanılıb buraxıldıqdan sonra
baş verir.
Surxayın
1992-ci ilin 8 mayında, qaçaqaç zamanı bir əlində bayrağı
tutması, digəri ilə isə oğlu Əbülfəti
sinəsinə sıxması ona əziz, dəyərli olan hər
iki varlığı qorumalı olduğuna işarədir:
"...bütün
bu qaçaqaç dəhşəti içində, elə
bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi:
- Bu bayraq
ki, Şuşada elə... elə dalğalandı, yenə
qayıdacaq Şuşaya!
Əlbəttə,
bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin -
"Bir kərə yüksələn bayraq bir daha enməz!" sözləri
dedirtmişdi, amma o dəm özü də gözləmədən
dediyi o sözlər Bayraqdara İlahidən gələn
sözlər kimi təsir etdi...".
İndi,
Zəfəri qazanmış bir ölkənin vətəndaşları
olaraq bu kəlmələr bir az da sakral
mahiyyət daşıyır. Sınıqlığı
deyil, məğrurluğu simvolizə edən, uzaqgörən
notların ehtiva olunduğu mətn hər zaman, hər
dövrdə ona müraciəti zəruriləşdirir. Çünki əsl ədəbiyyat, əsl sənət
bütün hallarda ümidi sönməyə, inamı ölməyə
qoymayandır.
Biz Şuşaya qayıtdıq. Bayrağı öz
müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə
dalğalandıran oğullar yetişdi məmləkətimizdə.
Yəqin ki, o möhtəşəm gün Ali Baş Komandan
İlham Əliyevin səsləndirdiyi xitaba bu ali
duyğunu illərlə canında yaşadan və onun
gerçəkləşməsi naminə ömür fəda
edən neçə Bayraqdarımızın səsi
qarışmışdı:
Əziz Şuşa, sən azadsan!
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 18
mart.- S.4.