Türk Ədəbiyyatı Vəqfi Xalq yazıçısı
Anar haqda iki
kitab yayımladı
Bu günlərdə Türkiyənin
nüfuzlu ədəbiyyat
təşkilatı olan
Türk Ədəbiyyatı
Vaqfında «Tedev» Yayınlarından Xalq yazıçısı Anar
haqqında iki yeni kitab işıq
üzü görüb;
İmdat Avşarın
tərtibatı ilə
məqalələr toplusu
- «İki əsrin qovşağında bir yazar: Anar» və
Pərvin Nurəliyevanın
müəllifi olduğu
«Çağının önündə
bir yazar:Anar». Birinci kitab Türkiyənin
önəmli söz-sənət
adamlarının, alimlərinin
yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən
ibarətdir. Burada
Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının
önəmli imzalarının
yazıçının həyatı
və yaradıcılığını
incələyən yazıları
yer alıb. Pərvin Nurəliyevanın
kitabında isə Anarın Türk dünyası qarşısında xidmətləri
və ümumtürk ədəbiyyatına aid araşdırmaları
haqqında məqalə-esselər
yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən
yazıçı-tərcüməçi,
«Türk Ədəbiyyatı
dərgisi»nin baş redaktoru İmdat Avşardır.
Türk
Ədəbiyyatı Vaqfının
rəhbəri, şair
Sərhat Kabaklı bu cür kitabların
çapının son dərəcə
vacib olduğunu bildirib: «Beş il öncə İstanbulda Ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz
çox yaşasın,
yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə
yubiley çərçivəsində
işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm ona
görə ki, Anar bütün türk dünyasının
ortaq dəyəridir.
Həm Pərvin Nurəliyevanın
kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş
xalqların və onların ədəbiyyatının
yaxınlaşması üçün
necə böyük işlər görüb.
Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi
Türkiyədə, İstanbulda
düzənləyəcəyimiz tədbirlər deyəcəm...»
Kitabların tərtibatçısı və tərcüməçisi,
Azərbaycan Yazıçılar
Birliyinin Türkiyə
təmsilçisi İmdat Avşar bu il
Türkiyədə Anar
yubileyi ilə bağlı planların geniş olduğunu bildirib: «Ustadın yubileyinə həsr etdiyimiz bu iki
kitab görmək istədiyimiz işlərin
uğurlu bir başlanğıcıdır. Arzum o idi
ki, bu dəfə
yeni yazılar qələmə alınsın,
yeni kitablar çıxsın. Tərtib etdiyim
kitabda imzası olan hər kəs
öz tanıdığı,
sevdiyi Anarı təqdim edir türk oxucusuna. Hal-hazırda Ustadın
nəsr əsərlərini
də Türkiyə türkcəsinə yenidən
çevirirəm, yaxınlarda
üç romanı çapdan çıxacaq
İstanbulda. Anar Türk
dünyasının yaşayan
Dədə Qorqud ödülünün sahibidir.
Məhz belə dəyərlərimizi təbliğ
etməyə, gənc
nəsilə tanıtmağa
ehtiyac var. Bu işlərdə
böyük çabalar
göstərən, hər
cür dəstəyini
əsirgəməyən əziz
Sərhat Kabaklıya,
Türk Ədəbiyyatı
Vaqfı ailəsinə
çox minnətdaram...»
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.7.