Köln, Əhməd Şmide və vəfa
Kölndə təyyarədən
düşəndə üzümə dəyən soyuq
yağış damcıları məni ürkütdü. Bu
il qar çox yağmasa da, qış yağışı,
soyuqluğu və küləyi ilə Almaniyanı hələ
tərk etməmişdi. Yaş və qaranlıq yollarda
maşınla evə gedəndə Azər Turanın telefonuma
göndərdiyi xəbəri oxuyurdum: Əhməd Şmidenin
adı layiq olduğu kimi Bakı Dövlət Universitetinin fəxri
doktorları siyahısında bərpa edilib.
Evə
çatan kimi ilk işim bu şad xəbəri Əhməd
Şmidenin Kölndə yaşayan oğlu Hasan Şmideyə
çatdırmaq oldu. O da bu xəbəri səbirsizliklə
gözləyirdi. Bir neçə həftə əvvəl ona
bildirdim ki, Bakıda Əhməd Şmideni unutmayan insanlar bu
işdə böyük səy göstərirlər. Ona sadiq
dostum Azər Turanın "Ədəbiyyat qəzeti"ndə
Hasan Şmidenin atası haqqında bir-birinin ardınca
yazdığı iki yazıdan danışanda çox təsirləndi,
kövrəldi. İndi bütün bu arzuların həyata
keçməsi xəbərini ona çatdırmalı, birlikdə
atasının ruhunu şad etməli idik.
Bəlkə
də işdədir, narahat olmaması üçün əvvəlcə
mesaj göndərdim. Beş dəqiqə sonra mesajıma cavab
verdi. Mesajda alman dilində, "Allah sizi qorusun və sevincdən
qarnım deşilir" yazmışdı. Onun niyə belə
qəribə, anlaşılmaz mesaj yazdığını
başa düşə bilmədim. Dərhal zəng etdim. O,
atasının səsinə bənzər səslə
"salam" dedikdən sonra güldü. "Əziz dostum,
bu xəbəri eşitdiyimə çox şadam, sizə nə
qədər təşəkkür etsəm azdır" dedi.
Bitirdikdən sonra: "Bəs bu nə sözdür? Nə demək
istədin? Qarnım deşilir də nə deməkdir?" -
deyə soruşdum.
Yenə
uzun-uzun güldü. "Deməli, siz Berlincəyi
bilmirsiniz" dedi. "Berlin ləhcəsində bu ifadə
sizin dilinizdə "Sevincimdən bayıldım" kimi fərqli
bir məna daşıyır."
Daha sonra
üzünü heç görmədiyi, səsini eşitmədiyi
Azər Turan haqqında tərifli sözlər söylədi.
O bildirdi ki, dünyada hələ də belə sadiq
insanların olması ona ümid verir. Həqiqətən də
Azər Turan yazdığı hər iki yazıda Əhməd
Şmideni yenidən Azərbaycanın gündəminə gətirdi.
Onun 1968-ci ildən başlayan Azərbaycana sevgisi, oradakı Bəxtiyar
Vahabzadə kimi dostları ilə münasibəti, mərhum
prezident Heydər Əliyevlə dostluğu hər iki yazıda
çox gözəl ifadə olunmuşdu. Əhməd
Şmidenin Azərbaycan ədəbiyyatının təbliğindəki
əhəmiyyətini və yerini çox diqqətlə qələmə
alan Azər Turanın zəhməti və ümidləri
boşa getmədi və Əhməd Şmidenin adı Bakı
Dövlət Universitetinin fəxri doktorları
siyahısında yenidən göründü.
A.Turanın
yazısı çap olunandan sonra Bəxtiyar Vahabzadənin
oğlu Azər Vahabzadə mənə həyəcan və
xatirələrlə dolu telefon açdı. Azər Vahabzadə
mənə telefonla Əhməd Şmidenin oğlu Hüseyin
Şmide haqqında danışdı. Onun Bakıda
uşaqlıq xatirələri Azər Vahabzadənin
yaddaşında canlı qalmışdı. Mən Həsənə
onun dediklərini də dedim. Gözləri yaşla doldu:
"Atamın hər zaman böyük ehtiramla yad etdiyi Bəxtiyar
Vahabzadənin oğlu Azər Vahabzadəyə
salamlarımı çatdırın" - dedi.
Öz təbirincə
desək, "türkdilli prussiyalı" Hasan, atası kimi
yazıçı olmasa da, onun üzündə və ruhunda hələ
də atasının kəskin izləri vardı. İstanbuldan
olan həyat yoldaşı, uşaqları (oğlunun adı
Əhməddir) türk adı ilə atası kimi Kölndə
türklərlə çox yaxın əlaqələr qurur,
dostluqlarını davam etdirir. Peşəsi mühəndis olsa
da, atası haqqında çıxan nəşrləri diqqətlə
izləyir və yanlış məlumatlara dərhal müdaxilə
edərək həqiqəti yazmağa səy göstərir.
O, həm də atası haqqında çap etdirmək istədiyi
memuar üzərində işləyir.
Mən nəhayət
ondan bütün bu səylərlə bağlı hisslərini
soruşdum. "İlk öncə, artıq adını əzbərlədiyim
Azər Turana, daha sonra Bakı Dövlət Universitetinin
rektorluğuna dərin minnətdarlığımı
çatdırın". Danışarkən tez-tez ah çəkirdi.
Onun emosional olduğunu və fikirlərini ifadə etməkdə
çətinlik çəkdiyini görürdüm. Amma
Kölndə olsa da, ruhunun Azərbaycanda olduğunu anladım.
Mənim üçün də vacib olan bu idi.
Hamımızın ruhunu işıqlandıran bir ölkə
vardır, uzaqlarda olsaq da, bir gün o işığa yenidən
qovuşmaq ümidi ilə yaşayırıq.
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2023.- 18
mart.- S.3.