Hans Piter Əhməd Şmidenin adı
Bakı Dövlət
Universitetinin fəxri
doktorları
siyahısında bərpa edildi...
2014-cü
ilin 17 oktyabrında "Ədəbiyyat qəzeti"ndə
Bakı Dövlət Universitetinin fəxri doktorları
siyahısında alman alimi Əhməd Şmidenin
adının olmaması ilə bağlı məsələ
qaldırdıq. Hətta
Şmidenin Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə
Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunu və
döş nişanını qəbul edərkən söylədiyi
məruzəsindən bəzi parçaları Azərbaycan
türkcəsinə uyğunlaşdırıb
"Könüldən könülə yollar
görünür" başlığı ilıə dərc
etdik. Yazıçıların XII qurultayı yenicə
tamamlanmışdı və qurultaya Almaniyadan
qatılmış dostumuz Orhan Aras məsələ ilə
bağlı nigaranlığını dilə gətirir,
heç kəsdən aydınlaşdırıcı bir cavab
ala bilmirdi. Hələ o zaman biz Bakı Dövlət
Universitetinə müraciət etdik. Universitetin Həmkarlar
Komitəsindən bildirdilər ki, narahatlığa əsas
yoxdur, Şmideyə aid sənədlər universitetin muzeyində
saxlanır. Biz də bu cavabı qəzetdə dərc etdik və
məsələ bununla sanki qapanmış kimi oldu...
Üstündən
9 il ötdü. Bu illər ərzində Universitetin rəsmi
saytının fəxri doktorlar səhifəsində Şmidenin
adı görünmədi. Hamının adı
göründü, təkcə Şmidenin sənədləri
(adı) Universitetin muzeyində "saxlanıldı".
9 ildən
sonra mövzuya yenidən qayıtdıq. "Ədəbiyyat qəzeti"ndə
Hans Piter Əhməd Şmidenin Heydər Əliyev uğrunda
mücadiləsi və Azərbaycanşünaslıq sahəsindəki
xidmətləri barədə iki yazı yazdım. Bu il
yanvarın 14-də dərc olunmuş "Böyük alman
alimi Hans Piter Əhməd Şmidenin Heydər Əliyev
uğrunda mücadiləsi" yazımdan sonra Almaniyadan Orhan
Aras "Vəfa və Əhməd Şmide" adlı bir
yazı qələmə alıb bizə göndərdi. Orhan bəyin
yazısını da "Ədəbiyyat qəzeti"ndə
dərc etdik və yazı böyük maraqla
qarşılandı.
Beləcə
altı həftə keçdi. Martın 4-də "Ədəbiyyat
qəzeti"ndə "Ötən yazıya sözardı:
Əhməd Şmidenin itirilən
haqqını bərpa edə biləcəyikmi"
adlı başqa bir yazı yazdım.
Qəzet
çıxandan sonra Bakı Dövlət Universitetinin sosial məsələlər,
tələbələrlə iş, ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Əliş Ağamirzəyev mənə zəng
vuraraq, rektorun göstərişi ilə problemin
araşdırıldığını, arxivə
baxıldığını, ilkin sənədlərin tədqiq
olunduğunu və Azərbaycanın dostu olan bu böyük
alman aliminin adının
universitetin fəxri doktorları siyahısında bərpa
edildiyini söylədi.
Şmide
barədə "Ədəbiyyat qəzeti"ndə dərc
olunmuş yazılara "Xalq qəzeti" də həssas
yanaşdı. İttifaq Mirzəbəylinin ""Alman
türkü" Əhməd Şmideni unutmaq olarmı"
adlı yazısı bu baxımdan çox önəmlidir,
Şmide ilə bağlı hamımızın bilməli
olduğu yeni faktlarla zəngindir.
Bizə
isə bir məsələni məmnuniyyətlə
xatırlatmaq qalır ki, Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayev Şmidenin adını fəxri doktorlar
sırasında bərpa etməklə Azərbaycan elmi-ədəbi
mühitinə xoş duyğular yaşatdı.
İnanıram
ki, məsələnin müsbət həlli Əhməd
Şmidenin ruhunu şad etmişdir.
Ən
böyük sevinc isə şübhəsiz, Şmidenin
oğlu Hasanın payına düşür. Çünki o,
bu xəbəri neçə illər idi ki gözləyirdi.
Ötən həftə dəyərli fikir adamı, bir zamanlar
Əhməd Şmide ilə yaxın yaradıcılıq əlaqələri
saxlamış dostumuz Orhan Aras Almaniyanın Köln şəhərində
Hasan Şmide ilə görüşüb. Orhan Arasın təəssüratlarını
təqdim edirik.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2023.- 18
mart.- S.3.