O, bir məktəb idi...

 

Tarixlə üz-üzə dayanmış adam

 

(Portret cizgiləri)

 

1

 

"Naxçıvan" qəzetinin baş redaktoru Rizvan müəllimin xahişi ilə bu yazını başlamaq istəyəndə xəyal məni birdən-birə düz iyirmi altı il bundan əvvələ - 1969-cu ilin iyul ayına apardı...

O vaxt mən cavan bir aspirant idim, yay istirahətinə Kislovodska getmişdik və orada eşitdik ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Yaxşı yadımdadır, bu xəbərin özü qəribə bir yenilik əhvali-ruhiyyəsi gətirdi, yeni ümidlər yaratdı, çox qısa bir müddətdən, xüsusən, avqust plenumundan sonra, respublikada elliklə bir nikbinlik yarandı və tale belə gətirdi ki, bizim, yəni altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin bir qələm sahibi kimi formalaşması yetmişinci illərə təsadüf etdi və bütün bu illərdə Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, Azərbaycan mədəniyyəti ilə bilavasitə Heydər Əliyev arasında mənəvi və mən deyərdim ki, məhrəmanə bir körpü yarandı.

Bu barədə mən 1992-ci ildə Heydər Əliyev haqqında yazdığım oçerkdə bəhs etmişdim və indi təkrara varmaq istəmirəm, amma, əlbəttə, o uzaq 69-cu ildə bütün fikri-zikri ədəbiyyata bağlı olan bir cavan kimi, mənim heç vaxt ağlıma gəlməzdi ki, SSRİ dediyimiz o nəhəng imperiya kartdan quraşdırılmış evcik kimi, tar-mar olacaq və yeni, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevi mən yalnız bir yazıçı kimi kənardan yox, həm də həmin dövlətdə vəzifə tutmuş bir adam kimi yaxından müşahidə edə biləcəyəm...

Heydər Əliyev haqqında çox yazılıb, amma, şübhəsiz ki, yazılacaq kitablar, aparılacaq tədqiqatlar hələ irəlidədir, gələcəkdədir, çünki tarix özünə mənsub olan şəxsiyyətləri heç vaxt diqqətdən kənar qoymur, illər keçir, onilliklər, yüzilliklər bir-birini əvəzləyir, tədqiqatlar isə dayanmır, yeni-yeni faktlar aşkar olunur, yeni-yeni kəşflər ortaya çıxır.

Eyni zamanda Heydər Əliyev özü tarixi məsuliyyəti dərindən dərk edən bir şəxsiyyətdir. Bəzən mənə elə gəlir ki, yalnız mühüm qərarları qəbul edərkən yox, adicə gündəlik qayğıların həllində də o, tarixi ona baxan, onun hərəkətlərini izləyən bir varlıq kimi yanında hiss edir. Elə bilirəm ki, təəssüratım məni aldatmır, belə də var, çünki söhbət daxilən zəngin və emosional, amma impulsivlikdən uzaq, ən gərgin çağlarda belə, özünü səfərbərliyə almağı bacaran, iradəli və qorxmayan, çəkinməyən, özünə inanan və öz böyük imkanlarını qiymətləndirməyi bacaran unikal bir şəxsiyyətdən gedir - müstəqil Azərbaycanın bu günün keşməkeşli yolları arasından magistral müəyyən edib, bir dövlət kimi gələcəyə doğru aparan şəxsiyyətdən.

Məhz bu fitri keyfiyyətlərinə görə onu yamsılayanlar, onun ayaqqabısını geyib, yerişini yerimək istəyənlər, əslində, gülünc vəziyyətə düşürlər, çünki onların imkanları və iddiaları arasında bir təzad yaranır.

Heydər Əliyevin imkanları yalnız onun özünə məxsusdur, başqasına yox.

Misal üçün, son iki ildə mən bunun dəfələrlə şahidi olmuşam və hər dəfə də mat qalmışam ki, Heydər Əliyev, deyək ki, ağır və üzücü səfərdən qayıdıb, aeroportda məlum olub ki, filan ölkənin dövlət bayramıdır, səfirlik qəbul düzəldib, ora gedib təbrik etmək lazımdır, dərhal, yəni yarımca saat da istirahət etmədən maşına minib o qəbula gedib, həmin ölkə ilə və ümumiyyətlə, xarici siyasətlə bağlı parlaq nitq söyləyib, sonra oradan çıxıb kənd təsərrüfatı işçilərilə görüşüb, bu sahənin problemləri və həmin problemlərin həlli yolları ilə bağlı çıxış edib, sonra heç bir fasiləsiz təhsil işçiləri ilə görüşüb, təhsilin müasir vəziyyəti və vəzifələri barədə danışıb, sonra da bir görkəmli şairin, yaxud rəssamın yubileyində iştirak edib, onun yaradıcılığı haqqında, Azərbaycan mədəniyyətində tutduğu yer barədə professional söhbət açıb...

Və bu bir istisna deyil, onun gündəlik işinin tərkib hissəsidir.

O, bu çıxışlara necə hazırlaşır, bir-birindən tamamilə fərqli sahələri dalbadal necə ehtiva edir, axı, bir dəqiqə də boş vaxtı qalmır ki, heç olmasa, psixoloji cəhətdən özünü kökləsin... Bu, həqiqətən, mənim üçün bir sirr-xudadır...

Mən həmişə fikirləşirəm ki, Heydər Əliyevin köməkçilərinin işi bir tərəfdən çətindir, çünki tələbat böyükdür, böyük də məsuliyyət var, o biri tərəfdən də asandır, çünki onun üçün başqa dövlət başçıları kimi, gecə-gündüz əlləşib, faktlar toplayıb, sitatlar yığıb çıxış yazmaq, məruzə hazırlamaq lazım deyil. Bu işi köməkçilərinin əvəzinə onun özünün fitri istedadı görür.

 

2

 

Heydər Əliyevin bir siyasət adamı, dövlət başçısı kimi elə xüsusiyyətləri var ki, onlar bir yerdə onun adı ilə bağlı olan məxsusi, personal bir "siyasi idarəetmə" məktəbi yaradır və mən çox istərdim ki, özüm də daxil olmaqla, vəzifə sahibləri, səlahiyyətli şəxslər bu məktəbdən nəsə əxz etsinlər, götürsünlər, bəlkə gələcəkdə daha da inkişaf etdirsinlər.

Fikrimi bu yazının məhdud çərçivələri daxilində əyaniləşdirmək üçün cəmi ikicə misal gətirmək istəyirəm və miqyas etibarilə bir-birindən fərqli olan bu misallardan biri lokal (amma çox əhəmiyyətli!) səciyyə daşıyırsa, ikincisi, mənim fikrimcə, ümumiyyətlə, siyasət aləmində yeni sözdür və həqiqətən, siyasət dərsliklərinə düşəsi bir epizoddur.

Adətən, Heydər Əliyevdən bəhs edən məqalələrdə, söhbətlərdə onun fenomenal hafizəsindən, yaddaşından bəhs edirlər və bu, həqiqətən, belədir. Amma Heydər Əliyevin başqa bir fenomenal xüsusiyyəti də var: qulaq asmaq bacarığı, dinləmək qabiliyyəti, səbri.

Hərdən Prezident əlaqədar sahənin rəhbərliyi ilə, ayrı-ayrı vəzifə sahibləri ilə kiçik müşavirələr keçirir və mən bu son iki ildə dəfələrlə şahidi olmuşam ki, həmin müşavirələrdə Heydər Əliyev necə böyük bir səbrlə çıxış edənlərə qulaq asır. Nə gizlədim, danışanların, məlumat verənlərin hamısının ağzından dürr tökülmür, bəzən qulaq asdıqca, şəxsən mənim canım sıxılır, hansı bir səviyyəsiz çıxış isə adamı əsəbiləşdirir və bu səviyyəsizliyi, şübhəsiz ki, ilk növbədə, elə Heydər Əliyevin özü görür, amma, hətta belə məqamlarda belə, danışanın sözünü kəsmir, söylənən fikirləri, gətirilən arqumentləri axıracan dinləyir. Bu da bir vergidir və elə bilirəm ki, dövlət başçısı üçün çox vacib vergidir: adamlara öz sözlərini axıra qədər deməyə münbit zəmin yaratmaq...

İkinci misal isə məni fikrən iki il bundan əvvələ - 1993-cü ilin avqustuna aparır. Heydər Əliyev Respublika Ali Sovetinin sədri, ölkə isə ciddi siyasi böhran içində idi və belə bir vaxtda Bakıda gizli vərəqələr yayırdılar, o vərəqələrdə şəxsən Heydər Əliyevin əleyhinə hədyanlar yazırdılar, xalqı, guya ki, ayağa qaldırmaq istəyirdilər.

Belə bir vəziyyətdə artıq dövlətə başçılıq etməyə başlamış Heydər Əliyev nə elədi? Milli Məclisin canlı yayımla bütün ölkəyə göstərilən iclasında həmin vərəqələrdə yazılanları kamera qarşısında ucadan oxutdurdu və küncdə-bucaqda gizli-gizli üç nəfərin, beş nəfərin arasında yayılan həmin vərəqələrdə yazılanları yeddi milyonluq xalq eşitdi, bununla da o vərəqələri yazanların və yayanların istədiklərinə tamamilə əks bir effekt, həm də çox güclü bir effekt alındı. Bu, çox şey deyən və mənim fikrimdə unudulmaz bir dərs idi.

 

3

 

Bir cəhəti qeyd etmək istəyirəm, bilmirəm buna səlahiyyətim çatır, yoxsa yox, amma, hər halda, yazıram, çünki bunu mühüm hesab edirəm. Mən Heydər Əliyevin ailəsinə yaxın adam deyiləm, amma kənardan kənara da olsa, uzun illərin müşahidəsi, ayrı-ayrı, ilk baxışda bəlkə də kiçik görünən detallar içərisində bir həqiqət mənim üçün (və bilirəm ki, yalnız mənim üçün yox!) gün işığı kimi aydındır: bu adam bütün varlığı ilə rəhmətlik həyat yoldaşına, övladlarına, nəvələrinə bağlıdır və belə bir həyat yoldaşı, ata, baba bağlılığı çox mühümdür, ona görə ki, millətə, vətənə bağlılığın da kökü elə oradan başlayır.

Bəşəriliyə gedən yol millidən keçdiyi kimi, millətə, vətənə məhəbbət də ailədən gəlir və qədim Roma imperiyasından bu tərəfə tarix sübut eləyib ki, məhz məişətdə, şəxsi həyatda, şəxsi əxlaqda ciddi və səmimi olan dövlət başçıları öz ölkələri üçün tarixi işlər görməyi bacarıblar, əks təqdirdə dövlət başdan çürüyüb məhv olub, necə ki, elə həmin qədim Roma imperiyasının özü dağılıb, tarixin çevrilmiş səhifəsinə döndü.

Heydər Əliyevin Azərbaycan xalqına bağlılığı, bu xalqın məişətinin ən xırda detallarına belə bələd olması, onun psixologiyasını və xarakterini dərindən duyması, bu xalqın mənəviyyatının folklorda, ümumiyyətlə, sənətdəki bədii-estetik ifadəsini incəliklərə qədər hiss etməsi, Azərbaycan dilini bütün zənginliyi ilə bilməsi mənim üçün həmişə ön planda olub. Həm də elə bilirəm yalnız mənim üçün yox, ümumiyyətlə, Azərbaycan yaradıcı ziyalısı üçün. Və həmişə də milliyə, kökə tərəf səsləyib və sövq edib.

Bu mənada yetmişinci illərdəki, səksəninci illərin əvvəllərindəki "sosialist əməyi qələbələri"nin, "qızıl bayraqlar"ın arxasında da, ilk növbədə, xalqın milli özünütəsdiqi dayanırdı və bir neçə il bundan əvvəl mən bu barədə yazmışdım. O "əmək qələbələri", "qızıl bayraqlar", respublika bayrağına taxılan o ordenlər böyük və dövrü üçün çox cəsarətlə yaradılmış aysberqin görünən hissəsi idi, mühümü, vacibi, əsası isə, yəni xalqın, hərgah belə demək mümkünsə, gizli özünütəsdiqi isə həmin aysberqin görünməyən, suyun altında qalan hissəsi idi... Vaxt gələcək və bütün bunların hamısı elmi tədqiqat obyekti olacaq, öyrəniləcək, dəqiqləşdiriləcək, çünki ən obyektiv meyarlar bizə yox, əlbəttə, tarixə məxsusdur.

Yadıma gəlir, Füzulinin 500 illiyi münasibətilə Türkiyədə olduğumuz vaxt parlamentin sədri Cindoruq, Prezident başda olmaqla Azərbaycan nümayəndə heyəti üzvlərinin şərəfinə qəbul düzəltmişdi və bizim gözəl müğənnimiz Səkinə İsmayılova orada "Küçələrə su səpmişəm"i oxudu. O mahnının Heydər Əliyevə necə dəruni təsir etməsini görmək üçün, xüsusi qabiliyyət yiyəsi olmaq lazım deyildi, həmin mənzərə indi də mənim gözlərimin qabağındadı və o zaman mən Heydər Əliyevə baxa-baxa fikirləşdim ki, bu adam ki, Azərbaycan mədəniyyətinə bu dərəcədə bağlıdı, bu mahnı ki, onun milli hisslərini bu dərəcədə tərpədir, həyatının səkkiz ilini Moskva mühitinə (özü də kommunist rejimli rəsmi mühitinə!.. bəlkə də mühacirətinə!..) necə dözüb? Bu da, görünür, onun iradəsinin, daxili səliqəsinin səfərbərlik gücünün bir göstəricisidir...

Xatirə məni 1982-ci ilin sonlarına aparır, o vaxta ki, Brejnev ölmüşdü, Andropovun fərmanı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi, Sov. İKP MK-nın plenumunda isə Siyasi Büronun üzvü seçilmişdi və Bakıdan Moskvaya köçürdü.

O zaman bir dəstə yazıçı, o cümlədən də mən daxil olmaqla bir neçə cavan yazıçı da onunla xudahafizləşmək üçün yanına getmişdik və onda onun hansı bir çətinliklə Azərbaycandan ayrılmasının, necə deyərlər, Azərbaycandan qopa bilməməsinin şahidi olduq. O sidq-ürəkdən kövrəlmişdi və bunu heç cürə gizlədə bilmirdi və yadıma gəlir, onda mən bir heyrət içində fikirləşdim ki, insan xisləti, doğrudan da, sirr-xudadır: bir tərəfdən o cürə Əliyev zəhmi və sərtliyi, hətta bəzən amansızlığı, bir tərəfdən də belə bir hisslər aləmi, belə bir açıqlıq... Bu mənim üçün bir yazıçı kimi, çox maraqlı müşahidə idi və gizlətmək istəmirəm, həmin maraq indiyə kimi davam edir. İndinin özündə də mən bəzən onun şəxsiyyətində elə gözlənilməz cəhətlər müşahidə edirəm ki, elə bil, onu birinci dəfə görürəm, birinci dəfə eşidirəm...

Orasın da yaxşı xatırlayıram ki, həmin görüşdə Heydər Əliyev Azərbaycanın gələcək vahidliyi haqqında danışdı və elə danışdı ki, elə bil, söhbət müstəqil bir dövlətdən gedir. Bunun həmin dövrün kontekstində və Heydər Əliyevin tutduğu vəzifənin səviyyəsində nə demək olduğunu, elə bilirəm ki, izah etməyə ehtiyac yoxdur. O söhbəti mən təfərrüatı ilə qeyd etmişdim, hardasa arxivimdə durur və haçansa, əlbəttə, yazılacaq. Necə deyərlər, niyyət olmasın, qismət olsun...

 

4

 

Bəzən Heydər Əliyevin keçirdiyi müşavirələrdə özümdən asılı olmayaraq ətrafa baxıram və ətrafımdakıların üç il, beş il bundan qabaqkı vaxtlarını gözümün qabağına gətirirəm, elə bil ki, cürbəcür müşavirələri, məclisləri, görüşləri təzədən görürəm, bu adamların söhbətlərini, çıxışlarını, hərəkətlərini, şəxsən mənimlə mübahisələrini və dedikləri sözləri xatırlayıram.

Bəli, onların bəziləri zaman dediyimiz məhək daşının sınağından çıxıb və bu gün də Prezidentin gözlərinin içinə baxmağa, Prezidentlə və onun xətt-hərəkəti ilə bağlı söz deməyə, fikir yürütməyə mənəvi haqları var və doğrudan da, dünyanın işləri qəribədi, bu adamlar, adətən, özlərini gözə soxmaq, mənəvi haqlarından sui-istifadə etmək (hərgah belə demək mümkünsə!) həvəsində olan əxlaq sahibləri deyillər.

Ancaq zamanın sınağından çıxmayanlar da, təəssüflər olsun ki, az deyil... Bəlkə bu mənim subyektiv fikrimdir, bəlkə bu adamların hərəsinin öz bəraəti var, ola bilər, amma mən düşündüyümü yazıram və həmin "bəraəti" də sidq-ürəkdən qəbul edə bilmirəm.

Ən maraqlısı odur ki, bu gün daha artıq gözə girməyə çalışan və canfəşanlıq eləyən də bəzən onlardır. Təbii ki, mən bu adamların heç birinə inanmıram, onların "vəfadarlığını" saxta hesab edirəm, Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin mənafeyinə xidmət etmələrinə şübhə ilə yanaşıram və eyni zamanda, gizlətmirəm, bir təskinliyim də var ki, bu səpkili "iqtidar bülbülləri" həmişə, bütün dövrlərdə, epoxalarda olub və görünür, həmişə də olacaq.

Bir epizod yadıma düşür. 1991-ci ilin mart ayı idi və biz Müslüm Maqomayev adına Filarmoniyanın binasında Azərbaycan yazıçılarının IX qurultayını keçirirdik. Qurultayın açılışına bir müddət qalmış mən dəhlizdə dayanıb bir nəfərlə söhbət edirdim. Bizdən bir az aralıda o vaxtın yüksək rütbəli yerli partiya məmurları dayanmışdı. Mənim söhbət etdiyim şəxsin üzü filarmoniyanın küçə qapısına tərəf idi və biz nə barədəsə fikir mübadiləsi edirdik. Birdən bu adamın sifəti göz-görəti əyildi və o ağzındakı sözü yarımçıq kəsib sürətlə filarmoniyanın foyesinə tərəf getdi (əslində, qaçdı!). Mən əvvəlcə bir şey başa düşmədim, hətta fikirləşdim ki, bu yazıq birdən-birə sancılandı, ya nə isə ona bir şey oldu. Sonra sövq-təbii filarmoniyanın küçə qapısına tərəf baxdım və gördüm ki, Heydər Əliyev qardaşı ilə birlikdə bir "Jiquli" maşınından düşüb filarmoniyaya girərək bizə sarı gəlir. İndicə mənimlə söhbət edən şəxsin belə bir panika ilə qaçmağının səbəbi də, sən demə, bu imiş, çünki yanımızdakı "anti-əliyevçi" partiya məmurlarının yanında onunla görüşməkdən qorxmuşdu.

Bilmirəm, Heydər Əliyev bu qaçışı gördü, yoxsa yox (hər halda, görmüş olardı, onun xüsusiyyətlərindən biri də budur ki, ən kiçicik detal belə, gözündən yayınmır), mən isə bu hadisə ilə bağlı daxili pərtlik və pərişanlığımı gizlətməyə çalışaraq uzun sürən ayrılıqdan sonra yenidən yazıçılarla görüşməyə gəlmiş Heydər Əliyevə "xoş gəlmisiz" elədim və xeyli müddət insan xislətinin miskinliyindən və dönüklüyündən xəbər verən bu epizodun ağır təəssüratı məni rahat buraxmadı.

Məsələ burasında idi ki, həmin qaçan şəxs vaxtilə bilavasitə Heydər Əliyevin irəli çəkdiyi, vəzifə verdiyi, bəzi günahlarının üstündən keçdiyi bir adam idi, raykomun birinci katibi işləmişdi, sonra nazir olmuşdu... Və mən bu epizodu bir də ona görə xatırlayıram ki, həmin adam indi də yeni vəzifədədir və danışanda ağzına çullu dovşan sığışmır.

Heydər Əliyev müsahibələrində, çıxışlarında bir neçə dəfə deyib ki, onun şəxsi dostları olmayıb, onun üçün dostluq da, yoldaşlıq da iş adamları ilə bağlı olub. Doğrusunu deyim ki, bu etiraf bəzən mənim üçün tragik bir etiraf kimi səslənir, daxili tənhalıqdan, gizli iztirabdan xəbər verir, beşgünlük həyatda özü üçün yaşamağa vaxtı olmayan, amma daxilən zəngin və emosional bir insanın (həm də təbiəti etibarilə yaradıcı bir insanın) hər hansı şəxsi ünsiyyətdən məhrum güzəranından xəbər verir. Bir yazıçı kimi deyə bilərəm ki, bu çox çətin güzərandı... Onsuz da çətin dünyada çətin bir güzəran. Və mən fikirləşirəm ki, belə bir adama qarşı iş yoldaşlarının dönük çıxması, hətta bəzilərinin üzdə gülüb, tərifləyib, arxada hörümçək toru toxuması və yaxud toxunan o hörümçək torunu görüb, ondan xəbər tutub özünü görməməzliyə, bilməməzliyə vurması yalnız bəndəyə yox, Allaha da xoş gedəsi şey deyil...

Əlbəttə, xəyanət dünyanın ən ağır, ən iyrənc bir hadisəsidir, amma mehrini-məhəbbətini işə və iş yoldaşlarına salmış bir nəfərə qarşı xəyanət ikiqat ağır, ikiqat iyrənc və ikiqat sarsıdıcıdır.

Bu cür adamlar barədə fikirləşəndə, onları ətrafda görəndə, onların vəzifə kreslolarındakı narahatlıqlarını müşahidə edəndə fikirləşirsən ki, axı, dəyməz, bu dünyada bu cür şərəfsiz yaşamağa dəyməz!... Ustad Hüseyn Bozalqanlı demişkən:

 

Bu qoca dünyanın yoxdu vəfası,

Gah boşalıb, gah da dolan görmüşəm...

 

Vəzifədən beləcə dördəlli yapışmaqdan nə qalacaq ki, dünyanın özündən də yapışanda heç kimə heç nə qalmayıb. İndi də Aşıq Bilalın bir qoşmasındakı sözlər yadıma düşür:

 

Dünyanı dördəlli qamarlayanlar,

Əcəl şərbətindən içib, gedəcək...

 

Bir halda ki, əvvəl-axır bu "əcəl şərbəti" içilməlidir, olmaz ki, riyanı, ikiüzlülüyü, saxtalığı bir tərəfə atıb insan ömrü yaşayasan?

Əlbəttə, mən bu sözləri yazmaqla yeni bir Amerika kəşf etmirəm, bəlkə də açıq qapını döyəcləyirəm, amma ... amma yazmaya da bilmirəm. Mən uzun müddət Yazıçılar İttifaqında işləmişəm və ümumiyyətlə, uşaqlıqdan yazıçıların arasında olmuşam, yazıçılar da mürəkkəb adamlardı, odur ki, rəhmətlik Əli Vəliyevin bir sözü var idi: "Ən böyük biclik - düzlükdür!".

Nə isə, hərə öz vicdanı və Allahı qarşısında cavabdehdir, yazılan, deyilən sözlə insan xisləti təmizlənsəydi, min illərdi Xeyir müqəddəs kitabların vasitəsilə, böyük dühaların qələmiylə deyir, yazır, amma Şər öz işindən əl çəkibmi?

 

5

 

Yadımdadır, 1992-ci ildə Heydər Əliyev haqqında yazdığım oçerkdə mən insanların dönüklüyü kontekstində onu "Kral Lir"ə bənzətmişdim, çünki həmin dönüklüyün və naxələfliyin yaratdığı pərişanlığın miqyasını, həqiqətən, Şekspir qələminə layiq bir səviyyədə hiss edirdim (indi o zamanın televiziya çıxışlarını, qəzet yazılarını, Ali Sovetin məşhur iclaslarını xatırlayanda eyni hissləri keçirirəm!), amma gərdişin hər üzünü görmüş qoca tarix mənim bənzətməmə öz düzəlişini etdi, Honerilya və Reqana dönüklüyünün, naxələfliyinin doğurduğu pərişanlığı məğlub etdi, Kordeliya məhəbbətinin və ehtiramının miqyası qalib çıxdı.

Məhz Kordeliya məhəbbəti və ehtiramı ümumxalq məhəbbətinə və ehtiramına çevrilərək Heydər Əliyevi Naxçıvan ucqarlığından (və sürgünündən!) həmin xalqın Prezident kürsüsünə çəkib gətirdi.

Bu yerdə mən iki kəlmə də müxalifət haqqında demək istəyirəm. Bir neçə il bundan əvvəl mən müxalifətdə idim, bu gün mən iqtidarın nümayəndələrindən biriyəm. Lakin o vaxt çıxışlarımda, yazılarımda söylədiyim bir fikri yenə də təkrar edirəm: iqtidar da, müxalifət də Azərbaycan dövlətçiliyinin mənafeyinə xidmət etməlidir. Arada şəxsi-qərəzlik, düşmənçilik olmamalı, dövlətin marağı əsas götürülməlidir, şəxsi təəssübkeşlik yox, milli təəssübkeşlik lazımdır.

Xüsusən də indiki keçid mərhələsində. "Mən müxalifətdəyəm, ona görə də iqtidarın gördüyü bütün işləri inkar etməliyəm" - prinsipi ilə fəaliyyət göstərmək Azərbaycan dövlətçiliyinə xeyir gətirə bilməz. Mən təsəvvür edə bilmirəm ki, barışmaz müxalifətdə dayanan, eyni zamanda, canı ilə, qanı ilə millətə, vətənə bağlı olan hər hansı bir nəfər, misal üçün, Heydər Əliyevin xarici ölkələrə səfəri zamanı ən nüfuzlu və dünya miqyaslı dövlət xadimləri ilə görüşlərində, ən müxtəlif auditoriyalardakı çıxışlarında, davranışında, hərəkətlərində Azərbaycanı necə böyük ləyaqət və yüksək siyasi-intellektual səviyyədə təmsil etməsinə baxarkən qürur hissi keçirməsin.

Allaha şükür, televiziya bütün dünyanı evimizə gətirib, başqa rəhbərləri, başqa prezidentləri də görürük. Mən müqayisələr aparmaq, nəticə çıxarmaq fikrində deyiləm (bu, qoca tarixin işidir!), ancaq hər şey göz qarşısındadır, necə deyərlər, kor-kor, gör-gör...

Mən Heydər Əliyevin Səudiyyə Ərəbistanının Kralı Fəth ilə, yaxud İran İslam Respublikasının prezidenti Haşimi-Rəfsəncani ilə apardığı rəsmi danışıqların bilavasitə şahidi olmuşam və heç bir konyukturaya varmadan sidq-ürəkdən deyirəm ki, həmin danışıqlarda Prezidentin hansı bir dəmir prinsipiallıq və eyni zamanda, diplomatik incəliklə Azərbaycanın dövlət mənafelərinin keşiyində durması mənə bir azərbaycanlı kimi, ömrünün otuz beş ilini ədəbiyyata həsr etmiş bir qələm sahibi kimi, sözün əsl mənasında daxili bir fəxarət gətirib.

"Mən müxalifətdəyəm, ona görə də bütün bunları görə bilmərəm, çünki görməməliyəm, vəssalam!" - əhvali-ruhiyyəsi və psixologiyası Azərbaycan dövlətçiliyinə hansı xeyiri gətirə bilər?

Təəssüflər olsun ki, başqa bir eybəcər siyasi əxlaq da bizim üçün səciyyəvidir: nə qədər ki, vəzifədəyik, iqtidarı dəstəkləyirik, şəxsən Prezident haqqında da ən yaxşı sözlər deyirik, elə ki, vəzifədən azad edilirik, oluruq müxalif, toyda da, yasda da ağzımıza gələni danışırıq... Bundan miskin və ləyaqətsiz nə ola bilər? Deməli, sən vəzifənin qulusan, sən vəzifədə olanda cınqırını çıxarmırdın, deməli, sənin nəinki Prezidentə hörmətin yalançı idi, sənin millətə məhəbbətin də yalançıdı, dövlətçiliyə xidmətin də yalançıdı.

Yandıran, hətta bəzən bədbinliyə də gətirib çıxaran odur ki, biz niyə belə bir xəstəliyə tutulmuşuq və bu xəstəlik bizdə niyə epidemiyaya çevrilib, bu dərəcədə metastaz verib? Niyə biz bu qədər vəzifə həsrətindəyik və nə üçün vəzifənin daimi bir şey olmadığı ilə heç cürə barışa bilmirik?

Nə isə... Deyiləsi, yazılası söz çoxdur, sağlıq olsun. Mən düz iki ildir yüksək vəzifədəyəm, təcrübəmin, bacarığımın imkanları daxilində öz sahəmdə əlimdən gələni eləməyə çalışıram, amma bir iş var ki, get-gedə "keçmiş yazıçıya" çevrilə blərəm, çünki oturub yazı yazmağa vaxtım yoxdur. Təskinliyi onda tapıram ki, Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəsinin bu tarixi çağlarında hadisələri də, vəzifə adamlarını da, şəxsən Prezidentin özünü də kənardan yox, bilavasitə içəridən, "mətbəx"dən müşahidə etmək imkanına malikəm, fürsət tapdıqca qeydlər götürürəm və Allah qismət eləsə, bunlar haçansa sənədli bir kitaba çevriləcək. O kitab mənim gördüklərimdən, yəni mənim həqiqətimdən, mənim gələcək nəsillərə demək istədiklərimdən, mənim tarixə kiçicik bir töhfəmdən ibarət olacaq. Başqaları olsun ki, məndən daha səviyyəli, daha sanballı kitablar yazacaq, amma mənim yazacağımı təbii ki, məndən başqa heç kim yazmayacaq. Yəqin o zaman vaxt da çox olacaq, çünki vəzifə mənim üçün də həmişəlik bir şey deyil...

 

6 sentyabr 1995.

("Naxçıvan" qəzeti, 13 sentyabr 1995)

 

P.S. Bu yazıdan artıq 23 il keçib və bu dövrdə də Heydər Əliyev haqqında çox yazılıb və bundan sonra da şübhəsiz ki, çox yazılacaq, elmi tədqiqatlar, siyasi araşdırmalar aparılacaq, monoqrafiyalar yaranacaq.

Onun şəxsiyyətinin miqyası fenomenal dərəcədə geniş idi: o, nəhəng Sovet imperiyasında bir tərəfdən dəmir yolundan tutmuş elm, mədəniyyət və tədris məsələlərinəcən olduqca böyük və məsuliyyətli bir sahəni  idarə edirdi, o biri tərəfdən isə Azərbaycan kəndində kəndli bir qadının ocaq çatıb, sacda yuxa bişirməyindən ruhən zövq alırdı, ruhən dincəlirdi, çünki əslində, onun varlığı doğma torpaqla birlikdə nəfəs alırdı.

O, bir tərəfdən dünya elitasının sevimlisi və özü də bu elitanın nümayəndəsi olan Mstislav Rostropoviç ilə, o biri tərəfdən isə zəhmətkeş, sadə, çox da koloritli bir azərbaycanlı çobanla dostluq etməyi bacarırdı; o, bir tərəfdən öz düşüncələri, səriştəsi, mədəniyyəti ilə XX əsr dünya baletinin ən məşhur simalarından Maya Plisetskayanın heyrətini və hörmətini qazanırdı, o biri tərəfdən isə Qədir Rüstəmov kimi bir xalq sənətkarının sənətini qəlbən sevirdi və bu sənəti Prezident kimi rəsmən yüksək qiymətləndirirdi. (Qədirə birbaşa Xalq artisti fəxri adı verildi!)

Və bu cür misalları çox çəkmək olar.

Keçən il mən sovet dissident hərəkatının liderlərindən biri, məşhur sovetşünas alim-publisist, 97 yaşlı professor Roy Medvedyevin Rusiyanın ən nüfuzlu qəzetlərindən "Literaturnaya qazeta"ya verdiyi müsahibəsini oxudum və o müsahibədə müxbirin: "- Qorbaçovdan başqa SSRİ-yə kim başçılıq edə bilərdi? Kim ölkə qarşısındakı problemləri həll edə bilərdi?" - sualına, "Yalnız Heydər Əliyev... Onun nəhəng potensional imkanları var idi." - deyə cavab verir. ("Literaturnaya qazeta", 25 yanvar 2022.)

O, bir məktəb idi: böyük siyasət məktəbi, quruculuq, idarəçilik, liderlik, cəsarət və səbr, dinləmək və yekunlaşdırmaq, hər şeyin məqamını bilmək məktəbi, eləcə də sırf insani məktəb, hiss-həyəcanlar, mərhəmət, məhəbbət və iradə məktəbi, sevinc və kədər, yumşaqlıq, kövrəklik və sərtlik, dönməzlik məktəbi.

Ustad Hüseyn Bozalqanlıdan neçə yüz illər əvvəl Xəstə Qasım da demişdi:

 

Neçə min yol boşalıbsan,

Neçə min yol dolan dünya...

 

Nəsillər bir-birini əvəz edəcək, gələnlər gedəcək, tariximizin nəhəng siması Ulu Öndər isə daima öz xalqı ilə bir yerdə olacaq.

 

13 yanvar 2023

 

Bakı

 

ELÇİN

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.6-8.