Heydər Əliyevin böyük
ədəbiyyat siyasəti
Heydər Əliyevin dövlətçilik təfəkkürünün
formalaşmasında, görkəmli dövlət xadiminin zəngin
mənəviyyata və geniş dünyagörüşə
malik nəhəng şəxsiyyət masştabını fəth
etməsində ədəbiyyat və incəsənətin də
böyük və xüsusi rolu olmuşdur. Heydər
Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin
inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini
bəyan etmişdir. Ulu Öndər həmişə bu
fikirdə olmuşdur ki: "Bədii söz insanların
ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən
nüfuz edir, onlara son dərəcə böyük təsir
göstərir".
Həqiqətən, tarix boyu böyük ədəbiyyat
həmişə dünyanın qüdrətli dövlət
xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin
həyatında və fəaliyyətində mühüm yer
tutmuş, böyük rol oynamışdır. Görkəmli
dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi
fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və
imkanları çox geniş miqyası əhatə
etmişdir. Hər şeydən əvvəl,
onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada
geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir
dövlət xadimlərindən biridir. Hələ
gənclik illərindən etibarən qeyri-adi mütaliə
qabiliyyəti ilə fərqlənən, hətta cavan
yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə
yanaşı, cəsarətlə səhnəyə
çıxan Heydər Əliyevin dünyabaxışının
formalaşmasında ədəbiyyat amili xüsusi yer
tutmuşdur. Müasirləri onun
Naxçıvanın teatr mühitində yaxından
iştirak etdiyini, "Vaqif" pyesində, "Qaralar ölkəsində"
adlı dram əsərində əsas rolları məharətlə
ifa etdiyini xatırlayırlar. Heydər
Əliyevin teatr həvəskarı olmasına dair nadir
fotoşəkillər görkəmli dövlət xadiminin
Naxçıvan şəhərindəki muzeyində qorunub
saxlanmaqdadır. Vaxtilə Heydər Əliyevlə
Naxçıvan Pedaqoji Texnikumunda eyni sinifdə təhsil
almış Firuzə Rzayeva Heydər Əliyevin ədəbiyyat
dərslərində xüsusi qabiliyyət nümayiş
etdirdiyini, onların ədəbiyyat müəllimləri
olmuş Lətif Hüseynzadənin bu çalışqan və
bacarıqlı gəncin istedadına yüksək qiymət
verdiyini xüsusi olaraq vurğulamışdır.
Texnikumdakı daha bir tələbə yoldaşı Dövlət
Məmmədov isə Heydər Əliyevin ədəbiyyata və
teatra münasibəti haqqında
aşağıdakıları yazmışdır:
"Yadımdadır, Lev Tolstoyun "Hərb və
sülh" romanını o vaxt rus dilində oxuyur, məzmununu
bizə danışırdı… Bundan əlavə,
həvəskar teatrda da çalışırdı. Tamaşalarda adətən baş rolları
oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı
obrazını canlandırırdı". Bütün bunlarla bərabər, bu görkəmli
tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi
taleyindəki böyük rolunu özü də nəzərə
çarpdırmışdır. O, 1997-ci ildə,
müstəqillik dövründə keçirilən Azərbaycan
Yazıçılarının X Qurultayındakı nitqində
bu gerçəkliyi aşağıdakı kimi etiraf
etmişdir: "Şəxsən mən ədəbiyyatı
çox sevən adamam və gənc vaxtlarımdan, hətta
uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat
nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm...
Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə,
əxlaqımda, mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox böyük rolu olmuşdur.
Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin,
yazıçılarının bütün əsərlərini
sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq
və gənclik illərində onlar mənə o qədər
təsir edib ki, mən onları unutmamışam. Bu, "oxumuşam, unutmamışam" sözləri
sadəcə bir fikir deyil. Yəni onlar mənə
təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi
qida almışam".
Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı
klassiklərini mütaliə etmək, dərindən bilmək
və yadda saxlamaq baxımından Azərbaycan
Respublikasının rəhbəri Heydər Əliyevlə
müqayisə edilə biləcək dövlət
başçısı göstərmək çətindir.
Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında
nitqlərinə, çıxışlarına,
yazıçılara ünvanladığı təbrik məktublarına
əsaslanaraq, belə bir nəticə çıxarmaq
mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim
dövrlərdə və ya öz dövründə
yaşayıb-yaratmış görkəmli yazıçı
və şairlərinin demək olar ki, mütləq əksəriyyətinin
əsərlərini diqqətlə oxumuş, özü
üçün konkret nəticələr
çıxarmışdır. O, dünya ədəbiyyatının,
xüsusən rus ədəbiyyatının şedevrlərinə
də yaxından bələd idi. Bu dahi şəxsiyyət
söz sənəti dühalarının əsərlərini
və ideyalarını dərindən mənimsəmişdir.
Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi,
"bunun birinci səbəbi özünün də dəfələrlə
etiraf etdiyi və konkret əməllərində sübuta
yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə,
mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik
irsimizə və çağdaş ədəbi-mədəni
prosesə bələdliyidir". Bu səbəbdəndir
ki, Heydər Əliyevin ümumiyyətlə ədəbiyyat
haqqında, yaxud da ayrı-ayrı yazıçı və
şairlər haqqındakı nitqləri və
çıxışları yüksək professional şəkildə
səslənmişdir. Bu dahi şəxsiyyətin
ədəbiyyata, konkret olaraq sənətkarların
yaradıcılığına verdiyi qiymətlərdə bədii
yaradıcılığa ictimai baxışla müasirlik
anlayışı həmişə biri digərini izləmiş
və tamamlamışdır. Azərbaycan
Yazıçılarının 1971-ci ildə
keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən
X qurultayınadək bütün mötəbər tədbirlərində
iştirak və çıxış edən Heydər
Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin
və mənəviyyatın inkişafındakı rolu ilə
eyni səviyyədə müasir həyatın
inkişafındakı borcu və vəzifələri də ən
zəruri məsələlər sırasında xüsusi yer
tutmuşdur. Xüsusən, Azərbaycan
yazıçılarının qurultaylarındakı tarixi
nitqlərində o, klassik ədəbi irsə də, müasir
ədəbi prosesə də respublikada dövlət səviyyəsində
apardığı işlərin üzvi tərkib hissəsi
kimi baxmışdır.
***
Ədəbiyyata xalqın keşməkeşli taleyinin,
tarixi yaddaşının, müasir həyatının və
inkişafının əks-sədası kimi baxan Heydər
Əliyev bədii düşüncədə tarixilik, millilik və
müasirlik prinsiplərinə xüsusi dəyər
vermişdir. Bu baxımdan millilik, tarixilik və müasirlik Heydər
Əliyevin dövlətçilik təlimində ədəbiyyat
siyasətinin əsasını təşkil edir. Əslində bu prinsiplər qüdrətli dövlət
xadimi Heydər Əliyevin dövlətçilik təliminin və
siyasi fəaliyyətinin də təməl şərtlərindəndir.
Həmin prinsiplər Heydər Əliyevin
dövlətçilik təlimində və ədəbiyyat
siyasətində sadəcə yanaşı mövcud olan amillər
deyildir. Əksinə, qeyd olunan istiqamətlər
Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti
ilə ədəbiyyat işinin vəhdətində, üzvi
sintezində tam məna tapa bilir. Görkəmli dövlət
xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti
prosesində millilik amilini, tarixilik anlayışını və
müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək
yollarındakı mübarizəsində köklü ənənələrə
malik olan həmin amillərdən yerli-yerində, əsaslı
şəkildə faydalanmaqla daim özünün ali məqsədinə nail olmağa
çalışmışdır. Bu yüksək ali qayə isə sovet rejimi çərçivəsində
olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm
milli əsaslara malik olan, davamlı tarixi ənənələri
qoruyub saxlayan və müasir inkişafın önündə
gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və
möhkəmləndirməkdən ibarət olmuşdur. Müşahidələr və təhlillər
göstərir ki, hələ sovet hakimiyyəti illərində
Heydər Əliyevin bu istiqamətdə apardığı
ardıcıl və düşünülmüş siyasət
ölkədə tarixi yaddaşın oyanışı milli-mənəvi
dəyərlərin, inkişaf etdirilməsi mənasında
özünün böyük bəhrələrini
vermişdir.
Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət
və ədəbiyyat böyük sürətlə inkişaf
etdirilmiş, yaradıcı qüvvələrin
qarşısında geniş üfüqlər
açılmış, onların keçmiş Sovetlər
İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi
istiqamətində böyük addımlar
atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət
xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə
İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun
dövrün ən yüksək mükafatı olan Sosialist
Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri
görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi
hakimiyyətinin birinci mərhələsinin ən mühüm
hadisələridir. 1972-ci ildə böyük dövlət
xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun anadan
olmasının 100 illik yubileyinin keçirilməsi və
Bakı şəhərində ona əzəmətli heykəl
ucaldılması dövrün tarixi hadisəsinə
çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi
şəkildə milliyyətçi hesab edərək onu
ictimai-ədəbi mühitin arxa planına keçirdiyinə
görə, Heydər Əliyev bu böyük şəxsiyyətin
yubileyini keçirmək və heykəlini qoymaq
üçün Moskva-Kreml səviyyəsində iş
aparmalı olmuş və mühüm əhəmiyyətə
malik olan həmin tədbirləri həyata keçirməyə
nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov
yenidən Azərbaycan xalqına qaytarılmışdır.
Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata
keçirdiyi məqsədyönlü ümummilli siyasət Azərbaycanın
dövlət müstəqilliyi dövründə dövlətçilik
işinin möhkəm bünövrəsini təşkil edir. Ulu Öndər
müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsində,
milli ideologiyanın formalaşdırılmasında ədəbiyyat
faktorundan geniş istifadə etmişdir. Bu
mənada Heydər Əliyevin dövlətçilik təlimində
müxtəlif dövrlərdə həyata keçirilmiş ədəbiyyat
siyasəti bir-birini tamamlayır.
***
Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər
Əliyevin ədəbiyyat siyasətinə dair
formalaşmış ənənələr ardıcıl
olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə
hazırkı şəraitdə adlı-sanlı sənətkarların
dövlət səviyyəsində yubileylərinin
keçirilməsi, onların əsərlərinin sanballı
yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu
auditoriyasına təqdim edilməsi bədii
yaradıcılıq fəaliyyətinin daha da inkişaf
etdirilməsinə təkan verir. Həmçinin
böyük xidmətləri nəzərə alınmaqla
tanınmış yazıçılara fəxri adların, fərdi
təqaüdlərin və yaradıcı gəncliyin istedadlı
nümayəndələrinə Prezident
mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən
əsası qoyulmuş yazıçı zəhmətinin və ədəbi
prosesin stimullaşdırılması siyasətinin konkret
davamından ibarətdir. Bundan başqa, uzun illik
fasilədən sonra Prezident İlham Əliyev tərəfindən
Azərbaycan Respublikası Dövlət Mükafatının
verilməsinin yenidən bərpa edilməsi də ədəbiyyat
siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.
***
Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.
İsa HƏBİBBƏYLİ
Akademik
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.9.