Ümummilli Liderin sözləri
Heydər Əliyev haqqında təsəvvürlərim
yeniyetməlik illərimdə formalaşmış olsa da, yəqin
ki, hələ o qədər də mükəmməl deyildi. Bakıya gəlib Azərbaycan
(indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin
tələbəsi, sonra aspirant olduğum dövrdə bir az
ixtisasıma, bir az da ümumən təbiətimə görə
"milli ziyalılar mühiti"nə
düşdüyümdən Heydər Əliyevin şəxsiyyəti
mənim üçün daha böyük önəm kəsb
etməyə başladı. O mənim bilavasitə iştirak
etdiyim həm ədəbi, həm də elmi mühitdə
neçə illər idi ki, xüsusi nüfuz qazanmış,
çoxlu xatirələrlə məşhurlaşmış,
bəzilərinin tərcümeyi-halında isə həlledici
rol oynamış böyük lider olmaqda davam edirdi. Və
heç bir şübhə yox idi ki, Heydər Əliyev
dünyanın ən böyük azərbaycanlısıdır...
Ancaq 1987-ci ildə Mixail Qorbaçov onu heç
bir əsas olmadan təqaüdə göndərəndə (və
bunun ardınca Azərbaycana erməni təcavüzü
baş qaldıranda) respublikada müəyyən tərəddüdlər
də meydana çıxdı. Bu tərəddüdlərin
bir səbəbi Azərbaycanda Heydər Əliyevsiz gedən hərcmərclik
proseslərinin günü-gündən dərinləşməsi,
ikincisi Heydər Əliyevin siyasi səhnədə
görünməməsi idi. Müstəqillik
ərəfəsində olan ölkəyə lider
axtarışları gedirdi. Və bu
axtarışların qrup mənafeləri hüdudunu
aşıb geniş xalq müzakirəsi miqyasına
çıxmasına imkan verilmirdi. Əslində,
ziyalıların çoxu da zahirən demokratiya təsiri
bağışlayan, ancaq qrup mənafeləri hüdudundan kənara
çıxmayan münaqişələrin ya aktiv, ya da passiv
girovuna çevrilmişdilər.
Təqaüdə çıxandan sonra hər nə qədər
təmkin nümayiş etdirməli olsa da, Heydər Əliyev
1990-cı ilin yanvar ayının 20-də sovet
qoşunlarının Azərbaycana müdaxiləsini sakit
qarşılaya bilmədi. Və bu, yalnız Heydər
Əliyevin deyil, onun mənsub olduğu (və ona mənsub
olan!) xalqın tərcümeyi-halında ciddi dönüş
yaratdı. O, təxminən beş
illik hərc-mərclikdən (həmin beş ildə ölkə
üç "başçı" dəyişdi!) sonra
hakimiyyətə gəldi. Və Tarixin hərəkəti
təmin olundu.
1997-ci ildə Azərbaycan
Yazıçılarının X qurultayı keçirilirdi. Qurultay ərəfəsində
Azərbaycan Prezidenti Heydər Əliyev əvvəl
yaşlı, sonra isə gənc nəsildən olan
yazıçılarla görüşdü. Son dərəcə səmimi keçən bu
görüşlərin ikincisində mən də
çıxış etdim. Elə bilirəm ki, bu
çıxış, eləcə də bir gün sonra
qurultayda "Azərbaycan şeiri" barədə etdiyim məruzə
Prezidentin diqqətini cəlb eləmişdi... 2000-ci ildə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar
elm xadimi" fəxri adına layiq görüldüm, eyni
zamanda Yeni Azərbaycan Partiyasının zəmanəti ilə
Milli Məclisə üzv seçildim.
2001-ci ildə Azərbaycanda Atatürk Mərkəzinin
müdiri təyin olunarkən ilk dəfə Azərbaycan
Prezidenti Heydər Əliyevin hüzurunda olmaq, onunla söhbət
etmək, onun məsləhətlərini dinləmək mənə
nəsib oldu.
Və bu mənim həyatımın ən
unudulmaz dəqiqələrindən idi. Öndə Fatma
Abdullazadə, arxada mən Prezidentin geniş kabinetinə daxil
olanda elə həyəcanlı idim ki, üstündən
iyirmi ildən artıq vaxt keçsə də bu
görüşü xatırlayanda həyəcan yenə də
mənə hakim kəsilir.
"Sən
professorsan, dekansan, əməkdar elm xadimisən, deputatsan... Bir
vəzifə də indi verirəm... Çox
olmayacaq, səndə başgicəllənməsi əmələ
gətirməyəcək?" - deyə
özünəməxsus təmkinli, ciddi səslə, eyni
zamanda xəfif təbəssümlə soruşdu. Və həmin təbəssüm özümə gəlmək
üçün mənə kifayət elədi.
"Xeyir, cənab Prezident", - dedim, - "Sizin verdiyiniz vəzifənin
məsuliyyətini başa düşürəm"... "O
vaxt, yazıçıların qurultayı keçiriləndə
tanıdım səni, onda cavan idin, indi neçə
yaşın var?" "İndi qırx iki yaşım var, cənab
Prezident"... "Həə, indi o qədər də cavan
deyilsən" - dedi. Bir az xəyala
dalıb sözünə davam elədi: "Son vaxtlar
çalışıram cavanlara böyük vəzifələr
verəm, inkişaf eləsinlər, irəli getsinlər... Bir
də görürəm ki, xalqa, cəmiyyətə xidmət
etmək əvəzinə, özünə təmtəraqlı
bir kabinet düzəldib oturub yuxarı başda... İşə
gələndə, işdən gedəndə bütün idarə
onu qarşılayıb yola salır... Maşına
minib-düşəndə qapısını polis
açır". Bir az düşünüb əlavə
elədi: "Sən cavan adamsan, nə olub, maşının
qapısını niyə özün açıb
örtmürsən?.. Mən
də biləndə onu işdən çıxardım.
Çünki cavan yaşında belə-belə işlər
görən adam yaşlaşdıqca daha
da ziyankar olar, özündən başqa heç kimi saymaz...
Dedim, qoy cavanlar, gənclər görsünlər ki, dövlət
işi, hökumət işi nə deməkdir"...
Prezident danışdıqca özümdən
asılı olmayaraq, bəlkə də, onun sözlərinin təsiri
altında, ilk dəfə olduğum kabinetə göz gəzdirirdim. Bunu hiss elədi. Və
üzünü mənə tutub: "Görürsən mənim
kabinetimi" - dedi. "Bəli, cənab Prezident, sadədir,
çox sadədir..." Səsini bir az
yüksəltdi: "Mən Moskvaya yeni işə göndəriləndə
mənim yerimə təyin olunan adam, o adam ki, təyinatında
mənim də rolum olmuşdu, mənim işlədiyim kabineti
bəyənməyib təmir etdirmiş, hər şeyi dəyişdirəndən
sonra içəri girmişdi"... Moskvada əsassız yerə
təqib olunanda Azərbaycanda vaxtilə vəzifə
başına gətirdiyi adamların ona nəinki laqeyd
münasibəti, bir sıra hallarda isə xəyanəti
Prezidenti incitmişdi, aradan illər keçsə də, şəxsən
ona nankorluq edənləri bağışlasa da, hadisənin
özünü - nankorluğu, xəyanətkarlığı
unuda bilmirdi, xalqın, camaatın hesabına dəbdəbə
ilə yaşamağı, əlavə səlahiyyətlərə
can atmağı çox böyük qüsur hesab edirdi.
Söhbət elə gətirdi ki, mən onun İranla,
Türkiyə ilə xalq arasında gəzən bəzi əlaqələri
barədə soruşdum. "Sən bunları haradan bilirsən?"
- deyib gülümsündü, müəyyən
düzəlişlər, dəqiqləşmələr elədi.
Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələri
barədə söhbət açdı, Prezident olandan sonra Təbrizə
rəsmi səfər edə bilmədiyini dedi. Və
mən bütün dərinliyi ilə anladım ki, Onun daxilində
hədsiz-hüdudsuz bir Təbriz nisgili, Təbriz həsrəti
var. O vaxtkı İran rəsmiləri onun Təbrizə getməsinə
hər cür mane olurdular. Və səbəbi
də aydın idi.
"Sən keçmişi, tarixi, Atatürkü öyrənməklə
bərabər, bugünkü Azərbaycan-Türkiyə
münasibətlərinə də həssas yanaş, hadisələrin
mahiyyətinə nüfuz eləməyə çalış. Məsələn, bəzi
adamlar söz-söhbət salırlar ki, guya türkiyəli
iş adamları Azərbaycanı tərk edir... Ancaq belə deyil. Gedənlər o adamlardır
ki, xırda məişət işlərilə məşğul
idilər... Biz eyni xalqıq, əvvəl Azərbaycanda elə
şeyləri bilmirdilər, baxdıq, öyrəndik, rəqabət
yarandı, indi azərbaycanlılar dönər də
hazırlayır, gözəllik salonu da işlədə bilirlər...
Artıq bizim daha böyük işlər görən,
imkanları, fəaliyyəti daha geniş sahələri əhatə
edən əsl iş adamlarına ehtiyacımız
yaranıb...
Heydər Əliyev cəmiyyət həyatının ən
mürəkkəb problemlərinə hər kəsin
anlayacağı bir sadəliklə son dərəcə mükəmməl
şərh verə, çıxış yolları tapa
bilirdi. Onun şərhləri, izahları hər cür
konyukturdan, qrup maraqlarından, şəxsi istəklərdən
uzaq idi. Yalnız bir məsələdə
təəssübkeşliyini güzəştə getmirdi ki, o
da xalqın mənafeyi idi. Ona görə də
"Azərbaycanın Heydər Əliyevi", "Heydər
Əliyevin Azərbaycanı" ifadə-kəlamlarının
çox dərin fəlsəfi məzmun-mündərəcəsi
var.
2002-ci ildə sədr Murtuz Ələsgərov başda
olmaqla Milli Məclisin heyəti Türkiyəyə rəsmi səfərə
yollandıq. Murtuz müəllim məni universitetdən
tanıyırdı, o rektor, mən də filologiya fakültəsinin
dekanı olmuşdum və Türkiyə, Türk
dünyası ilə müəyyən elmi əlaqələrimdən
xəbərdar idi. Dedi ki, görüşlərdə,
danışıqlarda mənə yaxın əyləş,
birdən məsləhətləşməyə ehtiyac olar...
Sözün doğrusu, elə bir ehtiyac yaranmadı,
çünki Murtuz müəllim beynəlxalq münasibətlər,
hüquq sahəsində olduqca yetkin bir mütəxəssis
idi, ancaq görüşlərdə onun yanında əyləşməyin
xeyri o oldu ki, Türkiyənin o vaxtkı prezidentini, baş
nazirini, baş nazir müavinlərini və başqa bir
sıra mötəbər şəxsləri (məsələn,
Bilkənddə İhsan Doğramacını) lap yaxından
gördüm.
Rəsmi səfərdən qayıdandan sonra Azərbaycan
Prezidenti bütün heyəti qəbul edərək təəssüratlarımızı
öyrəndi.
Murtuz müəllim səfərin gedişi barədə ətraflı
məlumat verdi. Prezident heyət
üzvlərinə müraciət edərək daha kimin
sözü olduğunu soruşanda ətrafa boylanıb
gördüm ki, heç kəsin danışmaq fikri yoxdur.
Təcrübəli adamlar idilər,
görünür, ehtiyatı əldən vermək istəmirdilər.
Əslində, deyiləcək bir söz də yox idi... Bir az təcrübəsizlikdən,
bir az özümü Türkiyə üzrə "mütəxəssis"
saydığımdan, bir az iştirak etdiyim səfərin təəssüratlarından
hələ ayrıla bilmədiyimdən əlimi qaldırsam
da, deməyə konkret sözüm də var idi. Əvvəl oradan başladım ki, "mən ilk dəfə
rəsmi səfərdə iştirak etdiyimə görə hər
bir görüşə xüsusi maraq göstərirdim,
çalışırdım ki, nə deyilirsə
hamısını, bütün hərəkətləri,
münasibətləri yadda saxlayım. Ən
çox diqqəti çəkən o idi ki, bizə - Azərbaycan
nümayəndə heyətinə xüsusi hörmət
göstərilirdi. Və bunun da əsas səbəbi
Sizin nüfuzunuza, şəxsiyyətinizə verilən dəyər
idi... Həm prezidentin, həm baş nazirin, həm
də onun müavinlərinin danışıqlarında Sizə
xüsusi hörmət, ehtiram ifadə olunurdu. Hiss edilirdi
ki, bu, ürəkdən gəlir... Ancaq baş nazir müavinlərindən
biri - Dövlət Bağçalı bir söz dedi, bizdən
xahiş etdi ki, Sizə çatdıraq...".
Söhbətin bu yerində başımı
qaldırıb gördüm ki, Prezident məni diqqətlə
dinləyir.
Ürəklənib davam elədim... "Dedi ki, Azərbaycan
müxalifətçilərindən Türkiyəyə bəzi
şəxslər gəlir, Millətçi Hərəkat
Partiyasının sədri kimi mənimlə görüşmək
istəyirlər. Mən də məcburam ki, nəzakət
xatirinə onları qəbul edəm. Ancaq
istəyirəm hörmətli Prezident Heydər Əliyev bilsin
ki, mən Azərbaycan hakimiyyətinin başçısı
olaraq yalnız onu tanıyıram".
Prezident
axıracan dinlədikdən sonra "Dövlət
Bağçalı ağıllı adamdır - dedi, - ancaq
onun başına bəzi ağılsız adamlar
yığışıb imkan vermirlər ki, işləsin...
Bax, mən belə şeyləri eşitmək istəyirəm...".
Görüş
bitdi, heyət üzvlərindən bəziləri mənim
çıxışımı bəyəndi, bəziləri
isə artıq söhbət olduğunu dedi... Mən
tərəddüd keçirir, danışmaqda haqlı
olub-olmadığımı özüm üçün kəsdirə
bilmirdim. Təxminən bir aydan sonra bu tərəddüdlərə
son qoyuldu. Dövlət Bağçalı
Azərbaycana rəsmi səfərə gəldi. Azərbaycan
Prezidenti ilə görüşdülər... Səhəri
gün Azərbaycan MEA Rəyasət Heyətinin
binasındakı akt zalında o, Azərbaycan
ziyalılarının qonağı oldu, çox səmimi
keçən bu tədbirin təşkilində mən də
iştirak edirdim. Və sonda, başqalarını bilmirəm,
ancaq mənim üçün yadda qalan, zahirən epizodik də
görünsə, bir hadisə baş verdi.
Qonaq onu müşayiət edən şəxslərin
əhatəsində binadan çıxanda mən irəli getmək
istəmədim, düşündüm ki, ehtiyac yoxdur. Bir də gördüm, məni axtarırlar. Yaxınlaşanda qonaq mənə "başkanla
xudahafizləşmədən getmək olmaz" deyib
maşına əyləşdi.
Həmin
günün axşamı Prezident Adminstrasiyasının beynəlxalq
əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
mənə zəng edib dedi ki, Prezidentlə Dövlət
Bağçalının görüşündə
Atatürk Mərkəzindən də, səndən də
danışıldı, sabah qəzetlərə
baxarsan.
Səhəri
gün "Azərbaycan" qəzetində möhtərəm
Prezidentin Dövlət Bağçalıya dediyi bu sözləri
oxudum:
"Çox
məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda
Atatürk Mərkəzi artıq fəaliyyət göstərir...
Mən çox böyük bir professoru həmin
Mərkəzə başqan təyin etdim. O, bizim
parlamentin millət vəkilidir".
Ümummilli Liderin bu sözləri dünyanın ən
böyük mükafatıdır ki, bu günə qədər
məni yaşayıb yaratmağa ruhlandırır.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.11.