"Ulu Öndərə heyran

olmamaq mümkün deyildi"

 

Müsahibimiz Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır

 

- Kamal müəllim, müsahibələrinizdə dönə-dönə vurğulamısınız ki, Ulu Öndər Heydər Əliyev mənim də müəllimim olub, onun müxtəlif istiqamətlərdə göstərdiyi siyasi iradədən çox şey öyrənmişəm... Sizcə, o dahi şəxsiyyətin başlıca cazibə qüvvəsi nədəydi?

- Xalqına, dövlətinə, görkəmli şəxsiyyətlərimizə diqqətində, sədaqətində, yenilməz iradəsində... Mən həmişə bu fikirdə olmuşam ki, Ulu Öndərlə beşcə dəqiqə söhbət edəndən sonra bu insana vurulmamaq mümkün deyildi. Və mən bunu öz təcrübəmdə görmüşəm. Vaxtilə Azərbaycan Mədəniyyət Fondunun sədri vəzifəsində çalışırdım. Həmin vaxt Naxçıvan Mədəniyyət Fondu sədrinin növbəti seçimiylə bağlı tədbir keçirilən zaman mən ilk dəfə Ulu Öndərlə şəxsən tanış oldum. O zaman Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri idi. Müşavirədən sonra Ulu Öndər məni və akademik Ramiz Rzayevi öz yanına, iş otağına dəvət etdi. Görüş zamanı bir xeyli Naxçıvanla, Naxçıvanın düşdüyü vəziyyətlə bağlı, Ermənistanın təcavüzkar siyasətilə bağlı olan fikirlərini bizimlə bölüşdü. Və mən bir daha əmin oldum ki, bu dahi insan ən yüksək vəzifələrdə çalışıb yenidən vətənə dönəndən sonra da əfsanəvi yunan qəhrəmanı Antey kimi öz xalqından, torpağından güc alır. Eyni zamanda, bu gün də öz ictimai-siyasi baxışları, iradəsi hesabına ən yüksək səviyyədə ölkəsini idarə etməyə, xalqının istəklərini yerinə yetirməyə qadirdir. Əlbəttə ki, xalq da onu çox gözəl tanıyırdı, onun potensialına, vətəninə olan sevgisinə bələd idi. Buna görə də xalq təkidlə Ulu Öndəri daha böyük zirvəyə - Azərbaycan zirvəsinə dəvət edirdi. Bu dəvətin nəticəsində Heydər Əliyev öz xalqının səsinə səs verdi, dəvətini qəbul edib, ikinci dəfə ölkəmizin siyasi rəhbərliyinə gəlməyə razılıq verdi. İndi düşünmək də çətindir ki, əgər o zaman Ulu Öndər bu dəvəti qəbul etməsəydi, Azərbaycanda nələr baş verə bilərdi? Həmin vaxt Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi astanasındaydı. Azərbaycan parçalanmaq dərəcəsinə çatmış bir məkana çevrilmişdi. Azərbaycanı həm xarici, həm də daxili düşmənlər müxtəlif istiqamətlərdən təhdid edirdi. Ölkədə yaşayan etnik, azsaylı xalqların bəzi nümayəndələri pozucu fəaliyyətlə məşğul idilər. Bu vəziyyətdə qədim bir mədəniyyətə və tarixə malik olan Azərbaycan adlı dövlət, məkan dünya xəritəsindən silinə bilərdi. Bunun üçün siyasi mühit, əlverişli vəziyyət yaradılmışdır. Bir tərəfdən Ermənistanın ölkəmizə məkrli təcavüzü, insanların varlanmaq hərisliyi ölkəmizi ağır vəziyyətə salmışdı. Yaşlı nəslin yaxşı yadındadır ki, həmin dönəmdə maraqlı qüvvələr Azərbaycanı elə bir vəziyyətə salmışdılar ki, şəhərlərimizin küçələrində belə sərbəst hərəkət etmək qorxulu idi. Xaos, özbaşınalıq öz işini görürdü. İnsanlar az qala bir-birinin düşməninə çevrilmişdi. İnsanlar bir-birilə mübarizə aparmaq, bir-birinin əlində olanı dartıb almaq vəziyyətinə gəlmişdilər. Xüsusilə də 20 Yanvar faciəsindən sonra sovet imperiyasına olan qəzəb bütövlükdə Azərbaycan xalqını ayağa qaldırmışdı. Bu vəziyyətdən istifadə edən maraqlı qüvvələr müxtəlif pozuculuq işləri həyata keçirməkdə, qarışıqlıq salmaqda idilər. Azərbaycandan hansısa bir bölgəni ayırmaq fikrinə düşənlər vardı. Bu işdə maraqlı olan xarici qüvvələr də aktivləşmişdi. Bax, belə bir zamanda Azərbaycanı əvvəlki ehtişamlı halına qaytaran ən böyük qüvvə Heydər Əliyev idi. Yalnız onun siyasi, idarəçilik təcrübəsi, nüfuzu ölkəni xaos və anarxiyadan qurtara bilərdi. Təsadüfi deyil ki, Ulu Öndər xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi, hələ Azərbaycan Ali Sovetinə rəhbərlik etməyə başladığı ilk gündən ölkənin idarə edilməsində böyük dönüş yaratmağa nail oldu. Gəncəyə getdi. Orada qarşı-qarşıya duran qüvvələri sakitləşdirirdi. Digər bölgələrimizdəki özbaşınalıqlara son qoyuldu. Yavaş-yavaş xarici ölkələrlə daha etibarlı əlaqələr qurulmağa başladı. Qardaş ölkələrin köməyinə arxalanaraq siyasi nüfuzunu genişləndirdi. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin qorunub-saxlanılması, möhkəmləndirilməsi idi. Hələ Naxçıvanda Ali Məclisin sədri işlədiyi vaxt artıq öz ömrünü başa vurmaqda olan, son nəfəsini verən imperiya tərkibindən çıxan məmləkət Naxçıvan Muxtar Respublikası olmuşdur. Bu, o zaman üçün son dərəcə cəsarətli bir addım idi. Yalnız Heydər Əliyev kimi siyasət dahisi belə bir addımı gerçəkləşdirə bilərdi. Naxçıvanın SSRİ idarəçiliyinə etiraz etməsi və onun tərkibindən çıxması məhz Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində mümkün olmuşdu. Özü də o zamankı hələ SSRİ deyilən imperiya kifayət qədər güclü idi. Latviya və Litviyanın özündə belə müstəqillik hərəkatı başlamamışdı, yaxud yeni-yeni başlayırdı.

Naxçıvandakı ilk görüşümüz zamanı Ulu Öndər ölkəmizin tarixi, taleyi, Azərbaycanda baş verən ictimai-siyasi vəziyyətlə bağlı o qədər həyəcan və vətəndaş məsuliyyəti ilə danışırdı ki, mən baxıb görürdüm ki, o, nəinki bunları danışır, həm də bu prosesi yaşayır.

- "Onun fikirləri qarşısında ona heyran olmamaq, azərbaycanlı olmaqdan qürur duymamaq mümkün deyil" fikri də sizə məxsusdur.

- Azərbaycanın dövlət müstəqilliyi onun bütün ideyalarının tacı idi. Sonrakı illərdə, Azərbaycan dövlətinə başçılıq etdiyi ilk günlərdən başlayaraq müstəqilliyimizin möhkəmləndirilməsi və dərinləşdirilməsi onun gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. Xarici qonaqlarla, dövlət başçıları, dünyanın siyasi güc rəhbərləri ilə görüşlərinin və söhbətlərinin mərkəzində bu ideya dayanırdı. Əlindəki çubuqla xəritədə Dağlıq Qarabağın Azərbaycan coğrafiyasındakı tutduğu tarixi yeri aparıcı dövlətlərin rəhbərlərinə şərh edəndə də Heydər Əliyev bu müstəqilliyimizin qorunması ideyasını daha da dərinləşdirirdi. Onlara az qala coğrafiya dərsi verirdi və bu liderlərin bölgə ilə bağlı məlumatsızlıqlarının yerini öz bilgisi ilə doldurmağa çalışırdı. Və buna da müvəffəq olurdu. Deyim ki, bu gün dünya liderlərinin Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini qəbul etmələrinin özülündə Heydər Əliyevin verdiyi o bilgilər dayanır. Bu, Ulu Öndərin titanik zəhməti hesabına başa gəlmişdir deyə bilərik.

Ulu Öndərlə sonrakı görüşümüz Naxçıvanda keçirilən Cavid günlərində oldu.

- Bu tarixi səfər zamanı Ulu Öndərlə aranızda maraqlı bir söhbət də olmuşdu...

- "Cavid günləri"nə gedən heyətdə Ulu Öndərlə bərabər mən də var idim. Ulu Öndərlə bərabər getdik. Akademik Bəkir Nəbiyev, akademik Fərəməz Maqsudov və başqa görkəmli ziyalılar belə qərara gəldik ki, hərəmiz Cavid əfəndinin və oğlu Ərtoğrulun amansızlıqla kəsilən, yarımçıq qalmış ömrü barədə bir şeir yazaq. Yazdıq da. Bu zaman Ulu Öndər adəti üzrə biz əyləşdiyimiz zala  daxil olub hal-əhvallaşdı.

Rəhmətlik Turan xanımla xeyli söhbətləşdi. Mən Turan xanımla yanaşı oturmuşdum. Turan xanım məni təqdim etdi. Dedi tanıyıram. Mən də dedim ki, indicə Cavid əfəndinin və Ərtoğrulun xatirəsinə şeirlər həsr etmişik, istərdik oxuyasınız. Dedi çox yaxşı, yazın, nəşr etdirərsiniz, mən də oxuyaram.

Həqiqətən də o şeirlər sonra gərək ki, "İki sahil" qəzetində dərc edildi. Ulu Öndər də tanış oldu.

Və nəhayət, mənim Bakı Slavyan Universitetinə rektor kimi təyinatımla bağlı o, məni qəbul etdi. Bir saata qədər söhbətimiz oldu.

- O görüşdə Gənclər siyasətilə bağlı Ulu Öndərin heç vaxt unutmayacağınız sözlərini necə xatırlayırsınız?

- Söhbət zamanı Ulu Öndər təhsil, mədəniyyət, gənclər barədə fikirlərini bölüşdü. Və onun bir sözü heç vaxt mənim yadımdan çıxmır. Dedi, bu gənclər ki, var, onlar mənim sizə əmanətlərimdir. Onlardan muğayat olun. Ulu Öndərin bu sözləri bu gün də mənim qulaqlarımda səslənir. Ulu Öndərin əmanəti olan gənclər, gənclik həqiqətən də onun xatirəsinə layiq şəkildə bu gün yaşayırlar, fəaliyyət göstərirlər, onu dərin mənnətdarlıq duyğusu ilə yada salır, ehtiramlarını nümayiş etdirirlər. Ulu Öndərlə daha bir görüşümüz Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gəlişi zamanı oldu. Bilirsiniz ki, Putin birinci dəfə prezident seçilən zaman ilk səfərini Azərbaycana etdi. O zaman bizim universitetə də gəldi. Bakı Slavyan Universitetində maraqlı bir görüş oldu. Mən Putinlə Ulu Öndərin yanında oturmuşdum. Və mən şəxsən şahid oldum ki, Putin Heydər Əliyevə necə böyük ehtiram və sayğıyla, ağsaqqal kimi yanaşırdı. Mən bunu görürdüm və bizim dövlət başçımızın o şəkildə qəbul edilməsi bir azərbaycanlı kimi mənim qəlbimi qürur hissiylə doldururdu. Həmin görüşdə Putin Heydər Əliyevə vaxtilə Leninqradda təhsil aldığı müddətdə aldığı qiymətlərin şəhadətnaməsini təqdim etdi. Təbii ki, bütün qiymətləri "əla" idi. Görüşdə tələbələr də iştirak edirdi. Putin çıxışı zamanı dedi ki, əgər bu tələbələr biliklərə Heydər Əliyev kimi nail olsalar, Azərbaycanın gələcəyi parlaq olar. Həqiqətən də Ulu Öndərin Putinlə söhbətləri, əlaqələri, görüşləri imkan verdi ki, Azərbaycanın Rusiya ilə siyasi münasibətləri daha da yaxınlaşsın. Bu, Ulu Öndərin uzaqgörən siyasətinin bir parçasıydı. O görüşdən sonra Rusiyadan Azərbaycana yüksək vəzifə daşıyan hansı bir dövlət nümayəndəsi gəlirdisə, mütləq Bakı Slavyan Universitetini də ziyarət edirdi. Və təbii ki, bu zaman onlara Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar verilirdi.

Onlar azərbaycanlıların Qarabağa bağlı dönməz mövqelərinin şahidi olurdular. Onlar bir daha görürdülər ki, Qarabağla bağlı bu qətiyyət bizi heç vaxt tərk etməyəcək. Ulu Öndərin hətta hiss olunmayan, görünməyən nöqtələrdən belə böyük siyasətə axıtdığı, nəql etdiyi bu enerji bu gün də yaşayır və dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin o şəxsi məziyyətlərinə, keyfiyyətlərinə öz uğurlu əlavələrini edir. Nəticədə, mən İlham Əliyevi dünyada ikili standartlardan kənarda dayana bilən yeganə Prezident kimi tanıyıram. Bu, onu göstərir ki, Ulu Öndərin Azərbaycanla bağlı, xalqların bir-birilə bağlı həqiqətləri bu gün də yaşayır, Azərbaycan öz multikultural mövqeyini uğurla davam etdirir.

 

Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.10.