Turan əfsanəsi

 

Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz xüsusi buraxılışı hazırlayarkən onunla bağlı Turan Cavidin mənə danışdıqlarını xatırladım. Dörd-beş saat davam edən söhbətimizin bir hissəsi Cavidin Vətənə gətirilməsiylə, Cavid məqbərəsiylə bağlıydı. İlginc məqamlar vardı. Ümummilli liderin şəxsiyyətinə ayna tutan bu söhbət, məncə indi ən gözəl yubiley yazısı hesab oluna bilər. Sualları mən verirəm. Danışan Turan Caviddir... 2004-cü ilin 9 yanvarıdır...

Amma bir detalı xüsusi fərqləndirmək istəyirəm. Cavidin məzarının tapılıb Vətənə gətirilməsi barədə çox yazılıb. Bəzən bu məsələnin tarixində təhriflərə təsadüf olunur. Bəziləri belə bir ideyanın 1982-ci il oktyabrın 2-də Heydər Əliyevin Naxçıvan ziyalıları ilə görüşündə irəli sürüldüyünü söyləyir. Amma Heydər Əliyevin sərəncamı ilə 2003-cü ildə çəkilən "Səma şairi" sənədli filminin ssenarisini yazarkən müvafiq dövlət qurumundakı qovluqda belə bir faktla qarşılaşdım: Hüseyn Cavidin məzarının tapılması ilə əlaqədar 1981-ci ilin 21 oktyabrında, yəni həmin söhbətdən bir il əvvəl SSRİ Daxili İşlər Nazirliyinin baş idarəsi Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sorğusuna cavab olaraq bildirirdi ki, Hüseyn Cavid İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndi yaxınlığında dəfn olunub... Deməli, Heydər Əliyev bu məsələni Cavidin 100 illiyinə həsr olunmuş tədbirlərdən daha əvvəl nəzarətdə saxlayıb. Hələ 1982-ci ilə qədər SSRİ miqyasında axtarışlar aparılırmış...

 

- Cavidin nəşini gətirdilər Bakıya...

- Sonra bildim ki, cənazəni gətirməyə gedənlərin məqsədləri oymuş ki, ordan birbaşa Moskva-İrəvan reysiylə uçsunlar. İrəvanda - belə planlaşdırıblar. Naxçıvandan Cavidin obrazlarında aktyorlar gəlsin cənazəni onlar aparsın. Sonralar mən onlara dedim bunu, necə insafınız yol verirdi ki, Cavid Azərbaycana İrəvandan daxil olsun. Amma yaxşı ki, bu plan baş tutmur.

- Necə baş tutmur?

- İrkutskdan Moskvaya uçanda radioqramma alırlar ki, birbaşa Bakıya gəlmək lazımdır. Bu, Əliyevin göstərişiydi.

- Hava limanında hansı hissləri keçirdiniz?

- Hissləri izah etmək, söyləmək çox çətindi. Belə hallarda ən asan hal ağlamaqdı. Ağlamaq, mənə elə gəlir ki, kədərin ən aşağı qatıdı. Zakir Bağırovun (Mədəniyyət naziri - A.T.) maşınına mindik. Yenə bilmirdim hara gedirik. Heç kimdən heç soruşmurdum. Evin qarşısından keçdik Şirvanşahlar sarayına gəldik. Şirvanşahların taxt-tac zalına qoydular cənazəni. Oktyabrın 26-dan sonrakı günlərdə Bakıda müşavirələr, tədbirlər keçirilirdi bütün tədbirlərdə Heydər Əliyev iştirak edirdi heç kəs bilmirdi ki, cənazə vaxt hara aparılacaq. Ayın 27-də Akademiyanın böyük zalında bütün elmi-mədəni ictimaiyyətin iştirakı ilə geniş müşavirə keçirildi. Bir məsələ müzakirə olundu: Cavid harda dəfn olunsun. Mən artıq məqbərənin olacağını bilirdim. Baxmayaraq ki, əvvəl Fəxri Xiyabanda dəfn olunmasını istəyirdim, məqbərənin olacağını biləndən sonra mən əksəriyyətlə razılaşdım. İkinci məsələ isə bu idi ki, Cavidin cənazəsi hardan götürülsün. Müxtəlif yerləri deyənlər oldu: teatrın, Akademiyanın binalarını... İclas qurtardı. İclasdan sonra mən Həsən Həsənovu aşağıda gözlədim, gəldi və ona: - "Bir xahişimi mümkünsə, Heydər Əliyevə çatdırın. Cavid öz evindən götürülsün", - dedim. Yəni Əlyazmalar fondunun binasından. Noyabrın 1-indən 2-sinə keçən gecə cənazə Şirvanşahlardan Əlyazmaların zalına gətirildi, ikinci mərtəbəyə. Ayın 2-də, saat 12-də Əliyev gəldi. Fəxri qarovulda durdu. Sonra Əliyev mənə yanaşdı. 100 illik yubiley tədbirləri ilə maraqlandı, dedim hər şey yaxşıdı, ancaq muzey məsələsi qalıb. Soruşdu harda yaşamısız, evimizin yerini göstərdim. Sual verdi ki, bura məgər yaşayış binası olub? Dedim ki, xeyr, seminariyaydı, amma iki ailə burda yaşayıb, Pənah Qasımovun və Cavidin ailəsi. Əliyev gedəndən sonra xüsusi təyyarəylə Naxçıvana uçduq. Hadisələr elə gətirdi ki, ayın 1-indən, 2-nə keçən gecə öz evində, 2-dən 3-nə keçən gecə isə Naxçıvandakı evində gecələdi Cavid. 3-ündə saat 3-də dəfn olundu, indiki məqbərənin yerində. Məqbərə tikilənə qədər məzar çox bərbad vəziyyətdəydi. Əliyev artıq Moskvaya getmişdi, işdən çıxmışdı. O Naxçıvana qayıdana qədər belə oldu. Naxçıvana gələndən sonra isə ən əvvəl Cavidin məzarını ziyarət etdi. Yerli vəzifə sahiblərini danlamışdı ki, mən bu qədər əziyyətlə Cavidi gətirdim, siz isə bir dənə qəbir də düzəldə bilməmisiz. Qəbir artıq uçulub-dağılmışdı. 1992-ci ildə Cavidin Bakıda 110 illiyi qeyd olunmadı, amma Əliyev bunu Naxçıvanda etdi.

- Sonra məqbərə məsələsi yubandı...

- Təxminən 1991-ci ildə muzey yaradılmışdı. Amma yaşadığı evdə bunu rəsmiləşdirmək mümkün deyildi. Muzey Mədəniyyət Nazirliyinin, ev isə Akademiyanın balansında idi. Əliyev Bakıya gələndən sonra bir müddət gözlədim, sonra müraciət etdim. İyulun 10-u 1995-ci ildə müşavirə keçirildi və demək olar ki, 13 illik əziyyətlərə son verildi, məktubların, teleqramların, yazışmaların hər biri 2 saatın içərisində həll olundu. Muzeyin Akademiyaya verilməsi, Cavidin öz yaşadığı otaqlarda muzeyin açılması ilə bağlı qərar çıxarıldı. Məqbərənin layihələrinə isə növbəti dəfə baxılması qərara alındı. Sonra da baxıldı və Rasim Əliyevin layihəsi qəbul olundu. Amma məqbərə ilə bağlı Heydər Əliyevin çox təklifləri, əlavələri oldu...

Məqbərənin layihəsi təsdiq olundu və mən anamın və Ərtoğrolun məqbərəyə köçürülməsini Əliyevə deyə bilmədim. Çox əzab çəkirdim. 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubileyi Akademiyada keçirilirdi. Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəm. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər" - dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl", - dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, məhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdur. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. - "De, çəkinmə, de, nə demək istəyirsən, de". "Ərtoğrolun da məqbərəyə köçürülməsini istərdim". Dərhal razılaşdı. Yenə diqqətlə üzümə baxdı. "Deyəsən sözün bitməyib". "Sizə təşəkkür üçün bütün sözlər azdı", - dedim. "Yenə sözün varsa, de, çəkinmə". "Anam onlardan ayrı qalır". "Onun da məqbərədə olmasını istəyirsən?" "Bəli" -  dedim. "Çox istəyirsən?". "Çox!" "İstəyirsən, tapşırım". "Bütün sözlər minnətdarlıq üçün çox zəifdi", - dedim. "Onlar buna layiqdi", - dedi. Ertəsi gün öyrəndim ki, artıq layihə idarəsinə tapşırıq verilib. Vaxtilə Əshabi-Kəhfdə etdiyim duaların ikisi də yerinə yetdi. Üçünü bir yerdə görməyi və ev muzeyinin açılmasını istəmişdim. Oldu, yerinə yetdi. Və sentyabrın 13-də ananı burdan apardıq. Özləri təşkil etdilər. 13-də Ərtoğrol, 14-də isə Ana qoyuldu məzara.

Açılışa xüsusi təyyarə ilə getdik. Heydər Əliyev təyyarədə hamıyla görüşdü, öz kabinəsinə getdi və məni dəvət etdi. Şəkil çəkdirdik.

Cavidin əsərlərinin sayı ilə maraqlandı. Cavid haqqında çox maraqlı fikirlər söylədi. O, Cavidi bilirdi. 1983-cü, 1984-cü illərdə də mən bunun şahidi olmuşdum. 1983-cü ildə Moskvadan yayda istirahət üçün Bakıya gəlmişdi. 1983-ün 24 sentyabrında Azdramada "İblis"ə baxmağa gəldi. O gün aktyorlar da çox gözəl oynayırdılar. Tamaşadan sonra müzakirədə əsəri elə dəqiq təhlil elədi ki... Zarafatından da qalmadı. Dedi ki, indi məndən soruşsalar ki, İblisi görmüsən, cavab verərdim ki, bəli, - Hamleti göstərib - "İblis belə olar", - dedi. İkinci dəfə 1984-cü ildə sentyabrın 15-də Rus Dram Teatrında "Şeyx Sənan"a baxdı, rəhmətlik Zərifə xanımla birgə. I hissədən sonra məni qonaq otağına çağırdı və içəri girən kimi, "tamaşada bir neçə obrazı ixtisar ediblər", - söylədi. Düz deyirdi. Sonra isə musiqidən danışdı. Fikrətin musiqisini çox təriflədi və "Kor ərəbin mahnı"sını ifa elədi, sözləri və melodiyanı dəqiq ifa edirdi. Təəccüb ediləcək bir hal idi. Dramaturgiyanı yaxşı bilirdi, duyurdu. O, Cavidi Şekspirlə deyil, Höte ilə müqayisə etməyin tərəfdarıydı. "Faust"la "İblis"i müqayisə edirdi. Əliyev, ümumiyyətlə, Cavidə qarşı çox həssasdı. Hətta 1997-ci ildə məqbərəni oktyabrın 14-də - Ərtoğrolun rəhmətə getdiyi gündə ziyarət etmişdi.

- Bu bir təsadüf deyildi?

- İnanmıram ki, təsadüf olsun.

- Qayıdaq məqbərəyə...

- Məqbərənin lentini kəsdi, gələn qonaqlar, vəzifə sahibləri ətrafımızdaydı, pillələri qalxanda Heydər Əliyevə: "İkimizdən başqa heç kəs içəri girməsin. Bu, ikimizin haqqıdı", - dedim.

Hamı ayaq saxladı biz içəri girdik.

Məqbərənin açılışından sonra ziyafət verdi. Ziyafətdə Şahmar Əkbərzadə "Yas içində toy" şerini oxudu. "Kəcavən mübarək, toyun mübarək, məzardan məzara gəlin köçürsən" misraları Əliyevə çox təsir etdi. Yanaşı oturmuşduq. Bir daha ona təşəkkür edəndə: - "Başqa cür ola da bilməzdi", - dedi.

 

Hey fələk, keçdi zaman

dalğa kibi

 

2002-ci ilin mayında Turan Cavid rəsmi tədbirlərin birində Heydər Əliyevlə görüşüb onu muzeyə - Cavid əfəndinin evinə dəvət etmişdi və Heydər Əliyev muzeyə Cavidin doğum günündə, oktyabrın 24-də gəldi.

Cavid muzeyi Heydər Əliyevin açılış lentini kəsdiyi son abidə, Turan Cavidlə görüşüb söhbətləşdiyi son məkan oldu.

Heydər Əliyev Turan xanımın istəyinə uyğun olaraq, açılış mərasiminə tək gəlmişdi. Çünki Turan Cavid Heydər Əliyevin Cavid ocağına gəlişinin rəsmi xarakter daşımasını istəmirdi. O, ata ocağında özünə ən əziz, ən munis, ən məhrəm bildiyi adamı tək qarşılamaq istəyirdi... Heydər Əliyev də bunu nəzərə alıb açılışa tək gəlmişdi...

Hüseyn Cavidin ev-muzeyinin açılışında Turan Cavid Heydər Əliyevə "Cənab Prezident, bu stolun da maraqlı bir tarixi var. Mənim arzumdur ki, Siz onun arxasında oturasınız" - dedi.

Bu, Hüseyn Cavidin oturduğu yer idi...

 

***

 

1 oktyabr 2003-cü il. Naxçıvanda Turan Cavidlə şam edirik. Mən televizorla üz-üzəyəm, o isə arxası televizora tərəf əyləşib. Xəbərlər proqramıdır. Diktor Turan Cavidin doğum günü münasibətilə ölkə prezidenti Heydər Əliyevin təbrik məktubunu oxuyur: "Ata ocağı qarşısında həqiqi vəfalı övladlıq borcunu ömür boyu şərəflə yerinə yetirən və öz taleyini doğma xalqının taleyi ilə birləşdirən şəxsiyyət kimi sizin həyatınız, sizin ləyaqətiniz və ən çətin anlarda göstərdiyiniz dəyanət, dözüm ibrətamiz olub, bugünkü və gələcək nəsillər üçün bir nümunə, bir həyat dərsidir". Turan xanımın gözləri yol çəkir. Sanki bu sözlər onun ünvanına deyilmir. "Turan xanım, Heydər Əliyev sizin doğum gününüzü təbrik edir", - deyirəm. Yenə də gözləri yol çəkir. Sanki başqa bir aləmdədi. "Turan xanım..." Onu fikirdən ayırmaq istəyirəm... Özüylə danışırmış kimi: "Görəsən səhhəti necədir?" - deyir. Anlayıram ki, Turan Cavidi Heydər Əliyevin ona ünvanlanmış təbrikindən daha çox, Heydər Əliyevin səhhəti maraqlandırır... Həmin günlərdə Prezident Klivlenddə müalicə olunurdu.

Ad gününü - 80 yaşını oktyabrın 2-də gecə saat 12-də Naxçıvanda, əzizlərinin sərdabəsində - Cavid məqbərəsində qarşıladı Turan xanım. Oktyabrın 4-də "gedib Heydər Əliyevin atasını ziyarət edək" dedi. Naxçıvan şəhər qəbristanlığına gəldik. Əlirza Əliyevin məzarı üzərinə qızılgüllər düzdü…

 

***

 

2003-cü il dekabrın 12-də bütün ölkə yas içindəydi. Bilirdim ki, Heydər Əliyevin vəfatı ilə bağlı xəbər dünyada hamıdan çox Turan Cavidi yandırıb-yaxacaq. O, Heydər Əliyevə qardaş əvəzi kimi baxırdı... Ayın 12-də evinə gəldim. Divanda oturmuşdu. Ağlayırdı... İki gün belə davam elədi. Heç nə danışmırdı. Hərəkət edən heykələ dönmüşdü. Ayın 14-də ayrılarkən, sabah bir az ertə gələrsən, vida mərasiminə gedəcəm - dedi. Dekabrın 15-də vida mərasiminə qatıldı və 80 yaşlı Turan Cavid "Respublika" sarayından Fəxri Xiyabanadək izdihamla bir yerdə piyada addımladı...

 

***

 

Sonra 2004-cü il sentyabrın 12-də Turan Cavid dünyasını dəyişdi. Harada dəfn olunacağı ilə hamı maraqlanırdı.  Bunu aydınlaşdırmaq və dəqiqləşdirmək üçün elə həmin axşam əmisinin nəvəsi ilə, o zaman Baş nazir olan Artur Rasizadə ilə danışdım. "Əlbəttə, məqbərədə dəfn olunacaq". Sən demə, Turan Cavid Heydər Əliyevdən anasının və qardaşının da məqbərəyə köçürülməsini xahiş edəndən sonra Heydər Əliyev memar Rasim Əliyevə tapşırıbmış ki, məqbərədə Turanın özü üçün də yer nəzərdə tutulsun...

 

***

 

Əlyazmalar İnstitutundakı lifti də üçüncü mərtəbəyə - Cavid muzeyinə qalxmaq Turan üçün asan olsun deyə, Heydər Əliyevin tapşırığı ilə quraşdırmışdılar...

 

***

 

Turan Cavid ata yurdu Naxçıvanı ilk dəfə 1974-cü ilin oktyabrında görmüşdü. Naxçıvan MSSR-in yaradılmasının 50 illiyinə həsr olumuş tədbirlərdə iştirak etmək üçün xüsusi dəvətnamə ilə Bakıdan gedənlərdən, yubiley münasibəti ilə açıq havada keçirilən yığıncağın fəxri rəyasət heyətinə seçilənlərdən biri də o olmuşdu. Heydər Əliyevlə ilk söhbətləri də orda olmuşdu. Beləliklə, Turan Cavid təkcə Naxçıvan Muxtar Respublikasının deyil, özünün də 50 yaşını ilk dəfə gördüyü ata yurdunda qeyd etmişdi.

 

***

 

Turan Cavidlə söhbətimizdə o, Heydər Əliyevin Zərifə xanımla birgə 1984-cü il sentyabrın 15-də Rus Dram Teatrında "Şeyx Sənan" tamaşasına baxdığını deyir. Bəlkə də "Şeyx Sənan" Zərifə xanımın baxdığı son tamaşa olub... Çünki bundan sonra Zərifə xanım altı ay yaşayıb... Məsələ burasındadır ki, Turan Cavidin ilk xeyirxahı da Zərifə xanımın atası Əziz Əliyev olmuşdur. 1950-ci ildə Teatr İnstitutunu bitirsə də, İnstitutda teatr tarixi fənnindən müəllim yeri boş olsa da, "Xalq düşməni"nin qızı olduğuna görə onu institutda işə qəbul etməmişdilər. "O vaxt Əziz Əliyev Xalq Komissarları Soveti sədrinin müavini idi. Əziz Əliyevin qəbuluna getdim və onun göstərişi ilə İnstitutda teatr tarixi fənnini mənə verdilər". Beləliklə, Stalin dövrü tariximizdə ilk dəfəydi ki, "xalq düşməni"nin qızı İnstitutda müəllim vəzifəsinə işə götürülmüşdü. Və Əziz Əliyev "xalq düşməni"nin qızına deyil, Hüseyn Cavidin qızına həyan olmuşdu.

 

***

 

2003-cü ilin fevralında televizora baxırdıq. Turan Cavidə Prezident təqaüdü verilməsi ilə bağlı sərəncam oxundu. Şahidəm ki, Turan Cavid üçün bu mükafat gözlənilməz oldu. Sonra kimsə ona bu barədə danışmışdı. Fərdi təqaüd verilməsi ilə bağlı siyahını Heydər Əliyevə təqdim edəndə "Turan Cavid təqaüd alırmı?" deyə maraqlanmış və Turan Cavidin adını həmin siyahıya özü əlavə etmişdi...

 

***

 

Hüseyn Cavid Maqadandan yazdığı son məktubu "Turan xanımdan muğayat olun" sözləri ilə bitirirdi.

Cavidin bu həzin, kövrək və çarəsiz istəyini Heydər Əliyev gerçəkləşdirdi.

Mən bu yazını "Turan əfsanəsi" adlandırdım. Həyatın içində yaranan, zamanın fövqünə yüksələn əfsanə - Turan əfsanəsi... Heydər Əliyev məfkurəsinin ən aydın dəlillərindən biri...

 

4 may 2023

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.12-13.