Şəxsiyyətin zamanı
...Zəngin,
geniş təxəyyül, çevik analitik təfəkkür,
güclü, sarsılmaz iradə. Obrazının
bu əsas səciyyəsi ilə fenomenal yaddaş və incə
yumor hissinin üzvi ahəngdarlığı ən gözlənilməz
məqamlarda belə, siyasətin incəsənətini
yaradırdı. Heydər Əliyevin
düşüncəsi, qərar və təşəbbüsləri
cariliyin yox, perspektivin, panoramın üfüqlərinə yelkən
açırdı. Qərarları anın
və vəziyyətin ən kritik məqamlarında da gözəgörünməz
və ağlagəlməz keçidləri ilə klişeləri
və trafaretləri tərksilah edirdi. Səsinin
obrazı vardı və sirayətləndirici enerjisi ilə bu
səs sanki torpaqdan qaynayırdı, səmadan
süzülürdü, dağdan - qayadan qopurdu, uzaqlarda əks-səda
verib inam və işgüzarlıqdan parlayırdı. İnam, etibar, etimad saçan bu səs qətiyyətli
təlqin gücü ilə hər çıxılmaz vəziyyətdə
nikbin təfsilatlar aramağa şövqləndirirdi.
Rəhbərlik
və liderliyin nadir rast gəlinən birgə təzahürü
həqiqi həyat idealları ilə qiymətli olan insan ruhunu
"borc və öhdəliklər"
ağırlığının girdabına sürükləmir,
özünütəsdiqə, mənəviyyata, ideyalara
kökləyir. Sosial-mənəvi ideyaların
quruculuğa, yeniliyə xidmət etməsini
aşılayır. Bu keyfiyyətlər
sevdirir, çünki inandırmanın, nümunə
olmanın başqa yolu yoxdur.
Bu keyfiyyət
və keyfiyyətlər toplusu həm də nifrət
oyadır, çünki həzm edə bilmirlər,
çünki arzuolunmaz fon
gücsüzlük yaradır. Fonda zəif, məğlub,
miskin binəvalığı qınamağa nə hacət?!
Di gəl, hər nə qədər görmək
istəməsələr də, etiraf etməyə də
bilmirlər. Etiraf! Ömür elə bu
deyilmi?!
***
...Cəmiyyətin
ən qiymətli sərvəti İnsandır - metro
işçisi, bağban, əkinçi, alim, bənna, əsgər...
Və bir də... hər xalqın bəxtinə
düşən Şəxsiyyətlər. Tarixin yaddaşını vərəqləməq
artıqdır, tarix dönə-dönə sübut edib ki, ailədə
olduğu kimi, ölkənin başında Şəxsiyyət
duranda onun təbii sərvətləri milli sərvət olur.
Ən yaxın tarix onu da sübut etdi ki, bunun
üçün çox vacib olan Azadlıq, Müstəqillik
kimi müqəddəs dəyərlərin əldə
olunması hələ şərt deyil. Şərt
həm də dəyərləri qorumaq, onları həyat
norması edə bilmək bacarığıdır.
Tarixdən
reportaj
Gözləyirdi...
Umurdu...Və haqqı vardı.
Çünki
Vətəndi - o qurtaran yerdə ölüm
başlayırdı.
Çünki
Anadı - o olmayan yerdə nə qalırdı ki?..
Və
Müdrikdi - sonu gördüyündəndi ki, səssiz fəryadla
sorurdu: - Hara qaçırsan, oğul?.
Oğullar
çaşmışdılar və unutmuşdular:
özündən qaçmaq olmur.
Oğullar
unutmuşdular ki, iki Qardaşın səngərə
çevirib, bir-birinə silah tuşladıqları bu yer, bu
torpaq Köynək deyil, geyib, geyib atasan,//Saqqız
deyil satasan//Buna Vətən deyərlər
(İ.İsmayılzadə). Bu unutqanlıq, bu
hillə - hava Vətəni xəstə salmışdı.
O güllələr Vətənin ürəyinə,
gözünə tuşlanmışdı... Bir soruşan da
yoxdu: Haran ağrıyır, Vətən?
Ancaq
hamı da bilirdi ki, bu sualı verəcək Oğul səngərə
girib qardaşına silah tuşlayan övladların
arasında deyil!..
...Dalınca
elçi göndərdilər - nə vaxtsa
qoymamışdılar, mane olmuşdular gəlməyinə.
Yad eldə yadlardan aldığı yaralar onu belə əzməmişdi,
düşmən dəyirmanına su tökən naxələf
özünkülərin namərdliyininsə adı yoxdu...
Amma... Azərbaycanı qırx arşın quyunun dibinə
sallayıb kəndirini kəsmək istəyirdilər.
Fitvası hardan gəlirdi, kimin əlinə kimlər bel
vermişdi, siyasətin lap elə əlifbasını bilənlərçün
aydındır...
...Onu fəlakət
həddində olan Azərbaycana total zərurət gətirirdi.
...Gözlər
göylərə dikilmişdi, qulaqlar bir uğultuya müntəzirdi...
Heydər Əliyevi Naxçıvandan gətirən təyyarə
Bakıya enəndə Azərbaycanın tarixində yeni səhifə
açılırdı.
Nağıldan
gerçəyə
Lap nağıla bənzəyir.
Elə əslində, nağıldı - Ən yeni
tariximizin ən qorxulu nağılı. Və nə yaxşı ki,
bu nağılın da sonu Xilasın əvvəli ola bildi.
XX əsrin sonunda Azərbaycanın
yaşadığı hadisələri Yeniləşən Azərbaycanın
yeni təfəkkürlü insanı yaddaşına
nağıl kimi yazır, xüsusilə bu günün fonunda
1993-cü ilin iyununda baş verənlər doğrudan da
nağıla bənzəyir.
Əslində, Tarix - şərtiliklərdir. Təqvimin
müəyyən günləri var ki, bu günlər
Zamanın, Tarixin simasını və ruhunu ifadə edir.
15 iyun da Azərbaycanın müasir tarixində,
Təqvimində belə günlərdən biri kimi dəyərləndirilir.
Belə günlərin ifadə etdiyi mənaların
kökündə insanın - ölkə vətəndaşlarının
rifahının durmasını xatırlatmağa ehtiyac yoxdur.
Azərbaycanı
70 illik totalitarizmin əlindən qurtaran milli-azadlıq
mübarizəsinin bir məqsədi də buydu: onun hər bir
vətəndaşı özünü öz ölkəsinin,
vətəninin, onun sərvət və nemətlərinin əsl
sahibi hesab edə bilsin. Amma siyasi müstəqilliyini
əldə etmiş Azərbaycana dağılmış
iqtisadiyyat, şüurlarda yaradılmış hərc-mərclik,
qəlblərə çökmüş sabahından
nigaranlıq və yaşanan günlərin qorxusu miras
qalmışdı. Bütün bu rəngləri
tündləşdirən fonun adı da müharibə idi.
Bu ümidsizlikdən yalnız böyük iradə, inam və
çevik ağıl xilas edə bilərdi Azərbaycanı...
1993-cü ilin iyunun 24-də Heydər Əliyev Azərbaycan
prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1994-cü ildə adı
var, özü yox ordu ilə Beyləqanda güclü əks-hücumla
Bişkek sazişinə (atəşkəs) rəvac verdi. Hərbi əməliyyatlarda fasilə,
iqtisadiyyatda təxirəsalınmaz problemlərin həllinə,
siyasi şəraiti sabitləşdirməyə revanş idi.
1994-cü
ilin sentyabrında bağlanan "Əsrin müqaviləsi"
Xəzərdə neft hasilatı ilə məşğul olacaq
beynəlxalq konsorsiumu yaratmağa imkan verdi.
1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası qəbul olundu. 1996-cı ildə
Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq
və əməkdaşlıq haqqında saziş imalandı.
Ölkə iki dəfə vətəndaş
müharibəsi təhlükəsindən qurtardı.
İqtisadi-siyasi şərait tədricən sabitləşdikcə
ölkə iqtisadiyyatında, zəif də olsa yüksəliş
başlandı. Bu, təkrar prezident seçkilərində
qələbəni təmin etdi. Bakı-Tbilisi-Ceyhan
neft və qaz kəmərlərinin çəkilişi layihələri
reallaşanda, Heydər Əliyev siyasi kursu Azərbaycana
münasibəti yenidən nəzərdən keçirməyin
zərurət olduğunu təsdiq etdi. Artıq
faktdan qaçmaq olmurdu. Heydər Əliyev
təkcə Azərbaycan prezidenti kimi qəbul olunmurdu.
Heydər Əliyev türk dünyasının elçisi idi,
Cənubi Qafqaz regionunun şəriksiz nüfuz yiyəsi idi...
Zamansa, haqq olan həqiqətə doğru getməyində
idi... Bu Yolun Yolçusu olmaqsa, qorxulu deyildi.
On illik son rəhbərliyi dövründə "Azərbaycanın
dövlət müstəqilliyinin əbədi, dönməz"
olduğu artıq sübut olunmuşdu...
Ölümü ilə də dünyanın diqqətini
Azərbaycana yönəldən Heydər Əliyev "Mən
ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram" deyəndə həm də
yaşanmış bir ömür sərgiləyirdi və bu
ömrün hansı hissəsindən baxırsan-bax, oradan Azərbaycan
görünür. Budur, həmin ömrün ən ümumi
cizgiləri. Və bu cizgilər, Zaman bizdən
uzaqlaşdıqca daha aydın, daha dəqiq görünür.
Uzaqlaşan Zaman həm də Azərbaycan adına
yaşanmış böyük ömrün qiymətini
göstərməkdədir.
Böyük
yolçu
Dekabrın 12-də Azərbaycan
Heydər Əliyevin vəfatının
ildönümünü qeyd edir. Bu anım
mərasimi "Böyük İnsan da insandır" fikrinə
müəyyən korrektənin vacibliyinə işıq
salır. Bəli, İnsan qaçılmaz
sondan, "Yaranan getməlidir" - hökmündən
heç cür qaça bilməz. Bu son
Allahın Göyünün Altında, Yerinin üstündə
baş verir. Klivlend xəstəxanası da
Allahın göyünün Altında, Yerinin üstündədir.
Ancaq Yazan Onun sonunu burada ona görə Yazdı
ki, Dünyanın o başından bu başına - Azərbaycana
gələnəcən Tarix vərəqlənsin. Böyük İnsanların həyatı Tarixin bir
parçasıdır.
1969-cu ildən
üzü bu yana, Azərbaycan, Azərbaycanın
Tarixi onun adıyla bağlı oldu. Hətta o qədər
bağlı oldu ki, 80-ci illərin sonunda Azərbaycanın
Tarixində bu Adın siyasətin və idarəetmənin səhnəsindən
silinməsinə cəhd ediləndə, Azərbaycanın Faciələri
də Onun Yoldan çəkindirilməsi ilə
başlandı. Bəli, Heydər Əliyev Azərbaycan
adının qabağına SİPƏR idi və Azərbaycana
qarşı torpaq iddiasını, siyasətin Azərbaycan səhifəsini
ikibaşlı Qartal da, onun qulbeçəsi erməni
iştahı da, neftin başgicəlləndirən xəzinəsindən
gözüqamaşan ingilis diplomatiyası, fürsətdən
barınmaq cəhdində bulunan hər "qolu zorlu"... Məhz
Heydər Əliyevsiz mümkünlüyünü
hesablamışdı... Amma nə yaxşı
ki, Müdrik Uzaqgörənlik qiymətini qızıl kimi hər
yerdə saxlaya bilir. Müdrik Uzaqgörənlik
və El Gözü Azərbaycanın qabağında yenidən
Heydər Əliyev sipəri ucalda bildi. Azərbaycanın
Tarixinə Heydər Əliyev adı yenidən, bu dəfə
Azərbaycanda dövlət Müstəqilliyinin qarantı kimi
yazıldı.
Heydər Əliyevin müdrikliyi, təcrübəsi və
diplomatik peşəkarlığı qalib gəldi və bu
Qalibiyyət Azərbaycanın dünyaya və beynəlxalq təsisatlara
inamlı inteqrasiyasını təmin etdi. Elə ona
görə də dekabrın 12-də böyük İnsan
Axını Fəxri xiyabana - böyük Heydər Əliyevin
ziyarətinə kədərlə yox, həm də
görülmüş Böyük İşlər
üçün minnətdarlıq hissi ilə gedir.
"Böyük İnsanlar da İnsandır" fikrinə
korrektəni məhz Taleyi Xalqın və İnsan Cəmiyyətinin
tarixinə bağlı insanlar edə bilər.
...Tarixin
çox da uzaq olmayan Zaman kəsiyində Atatürk Türkiyəni
xilas etdi, Şarl de Qoll Fransanı. Azərbaycanda
bu taleyüklü, tarixi missiya onun bəxtinə
düşdü - Heydər Əliyevin.
Böyük
yolun paralelləri
2003-cü ilin oktyabrın 15-də Azərbaycanda prezident
seçkisi keçirildi. III minilliyin müstəqil Azərbaycanın
bu ilk seçkisi yeni eranın və yeni əsrin ilk onilliyinin
siyasi oriyentirini müəyyən etdi: hakim Yeni Azərbaycan
Partiyasının namizədinin ölkənin birinci
kürsüsündə əyləşməsi ilə təkcə
soyad dəyişməz qalmadı. İlham
Əliyev hakimiyyət kreslosunda yalnız Atanı, Siyasi rəhbəri,
Məsləkdaşı əvəz etmədi. Oğul sözün geniş və böyük mənasında
varis kimi gəldi. İstər
seçkiqabağı, istər inauqurasiyada, istər
seçkidən sonra İlham Əliyev Heydər Əliyev
siyasi kursunu və strateji xəttini davam etdirəcəyini bəyan
etdi. Bu, prezidentliyə namizədi opponentlərindən fərqləndirən
nəzərəçarpan özünəməxsusluqdu: vəd
vermək - inandırmaq və insanları arxasınca aparmaq
yolu deyildi - vədlərdən yorulmuş xalq söz yox, iş gözləyirdi. "Heydər
Əliyev siyasi kursu" ifadəsi sonuncuya ekvivalent ola bildi.
Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın
milli maraqlarının qorunmasına, mürəkkəb
ictimai-siyasi şəraitdə Qafqaz regionunda ölkənin
şəriksiz liderlik nüfuzunun möhkəmləndirilməsinə,
beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə
əlaqələrdə intensivliyin artmasına xidmət edir.
Prezidentin
ölkənin ayrı-ayrı bölgələrinə səfərləri
"əsl siyasət - real, konkret iş görməkdən
ibarətdir" tezisinin real nəticələrinə olan
ümidləri inama çevirdi. Və xalq
gördü ki, ölkə başçısının fəaliyyəti
Söz və İşin vəhdəti nümunəsidir.
Ölkədə
daxili siyasi sabitliyə nail olunması hər zaman dövlətlə
xalq arasında inam və birliyin göstəricisi olmuşdur və
bu gün də belədir.
Hüquqi
dövlət quruculuğu xətti az qala hər
il "Amnitsiya ili" kimi də yadda qalır.
Ölkə başçısının gündəlik
fəaliyyətində əsas xətt Qarabağ probleminin həlli,
Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması ilə bağlı aparılan siyasətin
davamıdır.
Prezident
İlham Əliyevin bütün çıxışları və
görüşləri dünyanı bir məsələyə
inandırmağa xidmət edir: Ermənistanın tutduğu
yol, təkcə Azərbaycanın yox, bütün regionun, eləcə
də Cənubi Qafqaz regionunda iqtisadi-siyasi maraqları olan
dövlətlərin mənafeyinə ciddi maneədir.
20 il... Böyük tarix
üçün elə də böyük zaman deyil. Amma ümidlərin və inamın,
inandırmağın və yönəltməyin, cəmiyyətin
dinamik və ahəngdar inkişafını şərtləndirməyin
bu yolu Azərbaycanın Böyük Yolunun uğurlu davamıdır.
44
günlük tarixi qələbə ilə Azərbaycanın təqvimindən
qaranı, tarixindən yaranı silən Azərbaycan bu gün
sürətin və qüdrətin, qətiyyət və şərəfin
elə bir məqamındadır ki, fikrin və hissin,
düşüncə və hərəkətin nəbzi
yalnız "Qarabağ Azərbaycandır!" nidasıyla
vurur və yalnız bircə ladda oxunur; "Qələbə,
qələbə, ancaq qələbə!" ladında. Zorun və
Şərin, biganəliyin və etinasızlığın qərəz
və tərəfkeşlik adlı 30 illik əsirliyində əzdirilmiş
Azərbaycan haqq savaşında dünyaya hüququn, hərbin,
diplomatiyanın, siyasətin elə bir məharətli idarəçilik
mədəniyyətini nümayiş etdirir ki, ikili standart hiylələrinin
puç olduğunu görən "ikibaşlı
oyunların generalları" artıq müttəfiqlik
dalğasını "Bakı vaxtı ilə" tutmağa
çalışırlar. Azərbaycan sözünün sahibi
və söz sahibi kimi, həm də türklüyün, əməkdaşlığın,
tərəfdaşlığın, müttəfiqliyin,
qonşuluğun "Bakı prosesi" modelini o qədər
sadə, aydın, şəffaf, konkret və hamıya
açıq humanist prinsiplər üzərində qurub və
bəyan edib ki, onunla "Dəyirmi masa"ya əyləşmək
niyyətləri geosiyasi maraqların ciddi korrektəsini zəruri
edir.
Azərbaycan regionda qardaşlığın,
sülhün təminatçısı adını hərbi
cinayətkarlığın misli görünməmiş qəddarlığından
qarış-qarış, addım-addım, məzar-məzar
keçərək, soyqırım, terror, genosid, ekosid,
faşizm, separatizm, vandalizm… fəlakətlərinin ümumiləşdirilmiş
adı olan ermənilik taununa qarşı təkbaşına
vuruşa-vuruşa qazanır. Gücü-güvənci isə,
nazilsə də üzülməyən haqqa inamı, əsgərinin
qanı-canı bahasına qoruduğu beynəlxalq hüququn
normalarına sadiqliyi, lider - sərkərdəsi ilə bir olan
xalq-ordu tandemini idarə edən milli birlik əzmi, cəngavər
ruhu diri saxlayan çoxəsrlik qəhrəmanlıq ənənəsi,
ən çətin anda tapındığı
yazılan-yazılmayan dəyərlərə sədaqət
hissi və bir də böyük mədəniyyətidir. Bu mədəniyyətin xüsusi təyinatlı
sözü dünya dillərində liderinin, sərkərdəsinin
səsi ilə tarixin yaddaşını oyadır, həqiqətin
tozunu alır və "Azərbaycan dünyaya bir Günəş
kimi doğacaq" (Heydər Əliyev) əminliyini Tarixin səhnəsinə
çıxarır. Və bu dəfə
feilin zamanını qeyri-müəyyən gələcəkdən
sıyırıb, indiki zaman qətiyyətində bəyan
edir.
Azərbaycan təkcə haqq işi, doğma torpaq
uğrunda savaşmır. Azərbaycan Ordusu təyinləri
dəyişir, mifi dağıdır, epik siqlətli
süjetyaratma ənənəsini cilalayır, hərb, qəhrəmanlıq
və barış tarixinin janr və üslubi keyfiyyətlərini
yeniləyir.
Xüsusi
təyinatlı xalq Göylərin uca qatında "Allahın
süvariləri" kimi şərəfləndirilmiş
Türkün və Azərbaycanın qüdrətini Yeni
Dünya nizamının Bayraqdarı yüksəkliyinə
aparan yolları həm də həqiqətdən güc alan
diplomatiya səriştəsi ilə təkcə ermənilik
şərindən yox, eləcə də, erməniliyə rəvac
verənlərin erməni xislətindən təmizləyir. Hələliksə, xalqı bir Bayraq altında birləşdirmiş
xüsusi təyinatlı söz - "Qarabağ Azərbaycandır!"
- Azadlıq ümidlərini Böyük və Sarsılmaz Qələbə
inamına səfərbər etməkdədir.
Bu yolda bu günün ovqatına güc verən, ahəngi
tamamlayan Birlik mesajı - "Bir millət - İki dövlət"
yeni redaktədə - "Bir millət, iki dövlət, bir
yumruq!" - daha güclü, daha əzəmətli və
daha möhtəşəm bir ahənglə səslənir,
Türk dünyasının, Azərbaycanın Zəfər
yolu ilə Türkün Qızıl Almasını Zamanın
Yaddaşına daşıyır.
Südabə Ağabalayeva
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.16-17.