Şərəfli anlar
Ulu öndər Heydər Əliyevin qələm əhliylə
çox sıx əlaqəsi olduğu, onlara xüsusi
münasibət bəslədiyi hamıya məlumdur. Onu tanıyan, onunla həmsöhbət
olan hər bir yazıçının mərhum prezidentlə
bağlı xoş xatirələri var. Mənim də belə
xatirələrim az deyil, belə
düşünürəm ki, onlardan bəzilərini oxucularla
bölüşsəm, bu böyük şəxsiyyətin
portretinə bəzi ştrixləri əlavə etmiş
olaram.
Dahilər barədə söhbətlər həmişə
maraqlı olur, bu cür qeyri-adi fenomenlər, bir qayda olaraq diqqəti
özünə çəkir. Amma etiraf edək ki,
bizim üçün fenomenal şəxsiyyətlər nə
qədər maraqlı olsa da, dünya şöhrətli siyasi
xadim, Ümummilli liderimiz Heydər Əliyev fenomeni daha
maraqlıdır.
Heydər Əliyev XX əsrin ən parlaq siyasətçilərindəndi. Onunla olan
görüşlər hesab edirəm ki, həyatımın ən
şərəfli məqamlarındandır. Bir müddət komandasında
çalışdığım Eduard Şevardnadze onunla
dostluğundan həmişə fəxarət hissi ilə
danışardı. Heydər Əliyevi özünə
böyük dost bilirdi, deyirdi, çətin anlarda həmişə
onun dəstəyini hiss etmişəm, onunla məsləhətləşmişəm:
Bölgəmizin böhranlı dövründə Güney
Qafqazda yerləşən üç dövlət
başçısı Rusiya Federasiyasının o zamankı
prezidenti Boris Yelsinlə görüşərkən, Yelsin
köməkçisinə Gürcüstanın "yeni xəritəsini"
gətirdib Sevardnadzeyə deyir: "Budur, Gürcüstanı
iki yerə bölmüşük, şərqi
Gürcüstana - sən, qərbi Gürcüstana Zviad
Qamsaxurdia başçılıq edər". Bu
dəhşətli anları xatırlayan Şevardnadze deyirdi,
hirsimdən donub qaldım, qəhər məni boğdu, bilmədim
onun cəfəng təklifinin cavabında nə deyim. Ermənistan prezidenti də müəmmalı şəkildə
susmuşdu. Bu əsnada Heydər Əliyev təşəbbüsü
öz əlinə alıb ona xas olan kəsərli tərzdə
dedi: "Siz hansı haqla müstəqil ölkənin işinə
müdaxilə edirsiniz. Sizin ixtiyarınızda olsa, Azərbaycanla
da beləcə davranarsınız! Gürcüstan
da, Azərbaycan da Rusiya kimi müstəqil dövlətlərdir,
və siz müstəqil dövlətin daxili işinə
müdaxilə edə bilməzsiniz!" -
Azərbaycan Prezidentinin cavabında udqunan Yelsin təkcə
bunu deyə bildi ki, özünüz bilərsiniz, gedin problemlərinizi
həll edin.
Yəqin oxucular bilirlər ki, Böyük İpək
Yolunun bərpası, Əsrin müqaviləsi, Qafqazda sülh
və sair nəhəng layihələr məhz Ulu öndərin
adıyla bağlıdır. Belə bir şəxsiyyətlə
tanışlığımdan necə qürurlanmayım!
Mən onunla da fəxr edirəm ki, Şota Rustavelinin
bilavasitə orijinaldan tərcümə etdiyim "Pələng
dərili cəngavər" poeması möhtərəm Heydər
Əliyevin və Eduard Şevardnadzenin müqəddimələri
ilə açılır.
Həmin illərdən yadda qalan hadisələr
çoxdur.
İstərdim ki, yeri gəlmişkən bir neçəsini də
xatırlayım:
2000-ci ildə Ulu öndərimizin təşəbbüsü
ilə Bakıda Dünya Azərbaycanlıların I
qurultayı keçirildi. Bütün dünya
ölkələrindən diaspor nümayəndələri
Bakıya axışdılar. Xoşbəxtlikdən
mən də həmin qurultayın nümayəndə heyətinin
tərkibində idim, sonradan İdarə Heyətinə də
seçildim. Qurultay yekunlaşandan sonra Azərbaycan
prezidentinin adından qonaqlara ziyafət verildi. Həmin tədbirdə Ulu öndərimiz tarixi
söz söylədi. O, üzünü salondakılara
tutub dedi: "Siz dünyanın müxtəlif ölkələrindən
gəlmisiniz. Həmin ölkələr çox inkişaf
etmiş də ola bilər, son dərəcə
firavan da. Ancaq həmin ölkələrdə
ayağınız altındakı torpaq Azərbaycan
torpağı kimi etibarlı ola bilməz,
çünki bu, sizin hər biriniz üçün vətən
torpağıdır". Əlbəttə, bu
belədir.
Onun mən
müşahidə etdiyim bir xüsusiyyətini
vurğulayım: Heydər Əliyevin ən əziz dostu həqiqət
idi. Bir dəfə, görüşlərin birində
Şevardnadze üzündə xoş təbəssüm Heydər
Əliyevə dedi ki, sizdən bizə neft axırsa, bizdən
də sizə su-çay axır. O, Kür çayını
nəzərdə tuturdu. Aradakı mehriban münasibətə
rəğmən, Ulu öndər onun cavabında söylədi:
"İcazə ver, sənin bu fikrinə cüzi düzəliş
edim. Neft bir türk dövlətindən (yəni Azərbaycandan)
baş alıb sizin ölkənizdən keçməklə
bir başqa türk dövlətinə (Türkiyəyə)
axır; Kür çayı da həmçinin,
başlanğıcını o başdakı türk məmləkətindən
alır, sizin ərazinizdən keçərək başqa bir
türk ölkəsində dənizə qovuşur. Belə ki, siz hər iki halda tranzit ölkəsiniz.
Əlbəttə, etibarlı tranzitin də
böyük əhəmiyyəti var. Buna görə də
sağ olun".
Bir dəfə, hər iki ölkənin nümayəndə
heyətinin üzvləri Bakıda Opera və Balet Teatrında
prezidentlərin - Heydər Əliyev və Şevardnadzenin
yolunu gözləyirdik. Onlar Prezident iqamətgahında
görüşdükdən sonra Opera və Balet Teatrında
baş tutacaq tədbirə qatılmaq üçün bura gəlməli
idilər. Birdən teatrın qapısı
açıldı və Azərbaycanın o zamankı mədəniyyət
naziri Polad Bülbüloğlu daxil oldu. Polad
müəllim Aparatdakı görüşdən gəlirdi.
O, məni görcək dedi: "Möhtərəm prezident
Eduard Sevardnadzedən səni soruşdu". Əminliklə
deyə bilərəm ki, dünyamiqyaslı siyasətçi
bir yazıçını görmək arzusu ilə
soruşmayıb. Ulu öndər çox
incə siyasətçi idi, sadəcə, məni
soruşmaqla həmkarına işarə edib ki,
Gürcüstanda yaşayan hər bir soydaşım mənim
üçün əzizdir. Buna bənzər bir əhvalat
Tiflisdə də baş vermişdi: Cənab Heydər
Əliyev qeyri-rəsmi səfərlə Eduard Şevardnadzenin
yubileyində iştirak etmək üçün Tiflisə təşrif
gətirmişdi. Mən də orda idim. Hər ehtimala qarşı özümü
toparlamışdım ki, tərcümə lazım olsa,
layiqincə edim. Ulu öndər bunu
duymuşdu. Vaxt az idi, Azərbaycan
nümayəndə heyəti həmin gün vətənə
qayıtmalı idi. Odur ki, Ulu öndər üzünü tədbir
iştirakçılarına tutub dedi: "İmir Məmmədliyə
olan hörmətimə rəğmən, belə qərara gəldim
ki, vaxta qənaət etmək məqsədi ilə rus dilində
danışım..." Onun, "İmir Məmmədliyə
olan hörmətimə rəğmən" kəlməsi də
nəvaziş xətrinə deyilməmişdi. Ulu öndər
bu kəlməsi ilə qonşu dövlətin məmurlarına
deyirdi ki, sizinlə çiyin-çiyinə işləyən
soydaşım mənim diqqət mərkəzimdədir... Belə əzəmətli şəxsiyyət tərəfindən
deyilən bu sözlər isə arif insanlar üçün hər
şey demək idi.
Bu xatirələri
söyləyərkən bir şeyə də aydınlıq gətirim:
çox adam elə bilir ki, mən Eduard
Şevardnadzenin tərcüməçisi olmuşam. Tərcüməçisi deyil, müşaviri idim.
Əlbəttə, lazım gəldikcə onun
şifahi çıxışlarını canlı tərcümə
də etmişəm. Tərcümədən
söz düşmüşkən, doxsanıncı illərin
sonu olardı, Ulu öndərimiz Gürcüstanda rəsmi səfərdə
idi. Gürcüstan parlamentində
çıxış etməli idi. Niyəsə
onun şəxsi tərcüməçisi gecikmişdi. Gəlib ona məlumat verdilər ki, tərcüməçi
gəlib çıxdı. Prezident təəccüblə
soruşdu: "İmir Məmmədli burda deyil ki?" Dedilər, burdadır, ancaq sizin öz tərcüməçiniz
gəldi, İmir Məmmədliyə ehtiyac qalmadı.
Onda Heydər Əliyev dönüb dedi: "Mən istəyirəm,
Gürcüstan parlamentarilərinin qarşısındakı
çıxışımı İmir Məmmədli tərcümə
etsin, çünki fikir vermişəm, o, adamın hiss və
emosiyalarını da tərcümə edir." Sözsüz
ki, Ulu öndərin bu sözləri məni çox
ruhlandırdı, bildim ki, bu sözləri də məqsədyönlü
dedi və onun həmin çıxışını
canlı olaraq ruh yüksəkliyi ilə tərcümə
etdim.
Bu yerdə onu da deyim ki, dünyada, bəlkə də
yeganə yazıçıyam ki, üç prezidentlə
birlikdə nahar etmişəm. Bu, belə baş
verib. Bakıda mühüm tədbir
keçirilirdi, buna görə də Gürcüstan
prezidentinin rəsmi səfəri Türkiyənin o zamankı
prezidenti Əhməd Necdət Sezərlə üst-üstə
düşmüşdü. Nahar zamanı
belə qərara gəldilər ki, hər üç
prezidentin arasında dil ünsiyyəti yarada biləcək bir
nəfər də onlarla birlikdə olsun. Məsələ
burasındadır ki, Sezərlə Şevardnadzenin arasında
tərcüməçiyə ehtiyac var idi. Belə ki, bu missiya mənim öhdəmə
düşdü və prezidentlərlə birlikdə nahar etməli
oldum. Həmin məclisdə mənim üçün
son dərəcə xoş oldu ki, Ulu öndərimiz məni
Əhməd Necdət Sezərə təqdim etdi və
timsalımda Türkiyə prezidentinə dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlılar
barədə dolğun məlumat verdi.
Bir dəfə
görüşlərin birində Ulu öndər belə bir əhvalat
danışdı: O, Moskvada istefaya gedəndən sonra
axşamlar çıxar, qaldıqları evin yaxınlığındakı
bağda gəzərmiş. Belə
axşamların birində görür ki, qarayanız bir
oğlan bağda onu addımbaaddım izləyir. O
düşünür, bu təxribat planı ola
bilər, yəqin, rəqiblərim belə qərara gəliblər
ki, məni öz soydaşımın əli ilə aradan
götürsünlər. Məlum məsələdir
ki, Ulu öndər həddindən artıq cəsur bir şəxsiyyət
idi. O, ölümün gözünə
baxırmış kimi, həmin oğlana üz tutub yanına
çağırıb. Oğlan onun yanına gələndə
soruşub: "A bala, kimsən, bu parkda nə gəzirsən?"
Oğlan onun cavabında deyib: "Möhtərəm Heydər
Əlirza oğlu, mən gürcüstanlıyam, gəldim ki,
deyim, bu çətin günlərinizdə bütün
Borçalı camaatı sizinlədir". Ulu öndər həmin
əhvalatı xatırlayarkən əlavə etdi ki, heyf, mən
onun adını, soyadını soruşmadım...
Mən isə
xatirələrdən ibarət bu yazıya son olaraq deyərdim
ki, həmin oğlanın adını, soyadını
soruşmağa ehtiyac yoxdur, o, istənilən Borçalı
azərbaycanlısı ola bilərdi.
İmir Məmmədli
Ədəbiyyat qəzeti.- 2023.- 6
may.- S.17.