Heydər Əliyev və müasir ədəbiyyat

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi zaman kəsimini sənətin və ədəbiyyatın inkişafında müasir intibah dövrü adlandırmaq olar. İlk növbədə ona görə ki, bu dövr tarixi yaddaşımıza qayıdışda mühüm əhəmiyyət kəsb edən bir prosesin - azərbaycançılıq məfkurəsinin, milli ədəbiyyatın və ziyalılığın oyanış, dirçəliş dövrüdür. Hələ sovet hakimiyyəti illərindən başlayaraq, Ümummilli lider ədəbiyyatın vətənpərvərlik, millilik və müasirlik ruhunda inkişaf etdirilməsini ön mövqeyə çəkmiş, milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində bədii nümunələrin əhəmiyyətli rol oynadığını bildirmişdir.

Heydər Əliyevin ədəbiyyata baxışında müasirlik anlayışı prioritet məsələlərdən olmuşdur. Çağdaş düşüncə, yeni təfəkkür əsasında həm dövrü, həm yazılan əsəri dəyərləndirmək əzmi onun müasirlik meyarının əsas istiqamətləri idi. Meydana qoyulan mətnlərdə öz dövrünü dolğunluğu ilə göstərməyi, zamanın ruhunu, mühüm meyil və qanunauyğunluqlarını açmağı o, təməl vəzifə olaraq irəli sürürdü. Çıxışlarında dəfələrlə bildirirdi ki, Azərbaycan yazıçılarının əsas qayğısı zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq olmalıdır.

Heydər Əliyev üçün müasirlik çağdaş epoxanın inkişaf qanunauyğunluğunu açmağa kömək edən hər şey demək idi. Onun müxtəlif tədbirlərdəki çıxışları, qurultaylardakı dərin məzmunlu məruzələri, yazıçı və şairlərlə söhbətlərində vardığı bir çox problemlərə baxışı ədəbiyyatda müasirlik məsələsinin qoyuluşunun, bədii həllinin aydın ifadəsinə çevrilmişdir.

Ümummilli lider sənətdə azadlıq, istiqlal düşüncəsinin alovlu tərəfdarlarından olmuşdur. Onun sovet hakimiyyətinin ən sərt dönəmlərində belə milli ruhu qorumaqla bağlı əzmli davranışlarının zəminində bu amal dayanırdı. Ulu Öndərin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub, bu anlayışa münasibətini, bütün tərcümeyi-halında bu ifadənin funksionallığı üçün hansı çətinliklərdən keçməsini göz önünə gətirmək çətin deyil. Hələ sovet dövründən onun diqqəti əsərlərində azadlıq ideallarını daim uca tutan şairlərin, yazıçıların üzərində olmuş, onları qorumuş, himayə etmiş, dəstəkləmişdir. Hakimiyyətinin ikinci dövründə, 1995-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq "İstiqlal" ordeni təsis olunmuş və bu orden üç şairə - Xəlil Rza Ulutürk (ölümündən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadəyə təqdim edilmişdir.

Xalq şairi Xəlil Rza Ulutürkün vəfatı ilə əlaqədar 24 iyun 1994-cü il tarixdəki vida mərasimində Heydər Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Ümummilli lider milli ruhunda azadlıq düşüncəsini gəzdirən, onu zamanın amansız aşınmalarından qoruyub günümüzə zədəsiz gətirə bilən nəhəng şəxsiyyətdir: "Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm də şair kimi... örnək olmuşdur. O daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. ...Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm".

Bu fikirlər Xəlil Rza Ulutürkün ədəbi-ictimai xidmətlərinə verilmiş yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də yazıçı və şairlərə ünvanlanmış çağırış, istiqlal və hürr duyğularına verilən rəhbər dəyəri, rəhbər salamı idi.

Heydər Əliyevin müasir ədəbiyyata yanaşmasında vacib olan digər məqama diqqət yönəltmək lazımdır. O da Ulu Öndərin ədəbi tənqidin rolu və vəzifələri məsələsinə xüsusi həssaslıqla yanaşması faktıdır. Çıxışlarında dəfələrlə vurğulayırdı ki, müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borcludurlar: "Tənqidi fikrin üfüqləri hələ də nəzərəçarpacaq dərəcədə genişlənməmişdir... Azərbaycan ədəbiyyatşünaslığının və tənqidinin vəzifələri geniş və çoxcəhətlidir. İctimai, bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və tənqidin rolunu gücləndirmək lazımdır".

Heydər Əliyev bütün çətin və gərgin, kataklik proseslərin tüğyan elədiyi zaman kəsimlərində belə ədəbiyyat və mədəniyyətin mövqeyini ali səviyyədə qiymətləndirmiş, onların kölgədə qalıb ikinci planda qəbul edilməsinə yol verməmişdir. Müstəqillik illərinin əvvəllərində - xaotik gerçəkliklərlə, müəyyən sosial-siyasi böhranla üz-üzə qaldığımız dövrlərdə Heydər Əliyevin söylədiyi bir fikir onun bütün fəaliyyət xəttini uğurla simvolizə edir: "Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz". Məhz bu baxışın, bu möhkəm iradənin sayəsində ədəbiyyat 1990-cı illərin dərin böhranından silkinib qurtula bildi. Dəyərlərinə, milli sərvətinə sahib çıxaraq gələcəyə daha inamlı şəkildə addım atdı. Bunun üçün Heydər Əliyevin gerçəkləşdirdiyi əməllər sırası vardı. Bu əməllər hansılar idi?.. İlk növbədə, bu böyük şəxsiyyətin Azərbaycan Yazıçılar Birliyini təhlükədən xilas etməsi, onun ədəbi orqanlarına sahib çıxması, gənc və yaşlı yazarların sosial vəziyyətini asanlaşdırmaq üçün təqaüdlər ayırması və s., və i.

Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin bağlanması məsələsi ilə bağlı zamanında atdığı mütərəqqi addım onun sənət, ədəbiyyatla bağlı həyata keçirdiyi işlərin ən mötəbərlərindən sayıla bilər. Azərbaycan Yazıçılar Birliyinin 1997-ci ilin oktyabrında keçirilən X qurultayında Heydər Əliyev bildirirdi: "Azərbaycan Yazıçılar Birliyi bu altı il müddətində - keçən qurultaydan indiyə qədər - çox görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyiblər. Görürsünüz, bu altı ildə bizim Azərbaycanın başına nə işlər gətiriblər. Yazıçılar Birliyi də bütün bu sınaqlardan, imtahanlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır. Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır".

Eləcə də Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan "Ədəbiyyat qəzeti"nin, "Azərbaycan", "Qobustan", "Ulduz" və "Literaturnıy Azerbaydjan" jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi Ulu Öndərin ədəbiyyata verdiyi dəyərin ən alilərindəndir. Bu addım Heydər Əliyevin çətin keçid dövründə, xalqın məruz qaldığı tarixi sınaq məqamlarında milli ədəbiyyatın və ədəbi prosesin inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyatın inkişafı istiqamətində başladığı proseslər bir tərəfdən klassik ədəbiyyatı xalqın yaddaşına yenidən qaytarmaq niyyətinə bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi dirçəltmək amalından qaynaqlanırdı. Onun maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı imzaladığı sərəncam da ilk növbədə, yeni düşüncənin, yeni ədəbiyyatın gəlişməsinə imkan açma niyyəti ilə bağlı idi.

Heydər Əliyev üçün yeni ədəbiyyat, yeni düşüncə nəyi ifadə edirdi? İlk növbədə, şair və yazıçıların xalqa, yaddaşa xidmətini, tarixi keçmişə hörmətlə yanaşmasını, milli ruhun təmsilçisi olmasını, eyni zamanda dünyəvi, modern sənət prinsiplərinin mənimsənilməsini. Ümummilli lider bütün hallarda ədəbiyyatı xalqın dərdlərinin və keçdiyi tarixi yolun tərcümanı kimi görürdü və əsas missiya kimi yaradıcı şəxslərə öz dəyərlərinə sadiq olmağı aşılayırdı. Məsələn, məlumdur ki, sovet dövrü süquta uğradıqdan sonra həmin dövr ədəbiyyatını qiymətləndirmək, onun tarixi dəyərini vermək zərurəti meydana çıxmışdır. Problemə münasibətdə ikili yanaşma yaranmışdı: mühafizəkar və nihilist. Ədəbi prosesdə, ədəbi qəzet və jurnalların səhifələrində bu yöndə aramsız mübahisələr gedir, diskussiyalar aparılırdı. Heydər Əliyev ədəbi gündəmi izləyən biri kimi problemə münasibətdə sabit elmi dəyərlərdən çıxış etməyi vacib bildi: "Biz hamımız dövrün, zəmanənin övladları olduğumuzdan onun stereotiplərindən kənara çıxa bilmirdik. Çıxmağa imkan da yox idi, çünki o zaman yazıçı da, alim də, adi adam da belə hesab edirdi ki, başqa cür ola bilməz. Ona görə də indi kiminsə döşünə döyməsi mənasızdır. Belələrinin özləri də o zaman bu cür yazmışlar. Bu, bizim tariximizin reallığıdır. Onu təhrif etmək olmaz... O dövrdə yaşayan və Azərbaycanın mədəniyyətini, ədəbiyyatını inkişaf etdirən adamlara indi irad tutmaq olmaz, bu, günahdır".

Bu fikirlərlə Ulu Öndər həm Sovet dövrü Azərbaycan ədəbiyyatının obyektiv nöqteyi-nəzərdən təhlilini tələb edirdi, həm də həmin illərdə yaşayıb-yaratmış şəxsiyyətlərə yüksək qədirşünas mövqedən yanaşırdı: "...əgər kimsə 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində tariximizin böyük bir hissəsini cırıb atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri heç bir xidmət etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. Bu gün Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüanslara irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə də Süleyman Rüstəmin dırnağı qədər ola bilməzlər".

Bütün böyük, görkəmli şəxsiyyətlər kimi, Heydər Əliyev də cəmiyyətin və xalqın təkamül prosesində müasir ədəbiyyatın rolunu və təsirini dərindən qiymətləndirirdi. Məhz buna görə cari dövrün ədəbi prosesini ölkənin qarşısında duran böyük ideallara doğru istiqamətləndirir, bu yolda olan bütün maneələri özü aradan qaldırırdı. Həm ədəbi şəxsiyyətlərlə ünsiyyət, əlaqə yaradıb onlara lazımi məsləhətlər verir, həm də potensial bədii imkanları xalqı dirçəltmək, milli ruhu diri saxlamaq işinə səfərbər etməklə ədəbiyyat faktorundan, yazıçı amilindən düşünülmüş şəkildə yararlanırdı. Hər iki halda sənətin və ona dəyər verən rəhbərin bu uğurlu birgəliyindən qazanan ədəbiyyat və Zaman idi.

 

Qulu Ağsəs

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.18.