Xoş anların xatirəsi

 

Bilirəm ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında bir çox insanlar saatlarla, günlərlə söhbət aça, xatirələr danışa bilər. Çünki Heydər Əliyev bütün müasirlərinin həyatında iz buraxmışdır. Heydər Əliyev haqqında söz açarkən, ilk göz önünə gələn obraz belə canlanır: Səmimi, zarafatcıl, qayğıkeş, diqqətcil İnsan!.. Dünya siyasi arenasında özünəməxsus yeri olan nəhəng siyasi fenomen!.. Hər liderə nəsib olmayan, öngörmə qabiliyyətinə malik unikal dövlət xadimi! Ən əsası, Azərbaycanı, Azərbaycan xalqını, Müstəqil Azərbaycan dövlətini canından artıq sevən, Ümummilli lider və əvəzsiz Öndər! Ona görə də Heydər Əliyev haqqında söhbət açan hər kəs ürək dolusu məhəbbət və sevgi ilə danışır. Heydər Əliyevin bütün məziyyətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd olunması haqqında Sərəncam imzaladı. Bu hadisə təkcə Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və məziyyətlərinə verilən dəyər deyildir, həm də Azərbaycan xalqının dünya siyasi platformasında hər xalqa nəsib olmayan, unikal siyasi lider yetişdirmə imkanına malik cəhətinə göstərilən sayğının təzəhürüdür.

Heydər Əliyev fenomenini dünya siyasi araşdırmaçıları şərh edərkən vurğulayırlar ki, onun şəxsiyyəti dünyanın ən demokrat və yüksək siyasi erudisiyaya malik liderləri kimi şöhrət qazanmış C.Vaşinqton, Ş.De Qoll, M.K.Atatürkbu kimi sülhün, əminamanlığın tərəfdarı olan liderlərlə yanaşı dayanır. Həmin şəxsiyyətlərə malik yüksək keyfiyyətlər Heydər Əliyevdə də mövcuddur. Xüsusən, böyük Atatürkdə olan bir çox cəhətlər Heydər Əliyevdə müşahidə olunur.

Mustafa Kamal Atatürk hər bir sahəyə töhfə vermək haqqında düşünərkən, qüsursuz qərarlar qəbul etmək üçün həmin sahəni yenidən incələyər, dərindən araşdırar və ətraflı öyrənərdi. Belə xüsusiyyət Heydər Əliyevə də xas idi. Mustafa Kamal Atatürk hər bir dövlət xadimini öz ölkəsində qarşılayarkən, gələn nümayəndənin adət və ənənələrinə, milli göstəricilərinə, eləcə də qarşıladığı liderin özəl xüsusiyyətlərinə uyğun şəkildə qarşılama törəni düzənləyərdi və bu cəhəti ilə gələn qonağı heyran edərdi. Məhz Heydər Əliyev də belə məziyyəti ilə seçilər, gələn qonaqda Azərbaycanın qonaqpərvərliyi barədə dolğun fikir formalaşdırardı. Xatirələrim arasında özünəməxsus dəyəri olan bir hadisəni bölüşmək istəyirəm.

Gürcüstanın eks prezidenti Eduard Şevardnadze 2000-ci ilin payızında Heydər Əliyevin dəvəti ilə Bakıya pənah gətirmişdi. Həmin vaxtlarda mən, hazırda Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bərpa rəhbəri vəzifəsini yerinə yetirərək öz missiyamı başa çatdırdıqdan sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə yenicə təyin olunmuşdum. Ulu Öndər Eduard Şevardnadzenin şərəfinə qapalı ziyafət təşkil etdirmişdi. Əvvəlcədən planlaşdırılmış ziyafətdə qəfil dəyişiklik edildi. Polad Bülbüloğlunun yadına düşür ki, mən Tiflisdən dönərkən görüşümüz zamanı demişdim ki, "Tiflisdə mən Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərini gürcü dilində mənimsəmişəm". Odur ki, bu faktı dərhal Heydər Əliyevə məruzə edirUlu Öndər Eduard Şevardnadzeyə sürpriz olunması üçün mənim həmin məclisdə çıxış etməmi tapşırır. Ziyafətdə hər iki dildə poemadan söylədiyim bəndlər Eduard Şevardnadzeni sözün əsl mənasında heyrətə saldı. Gözlərim önündən heç getmir ki, Eduard Şevardnadze gürcü dilində söylədiyim dostluğa aid ilk bəndi eşidərkən ağzına apardığı yeməyin tikəsi havada qaldı. Gözlənilməzlik onu həqiqətən də heyran etmişdi. Mənzərəni diqqətlə izləyən Ulu Öndər ləzzətlə dostunun heyranlığına tamaşa edir və həzz alırdı. Məmnun idi ki, bu mənzərə dostunu məmnun etmişdi. Ziyafətin sonunda bədii hissənin nümayəndələri ilə görüşərkən Eduard Şevardnadzenin əlini sinəmə vuraraq gürcü dilində mənə "didi madloba" - "çox sağ ol" deməsi Ümummilli liderimizin təbəssümündə və gözlərindəki ifadələrdə bir daha məmnunluq hisslərindən xəbər verirdi. Bizlərdən razı halda ayrılan Eduard Şevardnadze Heydər Əliyevin dahiyanəliyini həmişə səmimiyyətlə etiraf edirdi. Mən bunun bir neçə dəfə şahidi olmuşam. Eduard Şevardnadze Heydər Əliyevin bir sözü ilə Tiflis Azərbaycan Teatrının bərpası ilə əlaqədar Sərəncam imzaladı. Bütün dünyaya göstərdi ki, Heydər Əliyev əlahiddə nüfuz sahibidirQafqazda bu iki xalqı bir-birindən ayırmaq mümkün deyildir. Şübhəsiz ki, Heydər Əliyev də Eduard Şevardnadzeyə son dərəcə böyük hörmətlə münasibət göstərirdi və gürcü xalqına çox böyük imtiyazlar bəxş edirdi. İki xalqın qırılmaz tellərlə bir-birinə bağlı olduğunu nümayiş etdirir, düşmən mövqedə dayananları da ağıllı-kamallı olmağa istiqamətləndirirdi.

Şərəflə deyə bilərəm ki, Tiflis Teatrının bərpa rəhbəri vəzifəsinə mən Ulu Öndərimizin tapşırığı ilə göndərilmişdim. Teatrın bərpa işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının o vaxtkı Mədəniyyət naziri, hörmətli Polad Bülbüloğlu tərəfindən ezam olunmuşdum. Şübhəsiz ki, mənim namizədliyim, məni yaxından tanıyan  nazir müavini Ədalət Vəliyev tərəfindən irəli sürülmüşdü.  Orada çalışdığım müddətdə müşahidə edirdim ki, Eduard Şevardnadze Heydər Əliyevin simasında Azərbaycan xalqına, Azərbaycan dövlətinin müstəqilliyinə son dərəcə diqqətlə yanaşır. Ən incə detallara belə diqqət yetirirdi. Hətta azərbaycanlıların sıx yaşadıqları bölgələrə səfər edərkən Azərbaycandan gəlmiş teatr mütəxəssisi olaraq məni də öz heyətinin tərkibində səfərlərə aparmağa belə üstünlük verirdi. Salonda yer tutarkən gözləri məni axtarır və yanına çəkilməyim üçün ətrafındakılara işarə edirdi. Çıxışlarını birliyin, dostluğun, qardaşlığın səmərəsi əhatəsində qururdu. Heydər Əliyevin gürcü xalqına verdiyi töhfələri məmnunluq hissləri ilə dilə gətirirdi.

Bir xoş hadisəni də yada salmaq istəyirəm. 2009-cu il idi. Ulu Öndərimiz artıq əbədiyyətə qovuşmuşdu. Eduard Şevardnadze isə Gürcüstanda baş vermiş "məxməri inqlab"ın qurbanı olmuşdu. İqamətgahında ömrünü sürürdü. Biz, İrəvan Teatrının kollektivi yazıçı-dramaturq Aqşin Babayevin Ulu öndər Heydər Əliyevə həsr olunmuş "Xilaskar" tamaşasını Tiflisdə, Ş.Rustaveli adına Akademik Dram Tetarının səhnəsində oynayarkən Eduard Şevardnadzeni məxsusi olaraq tamaşaya dəvət etmişdim. Eduard Şevardnadze tamaşaya baxdıqdan sonra səhnə arxasına gələrək kollektivimizlə görüşdü, ürəkdolusu təbriklərini bildirdi. Tamaşamız haqqında yüksək fikirlər söylədi: "Çox yaxşı edibsiniz ki, siz Azərbaycan xalqının böyük oğlu, mənim əziz dostum Heydər Əliyev haqqında tamaşa hazırlayıbsınız. Heydər Əliyev təkcə Azərbaycanın deyil, ümumqafqazın lideridir. Mən tamaşanı diqqətlə izlədim. Dilinizi bilməsəm də hər şey mənə aydın oldu. Siz Heydər Əliyevi elə məharətlə oynadınız ki, sanki əziz dostumla məni yenidən görüşdürdünüz. Yerişiniz, duruşunuz, jestləriniz, mimikalarınız, hətta nitqiniz sanki onun özü idi. Səsiniz isə məni valeh etdi. Avazınız birə-bir idi. Bir anlıq əvvəlki illərə qayıtdım. Kövrəldim... Sizi kollektivinizlə birgə evimə dəvət edirəm. Vaxt ayırın, görüşək, orada sizi əziz dostumla bağlı xatirələrlə tanışdıracam". Təbii ki, bu görüş baş tutdu və gözəl xatirələr eşitdik.

Eduard Şevardnadze kollektivimizə "Heydər Əliyev ümumqafqazın lideridir" ifadələrini işlədərkən gözlərim önünə 2000-ci ilin mart ayı gəldi. Heydər Əliyev həmin vaxt Tiflisdə səfərdə olarkən, orada bütün dünyanın gözləri önündə məhz təkcə Azərbaycanın deyil, ümumqafqazın lideri olduğunu Opera Teatrının səhnəsində etdiyi tarixi çıxışının mətnində sübuta yetirmişdi. Çıxışında Qafqazda sülhün, əmin-amanlığın bərpası üçün əlindən gələni edəcəyini, Bakı - Tiflis - Ceyhan neft-qaz boru xəttinin bütünlükdə Qafqaz xalqlarına nə qədər səmərəli olabiləcəyinə inamını söyləmişdi.

Şahidi olduğum bu hadisələr yaradıcılığımın çox hissəsinin Ulu Öndərimizin bədii obrazının canlandırılmasına sərf etməyə məndə inam yaratdı və bu istiqamətdə əlimdən gələni etməyə çalışdım. "Böyük Turanın himni" və "Müstəqil Vətənin Memarı" adlı iki poemamı ərsəyə gətirdim, kitab şəklində çap etdirdim. "Müstəqil Vətənin Memarı" poemam kitabda on dilə tərcümədə özünə yer tutdu. "Qurtuluşa gedən yol", "Qurtuluş dastanı", "Qurtuluş", "Naxçıvanda doğan günəş", "Ata vəsiyyəti" tarixi dramları, "Nurlu ömrün anları" və "İşıqlı nurlu sabah" mənzum pyesləri qələmə alındı. "Qurtuluş dastanı", "Nurlu ömrün anları" və "İşıqlı nurlu sabah" mənzum pyesləri tamaşaya hazırlandı. Onlarla esselər, məqalələr yazıldı. Yazıçı-dramaturq  Aqşin Babayevin "Xilaskar", görkəmli ədib Hidayətin "Burdan min atlı keçdi" və müəllifi olduğum "Qurtuluş dastanı", eləcə də "Qurtuluş" səhnə əsərlərində Ulu Öndərin obrazı ilə tamaşaçıların qarşısına çıxdım. Ümumən yüz dəfəyə yaxın, səhnədən Ümummilli liderimizin bədii obrazını yaşamaq şərəfinə nail oldum. Həmin tamaşalar zamanı da Ulu Öndərimizi andıran çoxlu yaddaqalan xatirələrin şahidinə çevrildik. Bütün bunlar da xoş anların xatirələri kimi tarixin teatr salnaməsində özünə yer tutur. İnanıram ki, gələcəkdə də biz bu istiqamətdə öz töhfələrimizi verməyə çalışacağıq və gələcək nəsillərə Heydər Əliyev fenomeni haqqında dolğun fikir aşılaya biləcəyik.

 

İftixar Piriyev

C.Cabbarlı adına İrəvan Dövlət

Azərbaycan Dram Teatrının direktoru,

Əməkdar Mədəniyyət İşçisi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.20.