Ən böyük Azərbaycan sevdalısı  

 

Şəksiz həqiqətdir ki, Heydər Əliyev Azərbaycanın XX əsrdə yetirdiyi ən böyük dövlət adamı və ictimai-siyasi xadimidir. Ona hər zaman sonsuz xalq məhəbbəti olmuşdur. Millət həmişə sevdiklərini başının üstündə gəzdirmiş və bağrının başında saxlamış, gözbəbəyi kimi qorumuşdur. Bu isə əmrlə deyil, sevgiylə bağlıdır. Onu fədakarlıqla, millətə daimi xidmətlə qazanırlar. İnsanlar da bunu bildiklərindən bu məhəbbət əbədi olur.

Tale mənə də dahi şəxsiyyətlə yaxından tanış olmağı, onu Naxçıvanda işlədiyi müddətdə bir neçə dəfə ziyarət etməyi, müsahibələr götürməyi, yaxın ünsiyyətdə olmağı qismət etmişdir. İki böyük səfərdə - Çinə (7-11 mart, 1993) və Amerikaya (26 iyul-7 avqust 1997) gedən rəsmi nümayəndə heyətinin tərkibində mən də vardım. O zaman H.Əliyev müstəqil Azərbaycanın prezidenti kimi dünyaya yeni-yeni çıxırdı. Sovetlər Birliyinin liderlərindən biri kimi, əlbəttə, kifayət qədər tanınırdı. Məlum siyasi xətt, ideoloji istiqamət vardı. Qüdrətli bir dövlətin nümayəndəsi kimi onu təmsil etmək, siyasi və iqtisadi maraqlarını ortaya qoymaq, mövqeyini ifadə etmək, o qədər də çətin deyildi.

Amma yenicə müstəqilliyə qovuşmuş Azərbaycanda vəziyyət acınacaqlı idi. Dağılmış iqtisadiyyatı, bərbad günə qalmış kənd təsərrüfatı, bütün fabrikləri, zavodları dayanmış kiçik bir ölkədə hakimiyyətə gələrək onu dirçəltmək, insanları işlə təmin etmək, ölkədəki xaosu, hərc-mərcliyi aradan qaldırmaq, sabitlik və əmin-amanlıq yaratmaq, ən əsası gələcəyə ümid oyatmaq olduqca çətin və inanılmaz idi.

Doğrudan da "tarix tarixi şəxsiyyətləri yox, şəxsiyyətlər tarixi yaradır". (F.Nitşe) Bəli, o, hamının gözünün qarşısında yeni Azərbaycan tarixini yaradırdı!

"Yer üzündə görkəmli siyasətçilər çoxdur, lakin həm siyasətlə, həm də dövlət quruculuğu ilə eyni zamanda məşğul olanlar fövqəlinsanlardır". (Leonarda Şaşa, İtalyan siyasi xadimi)

H.Əliyev bu fikri öz şəxsində parlaq şəkildə sübut etdi.

Bəs bu necə olurdu? "Tanrı vaxtı yer üzündə bütün insanlar üçün eyni bölüb. Fövqəlinsanlar isə adi insanlarla müqayisədə həmin tanrı vaxtından qərinələrə sığmayan kəhkəşanlar yaradıblar". (Marsel Prust, "İtirilmiş şəhərin sorağında")

Məncə, izaha ehtiyac yoxdur!

H.Əliyevin "Tanrı vaxtı"ndan istifadəsi də möcüzə kimi görünür. Böyük şəxsiyyətin bu nəhəng işlərə necə vaxt və imkan tapdığına heyrətlənməyə bilmirsən. Digər tərəfdən burada faydalı iş əmsalını da nəzərə almaq lazımdır. Bir çoxlarının aylarla çalışdığı bir işə prezidentimiz olduqca az bir zaman müddətində uğurla nail olurdu.

Həqiqi lider olan nəhəng şəxsiyyətlərin tarixi qayıdışı nadir hadisədir, onun şahidi olmaq da hər nəslin qismətinə düşmür. Xoşbəxtlikdən, mənim qismətimə düşdü.

Milli dövlətçilik tarixinə gəldikdə isə, bir şeyi nəzərdən qaçırmaq məncə düzgün olmaz: Şərq və Qərb dövlətlərinin tarixi keçmişini. Düzdü, indi dünyada inteqrasiya daha sistematik şəkil alıb. Dünya ölkələri, o cümlədən Azərbaycan demokratik dəyərlərə üstünlük verir, lakin burada xalqımızın tarixini, genetik yaddaşını da nəzərdən qaçırmaq olmaz. Çünki tarixən Şərq dövlətlərində həmişə əsl və parlaq şəxsiyyət ardınca getməyə meyl güclü olub. 1988-ci ildən bəri xalqımızın çəkdiyi bəlalar bir daha göstərdi ki, bu meyl indinin özündə də xalqın əsas meyarıdır. H.Əliyevin Naxçıvandan təkidlə, xalqın tələbi ilə Bakıya dəvəti buna sübutdur. Lakin həmin şəraitdə Bakıya qayıdan H.Əliyev dünya siyasətinin ən mahir bilicisi kimi inteqrasiyaya, siyasi plüralizmə və demokratik dəyərlərə üstünlük verdi. Çünki milli dövlətçiliyimizin yaradıcısı olan Prezidentimiz yaxşı başa düşürdü ki, dövlətçiliyimizin gələcəyi bu dəyərlərə söykənməkdən çox asılıdır. Və möhtərəm prezidentimizin bir çox ənənəvi Şərq dövlətləri kimi diktaturaya, monarxiyaya yox, inkişaf etmiş Avropa və Amerika dövlətləri kimi xalq idarəçiliyinə və demokratiyaya üstünlük verdi.

Kövrək Azərbaycan dövlətçiliyi 1992-ci ilin 24 oktyabrından sonra (Naxçıvandakı çevriliş cəhdini nəzərdə tuturam) bir neçə dəfə dövlət çevrilişinə cəhdlərlə sarsıdılmaq həddinə gəldi. Lakin bütün məqamlarda H.Əliyevin zərgər dəqiqliyi ilə apardığı işin sayəsində bu çirkin və mənfur niyyətlər puç oldu. Prezident hər dəfə xalqın dəstəyi və zəkasının gücü ilə qalib gəldi. Bəzi xatirələrimin işığında H.Əliyevin əbədi obrazına işıq tutmaq istəyirəm.

Amerikaya gedərkən (1997) hələ təyyarədə ikən rəsmi nümayəndə heyətinin üzvlərinə paylanan proqramdan məlum oldu ki, həqiqətən qarşıda hamını, xüsusən prezidenti ciddi və gərgin fəaliyyət proqramı gözləyir. Nyu-Yorka endiyimiz andan səfərin saatlara və dəqiqələrə bölünmüş protokolu start götürdü. Nyu-Yorkda ilk iş günü saat 9:00-dan "Uol strit Cornal" qəzeti nümayəndələrinə geniş müsahibə ilə başlayaraq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi U.Riçardsonla, "Britiş Petroleum" şirkətinin vitse-prezidenti R.Geyslə davam etdi. Günorta BMT binasında "Nüvə sınaqlarının tamamilə qadağan olunması barədə müqavilə"nin imzalanma mərasimi oldu. Ardınca BMT baş katibi Kofi Annanla görüş keçirildi. Bunun dalınca "Nyu-York Tayms" qəzetinin redaksiyasında geniş görüş, BMT-də isə akkreditə olunmuş xarici jurnalistlərlə mətbuat konfransı keçirildi. Sonra nümayəndə heyətimizin Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirləri ilə də görüşü oldu. Axşam Amerikanın məşhur dövlət xadimi və siyasətçisi Henri Kissinceri H.Əliyevi qəbul etdi. Elə həmin gün dövlət başçımız, qabaqcıl yəhudi təşkilatları sədrlərinin konfrans liderləri ilə böyük və məzmunlu görüş keçirərək onların Azərbaycan Respublikası prezidentinin şərəfinə "Qrand Hyat" otelində verdikləri qəbulda iştirak etdi, ziyafətdə nitq söylədi. Bu, Prezidentin hələ ən sadə iş gününün cədvəli idi və 24 saat bütövlükdə gərgin iş günü başa çatdı.

Məqsədim H.Əliyevin görüşlərinin stenoqrafik hesabatını vermək deyil. Çünki bu barədə mətbuat və televiziya ilə kifayət qədər zamanında məlumat verilmişdir. Mən oxuculara bir sıra kadrarxası mətləblərdən, Heydər Əliyev siyasi məktəbinin nümunəvi dərslərindən, çətin və gərgin situasiyalardan, ölkə rəhbərinin dramatik məqamlarda çevik manevretmə istedadından, diplomatik bacarığından, qüvvətli məntiqindən, iti yaddaşından, dərin zəkasından, bir insan və yol yoldaşı kimi misilsiz keyfiyyətlərindən, qayğıkeşliyindən, diqqətcilliyindən, güclü yumor hissindən və başqa ən yüksək insani dəyərlərindən danışmaq istəyirəm. Biz H.Əliyevi daha çox böyük siyasi xadim və dövlət başçısı kimi görmüşük və tanıyırıq. Amma bir insan kimi H.Əliyev olduqca zəngin və geniş, sadə və mehriban, səmimi və doğma bir insandır.

...Avqustun 1-i proqramı Arlinqton məzarlığını ziyarətlə başlayırdı. Foyedə gecikən yoldaşlarımızı gözləyirdik. Əslində "9 tamam"a 3-5 dəqiqə qalırdı. "9-da" yola düşməliydik. Bu zaman qocaman akademikimiz Fərəməz Maqsud gəldi. Görkəmli alimimizin nədənsə üstü-başı səliqəsiz idi. Saçı daranmamışdı, köynəyi də əzik-üzük görünürdü. Hamı susmuşdu. H.Əliyev zəndlə ona baxıb gülümsəyərək dilləndi.

- Fərəməz, nə olub belə, elə bil bütün gecəni kiminləsə dartışmada keçiribsən. Nə işdi?

Fərəməz müəllim H.Əliyevin atmacasındakı mənanı anlayıb çaşqın vəziyyətdə:

- Nə danışırsınız, Heydər Əliyeviç, əstəğfürüllah! - dedi - Mən elə adam deyiləm...

Foyedəkilərin hamısı qəşş elədi. Fərəməz müəllimin qəribə çaşqınlığı və H.Əliyevin həmin sözləri ciddi dediyini qəbul etməsi vəziyyətini daha da gülməli edirdi. Nəhayət, ulu öndərin: - Əşşi, zarafat edirəm, olanda noolar! - deməsi akademikin əndişələrini bir qədər azaltdı. Hamı şad-xürrəm, yüksək əhval-ruhiyyədə bizi gözləyən maşınlara doğru getdi.

H.Əliyevin nitqləri - istər siyasi, istərsə də digər mövzularda olsun, əhatəliliyinə, dərin məzmununa, mövzuya birbaşa dəqiq replikaları, yerinə düşən atmacaları, şərq müdrikliyi və orijinallığı ilə həmişə seçilərək bütün partnyorlarını heyran qoymuşdu. Xüsusən siyasi nitqləri məntiqi, qüsursuzluğu və rəvanlığı ilə hamının diqqətini özünə cəlb edirdi. Ona olan bu heyranlıqlar demək olar ki, hər görüşdə özünü göstərirdi. Bütün senatorlar və konqresmenlər söhbət zamanı bir dəqiqə sonra qarşılarında kimin oturduğunu anlayıb özlərini yığışdırırdılar.

H.Əliyevin qeyri-adi intuisiyası var idi. Söhbət əsnasında dərhal lazım olan məqamı tutur və bundan məharətlə istifadə edirdi. Çinə səfərdə belə bir hadisə oldu.

...Ziyafət zamanı növbəti dəfə qapılar açıldı və əllərindəki gözəl sinilərdə çinli qızlar prezidentlər oturan masaya doğru getdilər. Sinilərdəki... ilan ətləri idi. Əlbəttə, hamı üçün gözlənilməz təam idi. Hamıdan çox həyəcanlanan H.Abutalov oldu. "Kişi (H.Əliyev) o ətdən yesə daş düşəcək başımıza". Əli ilə tərcüməçi Raufa işarə edərək H.Əliyevin yeməməsini təkidlə əl-qol hərəkətləri ilə başa salmağa çalışdı. Rauf əyilib H.Əliyevə nə isə dedi. Prezident əlini yelləyib çəngəl-bıçağı götürüb bir tikə kəsdi, yedi, sonra üzünü Çin Dövlət Şurasının sədrinə tutdu, nə isə dedi. Dövlət Şurasının sədri böyük məmnunluqla gülümsədi... Və birdən ayağa qalxdı. Protokol pozuldu. Axı əvvəlcə hər iki şəxs çıxış edib qarşılıqlı məmnunluqlarını, Çin-Azərbaycan dostluğu barədə fikirlərini və s. bildirmişdilər. Dövlət Şurasının sədri dedi:

- Biz indi burada bir daha məsləhətləşdik ki, yaranan anlaşılmazlığı aradan qaldıra bilərik. Azərbaycana əvvəl razılaşdığımız kimi 60 milyon yuan kredit verə bilərik. Amma gərək sizinkilər bütün gecəni bizimkilərlə birlikdə işləyələr.

H.Əliyev üzünü NK-nın sədri vəzifəsini icra edən F.Quliyevə, bir də Maliyyə Naziri vəzifəsini icra edən T.Yusifova tutub: - Edərlər, edərlər! - deyərək təsdiq etdi.

Adları çəkilənlər dərhal ayağa qalxıb: - Hazırıq! - dedilər.

Beləliklə, hamımız şad olduq, ziyafətdən şad-xürrəm ayrıldıq.

Məsələ necə olmuşdu?

H.Əliyev (ondan əvvəl Çin Dövlət Şurasının sədri bıçaqla bir tikə kəsib yemişdi, sonra isə H.Əliyevə təklif etmişdi) H.Əliyev də ilan ətinin dadına baxıb belə demişdi:

- Mən dünyanın bir çox milli mətbəx nümunələri ilə tanışam. Amma ömrümdə belə dadlı təam yeməmişəm.

Bu sözdən riqqətə gələn Çin Dövlətinin Başçısı əvvəlcədən vəd edilən məbləği Azərbaycana verməyi qərara almışdı. O zaman verilən yardımları və bonusları dərhal uyğun şirkətlərə və təşkilatlara köçürüb ölkəmizə ərzaq məhsulları gətirtdirməyə yönəldirdik.

Amerikada Dünya Bankının sədri Vulfinqsonla görüşdə maraqlı və bizim gözləmədiyimiz xeyirli bir sonluqla nəticələnən hadisə oldu. Belə ki, Azərbaycana 50 milyon dollar kredit ayıran sədr xahiş etdi ki, həmin vəsaitin 5-10 milyon dolları Azərbaycanda mədəniyyətin inkişafına ayrılsın. H.Əliyev bildirdi ki, o, həmişə mədəniyyətin inkişafına qayğı göstərmişdir. Ona görə də bu təklifi məmnuniyyətlə qəbul edir. Vulfinqson sözünə davam etdi ki, mədəniyyətin inkişafı çox mühüm məsələdir, həm də kövrək sahədir, dövlətdən həmişə diqqət tələb edir. Mədəniyyət insanlara xeyirxahlıq öyrədir, yaxınlaşdırır, nəcibləşdirir. Hörmətli prezidentimiz Vulfinqsonun bu mövzuya yenidən qayıtması və geniş şərhindən... nəsə duyaraq davam etdi:

- Mən hələ SSRİ hökumətinin rəhbərlərindən biri olarkən bu sahəni daim diqqət mərkəzində saxlayırdım. Məni keçmiş Sovet ölkəsində mədəniyyətin hamilərindən biri kimi tanıyır və sevirdilər. Dünyada tanınmış mədəniyyət xadimlərinin yubiley tədbirlərinə məni tez-tez dəvət edirlər:

- Məsələn? -Vulfinqson özünü saxlaya bilmədi.

- Bu ilin aprel ayında Parisdə M.Rostropoviçin 70 illik yubileyində iştirak etmişəm.

Vulfinqson təəccübləndi: - Doğrudanmı? Mən də ordaydım, necə olub ki, sizi görməmişəm. Siz harada əyləşmişdiniz?

- 2-ci sırada xanım Şirakanın yanında.

Vulfinqsonun gözləri alacalandı: "- Həə... Yadıma düşdü, yadıma düşdü, o Siz idiniz, hamı maraqlanırdı ki, xanım Şirakanın yanında oturan kimdir... Xatırladım... İlahi! Amma məni amfiteatra "qovmuşdular".

H.Əliyev zarafatla gülümsəyərək dedi:

- Bəs nə bilmişdiniz? Amfiteatr sizin yerinizdir, ora da mənim. Yoxsa gəlib mənimlə yanaşı oturacaqdınız?!

Dünya Bankının sədri əlini-əlinə vuraraq ləzzətlə uğundu və dedi:

- Haqlısınız, əlbəttə, hərənin öz yeri var.

Bəli, cənab prezidentimizin zarafatları da ağıllı və müdrik idi!.

Davam etdi.

- Bu yaxınlarda biz Bakıda M.Rastropoviçin Parisdən sonra böyük bir yubileyini keçirtdik. Onun atası da Azərbaycanın məşhur musiqi müəllimlərindən biri olub. Yaşadıqları evi muzeyə çevirmişik, hər ikisinin adına Azərbaycan Musiqi Akademiyasında təqaüd təyin etmişik. Slava da bizə söz verdi ki, ildə bir dəfə Bakıya gələrək öz zəngin biliyini gənc musiqiçilərə öyrədəcək...

H.Əliyev bir qədər susdu və sadə bir jest etdi.

- Biz ailəlikcə də dostuq. İrina Nyu-Yorkda məni qarşılayanlar arasında idi.

Bunu eşidən Vulfinqson yenidən heyrətlə əllərini bir-birinə vurdu.

- Sən bir işə baxırsanmı. Deməli, o, həmin gün sizi qarşılamağa gedibmiş. Mən onu şama dəvət etmişdim. O isə nəzakətlə imtina etdi ki, Azərbaycandan çox əziz bir qonaq gəlir, mən onu qarşılamalıyam... Aydındır. Mən də Rastropoviçlə yaxın dostam, indi sizə göstərərəm.

O, işçilərdən kiməsə işarə etdi. Qonşu otaqdan bir violonçel gətirdilər.

- Mənə bunu şəxsən Mistislav Rastropoviç özü bağışlayıb. Boş vaxtlarımda, yorulanda çalıram - dedi.

Heydər Əliyev:

- Bunlardan məndə böyük bir kolleksiya var. Hamısını da Slava özü bağışlayıb, - laqeydcəsinə dedi.

Vulfinqson gözləri bərələ-bərələ: - Ola bilməz! O, öz musiqi alətlərinə çox qısqancdır.

- Gələrsiniz, görərsiniz.

Bir şeyi qeyd edim ki, Vulfinqson söhbət zamanı dahi violonçelisti bəzən rəsmi adıyla Mistislav, bəzən də soy adıyla Rastropoviç, prezidentimiz isə tay-tuş kimi daim Slava deyirdi. Bu isə dünya Bankının sədrini hər dəfə riqqətə gətirirdi.

(Doğrudan da sonralar Vulfinqson Bakıya gəldi və deyilənləri gözü ilə gördü)

Sonra Dünya bankının sədri cibindən bir kağız çıxarıb Heydər Əliyev cənablarının qarşısına qoydu və dedi:

- Xahiş edirəm, bura nə isə yazın. Mən bunu göstərib Sizinlə Rastropoviçə görüşdüyümü və dostluğumu sübut edəcəyəm.

Sonda isə dedi:

- Cənab prezident, Siz ki, mədəniyyətə və tanınmış mədəniyyət xadimlərinə belə diqqətlisiniz, bəyan edirəm: Bundan sonra Azərbaycana ildə mədəniyyət məsələlərini daha da yaxşı inkişaf etdirmək üçün on milyon dollar faizsiz kredit ayırıram.

Daha bir hadisə. (Mən belə situasiyaların çox şahidi olmuşam)

"Amoko"nun vitse-prezidenti bir görüşdə dedi: - Cənab prezident, axı, biz necə edək ki, sizi bağlaya bilək, üstünlüyü öz əlimizə alaq. - H.Əliyev cavab verdi: - Siz bunu bacara bilməyəcəksiniz.

Söhbət əsnasında Amerikalı nümayəndələr neft istehsalı və neftin çıxarılması ilə bağlı dünyada birinci olduqlarını qürurla vurğuladılar. Söz altda qalmayan H.Əliyev əsl həqiqəti zarafatla, gülə-gülə açıqladı: - Bakıda ilk neft 1848-ci ildə çıxarılıb. Mən biləni, sizdə neft 1852-55-ci illərdə Pensilvaniya ştatında tapılıb.

Onlar Azərbaycan prezidentinin bu faktı da dəqiq bilmək qabiliyyətinə heyran qaldılar.

 

***

 

Zaman sürətlə irəliləyir. Dünya düzənində hər gün yeni hadisələr və münasibətlər qeydə alınır. Siyasi spektr o qədər rəngarəng və mürəkkəbdir ki, bəzən prosesləri sadəcə olaraq izləmək belə mümkün olmur. Üçünçü minilliyə dövlətlər ərazi bütövlüyü, güclü ordu, həyatı, mənafe zonalarını əldə saxlamaq, öz nüfuzlarını və onların təsiri altında olan ölkələri qorumaqla dünyada mövqelərini daha da möhkəmləndirməyə çalışırlar. Bu cür gərgin və mürəkkəb geostrateji dartışmada "ağıllı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində öz dövlətinə və xalqına xidmət edir. Çünki heç bir dövlət başçısı əbədi deyil, amma onun qurduğu möhkəm sütunlu dövlət isə əbədi olur və banisini bəşər tarixi boyu yaşadır". (Platon)

Biz bunu gördük!

 

Səyyad Aran

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.22-23.