Yüz ilin min il olsun!
Salam, Heydər
baba!
Mayın
10-u Sən dünyaya gələn gündür! Sən
dünya tarixində ən möhtəşəm qələbə
günündən - 9 maydan sonra hər il
yenidən doğulursan. Tale səni möhtəşəm qələbələr
üçün dünyaya gətirib! Düz 100 il öncə Azərbaycan səni gözləyirdi!
Sən zəfərlərimizin dünənisən! Düz 100 il sonra sən Azərbaycanı gözləyirsən!
Sən uğurlarımızın səhərisən! Sən
doğulmamış doğulmuş, sən dünyanı tərk
edəndən sonra ölməmisən! Sən dünəndə,
bugündə, gələcəkdəsən!
Qabiliyyət
Sən
şöhrətli ailədə doğulmadın!
Çünki şöhrəti özün
qazanmalıydın! Qazandın da! Sən dövlətli ailədə
doğulmadın! Çünki dövləti özün
qurmalıydın! Qurdun da! Sən adi, sadə bir ailədə
dünyaya göz açdın! Çünki adi, sadə
insanların əzab-əziyyətinin nə olduğunu bilməliydin
ki, onların halına yanasan!
Yanırdın da!
Sən -
sadə, göygözlü, ağbənizli bir kəndli
balası bilmirdin ki, qarşıda necə bir qeyri-adi tale ilə
üzləşəcəksən, min bir güzəran, çətinliklərin
içində dərslərini hazırlayır, sinif
yoldaşın Zəroşla birlikdə ünlü aktyor,
Naxçıvan tamaşaçılarının sevimlisi
İbrahim Həmzəyevin dərnəyinə gedir;
özünü səhnədə görürdün. Sonra o
balaca Zəroş Naxçıvan səhnəsinin
kraliçası - Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva
oldu! Səni isə başqa tale, başqa gələcək
gözləyirdi! Sən Azərbaycan siyasi səhnəsinin
kralı olmalıydın! Taleyin seçimi insanın istəyindən
güclüdür! Sən taleyin seçimlisi, taleyin sevimlisi
idin! Sən tale və hünərin qovuşduğu, ən
uzaqların ən yaxınlaşdığı məqamda idin!
Sən adidən
aliyə yüksəlməliydin!
Bakıya
gəldin, ali təhsil aldın, dövlət
təhlükəsizliyi orqanlarında qulluğa girdin, Stalin
epoxasının o sərt, çətin illərində
xarakterin, ağlın, bacarığın, qabiliyyətin,
çevikliyin, intizamınla yuxarıların diqqətini
çəkdin, qiymətləndirildin, pillə-pillə
yüksəldin! Tale səni ən böyük mənəvi
dəstəyin - Zərifə xanımla
qarşılaşdırdı. Tale sizi illərlə
sürən imtahana, sınağa çəkdi! Dastanlara
sığmayan sevgi və sədaqətin, sarsılmaz
dözüm və dəyanətin örnəyinə
çevrildiniz! Və qalib gəldiniz - göydə talelər,
yerdə ömürlər qovuşdu! Övladlarınız
dünyaya göz açdı. Onsuz da
ilhamlı idin, daha da ilhamlandın, onsuz da sevilirdin, daha da
sevildin.
Buracan
olanlar Sənin həyatının birinci dönəmi, bura qədərkilər
sənin Qabiliyyətin idi! Sən ali bir
görəvin, böyük bir missiyanın icrası
üçün hazırlanırdın! Bu, taleyin hökmü
idi! Bu sənin
hünərin idi!
Dəvət
...Sonra SSRİ adlı nəhəng imperiyanın başında
duranlar gördülər ki, Azərbaycan taxtında əyləşməyə
səndən layiqli namizəd yoxdur. Hakimiyyətə dəvət
olundun, birinci hakimiyyət
dönəmin başladı.
Qəlbinin də, dilinin də vurğusu bir oldu - Azərbaycan!
Sən Səməd Vurğunun sözlə elədiklərini
işdə həyata keçirməyə başladın!
Kommunist Partiyasının bileti sinənin üstündə, Azərbaycan
sevgisi köksünün altında oldu! Sənin
dərin zəkanın, yenilməz iradənin gücüylə
Azərbaycan adlı qartal öz geniş qanadlarını
açıb SSRİ adlı nəhəng səmada pərvaz
eləməyə başladı. SSRİ-nin bir
sürü şovinisti içində sən Məhəmməd
Hadinin nakam bir arzusunu həyata keçirdin: "Qoymuş miləl
imzasını övraqi-həyata", var "millətimin xətti
ol imzalar içində!"
Sən
millətin hadisi oldun! Qeyriləri bizim
Yevtuşenkomuz var deyəndə, sən bizim də Vahabzadəmiz
var deyirdin. Onlar öz Matevosyanları ilə
qürur duyanda, sən Anarla fəxr edirdin. Onlar Kobzonumuz,
Zıkinamız, Osparyanımız var deyəndə, sən
bizim də Maqomayevimiz, Xanlarovamız var deyirdin. Onlar Rustavelidən,
sən Nizamidən, Nəsimidən, Caviddən, onlar "Data
Tutaşxia", "Sasunlu David"dən, sən
"Koroğlu"dan bəhs edirdin. Onlar gümüşlənmiş
öküz buynuzlarını qaldırıb böyük fəxarətlə
özlərini şərab, bizi "çay oğlu"
adlandıranda sən üzümçülük mədəniyyətini
inkişaf etdirirdin! Sən gürcülərlə
üzüm, özbəklərlə pambıq
yarışına çıxır və qalib gəlirdin.
Sən SSRİ-də ilk Kondisioner zavodunu Bakıda tikdirməklə
bu birincilik şərəfini Pribaltikanın əlindən
alırdın! Sən hər yerdə, həmişə birinci
olmaq üçün dünyaya gəlmişdin!
Özünün yorulmaz yarış ruhunla sən daha nələr
eləmirdin.
Sən SSRİ-ni dindən-imandan eləyir, rus, erməni,
gürcü... bütlərini yıxırdın! Sən SSRİ-yə Azərbaycan
adlı yeni bir inanc gətirir və hamını bu yeni inanca
baş əyməyə vadar edirdin! Sən Şah
İsmayılın "Gülüstan qalası, yoxsa Azərbaycan?"
sualına Azərbaycanı gülüstana çevirməklə
cavab verirdin! Sənin adın bütün SSRİ ilə bir
olmuşdu! Sən Azərbaycanın adını bütün
SSRİ ilə bir eləmişdin!
Bu mümkünsüzü necə mümkün eləyə
bilirdin? Çünki konkret siyasi mənzərəni, tarixi
durumu aydın görən iti zəkanla sağa-sola meyllənməkdən
yan keçir, qızıl ortanı tuta bilirdin. Birmənalı kommunist ideologiyası, yoxsa radikal millətçilik?!
Sən Nizaminin "Bəhram"ı kimi qələbə
tacını bu ifrat və təfrit şirləri arasından
götürürdün! Azərbaycanın gələcəyinə
dair bəlkə də ən böyük xəyallarla
yaşayır, amma nəhəng sovet imperiyasının real
gücü qarşısında xülyalara da
qapılmırdın! Milli incəsənətə, ədəbiyyata
heyrətamiz bir sevgi bəsləyən duyğusal bir
insanıydın! Amma bayağı, populist, siyasi uzaqgörənlikdən
uzaq "vətənpərvərliyə" də uymurdun!
Reallıqla hesablaşmaq və konkret durumda mümkün
olanları eləmək! Sənin ildırım
sürətli siyasi uğurlarının əsasında bu
müdrik qənaət dururdu. Səndə qılınc və
qələm birləşmişdi!
Sən içində olduğun SSRİ siyasi mənzərəsinə
təyyarə uçuşundan baxır, ən yaxından
bildiyini ən uzaqdan görürdün. Bu uzaqgörənliyin,
müdrikliyinlə də xalqımızın tarixi taleyində
silinməz izlər qoydun, arzularımızı gerçəyə
çevirdin!
Buracan
olanlar sənin həyatının ikinci dönəmi, bura qədərkilər
sənin Dəvətin idi! Daha ali görəvin,
daha böyük missiyan hələ qarşıda idi!
Hicrət
Sonra gördülər ki, daha Azərbaycana
sığmırsan. Sonra gördün ki, Azərbaycanı
"on beş qardaş" arasında başa
çıxarmaq üçün başa keçməlisən.
Səni qübbəsinin kölgəsi Şimal
Buzlu Okeandan Xəzərəcən düşən,
beşguşəli ulduzu dünyanın hər yerindən
görünən Kremlə çağırdılar.
Doğma, günəşli Bakıdan yad,
qarlı-çovğunlu Moskvaya hicrət elədin. Amma ruhən
yox, cismən! Əlin həmişə Azərbaycanın
üstündə oldu! Gözün həmişə Azərbaycanın
üstündə oldu! Davan həmişə Azərbaycanın
üstündə oldu! Bir yığın slavyan-erməni şovinisti
arasında tək qaldın! Tale ən böyük mənəvi
dəstəyin olan
Zərifə xanımı da əlindən aldı,
amma ürəyindən çıxara bilmədi! Onun əziz xatirəsinə
ömrünün sonunacan sadiq qaldın!
Həyatının
bu dəhşətli sınaq dövründə nəhəng
bir imperiya qaragüruhu ilə üz-üzə dayandın! Sənin
siyasi peyğəmbərliyinə slavyan-erməni Moskvası biət
eləmədi! Bakıdan da dalınca daş atanlar az olmadı! Yeganə həyanın, tək
dayağın Tanrıya inancın, Azərbaycana sevgin oldu! Azərbaycan
sevgisini sənə bağışlamadılar!
Ağıllısan, müdriksən, Kremlə rəhbərlik
edəcək qədər təcrübəlisən, bir
sözlə, dahisən, amma bizdən deyilsən dedilər!
Slavyan-erməni mühiti sənin timsalında
özünün ən böyük rəqibini gördü və
ən böyük səhvə yol verdi -
SSRİ-ni Qorbaçov yox, sən qoruyub saxlaya bilərdin! Sən
tarixin gedişini dəyişə bilərdin! Tarix bunu duyurdu!
Sən dünyanın mövcud mənzərəsini saxlaya bilərdin!
Dünya bunu başa düşürdü! Vatikana, Qərbə
və Amerikaya özünün bayağı yenidənqurması
və dəhşətli yenidənqırması ilə
Qorbaçov lazım idi! Əliyevdən xilas olmaq
lazımıydı!
Azərbaycan
fobiyası, türk fobiyası, müsəlman fobiyası
baş qaldırdı! Nərimanovu cismən zəhərləyən
slavyan-erməni mühiti səni ev
dustağı elədi, mənən zəhərləmək, mənən
sındırmaq istədi! Bacarmadı! Topxanadan bir ağac kəsdilər,
Azərbaycan dedin! Qarabağ olayları başladı, Azərbaycan
dedin! Yanvar qırğını baş verdi,
Azərbaycan dedin! Tanrı sənə dayaq durdu! Vətən
eşqi sənə güc verdi!
Ölümə qalib gəlib Azərbaycana döndün! Həyatımın
yerdə qalan hissəsini də xalqıma həsr edəcəyəm
dedin!
Buracan
olanlar sənin həyatının üçüncü
dönəmi, bura qədərkilər sənin Hicrətin idi!
Əsas iş, başlıca görəv səni
gözləyirdi! Sən Vətəni xilas etməliydin! Vətən
səni özləyirdi!
Qalibiyyət
Qayıtdın!
Nələr qoyub getmişdin, nələr gördün!
Aclıq, iqtisadi xaos, tüstüsü kəsilən ocaqlar,
müharibə, siyasi hərc-mərclik, zülmətə qərq
olmuş kəndlər, xarici qüvvələrin təhriki ilə
baş qaldıran iğtişaşlar, vətəndaş
qarşıdurması ... və yaddan çıxmış
Qarabağ, bir sözlə, "Yağı səni nerədən
daramış, gözəl yurdum!" Qazan xandan fərqli
atın da yoxuydu ki, boynuna sarılasan! Milli ordu quruculuğuna
başladın, atəşkəsi bərqərar elədin,
siyasi, iqtisadi xaosu, vətəndaş
qarşıdurmasını aradan qaldırdın, ümummilli
birliyə nail oldun,
torpağı kəndliyə verdin, əsrin neft
kontraktını imzaladın,
dünyaya iqtsadi inteqrasiyanın perspektivlərini müəyyənləşdirdin.
Qaçanı qovmadın, aman diləyəni öldürmədin!
Sonuncu məişət əşyalarını satmağa
hazırlaşan sənət adamlarını dilənçiliyin
astanasından qaytardın, ədəbi-mədəni həyatı
öz ritminə saldın... Və öz tarixi missiyanı
başa yetirdin - çağdaş Azərbaycanın iqtisadi,
siyasi, hərbi, mədəni bünövrəsini qoydun! Qalib gəldin!
Amma qarşılığında ürəyini, həyatını
verdin...
Bu, sənin
həyatının - dördüncü dönəmiydi! Bu, sənin
Qalibiyyətin idi! Sən Azərbaycan siyasətinin peyğəmbəri
idin! Sənin Quranın qurduğun Azərbaycan idi! Bu gün
üçrəngli, ay-ulduzlu qutsal bayrağımız kimi sənin
ölməz ideyaların da Vətən göylərində
qürurla, inamla dalğalanır! Sən dünəndə,
bugündə, gələcəkdəsən! Sən əbədiyyətdəsən!
Yüz
yaşın mübarək, Heydər baba!
Yüz
ilin min olsun, Ulu Öndər!
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2023.- 6
may.- S.25.