Müstəqillik dövrü nəsrində
Heydər Əliyev
Ulu
Öndər Heydər Əliyev həyatda var ikən, ədəbiyyatda
obrazını yaratmağa çox az
yazıçılar ürək etmişlər. Çün
akademik Teymur Kərimlinin dediyi kimi: "Nəhənglər məsafədən
(istər məkan, istərsə də zamanca olsun) daha
aydın görünürlər, onların nəhəngliyi
daha bütöv şəkildə üzə
çıxır, ətrafdakılar tərəfindən bir
sistem kimi qavranılır. Azərbaycan xalqının öz zəngin
və keşməkeşli tarixi boyu yetirdiyi ən böyük
şəxsiyyətlərin ön sıralarında duranlardan
biri olan, xalqımızın tarixi taleyinin müəyyənləşməsində
müstəsna rol oynayan və bu taleyi əbədi bir səadət
məcrasına salan Heydər Əliyev dühası da bu
baxımdan istisna təşkil etmir..." (Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı.
Bakı, "Şərq-Qərb", 2009, s. 92)
Digər tərəfdən, belə görünür ki,
Ulu Öndərin əzəmətli aurası, şəxsiyyətinin
miqyası, çox nəhəng fəaliyyətinə
özünün də təvazökar yanaşması və tələbkarlığı
yazıçılara bu şansı verməmiş, mövzuya
həssas və ehtiyatlı yanaşmağa vadar etmişdir. Yazıçı Əjdər
Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər"
kitabında belə bir "olmuş əhvalat"
xatırlanır: "Bir dəfə hansı bölgəyə
səfərdəsə "Uzaq sahillərdə" filmində
Mehdi Hüseynzadə rolunun ifaçısı aktyor Nodar
Şaşıqoğlu da Heydər Əliyevlə birgə
olur. Yazıçı Anar danışır ki,
görüşlərin birində elə məqam yaranır
ki, Nodar Şaşıqoğlu Heydər Əliyevə ərklə
deyir: "-Yoldaş Əliyev! Məndən muğayat olun, bir
də gördünüz ki, Sizin rolunuzu
oynayıram!" Heydər Əliyev halını dəyişmədən
ona belə cavab verir: -Buna ehtiyac yoxdur, mən öz rolumu
özüm oynayıram!" (Əjdər Ol, "Canlı lətifələr,
əhvalatlar, deyimlər", Bakı, "Qanun", 2015, s.
14-15) Yumorla deyilmiş bu sözlərdə
böyük həqiqət gizlənir. Nə
qədər şərəfli olsa da, bugün belə, Heydər
Əliyevin obrazını nəinki səhnədə, ədəbiyyatda
belə canlandırmaq yazıçıdan böyük ürək
və sənətkarlıq qüdrəti istəyir.
Yerindəcə vurğulamaq gərəkdir ki, Əjdər
Ol Heydər Əliyev haqqında "olmuş əhvalatlar"ı
ilk olaraq toplamağa başlamış, Ulu Öndərin
öz izniylə "Müdriklik anları" (1996) və daha
sonra təkmilləşdirərək "Müdriklik"
(1998) kitablarını nəşr etdirmişdir. Yazıçı
xatırlayır: "Azərbaycan
yazıçılarının X qurultayı ərəfəsində
ölkə prezidenti Heydər Əliyev biz gənc
yazıçıları qəbul edərkən mən
"Müdriklik anları"nın ilk kitabını ona
bağışlayıb söz vermişdim ki, yaxın
zamanlarda bu kitabı daha dolğun şəkildə üzə
çıxardacağam. O "Gözləyəcəyəm"
demişdi..." (Əjdər Ol, Müdriklik.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, s. 13)
Ulu Öndər həyatda ikən, yazıda portretini
cızmağa yalnız ünlü yazıçılar ərk
etmişlər. Bu sıradan Elçinin "Dünya axirət əkini"
(1992), "Tarixlə üz-üzə dayanmış adam" (1995), Anarın "Şəxsiyyətin
miqyası" (1998) esselərini göstərmək olar. Yaxından müşahidələr əsasında hər
iki yazıçı ilk növbədə Heydər Əliyev
şəxsiyyətinin tarixi unikallığına diqqət
çəkir və təfərrüatlı düşüncələr
zəminində bunu təsbit edirlər.
Elçin
hələ 1995-ci ildə, dahi şəxsiyyətlə
müasirlikdən doğan bir ehtizazla yazırdı: "Heydər
Əliyev özü tarixi məsuliyyəti dərindən
dərk edən bir şəxsiyyətdir. Bəzən
mənə elə gəlir ki, yalnız mühüm qərarları
qəbul edərkən yox, adicə gündəlik qayğıların
həllində də o, tarixi ona baxan, onun hərəkətlərini
izləyən bir varlıq kimi yanında hiss edir. Elə
bilirəm ki, təəssüratım məni aldatmır, belə
də var, çünki söhbət daxilən zəngin və
emosional, amma impulsivlikdən uzaq, ən gərgin
çağlarda belə, özünü səfərbərliyə
almağı bacaran, iradəli və qorxmayan, çəkinməyən,
özünə inanan və öz böyük
imkanlarını qiymətləndirməyi bacaran unikal bir şəxsiyyətdən
gedir - müstəqil Azərbaycanı bu günün keşməkeşli
yolları arasından magistral müəyyən edib bir dövlət
kimi gələcəyə doğru aparan şəxsiyyətdən"
(Elçin, Seçilmiş əsərləri, 6-cı cild,
Bakı, "Çinar-Çap", 2005, s. 239-240)
Anar
1998-ci ildə, ölkədə cərəyan edən hadisələrin
içindən, daha da epik tərzdə ümumiləşdirir:
"Şəxsiyyətlərin miqyası, bir tərəfdən
onların öz zamanlarında gördükləri işlərin,
yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata
keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi
ilə, təsir dairəsi ilə ölçülürsə,
digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla,
uzun illər, dövrlər müddətində hadisələrin
gedişatını yönəltməsi ilə müəyyənləşir.
Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir..."
(Anar, Unudulmaz görüşlər, Bakı, "Təhsil",
2009, s. 32.)
Esseistika ilə yanaşı, Heydər Əliyevin tarixi
hünərləri zamanında elmi publisistikada da gündəmə
gəlmiş, tarixi obrazını yaratmağa cəhdlər
olmuşdur.
Bu sıradan akademiklər İsa Həbibbəylinin "Heydər
Əliyev və Naxçıvan Dövlət Universiteti"
(2002), Nizami Cəfərovun "Heydər Əliyev və
Atatürk" (1999), Səlahəddin Xəlilovun "Heydər
Əliyev və azərbaycançılıq məfkurəsi"
(2002) kitablarının, o cümlədən AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun 1998-ci ildə
hazırladığı, ikinci nəşrində (2009)
Dövlət mükafatına layiq görülmüş
"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı"
monoqrafiyasının (müəlliflər: Bəkir Nəbiyev,
Yaşar Qarayev, Teymur Kərimli, Məhərrəm
Qasımlı, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə,
Nikpur Cabbarlı) adını bugün burda çəkmək
doğru olar.
Sonralar da Heydər Əliyevin yazıda portretini cızmaq
cəhdlərində esseistika və elmi publisistika ümdə
olmuş, onlarla əsərlərdən bütöv sıra ədəbiyyat
yaranmışdır.
Ulu Öndərin vəfatından sonra xatirəsinin və
obrazının ədəbiyyatda əbədiləşdirilməsi
daha da vüsət almış, ictimai-tarixi zərurət və
mənəvi borc olaraq ədəbiyyatda Heydər Əliyev
mövzusu aktuallaşmışdır. Anarın "Unudulmaz
görüşlər" əsərində
xatırlatdığı kimi: "Heydər Əliyev
haqqında çox yazılıb, qalın-qalın kitablar
çıxıb. İllər keçdikcə
daha da çox yazılacaq, tarixin süzgəcindən
keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək,
dünyada və ölkəmizdə baş verəcək
olayların, gələcək hadisələrin kontekstində
onun xidmətləri daha dərindən dərk ediləcək.
Amma bu, gələcək nəsillərin
işidir. Bugünkü nəsillərin, onun
çağdaşlarının, özəlliklə onunla bu və
ya digər dərəcədə təmasda olanların borcu isə
Heydər Əliyevlə bağlı anılarını, xatirələrini
yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin
obrazının müxtəlif çalarlarını,
ayrıntılarını sənəd kimi tarixin malı etməkdir..." (Anar, Unudulmaz
görüşlər, Bakı, "Təhsil", 2009, s. 42.)
Bu məqamda memuar ədəbiyyatı və bədii-sənədli
nəsr önə çıxmışdır. Anarın
"Unudulmaz görüşlər" (2009), Mövlud
Süleymanlının "Qırx ilin yeddi
görüşü" (2012), İsa Muğannanın "Həyatımdan
səhifələr" (2010), Vidadi Babanlının
"Unutmadığım günlər" (2007), Səyyad
Aranın "Heydər Əliyevin Amerika fəthi" (2003),
Hüseynbala Mirələmovun "İşığın izi
ilə" (2004) əsərlərində bu və ya digər
rakursdan, Ulu Öndərlə görüşlərdən
doğan canlı təəssürat əsasında, həyatının
ən müxtəlif mərhələləri
işıqlanmış, tarixi obrazı təcəssüm
tapmışdır. O cümlədən "Unudulmaz
görüşlər" memuar ədəbiyyatının
sanballı nümunəsi olub, hadisələr, faktlar,
görüşlər, rəngarəng cəmiyyət və mədəniyyət
mənzərələri fonunda dahi Şəxsiyyətin ədəbiyyatdan
görünən portretini yarada bilir (bu barədə ayrıca
məqaləm var - bax: "Ədəbiyyat qəzeti", 18
fevral 2023-cü il) Qeyd olunmalıdır ki,
Anarın "Unudulmaz görüşlər"i Dövlət
tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev əsəri
Heydər Əliyev mükafatına layiq
görmüşdür.
Ədəbiyyatda
Heydər Əliyev mövzusunun möhkəm təməlini qoymuş
daha iki əsər: Viktor Andriyanov və Hüseynbala Mirələmovun
"Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən
"Heydər Əliyev" (2007; 2008) və Elmira
Axundovanın altı cilddə, iri həcmli "Heydər
Əliyev: şəxsiyyət və zaman" kitabları
(2007-2013) rəğbətlə qarşılanmış, ədəbi-mədəni
ictimaiyyətin təqdirini qazanmışdır. Ulu Öndərin ilk bioqrafları dahi şəxsiyyətin
həyatını, zəngin və nəhəng fəaliyyətini
təfərrüatlı araşdırmış və məhz
bədii-sənədli janrda qələmə almışlar.
Hər iki əsər rus və Azərbaycan dillərində
böyük tirajla nəşr olunaraq ölkədən kənarda
da böyük maraq doğurmuşdur. Hər iki əsərdə
Heydər Əliyev obrazı geniş zaman və tarix kontekstində
işıqlandırılmış, həyatının
bütün mərhələlərini ehtiva etməklə,
geniş materiallar, sənədlər, canlı şahidlər
və xatirələrin dili ilə, eyni zamanda yüksək
ideya-bədii sənətkarlıqla, iti yazıçı
müşahidəsi, ümumiləşdirmə
bacarığı, təsvir və təcəssüm
ustalığı, dərin təhlillər və şərhlərlə,
sirayətedici, oxucunu daim maraq təsirində saxlayan bədii
üslubda qələmə alınmışdır. O da qeyd
olunmalıdır ki, Elmira Axundovanın altı cildliyi Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev
mükafatına layiq görülmüşdür.
Ədəbiyyat
zaman sənətidir; ola bilməz ki,
1990-cı illər Azərbaycanını dərk və təcəssüm
etməyə çalışan nəsr əsərləri -
romanlar, povestlər, hekayələr bu və ya digər şəkildə
Heydər Əliyev mövzusundan yan keçə bilə. Məxsusən də ictimai-siyasi janrda bədii əsərlər.
Müstəqillik dövrü nəsrinin ən
yaxşı nümunələri də bunu təsdiq edir.
1990-cı illərin çətin ictimai-siyasi həyatını,
müstəqillik yolunun ağırlığı və ziddiyyətlərini
əks etdirən bir sıra bədii əsərlərdə -
Sabir Rüstəmxanlının "Xətai yurdu" (2003) və
"Akademikin son əsəri" (2017) romanlarında, Aqil
Abbasın "Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz" (1999) povesti və "Dolu" (2007)
romanında, Sabir Əhmədlinin "Kef" (1999), Səfər
Alışarlının "Maestro" (2003) romanlarında,
Afaq Məsudun "Azadlıq" (1998) romanı və
"Dahi" (1994) hekayəsində, Əjdər Olun
"Lo" (2019), Səyyad Aranın
"Başdaşı" (2020) romanlarında bilavasitə, və
ya güman olunan prototiplərdə ani olaraq gözümüz
qarşısında Heydər Əliyevin tarixi obrazı
canlanır və hadisələrə, zamana, epoxaya
möhürünü qoyur. Çox maraqlıdır ki, bu
sırada bədii detektiv janrı da var; Çingiz Abdullayevin,
Elmira Axundovanın, İsa Nəcəfovun bu janrda qələmə
aldığı əsərlərində Ulu Öndərin
xilaskarlıq missiyası gərgin hadisələr fonunda qələmə
alınmışdır.
Ümumən,
tarixi planda yanaşdıqda: Heydər Əliyev obrazı bədii
nəsrdə ən çox Xilaskar kimi, xilaskarlıq
missiyası ilə təqdim və təfsir olunur. Həm də
üç məqam, üç səciyyədə:
1) Hələ
dövlət təhlükəsizlik sahəsində
çalışdığı zaman Heydər Əliyev milli
insanın xilaskarı kimi çıxış edir; neçə-neçə
milli düşüncəli gəncləri qoruyur, həbs
olunmaqdan, ölümdən xilas edir; dissidentizmdən
yayındıraraq milli quruculuq proseslərinə yönləndirir.
Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət
və zaman", Anarın "Unudulmaz görüşlər",
Hüseynbala Mirələmovun "Xəcalət", Əjdər
Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər"
əsərlərində, xüsusən Tofiq Abdinin
"Dövlət çevrilişi" povesti və Mövlud
Süleymanlının "Qırx ilin yeddi
görüşü" memuarında bu obrazın təfərrüatları
əksini tapıb.
2)
Respublikanın, Sovet Azərbaycanının xilaskarı
obrazı. 1969-1982-ci illərdə Heydər Əliyev Sovet
İttifaqının müttəfiq respublikalarından biri olan
Azərbaycan Sovet Sosialist Respublikasına
başçılıq etmiş, rəhbərliyi
dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd
təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat
və incənəsəti inkişaf etmiş, bu dövrdə
xalqın ictimai və milli şüuru artmış, müasir
dünya səviyyəsinə yüksəlmişdir. Amma
maraqlıdır ki, həmin dövrdə(n)
Heydər Əliyev ədəbiyyatın yaddaşında
heç də kommunist lider, partokrat məmur, yaxud Anarın
yazdığı kimi: "Moskva emissarı" yox, əksinə,
dissident obrazı ilə yer almışdır. Bəlkə
də burda bir qanunauyğunluq gizlənir. Əjdər
Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər"
kitabında belə bir "olmuş əhvalat" var:
"Yazıçıların X qurultayında
çıxış edən Heydər Əliyev sovet
dövründə Azərbaycan
yazıçılarının cəsarətindən söz
açıb dedi: "-Əslində, o dövrdə elə
siz hamınız dissident olmusunuz". Rəyasət Heyətində
oturmuş yazıçı Anar ayağa durub, üzr istəyərək
Heydər Əliyevin fikrinə qoşuldu: "-Hörmətli
Prezident, bir dəfə çıxışınızda
dediniz ki, sovet dövründə ən böyük dissident mən
olmuşam". Heydər Əliyev məmnun halda Anarın
sözünü təsdiqlədi: "- O da doğrudur! O zaman
Kommunist partiyası daxilində ən böyük dissident mən
idim!"
Anar,
Elmira Axundova, Viktor Andriyanov və Hüseynbala Mirələmov
Respublikanın başçısı kimi Heydər Əliyevin
tarixi missiyasını, həyatın və cəmiyyətin
bütün sahələrində apardığı islahatlara
görə "xilaskar" obrazı ilə səciyyələndirmişlər.
Əgər bura qədər, dövlət təhlükəsizliyi
sıralarında onun fəaliyyəti milli insanın xilası
naminə yönəlmişdisə, bu dəfə daha
böyük miqyasda - ətalətə, durğunluğa,
staqnasiyaya mübtəla olmuş respublikanın, ölkənin
qurtulmasına yönəlir. Vidadi Babanlının
"Unutmadığım günlər", İsa
Muğannanın "Həyatımdan səhifələr",
Anarın, Elçinin, Maqsud İbrahimbəyovun, Mark Verxovskinin
və b.-nın memuar əsərlərində bu dövrün
təsərrüfat və mədəniyyət quruculuğu
proseslərində Heydər Əliyevin portret çizgiləri
yaxından müşahidələr əsasında qələmə
alınmışdır.
3) Ən
nəhayət, millətin, xalqın, müstəqil dövlətçiliyimizin
Xilaskar obrazı. Bu obraz bəzən ani də
olsa, onlarla bədii əsərdən keçir. Qeyd olunduğu kimi, yazıçılar
dövrün hadisələrinə yalnız bədii-sənədli
nəsrdə deyil, detektiv janrında da müraciət
etmiş, bir-birinin ardınca Elmira Axundova və İsa Nəcəfovun
"Naşirin ölümü" (2000), İsa Nəcəfovun
"Gecə yarısında qətl" (2000), Elmira
Axundovanın "Şüşə saray" (2007) siyasi
detektivləri, Çingiz Abdullayevin "Qanın üç rəngi"
(2001) detektiv romanı yaranmışdır.
Adı çəkilən romanlarda bu və ya digər həcmdə
Heydər Əliyevin obrazı yer alır. Yazıçılar tarixən
bəlli olan həqiqətləri - dövlət müstəqilliyini
əldə etdikdən sonra Azərbaycan xalqının daxili
ziddiyyətlər və xarici təzyiqlər nəticəsində
az qala onu itirməsinə qənşər Ulu Öndərin
siyasət meydanına qayıdıb, nəhəng bir atlant kimi
xilaskarlıq missiyasını çiyinlərinə
götürməsi, Müstəqil Azərbaycanın taleyini həll
etməsi hadisələrini bədii nəsrin həqiqətinə
çevirə bilmiş, müstəqilliyin heç də asan
qazanılmadığı, bu yolda ən çox Heydər
Əliyev dühasına, Heydər - Xalq sevgisinə borclu
olduğumuz ideyasını aşılaya bilmişlər.
Müstəqillik
dövrü nəsr əsərlərində Ulu Öndərin
obrazı xilaskarlıq missiyası ilə yanaşı,
ümummilli lider, böyük dövlət xadimi və siyasətçi,
müasir Azərbaycanın, müstəqil Azərbaycan
dövlətinin memarı, mədəniyyət və cəmiyyət
qurucusu, milli mənəviyyatın qoruyucusu, ədəbiyyat və
sənət bilicisi, ali və dahi insan, möhtəşəm
şəxsiyyət, ən böyük azərbaycanlı və
s. məqamlarda da təsvir olunmuş, ədəbiyyat
çoxyönlü, çoxcəhətli, universal keyfiyyətlərin
vəhdətini qapsayan Heydər Əliyev obrazının
bütövlüyünü təqdim etməyə
çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin tarixi obrazının
bu və ya digər qədər ədəbiyyatlaşmasına
rəğmən, o da etiraf olunmalıdır ki, həyat yolunu
bütövlükdə ehtiva edən, işıqlandıran
ayrıca bədii əsər, tarixi roman
yazılmamışdır. Bütün çətinliyi
və məsuliyyəti ilə birgə, görünür ki,
bu hələ yaxın gələcəyin işidir.
Xüsusən də Vətən müharibəsində tarixi qələbəmiz,
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
Şuşanın alınması günü möhtəşəm
çıxışının işığında,
"ata vəsiyyəti"nin, Ulu Öndərin
mübarizə yolu, məqsəd və məramının həyata
keçməsi məqamında bu ədəbi-tarixi zərurət
daha da aydın görünür. Necə ki, Azərbaycan
xalqının taleyində həlledici rol oynamış
Ş.İ.Xətai, M.F.Axundzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə
kimi tarixi şəxsiyyətlər barəsində tarixi
romanlar qələmə alınmışdır, o cümlədən
Ulu Öndər Heydər Əliyevin möhtəşəm
obrazının bədii-sənədli nəsrdə olduğu
kimi, romançılığımızda da yaranacağı
günün uzaqda olmadığına inanırıq.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.26-27.