İki əbədiyyət: Heydər
Əliyev və Hüseyn Cavid
Ulu
öndər Heydər Əliyev və mütəfəkkir-şair
Hüseyn Cavid... Xalqımız üçün misilsiz xidmətlər
göstərmiş iki dahi, iki böyük şəxsiyyət...
Onların adlarının qoşa çəkilməsi
təsadüfi deyil, çünki Heydər Əliyev deyəndə,
Hüseyn Cavid, Hüseyn Cavid deyəndə, Heydər Əliyev
anılır.
Ümummilli
lider Heydər Əliyev ömrünü xalqın yolunda sərf
etmiş fenomenal bir dövlət xadimi, böyük siyasət
adamı, görkəmli filosof-şair Hüseyn Cavid isə əsərləri
ilə adını ədəbiyyat tariximizə
yazdırmış bənzərsiz bir söz ustadı idi...
Heydər Əliyev müasir Azərbaycanın, Hüseyn
Cavid isə Azərbaycan ədəbiyyatında milli romantik
şeirin, mənzum dram və faciə janrlarının
banisidir. Bu
iki nəhəng şəxsiyyət arasında, onların
cahanşümul əməlləri arasında bənzərliklər
saysız-hesabsızdır və bu oxşarlıqda biri-birini
tamamlayan cəhətlər də az deyil.
Ulu öndər monumental iradəsi ilə ən çətin
anlarda belə, geri çəkilməyən, mətin,
uzaqgörən, xalqını öz arxasınca irəli
aparmağı bacaran bir siyasətçiydi. Hüseyn Cavid
isə bunları şair, qələm sahibi ipostasında
bacarmışdı. Heydər Əliyev bir siyasətçi
kimi buna nail olmaq üçün ümummilli siyasi təfəkkürdən,
təmsil etdiyi dövlətin adından bütün xalqa xitab
edirdi, Hüseyn Cavid isə bir söz zadəganı kimi öz
adından və hər bir insana ayrı-ayrılıqda səslənirdi.
Bəli, Heydər Əliyev siyasət nəhəngi
idi. Amma o, ağır Sovet siyasi konyunkturu
şəraitində belə, ön plana hər şeydən
öncə yalnız siyasi kimliyi ilə deyil, insaniyyəti, vətənpərvərliyi,
millətsevərliyi ilə çıxırdı. Milli köklərə, tarixə, mədəniyyətə,
ədəbiyyata bağlılıq və bu mənada nəhayətsiz
təəssübkeşlik Ulu öndərin siyasi fəaliyyətinin
özəyini təşkil edirdi.
O,
bütün varlığı ilə siyasət adamı olsa
da, bir çox sahələri elə dərindən bilir və
müxtəlif mövzularda elə danışırdı ki,
dinləyənlər onu məhz həmin sahənin mütəxəssisi
zənn edirdilər. Ulu öndərlə bağlı xatirələrdən
birində bununla bağlı maraqlı bir məqama
toxunulmuşdur: "...1960-cı illərdə Azərbaycan SSR
Dövlət Təhlükəsizliyi Komitəsinə kəşfiyyat
məlumatı daxil olur ki, Fransada yaşayan yaşlı bir
soydaşımızda hansısa qədim əlyazmalar var və
onların tarixi əhəmiyyəti olduqca böyükdür. Qərara alınır ki, həmin əlyazmalar Azərbaycana
repatriasiya olunsun. O vaxt Heydər Əliyev professor Abbas
Zamanovla görüşərək bu işi ona həvalə
edir. Heydər Əliyevin kabinetində baş tutmuş həmin
görüşdən çıxdıqdan sonra Abbas Zamanov
vaxtilə tələbəsi olmuş və onu bu
görüşə dəvət etmiş DTK zabiti Ramiz Məmmədzadəyə
sual edir:
- Ramiz,
Heydər Əliyevin ixtisası nədir?
- Bilirəm
ki, tarixçidir, amma ixtisası üzrə
çalışmayıb.
- Məgər,
o filoloq deyil?
- Xeyr, Abbas müəllim, dəqiq bilirəm ki, o filoloq
deyil".
Heydər Əliyevin siyasətində ədəbiyyat
ayrıca bir mənəvi söykənəcək, dayaq, qida mənbəyi
rolunu oynayırdı. Hüseyn Cavid isə siyasət adamı
deyildi, o, bir ədəbiyyat nəhəngi olaraq
yaşayıb-yaratmışdı. Şairin
dil-ifadə zərifliyi, güclü və ziddiyyətli hadisələri
toqquşdurma bacarığı, kompozisiya qurmaq səriştəsi,
süjet dolğunluğu yaratmaq imkanı yazdığı əsərlərin
bədii-estetik cazibəsini, məna tutumunu, fikir genişliyini
dəfələrcə gücləndirmiş və Cavidi
dövrünün başqa şairlərdən fərqləndirmişdi.
Təsadüfi deyil ki, onun əsərləri
milli poeziyamızın incilərindən sayılır.
Bununla belə, yəni romantizm cərəyanın
nümayəndəsi olmasına baxmayaraq, Cavidin əsərlərində
dövrün real siyasi vəziyyəti, bu siyasətdən
doğan nəticələr də kifayət qədər
ustalıqla əks etdirilmişdir. Hüseyn Cavid XX əsrin əvvəllərində
formalaşmış siyasi mənzərəni, siyasi gərdişi
dərindən duyur, lakin siyasi konyunkturun tələb etdiyi
"sovet vətəndaşının lirikası"nı yaratmırdı. Onun belə
demək mümkünsə, həm də siyasət içərən
poeziyası sovet ədəbi konsepti kimi qanuniləşdirilmək
üçün "yararsız" idi. Çünki
Hüseyn Cavid ədəbiyyata diqtə ilə yaratmaq
üçün gəlməmişdi.
Elə Heydər Əliyev də heç bir siyasi diktəni,
təzyiqi qəbul etməyən, müstəqil, güclü
və mütəfəkkir bir dövlət
başçısı idi. Onların hər ikisi
həyatlarını haqq yolunda mübarizədə
keçirmiş və əbədiyyətə şərəfli
adla qovuşmuşlar.
1937-ci ildə Hüseyn Cavid vətənpərvər əsərlərinə
görə həbs və sürgün edilərkən Heydər
Əliyev 14 yaşlı bir yeniyetmə idi. Qaynaqların
yazdığına və özünün də təsdiq
etdiyinə görə, tay-tuşları arasında ədəbiyyata,
xüsusən dramaturgiyaya güclü meyl göstərən
bir gənc kimi böyüyürdü. İnamla demək
olar ki, o dövrün ən böyük dramaturqlarından olan
Hüseyn Cavidin yaradıcılığı ilə də
yaxşı tanış idi.
Naxçıvan
Pedaqoji Məktəbində təhsil alarkən sənətin
bütün növlərinə, o sıradan da teatra
böyük maraq göstərən Ulu öndər məktəbin
dram dərnəyinin aparıcı üzvlərindən biri
olarkən, o dövrdə tələbə gənclər
arasında populyar olan başqa tamaşalarla yanaşı,
Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində də
baş rolu böyük uğurla ifa etmişdi. Və
Hüseyn Cavid yaradıcılığı ilə bu cür
tanışlıq bir neçə onildən sonra böyük
sevgiyə çevriləcəkdi.
1981-ci ildə
Cavid irsinin öyrənilməsinin, təbliğinin daha da
yaxşılaşdırılması və bir il sonra Azərbaycanın
bu böyük sənətkarının nəşinin uzaq
Sibirdən Vətənə qaytarılması, xatirəsinin əbədiləşdirilməsi
Heydər Əliyevin ədəbiyyat təəssübkeşliyinin
yüksək göstəricisi idi. Cavidin 100 illik
yubileyi ilə bağlı o illərdə Ulu öndərin təşəbbüsü
ilə bir çox işlər görüldü. Amma...
1990-cı ildə dünyada gedən qlobal ictimai-siyasi
hadisələrin nəticəsində doğma yurdu
Naxçıvana qayıdan Ümummilli liderimiz ilk növbədə
Cavidin məzarı üstə getmiş və gördüklərindən
heyrətə gəlmişdi.
1992-ci ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində
çalışarkən Hüseyn Cavidin 110 illik yubileyi
münasibətilə keçirilən
yığıncaqdakı nitqində Ulu Öndər həmin
hadisəni səmimi bir həyəcanla belə
xatırlayırdı: "Fikirləşirdim ki, məqbərə
yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin
üstü götürülüb. Ancaq gedib
oradakı vəziyyəti gördüm, təəssüfləndim,
çox narahat oldum".
Həmin
müşavirədə Heydər Əliyev başqa məqamlara
da toxunmuşdu: "1981-ci ildə Azərbaycan KP MK, Azərbaycan
Nazirlər Soveti Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar
qəbul edərkən, bir çox tədbirlərin həyata
keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin
vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda
və Naxçıvanda yaşadığı evlərdə
ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin
Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı
üzərində məqbərənin yaranması,
Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması,
Hüseyn Cavidin əsərlərinin geniş yayılması,
dərc olunması, rus dili və başqa dillərə tərcümə
olunması, təqdim olunması. Təəssüf
ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində
həyata keçirilməyibdir. Bu gün
qeyd olunur ki, bu işlərdə mənim, Heydər Əliyevin
təşəbbüskarlığı olubdur. Bəli, olubdur, ancaq mən bunu özüm
böyük bir nailiyyət hesab etmirəm. Bu mənim sadəcə vətəndaşlıq
borcum olubdur. Mən vətəndaşlıq
borcumu yerinə yetirdiyimə görə, şübhəsiz
ki, təsəlli tapıram".
Çox
keçmədi ki Ulu öndər vədinə əməl edərək
Naxçıvanda Hüseyn Cavidin məzarı üzərində
möhtəşəm bir məqbərənin
ucaldılmasına nail oldu.
1996-cı
il oktyabrın 29-da həmin məqbərənin
təntənəli açılışı
üçün Naxçıvana yola düşən Prezident
Heydər Əliyev Bakının Binə hava limanında
jurnalistlərə müsahibə verərkən demişdi:
"Mən Naxçıvana birinci növbədə
Hüseyn Cavidin məqbərəsinin tikilib başa
çatması münasibətilə gedirəm. Oktyabrın 24-də
Hüseyn Cavidin anadan olmasının 114-cü ili
tamam olmuşdur. Bilirsiniz ki, bu məqbərənin
tikilməsi barədə biz hələ 1982-ci ildə qərar
qəbul etmişdik, ancaq o tikilməmişdi və bu işə
fikir verilməmişdi. Biz artıq bu məsələni
də həll etdik. Mən bu işi də
başa çatdırmışam. Məqbərənin
açılışı olacaqdır. Azərbaycan
ziyalılarının böyük bir dəstəsi, Milli Məclisin
üzvləri mənimlə birlikdə oraya gedirlər. Bu, əlamətdar bir hadisədir. Güman edirəm ki, bu, Azərbaycanın həm mənəvi,
həm də mədəni həyatında böyük bir hadisə
olacaqdır".
Ulu öndər Heydər Əliyev və filosof-şair
Hüseyn Cavid mövzusundan bəhs edərkən bu iki dahi
arasında canlı körpü rolunu oynamış Cavid
qızı Turanın fəaliyyətindən də
danışmağa ehtiyac var.
Əgər
böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını
son dərəcə zənginləşdirən ölməz əsərlər
qoyub getdisə, Turan xanım da bu əsərlərin son
mükəmməl nəşrini hazırlayıb öz
xalqına təhvil verdi, sonra isə
arın-arxayınlıqla, rahatlıqla həyatın keşməkeşlərində
bir qədər sərtləşmiş, amma həmişə
intellekt və əsilzadəlik süzülən gözlərini
yumdu.
Heydər
Əliyevin və Turan xanımın ən böyük
müştərək yadigarlarından biri olan Hüseyn Cavidin
ev muzeyində böyük ədibin unikal
bir dördcildliyi saxlanılır. Bu
dördcildliyin hər səhifəsində Turan xanımın əli
ilə edilmiş minlərlə düzəliş vardır.
Bu, Turan xanımın Cavid irsinin bərpası
uğrunda çəkdiyi titanik zəhmətin əyani
göstəricisidir. Turan xanım öz zəhmətinin
bəhrəsini - Hüseyn Cavidin latın
qrafikalı yeni Azərbaycan əlifbası ilə nəfis
şəkildə kütləvi tirajla çapdan
buraxılmış beşcildliyini görməsə də, həmin
nəşri əlinə alan hər kəs Turan xanımı xəyalən
görür, onun ruhuna qəni-qəni rəhmətlər
oxuyur. Bir övlad kimi Turan xanımın borcunu ləyaqətlə
yerinə yetirmək nişanəsi olan bu nəşr ona ən
böyük abidədir.
Turan xanımın illər boyu üzərində zəhmət
çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə
gətirdiyi "əsərlərdən" biri də
Hüseyn Cavidin Ev-Muzeyidir. Yuxarıda qeyd etdiyimiz
kimi, bu muzey də Cavid irsinin böyük himayəçisi,
Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi
və bir rəhbər kimi qayğısı nəticəsində
yaradılmış və 2012-ci ildə Cavidin 120 illik yubileyi ərəfəsində
Ulu Öndərin şəxsən iştirakı və
xeyir-duası ilə açılaraq Cavidsevərlərin
ixtiyarına verilmişdir.
Heydər Əliyev muzeydə yaradılmış ekspozisiyanın
ilk tamaşaçısı olmuş və Turan xanımla səmimi
söhbət etmişdi. Bu söhbətdə Heydər Əliyevə
xas olan müdrikliklə sadəliyin üzvi sintezi, Hüseyn
Cavidin həyat və yaradıcılığına, Cavid
dövrünün ictimai-ədəbi mühitinə dərindən
bələdliyi bir daha özünü göstərməkdədir.
Açılışdan sonra Ulu öndər tərəfindən
muzeyin rəy kitabına yazılmış sözlər Heydər
Əliyevin Hüseyn Cavid irsinə və taleyinə əvəzolunmaz
qayğısının inikası idi. Və bu məqamda Ulu öndərin
qələmindən süzülmüş o səmimi ifadələr
bir daha yada düşür: "Bu gün böyük şair
və dramaturq dahi Hüseyn Cavidin anadan olduğu bir gündə
onun ev-muzeyini açarkən dərin həyəcan və fərəh
hissi keçirdim.
Cavidin cənazəsini
20 il bundan öncə uzaq Sibirdən
doğma vətəninə gətirdik, onu doğma
torpağına qovuşdurduq. Sonra onun qəbri
üzərində gözəl bir məqbərə
ucaltdıq. Bu gün isə ölməz sənətkarımızın
ev-muzeyini açdıq. Bütün bu
işlərin gerçəkləşdirilməsi yolunda nə
qədər böyük çətinliklərlə üzləşsək
də, tale bizə Hüseyn Cavid ruhu qarşısında vətəndaşlıq
borcumuzu yerinə yetirmək şərəfini qismət etdi.
Bu gün
mənə elə gəlir ki, Hüseyn Cavid 65 il əvvəl
cismən tərk etdiyi evə mənən qayıtmış,
onun ruhu isə sədaqətli qızı Turan xanımın
böyük zövq və səliqə ilə
sahmanladığı ev-eşiyində rahatlıq
tapmışdır.
Hüseyn Cavidin ev-muzeyi tarixi əhəmiyyət kəsb
edən qiymətli sənədlərlə, eksponatlarla zəngindir. Bunlar bizi
böyük Cavid dünyasına yenidən qaytarır. Ümidvaram ki, bu Cavid ocağı
xalqımızın tarixinin, ədəbi irsinin, milli mənəvi
dəyərlərinin gənc nəsillərə
aşılanmasında misilsiz rol oynayacaqdır."
Muzeyin hər bir eksponatında, hər bir guşəsində
Heydər Əliyev və Turan Cavidin Cavidlərə məhəbbətini,
Cavid ocağının qorunu qorumağa yönəlmiş vətəndaşlıq
və övladlıq qeyrətini duymamaq olmur.
Gülbəniz Babaxanlı
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.24.