Yüz il öncə işıq saçdı dünyaya  

 

Yüz il öncə işıq saçdı dünyaya,

Günəş kimi heç bir zaman sönmədi.

Zülmətləri öz nuruyla əritdi,

Haqq yolundan dönmədi ki, dönmədi.

 

Qarşısını kəsəmmədi tufanlar,

Haqq danışan dili oldu Vətənin!

Moskvadan "qara yanvar" dərdini,

Car edəndə, gözü doldu Vətənin.

 

Cəsarəti, iradəsi, idrakı,

Əzəməti heyran etdi hamını.

Naxçıvanda ucaltdığı bayraqdan,

Alın dedi azadlığın kamını.

 

Neçə-neçə dahilərin içində,

Axtarsan da, arasan da, başdı, O!

Çözülməyən müşkülləri çözərək,

Aşılmayan zirvələri aşdı O!

 

Xalqı üçün fəda etdi canını,

Düşmənlərin ürəyinə dərd oldu.

Ömür boyu əyilmədi, sınmadı,

Məğrur oldu, mətin oldu, mərd oldu!

 

Öndə olub tarix boyu həmişə,

Onun kimi yaradanlar, quranlar.

Bir sözüylə meydanlara axışdı,

Azadlığın keşiyində duranlar.

 

Heydər baba söylədiyi kəlamlar,

Çətin gündə gərəyidi xalqımın!

Milyonların ürəyində gül açan,

Arzusudu, diləyidi xalqımın!

 

Ayaq basdı torpağına Xızır tək,

Başdan-başa pir eylədi Vətəni!

Sinə gərdi, dağılmağa qoymadı,

Birləşdirdi bir eylədi Vətəni!

 

O qurduğu rəşadətli ordumuz,

Qarabağı yad əllərdən qopardı!

Azərbaycan xilaskarın yolunu

İlham ilə zəfərlərə apardı!

 

29.03.2023

 

Vəli Qaraçaylı

 

Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.27.