Ədəbiyyata həyatdan gələn qəhrəman
"Şəxsən mən ədəbiyyatı çox
sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə
ilk ədəbiyyat nümunələrini
oxuyandan ədəbiyyatı
sevmişəm... Mənim bir
insan kimi formalaşmağımda, təhsilimdə,
əxlaqımda, mənəviyyatımda
ədəbiyyatın, mədəniyyətin
çox böyük rolu olmuşdur. Mən orta məktəbdə
oxuyarkən Azərbaycan
şairlərinin, yazıçılarının
bütün əsərlərini
sevə-sevə oxumuşdum...
O illərdə, o uşaqlıq
və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları
unutmamışam. Bu "oxumuşam, unutmamışam"
sözləri sadəcə
bir fikir deyil. Yəni onlar mənə
təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi
qida almışam"
- deyərək bir şəxsiyyət kimi yetişməsində ədəbiyyatın
rolunu xüsusi vurğulayan Ümummilli lider Heydər Əliyev zamanın elə bir məqamı
gəlir ki, həyatda qəhrəman olmaqla yanaşı, ədəbiyyatın da qəhrəmanına çevrilir.
Çox
sevdiyi ədəbiyyatın,
teatr səhnəsinin qəhrəmanı olur, onun sözlə portreti yaradılır, səhnə öz işıqlarını müxtəlif
rakurslardan onun üzərinə salır.
Ədəbiyyat tarixi gerçəklikdən,
zamanın özündən
ədəbiyyata gələn
Heydər Əliyevi həm də tarixin yaddaşına köçürür. O, səhnənin işıqları
altında dahi lider, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi,
sadiq həyat yoldaşı, ləyaqətli
övlad və ata kimi görünür.
Və diqqət çəkən
məqam odur ki, Heydər Əliyevin səhnədəki
obrazı özünü
gələcək oxucusuna,
tamaşaçısına tanıtmaqdan, təqdim etməkdən daha çox öyrədən
rolunda, funksiyasında
görünür. Çətin, çıxılmaz vəziyyətdə
çıxış yolu
tapmağı, vaxtında
və yerində müdrik qərar verməyi, gələcək
strateji məqamları
əvvəldən görməyi
və onu düzgün axara yönləndirməyi, özünün
malik olduğu milli dövlətçilik
baxışlarını və
ictimai ideallarını
öyrədir.
Bəzən bədii ədəbiyyat tarixi tarixin özündən yaxşı
öyrədir. Heydər Əliyev haqqında
yazılan dram əsərləri
oxucuya Heydər Əliyevi bir tarixi şəxsiyyət, tədbirli dövlət başçısı kimi
göstərməklə yanaşı,
həm də o epoxanın ictimai-siyasi vəziyyətini əks etdirən salnamə hesab oluna bilər.
Dram əsərinin əsas
ünvanı teatrdır,
səhnədir. O, oxudan çox tamaşa üçün nəzərdə
tutulur. Bu baxımdan,
Heydər Əliyev haqqında yazılan dram əsərlərinin əksəriyyəti
öz ünvanına çatıb. Belə ki,
bu əsərlərin
çoxu öz səhnə həyatını
yaşamışdır.
Ümummilli lider haqqında
olan dram əsərlərində
milli-siyasi qarşıdurmaları,
vətəndaş qırğınını,
Topxana meşəsində
ağaclara vurulan baltaların Bakı meydanlarında eşidilən
əks sədası, böyük imperiyanın çöküşü, Heydər
Əliyevin Bakıya dönüşündən təlaşa
düşən qüvvələrin
dirənişi, öz
müqəddaratını yenidən
xilaskar liderinin ixtiyarına vermək istəyən xalqın çabaları, rus qoşunlarının törətdiyi
20 yanvar faciəsi və bir-birini əvəz edən bu tragik səhnələr
fonunda Heydər Əliyev qətiyyəti, Heydər Əliyev əzəməti görünür.
Görünür, səhnə də,
aktyorlar da tarixin o biri başından gəlmiş
qəhrəmandan çox,
şahidi, iştirakçısı
olduqları tarixin qəhrəmanını canlandırmaqdan
zövq alır və buna görə
də bu əsərlərin əksəriyyətinin
səhnə həyatı
da uğurlu alınmışdır.
Təbii ki, tarixi şəxsiyyətlərin
öyrənilməsi, onların
fəaliyyətlərinin tədqiq
olunması elmi tarixin vəzifəsi olduğu qədər bədii ədəbiyyatın
da borcudur. Ədəbiyyat
tarixin yetişdirdiyi simaların obrazını
yaratmaqla həm də dünən, bu gün və
sabah arasında
ünsiyyət körpüsü
qurmuş olur.
Tarixin elmi araşdırmaya ehtiyacı olduğu qədər "bədii tədqiqata" da ehtiyacı var. Xalqın taleyi, mənəvi keçmişi, onun zamanın müxtəlif dönəmlərində meydana
çıxardığı ayrı-ayrı şəxsiyyətləri
tarix və tarixçilər tərəfindən
araşdırılmaqla yanaşı
bədii ədəbiyyatın
da işığına
ehtiyac duyur. Bədii fikrin tarixə müraciəti, tarixi keçmişdən bəhs
etməsi böyük
zərurətdən doğur.
Ədəbiyyat keçmişin qaranlıq
qatlarını aydınlatmaqla
yanaşı, onun tarixi şəxsiyyətlərinin
bədii obrazını
yaratmağa da borcludur. Bu amil
həm də ədəbiyyatın bu gün və sabahla bağlılığını
şərtləndirir.
Nəzəri-estetik prinsiplərdə tarixi şəxsiyyətlərin həyatına
müraciətin vacibliyi
bir neçə amillə şərtləndirilir. Ən əsası
ona görə vacib hesab edilir
ki, tarix və onu yaradanlar
ədəbiyyat vasitəsi
ilə təbliğ olunur, böyük şəxsiyyətlərin, filosof
və sərkərdələrin,
söz və düşüncə adamlarının
bədii təqdimi tarixin öyrənilməsində,
yaşananlardan dərs
alınmasında böyük
rol oynayır. Bu şəxsiyyətlərin bədii surəti nə qədər
monumental yaradılarsa onlar
öz xalqlarının
milli obrazını,
sahib olduğu dəyərləri
o qədər aydın
əks etdirmiş olarlar. Epoxaların, baş verən hadisələrin, təbəddülatların
dərki prosesində bədii tarixin rolu elmi tarixin
əhəmiyyətindən heç də az deyil
və buna görə də tarixi həqiqətlərin
bədii gerçəkliyə
çevrilməsi böyük
fəlsəfi-estetik dəyəri
olan məsələ hesab edilir.
AMEA-nın müxbir üzvü Yaşar Qarayev ulu öndərin
75 illiyi ərəfəsində
yazdığı məqaləsində
deyirdi: "Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin
işdir. 75 il
fasiləsiz, hər
ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir".
Həyatda Heydər Əliyev olmağın çətinliyinə
etiraz edən tapılmaz. Həyatda çətin olan
bu işin ədəbiyyatda əksi, gerçəkdəki Heydər
Əliyevi tarixi yaddaşdan ədəbi yaddaşa köçürmək,
onun bədii obrazını yaratmaq ikiqat çətin işdir. Əgər bu obraz, bu bədii portret
uşaqlar üçün
yaradılırsa, azyaşlı
oxucu üçün
təqdim olunursa, işin çətinliyi bir qədər də artmış olur.
Heydər Əliyev olmaq iki aspektdən çətin idi. Birinci, zaman və xalq,
tarix və cəmiyyət qarşısındakı
məsuliyyət, əldə
olunmuş müstəqilliyin
qorunması yolundakı
əziyyətlər, ölkəni
çıxılmaz durumdan
çıxarmaq üçün
tələb olunan
"siyasi intellekt"
və "strateji diplomatiya" sərgiləmək
baxımından idisə,
ikinci, Ulu öndərin bütün
bu sadalananlarla vəhdət təşkil
edən bioqrafiyası
idi. Yaşar Qarayevin yenə həmin yazısında oxuyuruq: Ümumiyyətlə,
bu tərcümeyi-hal çox ziqzaqlıdır:
o, imperiya lideri də olub, fərdi
təqaüdçü də;
istiqlal lideri də olub, DTK generalı da. Ən böyük təqdirin də hədəfi olub, ən kəskin
tənqidin də; ləyaqətinə şər
atmaq üçün
də, şəninə
mədhiyyə demək
üçün də
mikrofonda növbəyə
düzülənlər həmişə
tapılıb. Amma
bu dəyişən mərhələlərin də
hamısında təkcə
bir şey dəyişməyib: eyni bir daxili, fitri
ideala xidmət əzmi, milli Azərbaycan ideyası!
Heydər
Əliyevin uşaq ədəbiyyatındakı obrazına
işıq saldıqda
göz önündə
xilaskar, varlığı
ümid və nicat vəd edən, Azərbaycanın
özünəqədərki milli dövlətçilik,
idarəçilik təcrübəsini
bir daha nümayiş və təsdiq etdirən, təkcə həmfikirlərinə
deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı,
müdrik lider, milli öndər, millət atası kimi görünür. Milli öndər haqqında uşaqlar üçün
saysız-hesabsız şeirlər
yazılmışdır.
Bu şeirlərdə müşahidə etdiyim maraqlı dilemmalara diqqət yönəltmək
istəyərdim. Bədii nümunələrdə Heydər Əliyevdən həm tarixin və zamanın yetirdiyi, həm də tarixin özünü yaradan, onu idarə edən, yönləndirən
kimi danışılır.
Elə söykənən,
elin söykəndiyi, yol açan, özü yol olan, xalqdan güc
alan, xalqın güc aldığı,
genetik yaddaşın,
tarixi təcrübənin
yetirdiyi və özü nümunəyə,
məktəbə çevrilən,
vətənin həm əsgəri, həm generalı... Bu dilemmalar bəzən eyni şeirdə, bəzən
də ayrı-ayrı,
tam fərqli nümunələrdə
özünü göstərir:
Heydər
Əliyevin uşaq ədəbiyyatında görünən
obrazı güclü
və suveren dövlət qurmağı
bacaran, Azərbaycanın
əbədiliyini təmin
edən, vətənə
tuşlanan zərbələrə
sinə gərən,
7-dən 77-yə hər kəsin
qayğısını şəxsi
problemi hesab edən "Heydər baba" kimi görünür. Düşünürəm
ki, bundan sonra da enerjisini
tarixdən alan
və gələcəyə
ötürən milli
liderin həyat salnaməsini əks etdirən bədii əsərlər yazılacaqdır
və yazılmalıdır...
Aygün BAĞIRLI
Ədəbiyyat qəzeti.- 2023.- 6 may.- S.28.