Ümummilli
Liderin Nəriman Nərimanovu
müdafiə sisteminin görünən
və görünməyən tərəfləri
H.Əliyevin ictimai-siyasi və ədəbi-mədəni
fikir tariximizə yanaşma sistemi çoxtərəflidir. Bu tərəflərdən
biri də ədəbi-tarixi şəxsiyyətlərin
keçdiyi yola tarixilik prinsipi ilə yanaşaraq onları
yersiz və mənasız
hücumlardan qorumaqdır. Ona görə də
deyə bilərik ki, Ümummilli liderimiz yaşı min illərlə
ölçülən tariximizin qoruyucusu, hamisi
funksiyasını da gerçəkləşdirir. Olduqca
fərəhverici bir haldır ki, müstəqillik
dövründə elə hakimiyyətə gəldiyi ilk ildə
- 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla
görüşündə o, uca səslə elan etmişdi:
"Tariximizdə olan şəxsiyyətlərin hamısı
bizim üçün qiymətlidir. Onların
heç birinə toxunmaq olmaz". H.Əliyev
nə üçün bu görüşü lazım
bilmişdi, nə üçün tariximizə münasibətdə
öz mövqeyini bu qədər açıq, birmənalı,
bir qədər də sərt və yüksək tonda elan
edirdi? Ona görə ki, o, qarşıdan gələn
təhlükəni görürdü. Sovet rejimindən
qopub müstəqilliyin kövrək zamanlarını
yaşayan, sovet rejiminin repressiyalarının ən
ağır zərbələrini alan
ziyalılarımızın bolşevizm bəlasından qopub
neobolşevizmə yuvarlanmasından ehtiyat edirdi. Həqiqət
budur ki, siyasi arenada, həm sovet rejiminin güclü və
qorxulu zamanlarında, həm də müstəqillik
dövrünün ərəfəsi və ilk illərində
Nərimanovun Azərbaycan xalqı qarşısında xidmətlərini
obyektivcəsinə dərk edib, onu müdafiə etmək
funksiyasını üzərinə götürən
H.Əliyev oldu.
70-ci illərdə H.Əliyev Nərimanovu rejimdən gələn
və gələ biləcək təhlükələrdən
qoruyurdu.
Çünki "Nərimanovun özünəməxsus
baxışları və fəaliyyəti
sağlığında olduğu kimi, ölümündən
sonra da xüsusi vurğu ilə "millətçilik",
"milli təmayülçülük", "nərimanovçuluq"
adlandırılaraq burjua-millətçiliyi kimi qiymətləndirilərək
pislənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin
ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqları
onun adının unutdurulmasına xüsusi səy göstərmişlər"
(H.Həsənov. "Nəriman Nərimanovun
milli dövlətçilik baxışları və fəaliyyəti".
Bakı. "Elm", 2005.
s.8). H.Əliyevin 70-ci illərdən başlayan
Nərimanov uğrundakı mübarizəsi bu unutdurulma siyasətinə
qarşı çevrilmiş, millət xadiminin adının
milli tarixdən və yaddaşdan silinməsinə imkan verməmək
məqsədi daşımışdır. Ümummilli
lider ziyalılarla görüşündə deyirdi: "Ancaq
son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda
bütün siyasi xadimlərin Azərbaycana düşmən
olmaları barədə deyilən fikirlərlə heç
cür razılaşmaq olmaz. Bunu deyən
adamların Nəriman Nərimanov səviyyəsinə
qalxmaları üçün bəlkə də on illərlə
siyasi fəaliyyət göstərmələri lazımdır.
Nəriman Nərimanov öz dövrünün,
yaşadığı mühitin çərçivəsində
böyümüş görkəmli simadır, böyük
siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov
müstəqil demokratik dövlətin xadimlərinin
hamısını qoruyub saxlayan adamlardan olmuşdur...
Bütün bunlarla mən öz fikrimi açıq demək
istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi
təhrif edənlər xalqa xəyanət edir, onu
çaşdırırlar. Buna son qoymaq
lazımdır. Gələcəkdə buna
yol vermək olmaz".
Ümummilli liderin bu qətiyyəti və əsaslandırılmış
mövqeyi Nərimanova aktiv hücumların
qarşısını, demək olar ki, bizim günlərə
qədər aldı. Ancaq bizim cəmiyyətimizdə Nərimanova
münasibət dənizdəki qabarma və çəkilmələri
xatırladır. Bütün hallarda Nərimanovun sovet
rejiminin dövlət xadimi olması bu rejimdən ağır zərbələr
alan xalqın ona münasibətini mürəkkəbləşdirir,
bəzi hallarda isə onu inkar etməyə, ona qarşı
ittihamlar irəli sürməyə qədər irəli gedir.
Günümüzdə də Nərimanova qarşı
"qabarma" prosesləri aktivləşməkdədir.
Bu
günlərdə telekanalların və dövri mətbuatın
gündəmindən düşməyən "Nərimanov məsələsi"
- "Nəriman Nərimanovun Azərbaycan tarixində yeri"
məsələsi, heç şübhəsiz ki, bu
böyük tarixi şəxsiyyətin və nəticə
etibarı ilə millətimizin xeyrinə bitəcəkdir.
"Son"un müəyyənləşməsində
iki mühüm amilin həlledici rol oynayacağını
düşünürük. Birincisi, Ümummilli
liderin Nərimanovu müdafiə mövqeyi, o özü cismən
aramızda olmasa da, qüvvədədir. Onun
Nərimanovun Azərbaycan xalqının tərəqqisində
oynadığı müstəsna rola dair fikirləri, arqument və
dəlilləri indi də milli ictimai şüurda, yaddaşda
qalır və funksionallığını saxlayır.
İkincisi, H.Əliyevin 70-ci illərdə Nərimanovla
bağlı "səpdiyi toxumlar" bu illərdən
keçən müddət ərzində öz səmərəli
nəticəsini verməkdədir. 1972-ci ildə
H.Əliyevin uzunmüddətli mübarizədən sonra Sovet
İKP MK-nın müqavimətini qıraraq, onun
üçün "Sovet İttifaqının 14 müttəfiq
respublikasından, habelə ittifaq rəhbərliyindən
nümayəndələrin iştirakı ilə möhtəşəm
tədbiri"in (M.Hüseynova. "Ümummilli
Liderimizin birmənalı qəbul etdiyi Nərimanov". "Azərbaycan müəllimi". 14 aprel
2023-cü il) keçirilməsinə nail olması, burada dərin
məzmunlu məruzə ilə çıxışı, daha
sonra Nərimanovun Bakıda və Ulyanovsk şəhərlərində
heykəllərinin qoyulması, bu heykəllərin
açılış mərasimindəki parlaq nitqləri Nərimanov
ətrafındakı buzların əriməsinə səbəb
oldu, onun mənəvi haqqını bərpa etdi. Ancaq
düşünürük ki, H.Əliyevin bu zəhmətləri
təkcə böyük millət xadiminə siyasi bəraət
qazandırmadı, eyni zamanda, gələcəkdə onunla
bağlı baş verəcək bütün "qabarma və
çəkilmələr"də haqqın öz yerini
tapacağına ən böyük vəsilə oldu. Çünki H.Əliyevin Nərimanovun fəaliyyətinə
qazandırdığı bu siyasi bəraət Azərbaycan
elmi düşüncəsi üçün siyasi-hüquqi
qapı açdı, onun haqqındakı tarixi həqiqətlərin
ortalığa çıxarılmasına səbəb oldu.
Bu mənada professor M.Hüseynovanın yeni
çap olunan "Ümummilli liderimizin birmənalı olaraq qəbul
etdiyi Nərimanov" məqaləsi xüsusi maraq doğurur.
Tədqiqatçı SSRİ hakimiyyətində yer alan erməni
liderlərinin o zamankı Türkiyənin ağır iqtisadi,
siyasi, hərbi durumundan istifadə edərək "Türkiyə
ərazilərinə iddialarının fiaskoya uğraması"nda
Nərimanovun yürütdüyü birmənalı siyasətin,
bu siyasətin əməldə necə gerçəkləşməsinin
faktları üzərində dayanır, "milli azadlıq hərəkatına
rəhbərliyi üstünə götürərək
işğalçı qüvvələri ağır məğlubiyyətə
uğratsa da, köməyə ehtiyac hiss edən Mustafa
Kamal Paşa"nın istəyi
ilə Nərimanovun Türkiyəyə külli miqdarda
qızıl, pul, benzin və digər neft sənaye məhsulları
göndərərək türk xalqının
apardığı milli-azadlıq
müharibəsindən qələbə ilə
çıxmasına əsaslı kömək göstərməsinin
zəngin faktlarını şərh edir. Həmin
faktlar Azərbaycan-Türkiyə münasibətlərinin
qardaşlığa aparan yolunun təməl prinsiplərinin
formalaşmasında Nərimanovun ciddi rolunun olması
haqqında düşüncələri qaçılmaz edir.
Alimin irəli sürdüyü və faktlarla əsaslandırdığı
məsələlər təsadüfi siyasi gedişlərdən
yox, çox
əsaslı şəkildə
düşünülmüş siyasi strategiyadan xəbər
verir. Bu gün müstəqillik
dövrünün tarixşünaslığı
üçün bu strategiyanın məzmunu tam
işığa çıxmış bir vəziyyətdədir.
Tarixşünaslığımız əsaslandırır
ki, "XX əsrin 20-ci illərində kommunist ideologiyası
çərçivəsində ortodoksal-bolşevik
(solçular) və milli təmayülçülük
(sağçılar) hərəkatlarının arasında
mübarizə getmişdir. N.Nərimanov milli təmayülçülük
hərəkatının ideoloqlarından və banilərindən
biri olmuş, bu mübarizədə sovet Rusiyasında və
ümumiyyətlə, SSRİ-də fəaliyyət göstərən
türkəsilli siyasətçilər arasında
aparıcı şəxs olmuşdur" (H.Həsənov.
Göstərilən əsəri. s.20).
Hələ
1990-cı ildə jurnalist E.Əhmədovanın H.Əliyevdən aldığı müsahibənin
("Ulduz" jurnalı. 1990, ¹6) sonunda "söhbətlərimizə
nə əlavə etmək istərdiniz?" sualına cavab
verərkən kifayət qədər taleyüklü bir zamanda
- 1990-cı ildə, Azərbaycanın gələcək
taleyinin sual altında olduğu bir vaxtda xalqına birlik, milli
qürur, tariximizə, tarixi şəxsiyyətlərimizə
hörmət arzuladığı məqamda məhz Nərimanovu
xatırlaması H.Əliyevin bu böyük tarixi şəxsiyyətin
keçdiyi yolun müstəqilliyimizə gedən yola işıq salmaq imkanları
haqqında düşüncələrini işarələyir.
Bu müsahibədə o, Nərimanovun siyasi məramının
mahiyyətini riyazi dəqiqliklə şərh edirdi. Nərimanovun "Leninə
məşhur məktubu"ndan danışan H.Əliyev orada
yazılanların və hakimiyyət qarşısına qoyulan
tələblərin mahiyyətini izah edirdi: "N.Nərimanov
o məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm
quruluşu gərək Azərbaycan xalqının milli
xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar
olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq
etmək olmaz". Bu baxış sistemi Nərimanovun
siyasi xəttinin milli təmayülçülük
(sağçılar) prizmasından şərhidir. H.Əliyev bütün siyasi fəaliyyəti boyu
bolşevizmin bir-birinə əks mövqeyi ilə seçilən
bu blokları arasındakı əsaslı fərqi
görmüş, elə məhz bu əsaslı fərqdən
çıxış edərək Nərimanovu, əslində
isə xalqının haqq işi uğrunda mübarizəsini dəstəkləmişdi.
H.Əliyev bu müsahibədə çox incə bir məqama
da toxunur. Nərimanovdan sonrakı dövrdə də milli
siyasi arenada "nərimanovçuluq"dan sapmanın - millətçi
düşüncəyə "millətçilik
damğası" vurmağın milli inkişafa böyük
zərbələr vurmasından danışır.
Bizə elə gəlir ki, Ümummilli lider Azərbaycanın
Nərimanovdan - milli təmayülçülükdən
sonrakı zamanında üzləşdiyimiz faciələrindən
danışır. Nərimanovun ölümü ilə milli
təmayülçülüyə son qoyulmasından,
solçu bolşevizmin Azərbaycanda törətdiyi faciəli
hallardan danışır. Bütövlükdə
SSRİ məkanındakı milli təmayülçülüyün
türkçülük və milli mənafe naminə
gördükləri işlərə son qoyulmasının
acı nəticələri üzərində dayanır.
Gəlin etiraf edək ki, bolşevizmin erməni
daşnakları ilə gizli sazişə girərək Azərbaycanda
törətdiyi repressiyalar, Azərbaycanın Türkiyə ilə
əlaqələrinin pozulması kimi bütün hallar Nərimanovun
ölümündən sonra gerçəkləşmişdi.
Əslində Nərimanovun məhv edilməsi bu
proseslərə hazırlıq mərhələsinin
başlanğıcı idi. Bu
başlanğıc o zamankı SSRİ-də mövcud olan
bütün türkəsilli milli təmayülçülərin
cismən məhv edilməsi və aradan
qaldırılmasına qədər davam etdi. Sovet rejiminin repressiyaları milli təmayülçülüyün,
milli təmayülçülərin məhv edilməsi ilə
reallaşmaq imkanı əldə etdi.
H.Əliyev məhz bu reallığı nəzərə
alır və Nərimanovun fəaliyyətini məhz buna görə
yüksək dəyərləndirirdi. H.Əliyev Nərimanovdan
sonrakı zamanların Azərbaycanında Nərimanov siyasi
kursunun davamının olmamasının acı nəticələrinə
diqqət çəkir. Repressiyaların səngidiyi
dövrdə belə, 1948-ci ildən başlayan deportasiya siyasətinin
həyata keçirilməsinin də, torpaqlarımızın
parça-parça ermənilərə güzəşt edilməsinin
də səbəblərini milli təmayülçülüyün
yoxluğunda görür. Müxbirin sualına cavab olaraq H.Əliyev
bildirir ki, "1969-cu il iyulun
14-dən 1982-ci ilin dekabrın 3-nə kimi Azərbaycan KP
MK-nın birinci katibi olmuşam. Bu müddətdə
Azərbaycan ərazisinin bir qarışı da Ermənistana
verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən
ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər
olurdu, lakin mən bunların qarşısını
almışam".
Nərimanovdan
sonrakı və H.Əliyevə qədərki zamanda və
H.Əliyevin Moskvaya işləməyə cəlb
olunmasından sonrakı zamandan müstəqilliyə qədərki
dövrdə respublikamızda baş verənlər Nərimanovsuzluq
və H.Əliyevsizlikdən doğan bəlalar haqqında düşüncələri qaçılmaz edir. Belə
bir düşüncəni qaçılmaz edir ki, həm Nərimanovun,
həm də H.Əliyevin respublikaya rəhbərlikdən kənarlaşdırılıb
Moskvada işə cəlb edilməsi mahiyyətcə
ümumittifaq rəhbərliyinin respublikamızda istədikləri
şəkildə "ağalıq" etmək imkanlarına
hesablanmışdı. Bizə elə gəlir
ki, H.Əliyevin siyasi arenada görünməsi və hakimiyyətə
gəlişi siyasi rejim daxilində milli təmayülçülüyün
yenidən siyasətə qayıdışı, pozulmuş
qanunauyğunluğun bərpası idi.
Düşünürük ki, H.Əliyevin Nərimanov
sevgisinin də, Nərimanov uğrunda özünü rejimə
qarşı qoymaq gücünün də, sonsuz Azərbaycan
sevgisinin də, müstəqil Azərbaycan dövlətinin
memarına çevrilməsinin də ilkin siyasi əsasında
milli təmayülçülüyün ən sağlam ənənələri
dayanır.
Təyyar SALAMOĞLU
Ədəbiyyat qəzeti.
-2023.- 6 may.- S.29.