Bədii üslub - sənətkar
xarakteridir
"Yadında yaxşı
saxla! Mühazirələri
universiteti qurtardıqdan sonra da kitablardan oxuya biləcəksən.
Bəlkə mənim mühazirəmdən
daha sanballı kitablar, məqalələr də tapıb
oxuyacaqsan. Amma məni, yəni mənim kimi müəllimləri
tapa bilməyəcəksən. Biz ömür
yolumuzu danışanda da, ailə-məişət söhbəti
edəndə də, sizə yol göstərmək, istiqamət
vermək məqsədi daşıyırıq. Bəlkə
gələcəkdə kitablarda oxuduqlarınızla
yanaşı, bizim həyat təcrübəmiz də sizə
gərək oldu".
Mir CƏLAL
Mir Cəlal müəllim
Sizə dərs deyibmi? Deməyibsə, çox təəssüf!.. Fikrin lakonik, dəqiq ifadə tərzi, sakit,
arxayın səs tembri, çoxmənalı, sərrast yumor...
Bu cəhətlər ədibin söhbətlərində
səciyyəvi əlamətlər idi. Əslində
bunların hamısı Mir Cəlal müəllimin şəxsi
təbiətinin, fərdi xarakterinin təzahürüdür.
Mir Cəlal müəllimin zahiri
görünüşü, geyim səliqəsi, yerişi,
danışıq manerası bir-birini tamamlayır və onun məğrur,
müstəqil və eyni zamanda son dərəcədə səmimi
təbiəti haqqında çox aydın, bütöv təsəvvür
yaradırdı.
Bütün bu cəhətlər ədibin mühazirələrində
də, dərs demək manerasında da qüvvətli idi. Mir Cəlal
müəllimin mühazirələri səmimi söhbət,
qarşılıqlı dialoq şəklində olardı.
Elmi mühakimələrlə yanaşı gənclərin
həyatını istiqamətləndirəcək nəsihətlərlə,
həyat təcrübəsinə aid misallarla cazibədar
olardı. Bu mühazirələr bədii
yaradıcılıq barədə çox səmimi dialoqa
çevrilərdi.
Mir Cəlal müəllimin bədii əsərlərində,
xüsusən hekayələrində də bu təbii, səmimi
söhbət intonasiyası bəlkə də əsas sənətkarlıq
xüsusiyyətidir. Böyük yazıçıların
yaradıcılığında adətən bədii təsvir,
bədii təhkiyə və bədii model - kompozisiya məsələlərindən
biri daha qüvvətli və aparıcı olur. Bu cəhət ilk növbədə sənətkarın
fərdi xarakterinə və istedad orijinallığına əsaslanır.
Mir Cəlal yaradıcılığı və
xüsusən hekayələri üçün bədii təhkiyə
əsasdır, aparıcıdır. Təhkiyə
orijinallığı onun bədii üslubunun, xüsusilə
hekayələrinin ən orijinal və qüdrətli əlamətidir!...
Üslub
xarakterdir! Və şəxsiyyətin əməllərindəki
təzahürüdür... Bədii
yaradıcılıqda bu cəhət özünü daha
aşkar büruzə vermiş olur. Burada
istedad nə qədər böyükdürsə, fərdi
orijinallıq da o qədər qabarıq təzahür edir.
Yazıçının fərdi xarakteri əsərlərində
nə dərəcədə qabarıq nəzərə
çatdırılsa, bu onun oxucularla səmimiyyət dərəcəsinə
sübutdur... Bu əsl həmsöhbət, dərdləşmə
üsuludur!..
Mir Cəlal təhkiyəsində klassik nəsrimizdən
gələn dərin və səmimi bir kinayəlilik cazibəsi
də mövcuddur. Klassik nəsrimizdəki zəngin gülüş ənənələri
Mir Cəlal yaradıcılığında yeni kinayə
intonasiyaları və daha nikbin, ümidli həyat lövhələri
ilə davam və inkişaf etdirilir... Bütün bunlar
ümumilikdə yazıçı-oxucu mükaliməsinin səmimi
və etibarlı bünövrəsi və dayağı olur...
Burada nikbin, şux yumordan tutmuş fəci sarkazma qədər
zəngin psixoloji məqamlar vardır və məhz həmin cəhətlər
hər bir əsərin ideya pafosunu, nəticə yekununu sərrast
tamamlamış olur...
Mir Cəlalın əsərlərində bədii təhkiyə
fəal funksional dinamikaya malikdir. Süjetin inkişaf
istiqamətində və mürəkkəb psixoloji məqamlarda
ədibin müxtəlif dərəcəli (yumor, satira, sarkazm)
tənqidi gülüşü dəqiq istiqamətverici
funksiya daşıyır və obrazlı - emosional effekti xeyli
qüvvətləndirmiş olur.
Mir Cəlalın təhkiyə üslubu ilk növbədə
psixoloji mahiyyətinə və konkret məqamlardakı əhval-ruhiyyə
təcəssümünə görə çox sərrastdır,
effektlidir, güclü tendensiya ifadəçisidir. Hekayələrdə
müxtəlif intonasiyalı gülüş əsas ideya ifadəçisidirsə,
romanlarında konkret məzmunlu ideya ilə əlaqədar olan
lirik intonasiya, ittiham pafosu istiqamətləndiricidir.
Mir Cəlal
gülüşünün isə misli yoxdur!...
"Uzun davadan, çəkişmə və
mübarizədən sonra Əntərzadəni mərkəzdən
ayırdılar. Ayırdılar, nə ayırdılar!
Canı cəsəddən ayıran kimi! Böyük
müsibət ilə ayırdılar. Onun təmiz,
qat kəsməz, toz qonmaz, qumaş kimi xış-xış
xışıldayan paltarları cib dəsmalına
dönmüşdü. Yalvarmaq, xahiş
etmək üçün Maarif Komissarlığının
dalanında durmaqdan, pilləkənləri
düşüb-çıxmaqdan, oturub-qalxmaqdan, qəti silinməz
əmrləri qorxa-qorxa oxumaqdan canı
üzülmüşdü. Az qala,
bütün xanımları heyrətə salan Əntərzadə
indi böyük restoranların yorulmuş aşpazına
oxşayırdı.
Rayona getmək xəbərini söyləyəndə,
deyəsən, kişiyə vay xəbərini verdilər. Saraldı,
kiçildi, boğazı biçildi. Sevgilisi
Darçın xanımı yanına saldı, qapı-qapı
gəzib, məsul işçiləri bir-bir "dişinə
vurdu", olmadı. Yalvardı
baxmadılar. Hədələdi,
qorxmadılar. Səs-küy saldı,
eşitmədilər. Qızdırmalı
olması haqqında vəsiqə çıxartdı,
inanmadılar. Zərif kağızlarda ərizələr
yazdı, rədd etdilər. Maarif müfəttişliyi
iki ayağını bir başmağa qoyub deyirdi:
-
"Rayona gedəcəksən, vəssəlam!".
/"Mərkəz adamı"/
Əntərzadə
haqqında bu məlumatda təkrir məqamlı ifadələr
də işlədilir, satirik bənzətmələrdən də
istifadə olunur, intonasiya ritmi də köməyə
çatır... Ritm və temp müxtəlifliyi Mir Cəlalın
təsvir və təhkiyələrində tendensiya ifadəçisi
kimi çox fəal funksiyaya malikdir.
Bir
sıra hekayələrində olduğu kimi burada da əsas surətə
ilk mənfi münasibət onun familiyasından başlanır:
"Əntərzadə!" Bu ittiham
damğası əsər boyu bir növ əyaniləşdirilir,
sübut olunur.
Ədibin təhkiyələri ideya istiqamətləndiricisi
və tendensiya ifadəçisi kimi çox lokal və sərrastdır. Didaktika,
lirika, tənqidi gülüşün formaları, hekayələrin
məzmun açarıdır.
Çox vaxt ədib hekayənin lap əvvəlində əsas
mətləblə əlaqədar istiqamətləndirici lakonik
və cazibədar bir söhbət başlayır. "Pansionda ikən bir
müdirimiz vardı. "Kartoşka yevropeyski
xörəkdir, kartoşka qərblilərin
yumurtasıdır", deyərdi. O, bizi
"avropalaşdırmaq" üçün
"aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu kartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə
kartoşkanı külə basdırır, "kabab" eyləyib
yeyərdik..." /"Kartoşka məsələsi"/
Adətən əsas tənqidi mətləb də belə
"mərhamanə dərdləşmə" əsasında
bədii həllini tapmış olur. Ədibin təhkiyə
üslubunda adi söhbət intonasiyasının təbiiliyi,
canlı təfəkkür modelləri əsasdır. Təhkiyələr yazı "səliqəsinə"
yox, söhbət intonasiyasına uyğundur. Bu
"yazı dili" deyil, söhbət intonasiyalı, bir az da loruluğu olan "ünsiyyət"
formasıdır. "Pərzad" hekayəsində əsərin
qəhrəmanı haqqında deyilir: "Məni ən
çox maraqlandıran cəhət onun
analığıdır. O, qəssab Hacının ikinci
arvadıdır. Otuz yeddi illik həyatında
üç qız anası olmuşdur".
El arasında deyərlər, "Qız nemət,
oğul dövlətdir". Bu boş
sözdür. Elə oğlan var, hazır
çörəyi çeynəyib ağzına qoyursan, uda
bilməyir, aciz, bədbəxt, kirdarsızdır. Elə qız da var, köz kimidir. Sel ilə sönmür, yel ilə keçməyir.
Pərzad arvadın özünü götürək.
Onun qundağı və qucağı oğul
görmədi. Gördüyü qız
oldu. Kim deyir ki, o, qızı Məsmədən,
Yasəməndən, Sitarədən oğlan qədər xeyir
görməmiş? Cəsarətlə deyə
bilərəm ki, tanıdığım oğlanların heç
birindən anası Pərzad qədər "bəhrə"
götürməmişdir.
Bu xasiyyətnamə təfərrüatları bir növ
Pərzadın öz təfəkkür tərzindən, yaxud hər
hansı bir tay-tuşu mövqeyindən söylənilir. Və Pərzada
olan kinayənin də əsası buradan istiqamətlənmiş
olur.
Belə hallarda ədib söhbətə başlayarkən
oxucunu da bir növ "həmsöhbətə"
çevirməyə çalışır. "Həkim
deyənləri etmək çətin deyilsə, asan da deyil,
belə tapşırıqlarla məşğul olmağa vaxt
hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı
həkim nə deyib, eləmişəm. Xeyir
görməsəm də, hörmət qoyub eləmişəm.
Həkimlərin bir sözü mənə lap
çətin gəlir. Elə ki, müayinəni
qurtarır, axırda qayıdıb qəti
tapşırırlar:
- "İki gündən sonra yanıma gələrsən". /"Həkim"/
Bədii təhkiyədəki qüvvətli
obrazlılıq, bəzən təsvir təfərrüatlarına
çevrilir, poetik zənginliyə xüsusi vüsət gətirmiş
olur. Təhkiyə "görümlü" olur, təsviri
xatırladır.
Mir Cəlalın romanlarında bədii təsvirin rəngarəng
lövhələri bədii süjetin əsas, aparıcı
atributudursa, hekayələrində bədii təhkiyə əsasdır. Bu təsadüfi
deyildir. Romanın vüsətli, epik
imkanları, xüsusən süjetin əhatəli olması, təfərrüatlı
təsvirlərə ehtiyac yaradır. Hekayə
isə lakonizm modelidir. Burada ustad məharəti səciyyəvi
lakonizmdədir, fikrin sərrast dəqiqliyindədir... Bu cəhətdən
Mir Cəlal yaradıcılığı klassik nəsrimizin bu
günə olan kamil ənənə körpüsüdür!
Gözəl
hekayənin bir növ bahalı daşlara da bənzəri
vardır!/
Təhsin Mütəllimov
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.6.