Pul axtaranlar
Hekayə
Dünən uşaqlıq dostum Ceyhunla rastlaşdım. 15 ildir
görüşmürdük. Məni
gördüyünə sevindi. Hal-əhval
tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini
soruşdum. Ceyhunun üzündəki təbəssüm
sındı.
Bayılın "20-ci sahə" adlanan ərazisi
Badamdar dağının ətəyində, dənizin sahilində
ayrıca bir qəsəbədir. Bura nə şəhər
kimi şəhərdir, nə də kənd kimi kənd. Gecə-gündüz dayanmadan işləyən neft
quyularının, buruqlarının olduğu "20-ci sahə"dən
mazut qoxusu heç vaxt çəkilmir.
Qəsəbənin
"Dvatsatının kruqu" adlanan mərkəzi hissəsində,
adamlar yol qırağına düzülmüş
piştaxtalarda, maşınların baqajında mer-meyvə,
vedrələrdə təzəcə tutulmuş diri balıq,
göy-göyərti, beşi bir manata limon,
corab satırlar. Satıcıların, dilənçilərin,
taksi sürücülərinin səsi biri-birinə
qarışır.
Yayda bizim məhəllələrə tez-tez
qarpız-yemiş dolu arabalar, hər yeri dəmir-dümürlə
yüklənmiş sınıq-salxaq maşınları ilə
taqqataq səslər sala-sala, buranın yoxuşlarını
güc-bəla qalxan, enişlərini enən, yarımca saata
bütün məhəllələri ayaqdan salıb,
yavaş-yavaş gözdən itən dəmir yığanlar
gəlir.
Əvvəllər
əllərində torbalarla məhəllələri gəzib,
xlor, aseton, kislota, nöyüt, mebel yağı satan
xalaların səsi qulağımızdan getməzdi. O illərdə
"20-ci sahə"nin kələ-kötür
küçələrinə, balaca məhəllələrinə
yolunuz düşsə, mütləq haradasa İbrahim və
Ceyhunla rastlaşardınız.
Bu iki qardaş məhəlləmizin ən qəribə
uşaqları idi. Aralarında iki-üç yaş fərq
olardı.
Böyük qardaş Ceyhunun hündür boyu, ciddi
siması vardı. Qalın, çatma qaşları, qara
gözləri zəhmini daha da artırırdı. Yekəpər,
iri cüssəli olsa da, heç kim ondan
qorxmurdu. Xasiyyəti görünüşünə
uyğun gəlmirdi. Biz belə
düşünürdük, çünki kimləsə
dalaşdığını görməmişdik.
Qısaboylu, qırmızıyanaq, şabalıdı
gözləri olan İbrahimin üzündən isə hiyləgər
təbəssümü heç vaxt əskik olmurdu. Diribaş,
qıvraq idi. İbiş deyirdik ona.
Davası düşəndə, gücü çatmasa,
yerdən daş götürüb dalaşdığı
adamın başına çırpırdı. Söz
altında qalmağı heç xoşlamırdı. Bir deyənə beşini qaytarırdı.
İbişlə Ceyhun hər gün pul axtarmağa
çıxırdılar. Uşaqlar
topalaşıb oynayanda, "biz pul axtarmağa gedirik" deyib
aralanırdılar. Səhərdən axşama kimi
"20-ci sahə"nin bütün məhəllələrini:
indiki "Bayıl Arena"dan tutmuş - o vaxtlar bu stadion təmirsiz
idi, ona "Dvatsatı stadionu" deyirdik - Badamdar
dağının ətəyindəki Ləzgilər məhəlləsinə,
oradan böyük neft çəlləkləri olan Akapenə
qədər bütün küçələri gəzib pul
axtarırdılar. "Dvatsatının kruqu"nda, "Fəhlə
əlləri" parkında, bazara gedən yolda, məktəbin
həyətində... Adamların çox
olduğu yerləri xüsusi diqqətlə axtarırdılar.
Yolun bir qırağıyla İbiş, o biri
qırağıyla Ceyhun gedirdi. İti
baxışlarıyla yolun hər dəlmə-deşiyini,
künc-bucağını yoxlayırdılar. Rastlarına çıxan daşları təpikləyə-təpikləyə
gəzən bu iki qardaş günün istənilən
saatı qəfil qabağınıza çıxa bilərdilər.
Badamdar dağı hündür deyil. Diqqətlə
baxsan, lap uzaqdan dağa çıxan adamı, ətəyində
qaçan iti də görmək olur. Hündür
olmasa da, bura çıxanda, bütün Bakı
ayağının altında qalır. Bibiheybət məscidinin
minarələrindən tutmuş Əhmədliyə, Günəşliyə
kimi hər yeri, "Alov qüllələri"ni, Bulvarı,
Teleqülləni, "Şeytan çarxı"nı, stadionu, içində nöqtə boyda
qaçan futbolçuları da görmək olur.
İbiş tez-tez dağa qalxırdı. Ora pul axtarmaq
üçün çıxmırdı. Dağa
qalxmaq İbişin ən böyük əyləncəsi idi.
O, dağa çıxanda ya qurd kimi ulayır, ya da
üzünü aşağı tutub çox pis
söyüşlər söyürdü.
Dağın başından söyüşlər
eşidiləndə, bilirdik ki, İbiş dağa
çıxıb. Söyüşləri onu eşidən
hamıya ünvanlayırdı. Biz də
ya məhəllədən, ya da stadiondan söyüşlərini
özünə qaytarırdıq. Xalalar pəncərəyə
çıxıb əsəbiləşirdilər:
- O tərbiyəsizdi,
sizə nə olub?! Baş qoşmayın!
Özümüzü elə aparırdıq, guya
söyüşlərə dözə bilmirik. Əslində,
nə İbişin söyüşləri bizim, nə də
bizim söyüşlərimiz onun xətrinə dəyirdi.
İbişin bu hərəkətinə məhəlləmizin
kişiləri çox əsəbiləşirdilər. O, hər dəfə
dağa qalxıb söyməyə başlayanda, Rövşən
əmi deyirdi, "o qoduğ aşağı
düşsün, tutub basacam dama, ağlı başına gəlsin!".
Rövşən əmi polis idi. Böyüklər ona
polis Rövşən deyirdi. Öz
aramızda biz uşaqlar da hərdən ürək eləyib
onu belə çağırırdıq. Reks
adında qara, azman bir "nemeski avçarka"sı var idi.
Rövşən əmidən qorxsaq da, itindən
qorxmurduq. Reks ancaq dilini çıxarıb
yelləməyi bacarırdı. Ağzının
seliyi dayanmırdı. Heç
hürmürdü də.
İbiş dağdan məhəlləyə enəndə,
elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama
basmayacağını bilirdik, çünki İbişin
atası ilə möhkəm dostuydular.
Bir dəfə Rövşən əmi dağdan
düşən İbişi qulağından tutub "Bir də
dağa çıxıb söyüş söysən, səni
içəri basacam! Bildin, qoduğ oğlu qoduğ?!" dedi. Qulağını buraxan kimi İbiş
"Qoduğ sənsən, sənin oğlundu!" deyib,
götürüldü. Rövşən əmi
ancaq İbişin arxasınca daş atmağa fürsət
tapdı. Bizim qabağımızda pərt
olmamaq üçün bir-iki söyüş də
söydü.
Ceyhunla İbişin atasının harada, nə işlədiyini
bilmirdik. Çox vaxt Rövşən əminin həyətində
araq vura-vura, nərd oynayırdılar. Zarafatcıl,
deyib-gülən adam idi. Məhəllənin
arvadları öz aralarında ona "alkaş Vaqif"
deyirdilər.
Anaları haqqında isə heç nə bilmirdik. Məhəllənin
arvadlarından da nəsə eşitməmişdik.
İbişin oynamaqla arası yoxuydu. Ceyhun isə hərdən
bizə qoşulub, futbol oynayırdı. Topa
bir-iki dəfə təpik vurandan sonra "biz getdiy e!"
deyib oyundan çıxırdılar. Çox
vaxt bunu deyən İbiş olurdu. O, ancaq pul axtarmaq, pul
tapmaq istəyirdi.
İbişlə Ceyhunun yerə baxa-baxa
uzaqlaşmasına maraqla tamaşa eləyirdik.
- Odeee,
getdi pul axtaranlar! - kimsə deyirdi.
Ceyhun lağ
edənlərə əsəbiləşirdi. İbiş
"fikir vermə, gəl getdik" söyləyib
qardaşını yenidən işə kökləyirdi.
Qəribəydi ki, hər dəfə necəsə yerdən
pul tapırdılar.
Onların hər dəfə yerdən pul tapmağına
təəccüblənirdik. Eyni yollardan, eyni
küçələrdən keçirik, bizim
qabağımıza niyə çıxmır? Biz niyə tapmırıq?
Düzdür, bizim də aramızda pul tapanlar olurdu. Elə mən
özüm neçə dəfə yerdən pul
tapmışdım. Amma İbişlə Ceyhun qədər
yox...
Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə
çevrilmişdi. Elə bil adamların əllərini harada
ciblərinə saldığını, pullarını harada
itirdiklərini duyurdular.
"Ftaroy"dan "Muxtarov"a, Bibi-heybət məscidindən
məktəbin həyətinə qədər hər yerdə
gözləri yerə dikili gəzirdilər. Bəzən
öz aralarında əraziləri
bölüşdürür, İbiş bir tərəfə,
Ceyhun o biri tərəfə yollanırdı. 1-2 saatlıq axtarışdan sonra yenidən
görüşürdülər.
Məhəlləyə qayıdanda, marağımıza
güc gələ bilməyib yanlarına gedirdik ki, nə qədər
pul tapdıqlarını öyrənək.
- Mən
heç nə tapmadım eee...
- Mən
də tapmadım...
Ceyhunun kefi pozulan kimi İbiş "Zarafat eləyirəm! Alaaaa! 1 manat!",
deyib gülə-gülə qəfil arxa cibindən bir manat
çıxardı.
- Hardan
tapdın?
- "Bərəkət"in
qabağından!
"Bərəkət" bizim məhəllənin
aşağısında, stadionun yanında kiçik baqqal
dükanı idi. "Ət-bərəkət" də
deyirdik ora, amma ətdən başqa hər şey
satılırdı. Əhəd əminin
dükanı idi "Bərəkət".
Aramızdan
kimsə təəssüflənirdi: "Ay daa, bayaq mən də
ordan keçdim e!".
İbişin sifətində hiyləgər təbəssüm
yaranırdı. Az qalırdı, ürəyim
partlaya. Bayaq mən də Bərəkətdən
çörək aldım, necə görmədim o manatı
yerdə?!
Hərdən Ceyhun qardaşını tək qoyurdu.
- Bu
gün gəlmirəm. Sən tək get, həvəsim
yoxdu.
-
Özün bilərsən. Mən getdim.
İbiş minaaxtaran detektorlar kimi gözlərini yerə
zilləyib uzaqlaşırdı. Gözdən itənə
kimi Ceyhun onun arxasınca baxırdı.
Ceyhun "işə çıxmadığı"
vaxtlarda şalvarının balaqlarını qatlayıb bizlə
futbol oynayırdı. Sol ayağı ilə vurduğu
topları hələm-hələm qapıçılar saxlaya
bilmirdi. Heç bir futbolçunu
tanımırdı, amma biz ona sol ayağı ilə
vurduğu zərbələrə görə Karlos
adını vermişdik. Özü də
oyuna girəndə "Çəkilin, Karlos gəldi!"
deyirdi.
Amma çox oynamağa hövsələsi
çatmırdı. "Gedim, görüm İbiş
hardadı?" deyib aradan çıxırdı. Bəlkə də, şərikini tək qoyduğu
üçün narahat olurdu.
O illərdə
əlimizə keçən bütün pulu Pokemon kartları,
Turbo saqqızından çıxan şəkilləri
yığmağa xərcləyirdik. Hamısını
Əhəd əminin "Bərəkət"indən
alırdıq.
Dükana əlimizdə pul, dəstəylə girirdik. Əhəd əmi
bizi görən kimi kefi yerinə gəlirdi.
Ağbaş, lopabığ, arıq kişi
idi. Güləndə üst çənəsindəki
qızıl dişləri görünürdü.
Hədiyyə kitabçaları olan "Cırtdan"
külçələri, kukuruzları var idi onda. İçindən
nömrəli şəkillər çıxırdı.
Hədiyyə kitabçalarındakı
bütün şəkilləri tapıb dolduranda, nəsə
udurdun. Futbol topu, qol saatı, fincan, tozsoran, çaydan...
Kimdə hədiyyə udmaq üçün hansı nömrə
qalsa, bütün uşaqlara, hətta qonşu məhəllələrə
də hay salırdı ki, o nömrəni tapsın, lap pul
verib alsın. Uşaqların anaları da bu həyəcana
şərik olmuşdu. Öz aralarında
uşağına neçə nömrəli şəklin
lazım olduğunu danışırdılar,
soraqlayırdılar.
Kimdə hansı şəklin qaldığını,
axtardığımız şəkli kimdən tapa biləcəyimizi
isə hamıdan yaxşı Əhəd əmi bilirdi. Axtardığımız
şəkli Əhəd əmidən pulla
aldığımız da olurdu.
Bir dəfə çörək almaq üçün
"Bərəkət"ə girəndə, Əhəd əminin
tez əlindəki hədiyyə kitabçasını qəzetin
altında gizlətdiyini gördüm. Özünü elə
apardı ki, guya qəzet oxuyur. Eynəyini
çıxarıb mənə "nə lazımdı?"
sualını verəndə, gizlətməyə
çalışsa da, ayıb iş üstündə
tutulmuş adamlar kimi səsinin əsdiyini hiss elədim. Onda
başa düşdüm ki, Əhəd əmi niyə hər
dəfə aldığımız kukuruzları, külçələri
yanında açıb nömrələrinə
baxmağımızı istəyirmiş...
Yay günlərində məhəlləmizə
pambıqsatanlar gələndə, hamı tez qaçıb evdən
pul istəyirdi. Pambıqsatanların arabalarının
üstündəki qutularda bükülmüş
kağızlar olurdu. Hər pambıq alan
uşaq birini seçirdi və kağızda yazılan hədiyyə
nədirsə, onu udurdu. Fosforlu qolbaqlar, içinə su
doldurub fısqırtmaq olan üzüklər...
Pulumuzu ən çox da kompüter salonlarında xərcləyirdik. Elə
günlər olurdu ki, səhər girdiyimiz kompüter salonundan
hava qaralanda çıxırdıq. Son qəpiyimizə
kimi futbol, maşın, dava oyunları oynayırdıq.
Bir də
görürdün salonu işlədən göygöz Tofiq
içəridəki uşaqlara səslənirdi:
- Nihat
kimdi burda?
Salona sükut çökürdü.
Bilirdik ki, Nihat kimdirsə, anası gəlib. Nihat tez
kompüterin qabağından qalxıb, qaçırdı
çölə.
Ya da analarımız gəlib bizi döyə-döyə
oradan çıxarırdılar. Ən qorxduğumuz da
bu idi.
Əlimizə keçən pulu belə şeylərə
xərcləyirdik onda.
İbişlə Ceyhun isə bunların heç biriylə
məşğul olmurdu. Onları heç yayın cırhacır
istisində bircə dəfə dondurma yeyən də görməmişdik.
Tapdıqları pulu nəyə xərclədiklərini
bilmirdik.
İbiş neçə dəfə elə mənim
yanımda yerdən pul tapmışdı.
Küçədə
yeriyəndə birdən tez əyilib yerdən qəpik, ya
kağız pul götürüb mənə göstərirdi:
- Buna
baaaax!
Mənə tərəf tutub göstərdiyi qəpiyin,
ya manatın arxasında həmin hiyləgər
gülüşünün necə
böyüdüyünü, bütün üzünə,
yanaqlarına, gözlərinə necə
yayıldığını görürdüm. Göstərdiyi
pulu cibinə qoyub yoluna davam edirdi.
Onun yanında gəzəndə mən də
özümdən asılı olmadan diqqətlə
ayağımın altına, yolların, küçələrin
künc-bucağına baxırdım, qabağıma
çıxan daşları təpikləyirdim. Amma heç nə
tapmırdım.
-
Buraların altı-üstü puldu e! Yaxşı
axtarsan, taparsan - İbiş deyirdi.
Qəsəbəni əlinin içi kimi
tanıyırdı. Hansı evdə kim qalır, kim
harada işləyir, saat neçədə işə gedir,
neçədə qayıdır, kimin qapısında it var,
itin adı nədir, neçə toyuq-cücəsi var,
hansı mağaza saat neçədə açılır,
neçədə bağlanır, obyekt sahibləri saat
neçədə, harada nahar eləyir, bir sözlə, hər
şeyi bilirdi.
Bir dəfə
onunla gəzəndə, əliylə bir evi göstərib
dedi:
- O evdə
indi heç kim yoxdu.
Evə diqqətlə baxdım. Uzaqdan həyətdəki
böyük ərik ağacı görünürdü.
- Hardan
bilirsən?
- Bilirəm
də. Rayona gediblər. İki-üç
günə qayıdacaqlar. Gəl, zabordan hoppanıb bir az ərik yeyək.
İbişin təklifi ağlıma batdı. Köməkləşib
dırmaşdıq daş hasara, tullandıq həyətə,
cumduq ərik ağacına. Ən yetişmiş, ən
iri, sulu və şirin ərikləri dərib
yeməyə başladıq.
Ağacdan düşəndən sonra İbiş evin həyətində
gəzişməyə başladı. Əllərini pəncərənin
şüşələrinə dirəyib bir xeyli evin
içinə baxdı. Sonra bir müddət
ehmalca evin qapısını dartışdırdı. Bir azdan mənə "bəsdi, gəl gedəy
eee" deyib hasara dırmaşdı.
Onun bu hərəkətləri məni narahat eləsə
də, üstünü vurmadım, dalınca hasara
dırmaşdım və həyətdən
çıxdıq.
***
Ceyhunla İbiş məhəlləmizdən nə vaxt
köçdülər, hara köçdülər, bilmədim. Onların
yoxluğu bizdən heç nə alıb aparmadı.
Ceyhunla 15 il sonra "Fəhlə əlləri"
parkında rastlaşanda, "20-ci sahə" elə də dəyişməmişdi.
"Fəhlə əlləri" parkı
yüngülvarı təmir olunmuşdu, "kruq"da
böyük marketlər açılmışdı. Marketlərin
qarşısında mer-meyvə, göy-göyərti,
balıq satanlar isə hələ də var idi. Üç-dörd lotereya köşkü də gətirmişdilər
bura. İbişlə Ceyhun kimi yerdən
pul tapmaq eşqində olan qəsəbə adamlarının ən
çox toplaşdığı yer də bu köşklərin
qarşısı olmuşdu.
-
İbişi tutdular da, içəridədi... - Ceyhun dedi. Onun bir vaxtlar mənə çox zabitəli
görünən simasının necə yazıqlaşdığının,
zəhmli gözlərinin necə yorğun və kədərli
gözlərə çevrildiyinin fərqinə vardım.
- Nə
danışırsan?! Niyə?!
-
Oğurluğa görə.
- Nə
oğurluğu? Haçan?
- Həəə,
oğurluğa görə. Evlərə girirdik.
İkimizi də tutdular. Papam
polis Rövşənin əliylə pul verib məni
çıxartdı, amma ha çalışdısa,
İbişi buraxdırammadı. Hələ
məhkəməsi olacaq. Mənə də ev dustaqlığı veriblər.
Şalvarının sol balağını yuxarı
qaldırdı, ayağındakı elektron qandalı göstərib,
gülümsədi.
Bir az da
ordan-burdan söhbət eləyib uşaqlıq illərimizi
yada saldıq. Rəhmətlik Əhəd əmidən, polis
Rövşəndən, "Bərəkət"dən,
pokemon kartlarından, "Cırtdan" külçələrindən...
Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı. Heç mən də o söhbəti açmadım.
Sağollaşıb öz yoluna gedəndə, Ceyhunun arxasıyca xeyli baxdım... Hərdənbir qarşısına çıxan balaca daşları təpikləyir, gözünü yerdən heç qaldırmırdı.
Ulucay Akif
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.-
S.10-11.