Bizimlə addımlayan
əbədi duyğular
Orxan Cuvarlı: “Kərəm haqlı idi”
Orxan Cuvarlının "Kərəm
haqlı idi" hekayəsi çoxşaxəli
mətndir: mənəvi
dəyərlər, dost münasibətləri,
sosial vəziyyətin,
dövrün ictimai-siyasi
mürəkkəbliyinin təsviri
və bunun qəhrəmanların taleyinə
təsiri... Müəllif dekorasiyalardan imtina
edərək, real adamları,
onların məişətini,
sosial problemlərini bəzəksiz-düzəksiz, çılpaq
naturada təsvirə çəkir. Hekayədə əsas motiv əyalətdən böyük
şəhərlərə (Şamaxıdan Kazana, Türkiyəyə) köçən,
yaşam dəyərləri
dəyişən, özgələşən
fərdin problemləri,
daxili böhran, mənəvi bağların
qırılmasıdır.
Hekayədə əvvəlcə sosial
qat öndə hiss olunur, amma getdikcə
mənəviyyat, əxlaq
motivləri ilə üzə çıxan insanın daxili aləmi hadisələrin zəminini təşkil etməyə başlayır.
Əslində, hekayədə
bu iki məqam
iç-içə verilir,
yəni - cəmiyyət,
mənəviyyat, məişət,
güzəran, psixologiya
və s. - bir sözlə insan həyatının məzmununu
verən elə bir qat yoxdur
ki, hekayədə əksini tapmasın. Həm də gerçəklikdə olduğu
kimi, yəni həyatın lokal təzahürlərinə enərək...
Orxan Cuvarlı
qələmə aldığı
dövrü, qəhrəmanların
yetişdikləri mühiti
təfərrüatıyla, incə toxunuşlarla ifadə edir ("İşsiz-gücsüz, sərgərdan
halda küçələri
veyllənə-veyllənə gəzəndə bayır-bacaqda
tapdıqları yarımçıq
siqaretləri damaqlarına
qoyub az odlamamışdılar"), çevik
ədəbi dili və manerasıyla çoxsaylı motivi mətnin dramaturgiyasında
məharətlə nizamlayır. Təmkinli
üslub, estetik müəyyənliyə malik
tonlar, prozaik naturallıq, lirik ovqat, daxili intonasiya,
təsvir predmetinin nöqteyi-nəzərinə köklənmək
və s. yazıçı
dilinin əsas poetik amilləri kimi səciyyələnirlər.
Estetik narahatlıq hekayənin dərinlərində, al qatında
ehtiva olunur. Mətndə
digər uğurlu cəhət yazıçı
dilinin zəncirvari sintaksisə malik olmasıdır. Epizodlar bir-birini
əsaslandırır və
müəllif Bəylər
adlı obrazın mənəviyyatına addım-addım
yanaşmaq yolu ilə onun xarakterini
açır. Amma münaqişə
kontekstində deyil, Rasimin uşaqlıq yaddaşına qayıdaraq,
ora xəfif vurğular etməklə obrazı psixoloji qatda görükdürməyə
nail olur.
Bütün təhkiyə boyu
oxucu hiss edir ki, Rasimin Bəylərlə
"haqq-hesabı" başqadır.
Sərgilənən xoş münasibətə
rəğmən alt qatda
açıq sezilən
bir boşluq var və o boşluq
nədirsə, qara zolaq kimi keçmişin
o qədər də xoş olmayan xatirəsini özünə
dolayıb saxlayır.
Yazıçı konkret
bir məqam vasitəsilə insan əməllərinin real mənasına
diqqət yönəldir:
qəhrəmanın uşaqlıq
travması, onu daim müşayiət edən ağrıya səbəb kimi verilən dondurma əhvalatı ("Doğrusu,
Rasim elə də dondurma həvəskarı deyildi,
nə hikmətdirsə,
heç uşaqlarına
da almırdı. Uşaqlar ilan dili çıxarırdılar,
amma Rasim hər dəfə bir bəhanəylə imtina edirdi") Bəylərin varlığındakı
nəfsin timsalı olaraq, bütünlükdə
onun təbiətini üzə çıxardan
məhək olur.
Kərəm uşaqlıq dostları olan Bəylərlə görüşdən bəri
başdan imtina edir. Çünki Türkiyədə
ürək cərrahı
işləyən, xarakter,
rəftar, davranış
cəhətdən tamam
özgə adam
olan professor Bəylər
Hətəmov Kərəm
üçün artıq
keçmişin bir qalığıdır. Rasim də
bunu empirik olaraq duyur, yaşayır,
amma içindəki beyin-qəlb təlatümündən,
onunla üz-üzə
gəlmək, görüşmək
istəyindən yaxa qurtara bilmir. Müəllif bu tərəddüddə, Rasimin
inadla görüşə
can atma istəyində
xırda psixoloji nüanslarla, keçmişə
dair hansısa sirr, ağrı, təlaş gizləndiyini
eyhamlaşdırır (Rasim
yaxşı başa düşürdü ki, ürəyini sıxan onu içəridə gözləyən məchulluq,
naməlum görüşdür.
Özünü aldatmaq nəyə
lazım?! Bura heç
kimin israrıyla gəlməyib, nə edirsə, öz xoşuna edir. Lap ürəyi istəsə,
bu dəqiqə üzünü çevirib
evinə gedər.
Amma yox... Bir ayrı hiss idi onu saxlayan.
İçində səngimək bilməyən
bir inadla bu görüşün baş tutmağını
istəyirdi.).
Rasim bilir ki, səbəb yalnız urbanizasiyanın gətirdiyi yadlaşma ilə bağlı deyil, Bəylərin özünün mənəvi
kefiyyətinin naqisliyindədir
("Rasim, dabbaqda gönünə bələd
idi professorun. Ürəyində yaxşı bilirdi ki, Bəylərə sonadək etibar etmək, kürəyini söykəmək olmaz").
Buna baxmayaraq, onu görməyə tələsir
və az
sonra məlum olur ki, əslində
onu bu görüşə
təşviq edən daxilindəki tamam başqa hissdir. Hekayənin əsas innovativ bütövlüyü elə
bu nöqtədə tamamlanır. Rasim uşaqlığı
üçün darıxır,
keçmişi üçün
göynəyir, böyüdüyü
qəsəbədə yaşanan
birgə uşaqlıq
dövrü onun üçün hələ
də əzizdir
("Gözlərini yumub
ensiz, uzun məhlələrini xəyal
elədi. Onda professor yox
idi. Yəni var idi, amma onların arasında dərin uçurum yaranmamışdı.
Onda Rasim Raska idi,
Bəylər Beka.
Qayğısız, kədərsiz, bəxtiyar
uşaqlıq. Müştərək sevinclər, ortaq kədərlər, nəhayətsiz
həyat eşqi.
Sonralar eyni çətinliklər, bənzər
nigaranlıqlar, oxşar
yoxluqlar... İndi o illərə boylananda
eləcə üçü
var idi".)
Ümumiyyətlə, Rasimin içində daim bir uşaq
təbiəti boy verir. Həyatın hər cür sərt üzünü görüb, duyub, yaşasa da ətrafa hələ də saf duyğuların
işığında, birbaşa,
təmənnasız nəzər
salmağı bacarır,
hətta konfrans zamanı belə "slaydda görünən ürək şəkillərinə
uşaq həvəsiylə
baxır".
Bəlkə ilkinliyə xiffəti, keçmişə bağlığı,
nisgili də bu səbəbdəndir
("...uşaqlığını düşündükcə bədəni
uçunurdu"). Düzü, hekayənin
bu məqamı - obrazın "müqavimət
duyğusu" mənim
üçün daha təsirli, daha dərin məna kəsb edir. Sosial gerçəklərin
passiv inikasını deyil, qaçılmaz surətdə dəyişən
dünyalar, özgələşən
adamlar, cəmiyyət,
münasibətlər və
onların qarşısında
duruş gətirə
bilən, bütün
yanlışlığı, duyğuların metafizikası
ilə bahəm xatirələrə dönən
adamlara, ilkinliyə, uşaqlığa müqavimətli
bir əzmlə bağlanan, dünyanın
hansı başına
gedirsə getsin ətrafa içinin saflıq pəncərəsindən
boylanmağı bacaran
İnsan həqiqətini
əks etdirdiyi üçün! İnsan
nə qədər dəyişikliklərə məruz
qalsa, ömrü-günü
xərcləyərək nələrisə
əldə etsə belə ilkin, başlanğıc, təmiz
duyğular da onunla birgə addımlayır və o, hansısa anda anlayır ki, bu körpə, ilkin hisslər bütün sonrakı illər ərzində əldə edilənlərdən
də, yaşanılanlardan
da daha ali,
daha dəyərli imiş.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.12.