Filoloji fantaziya fraqmentləri

 

Orxan Cuvarlı: “Kərəm haqlı idi”

 

1

 

Yazdığımız hekayə və romanlar əslində, reallaşmayan, gerçək olması mümkünsüz görünən xəyallarımızdır, yəni həyatın passivinə yazılan nə varsa sonradan müəyyən istisnalarla bədii mətnə dönə bilir, burada, bəlkə, "dönüşür" desəydik,  daha doğru olardı. Ruhunda və beynində yaşatdığın və bir məqamda ordan həyata keçəcəyini yəqinləşdirdiyin nə varsa hekayə, yaxud roman mətninə dönür və bu proses boyu həmin ana xəyalın ətrafında cücərən hər şeyi ştil körkəmində o mətnin içinə qatarsan, yazdıqca o həyatdan qopmuş xəyalların gerçəkləşməsinə elə bir inam aşılarsan ki, oxucu sövq-təbii bu hadisələrin yerini və zamanını müəyyənləşdirmək istər (çox dəqiq aranan şeylər əslində dünyaya heç gəlməyən şeylərdir, sonda sən də bunu anlarsan və artıq çox gec olar-!), mətnin səslənməsindən, yəni təhkiyənin ritmindən sətirlərin arasına zamanla dolan insan ağrılarını, quş kimi vurulan ən gövrək xəyalların izlərini hiss edərsən. Bədii mətndə bu səbəbdən həmişə batmış, ünvanına çatmamış səs "məzarlığı" güman edilir, bu, əslində heç güman da deyildir, olmuş, həqiqi bir şeyin xəyal zirzəmisində uyumasıdır. Bədii mətn laylarında (yaruslarında-!) müəllifin yaddaşındakı səslərin xəyal zirzəmisində qalması və ordan çölə adlaya bilməməsi, müəllifin yazdığı əsərin sonunda qeybə çəkilməsi anlamını daşıyır. "Madam Bovari" romanını yada salın. İki əks, həm də daban-dabana zidd şeyin (insanın, yaxud hadisənin) nəfəslərinin qarışması izahı çox müşkül məsələ olmaqla bərabər hər bir insanın ruhunda yuxarıda adını çəkdiyimiz zirzəminin daim aktiv hala keçmə təhlükəsindən xəbər verir. Bu zirzəmidəki dünyada hər şeydən təmiz səs, hələ üstünə heç bir iz düşməmiş xəyal, niyyət (dünya qədər qar yağır, bircə an da ara vermir, ordan keçən adamların ayaq izləri düşən kimi itir...) onu çirkləndirən başqa bir varlığa doğru can atır, yanır, odlanır, iztirab çəkir... Bu "çöküş" daha sonralar Alber Kamünün romanında bir tərəfli əks ediləcəkdi. İnsan ikiyə bölünür, necə ki ölkələr, vətən, yurd yad əllərdə qalır, insan da zirzəmidəki təmiz səsiylə özü iki yad sahildə qalır. Bu situasiya məxsusi, necə deyək, yerlə göylərin mifoloji mətnlərdəki ayrılmaz halına xal salır, hər şey ümid etdiyi yerdən çat verir, aralanır, ona bundan sonra ancaq o təmiz səsin uyuduğu zirzəmiyə çatmaq xəyalı qalar, zamanla bu cəhd də sönür, insan öz içində məzarlığa kömülür. U.Ekonun "Praqa məzarlığı" romanının səhifələri arasına.

Yaxud olmuş bir hadisəni qələmə alanda məcburən ona fantastik don geyindirməyə çalışarsan, bu həqiqətlə o fantastika arasında təhkiyə strukturunun yaratdığı şəffaf təbəqə bu dünyada, xəyalla gerçəkliyin bütün əksliklərini yığar, suçəkən kağız kimi. Demək, belə tip təhkiyə forması mövcuddur, gerçək olmayacaq xəyalın təsvirindəki ifrat reallıq dozası və gerçək hadisələrin əfsanə və miflərdəki rişələrinin başqa bir dünya ilə, bu dünyanın paralelindəki "yad planet"lə təması. Əslində təhkiyə forması bədii mətnin fəlsəfi əsası, onun daxili məzmunudur.

Və beləcə hər bir hekayənin ritmi, təhkiyə axarı onunla necə davranmanı, onu necə oxumağı da diktə edir, bəzən bu hekayələri oxuyub fikir söyləmək iddiasında olan şəxslərin ürəyindən belə bir nida keçər ki, kaş bu məqamda nəsə gözlənilməz bir şey baş verəydi.  Baş vermir, kənardan o təhkiyənin içində fırlanan, qövr edən zamana nüfuz etmək mümkünsüzdür, harda nəyin və necə baş verəcəyini o səndən və hamıdan daha yaxşı hiss edir. Son zamanlar gənclərin hekayə janrına müraciət etməsi yaxşıdır, o mənada ki, bu kiçik janrda yazının, nəsrin biz təsəvvür edə bilmədiyimiz gizlinləri yaşayır, onlara vaqif olmaq əslində hər gün özünü keçməyə bərabərdir. Hər bir hekayənin təhkiyə axarı həm baş verən hadisələrin dinamikasını duymaqla, həm də müəllifin içindən axan zaman çayının ritmiylə şərtlənir. Bəzi hekayələrdə nə qədər insan, nə qədər personaj olsa da, əslində burda söhbət üç nəfərin arasında bölüşür, iki dostun, iki sevgilinin, iki yaxından yaxın adamın arasından keçən zaman, onları bir-birinə daha yaxşı tanıdan üçüncü şəxs. Orxan Cuvarlının "Kərəm haqlı idi" hekayəsində də eyni əhvalat çözülür. Əvvəlcə bu gənc nasirin yazı texnikası haqqında. Bəri başdan bunu deyək: heç bir hekayədə müəllif əhvalatı düzüb-qoşmur, onu yaratmır və uydurmur, müəllif sadəcə hamının bildiyi əhvalatın necə, hansı yöndə baş verdiyini aydınlaşdırmağa, bu əhvalat baş verdiyi zaman özünün orda olub-olmadığını yəqinləşdirmək istəyir, çünki bu əhvalatlar təkcə yan-yörəmizdə baş vermir, həm də hər birimizin içindən keçir. Yalnız "Min bir gecə" nağıllarında o hekayətlər ölüm qorxusu altında və digər səbəblərdən uydurulmalı olur. Orxan Cuvarlı bu tanış hekayətin sakit "gərginliklə" çək-çevir edir, onu indidən keçmişə, keçmişdən indiyə atmaqla o üç nəfərdən hər birinin duyğu və düşüncələrini açıb göstərməyə çalışır.    

 

2

 

Orxan Cuvarlı elə nasirlərdəndir ki, oxucunu bir gərginlik sahəsindən digərinə yox, nisbətən sakit yerə aparmağı sevir. Məsələ bu sakit məkanda, Rolan Bart demişkən gərginliyin sıfır həddində həll olunur. Çünki gərginliyin ən üst qatında ağız deyəni qulaq eşitməz, bu səbəbdən Orxan yazdığına, bu yazıdan hasil olan mənzərəyə həm də tamaşa etməyi bacaran müəllifdir. "Kərəm haqlı idi" hekayəsinin bəlkə də adı düzgün qoyulmayıb (bəlkə deyirik, amma Orxanın təhkiyə məntiqinin özü də vurğunu "haqlı/haqsız" dilemması üstünə salır...), amma vurğuladığımız cəhətlər onun təhkiyəsində vizuallıq effektini yarada bilir. Hər şey uşaqlıq xatirələri ilə bağlıdır, ordan gəlir, ora dönür, istədiyin qədər dəyişmək bu mahiyyətə əsla təsir etmir. Təhkiyənin başlanğıcında dediyimiz mənzərə yavaş-yavaş "açılır", sonda, elə hekayənin son akkordu və cümləsi kimi "gözdən itir". İnsan əvvəlcədən müəyyənləşən nəsnələrə qarşı, xislətdən irəli gələn xüsusiyyətlər qarşısında acizdir. Hər kəs məqamında dərsini alır, içindəki hüzursuzluğa son verir.  Orxanın mətnində (bütün hekayələrində) "laxlayan" sözə rast gəlməzsən, hər bir söz, bütövlükdə mətn ona biçilən ideal yerdədir. Hər bir təhkiyə tipinin bütün mətnə şamil ediləcək funksiyası olur. Çünki hər mətləbin eşidilmə, başa düşülmə və hansı akkordlarla sonlanma ritmi var. Kimsə çayı ancaq daşma məqamında göstərir, bu strategiya insan taleyinin bütün sirli, onu harasa sürükləyən "dibini" göstərməyə xidmət edir. Orxansa çayın özünü təsvir edir, həm də çay daşlarına ilişən nələrisə...

Kərəm yalnız hekayənin ekspozisiya hissəsində nələrsə deyir və bununla da  çəkilib gedir. Amma getsə də onun dediyi sözlər, verdiyi qiymət Rasimin qulaqlarında səslənir. Hekayənin əvvəlinə diqqət edək:

"- Professor gəlib, eşitmisən?

Kərəm yük maşınından ayaqqabı qutularını ehtiyatla Rasimə ata-ata xəbər aldı. Rasimin diqqəti azca yayındı, az qaldı axırıncı qutunu əlindən salsın. Birtəhər fikrini toplayıb qutunu əl arabasında yerbəyer elədi. Professorun Kazanda nə işi var? Elə bil yüz ildi onun adını eşitmirdi. Bəlkə, Kərəm kimləsə səhv salıb, ya onlar tamam başqa-başqa adamlardan danışırlar? Rasim tərəddüdlə, bir az da çəkinə-çəkinə dəqiqləşdirmək istədi:

- Hansı professor?

- Vay, vay, vay, - Kərəm ikiqat əyilib Rasimin sağ çiyninə dayaqlandı, yüngül hərəkətlə yük yerindən aşağı tullandı, - adə, neçə professorumuz var bizim?! Hətəmovu deyirəm. Professor Hətəmov!"

Hekayədə sözlərin hərəkəti ifadə etməsində qəribə bir sürəklilik ritmi var, cümlələrdə, onların arasındakı boşluqlarda yalnız konkret hərəkəti ifadə edən səs enerjisi mövcuddur. Yuxarıdakı sitatdan bir az aşağıda verilən  cümlələrə diqqət edin: "... Kərəm tozlu əllərini bir-birinə çəkdi, baş barmağıyla alnının tərini silib yerə çırpdı. Ciblərini döyəclədi, arxa cibindəki qutudan siqaret çıxarıb odladı. Rasimin təəccübü hələ də çəkilib getməmişdi. Düyünlü qaşları Kərəmin də diqqətindən qaçmadı:

- Niyə fikrə getdin?"

Kərəm həyatda dərsini almış adamdır, Rasimsə tam əmin olmalıdır, həm   iki dostun arasındakı üçüncü şəxsi (üçüncü şəxsin təki) görüb hər şeyə əmin olmalıdır, bundan da ötə, onun açıq gözlə, ürəyi yana-yana nələrəsə tamaşa etmək şövqü yatmır ki, yatmır. Rasim kimdir? "...Universiteti bitirəndən sonra işsizlik lap əhədini kəsmişdi. Rasim axsaq idi, hərbi xidmətə aparmadılar. Qəsəbəyə qayıdıb arabir tikintidə iş düşəndə qazandığı qəpik-quruşla başını qatırdı. Kərəm əsgərlikdən qayıtdı, uzun müddət işsiz-gücsüz avaralandılar. Ucqar qəsəbə ola, cavan olasan, iş tapılmaya, qəpiyə güllə atasan... Evdən pul almağa üzləri də gəlmirdi..." Rasimin axsaqlığı da uşaqlıq illəri və iki dostun üçüncü dostlarının sayəsində olub.

Orxan bu iki dostu və onları birləşdirən üçüncü şəxsin əhvalatını necə təqdim edib? Yuxarıda dediyimiz kimi, çayın həm sürətli axışında, həm sakit "yatışında", həm də çayın özünü təsvir etməklə. Çayın sürəkli axdığı yer onların, o üç uşağın uşaqlıq xatirələridir, tez ötüb keçsə də bəzi şeylər daşlara ilişib qaldı və gələcək üçün nələrisə mübhəmlik toruna bürüdü, Rasimin bu son görüşü də o mübhəmi çözmək idi (həm də dükançı Davud dayı ilə bağlı əhvalat... sürətlə ötüb keçsə də həyatın son nöqtəsinə, taleyə zərblə çırpılan möhürə, ştampa bənzədi), çayın sakit axan yeri Bəylərin onların arasında olmadığı vaxtlardır, Bəylər yoxdu, amma bu iki dost sıxıntı içindədir, Bəylər olmasa da onların hər birinin yaddaşında giliz kimi yaşamaqdadır. Çayın özü isə bu hekayədir: "Kərəm haqlı idi..."

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.12-13.