Adı soyadını eşidən şair
– Qulu Ağsəs
Ön söz əvəzi
Qulu Ağsəsin şeirlərini oxumaq çətindir – oda yaxınlaşmaq kimi bir hissdir: səni yandırıb-yaxarmı, səni əridib qəlibinimi dəyişər, kül edib bir ovucamı sığdırar, yoxsa səni səndəki çərçivədən alıb sən olmayan, mən olmayan, yalnız O olan dünyaya götürər – bütün bu həqiqətləri hər kəs şairin yaradıcılığı ilə yaxından tanış olduqdan sonra özü üçün bəlli edə bilər.
Qaçdığım yerdə yaxaladı məni Qulu Ağsəsin şeirləri. Eşq əhli, ruh adamı bu qaçışın hansı məsuliyyətdən doğduğunu yaxşı bilir, onu da bilir ki, gözünü, qulağını Haqqa bağlaya bilməz – başqa aləmlərlə görüşə çıxmaq nəsibimdir deyib, boynuma daha bir borc yükünü almağa cəsarət edirəm. Uzaq yoldur, uzun və incə yoldur. Yol yoldaşı ola biləcəyim yolun deyil, yolçuların sınağıdır. Sınayaq bir-birimizi – oxucu və şair.
İncəsənət
ruhun təcrübəsi kimi
Bəşəriyyət var olduğu zamandan bu yana incəsənət onu müşayiət edir. Cəmiyyət bir çox fəaliyyətləri mühüm hesab etsə də, bədii sənətlə məşğul olmağı heç də mütləq dəyər olaraq qəbul etmir və aşılamır. Din mənsubu və ya ateist olmaq, siyasi maraqlarını bəyan etmək kimi cəhətlər məcburi görünsə də, bədii dəyərlər yaratmaq, onları çoxaltmaq və inkişaf etdirmək həmişə ikinci dərəcəli iş hesab olunur. İncəsənət həyatın dərkolma şəklidir, bəşəriyyətin ehtiyacı olduğu həqiqət uğrunda mübarizəsidir. Bu, elmi məntiq yolundan fərqli yoldur. Hegel belə hesab edirdi: “Öz formasına görə incəsənət müəyyən məzmunla məhdudlaşır. Həqiqət yalnız bəlli çərçivədə və səviyyədə bədii əsərdə öz ifadəsini tapa bilər”. Hegelin bu mülahizəsi dəfələrlə tənqid olunsa da, mədəniyyət tarixində zaman-zaman mübahisələr doğurmuşdur. Elmi, yoxsa bədii idrak – hansı cəmiyyətin həyatında və inkişafında daha çox üstünlük təşkil edir? Alim haqlıdır, ya sənətkar?!
Məktəbdə bədii əsəri şagirdlərə və ya tələbələrə öyrədərkən onun bütün mahiyyətini bir neçə “ciddi”, məntiqi nəticələr vasitəsilə ifadə etməyə çalışırıq. İncəsənəti ikinci dərəcəli həyat fəaliyyəti hesab etdiyimiz bəllidir, lakin “nə üçün cəmiyyət incəsənətsiz yaşaya bilməz?” sualı hər zaman açıqdır. İncəsənət insan ruhunun hansı ilkin tələbinə cavab verir, hansı əzəli ehtiyacından doğur? Şekspirin “Bu sizin xoşunuza gəlirmi” komediyasının qəhrəmanı sadəlövh və cahil Odri soruşur: “Poeziya nədir? Həqiqidirmi?”. Həmsöhbətinin “Əsla yox, çünki ən həqiqi poeziya – ən böyük təxəyyüldür” cavabı bizi daha dərin suallar qarşısında qoyur. “Tanrı” odasının müəllifi Derjavin isə poeziya haqqında fikrini belə ifadə edir:
Yayda dadlı limonadtək
Xoş, şirin və faydalıdır.
Mandelştam Birinci Dünya müharibəsi ərəfəsində daxilində mütləq bir tənhalıq yaşadığı vaxtda bu sətirləri yazır:
Və əgər əsl nəğməkarsan,
Tam qəlbinlə oxuyursan,
Hər şey yox olur o zaman
–
Ənginlik,
ulduzlar və səmadır yalnız doğru olan.
Anna Axmatova məşhur “Sənət sirləri”
silsilə şeirlərinin birində yazır: “Bir bilsəniz, hansı
qarmaşadan / Boylanır şeirlər anidən, heç
utanmaq bilmədən”. Böyük rus şairi Yevgeni
Baratınski “Arifə” adlı şeirində arifə belə müraciət edirdi:
“Yaradıcılq iztirabı
öz sözü ilə
çıxarar bizi yoxluqdan / Həyat verilmişdir iztirab
üçün: Həyat və iztirab yanaşıdır hər
zaman”. Göründüyü kimi, fikirlər
müxtəlifdir, subyektivdir. Danılmaz olan bir şey
var: ədəbiyyat humanitar düşüncə sahəsi kimi
ilk növbədə obyektiv biliklərə yiyələnməyi
deyil, insan şəxsiyyətinin formalaşması məsələsini
önə çəkir.
Yaradıcı
düşüncə
kamil insan axtarışından doğur. Əsl
şair günahlardan sıyrılır və Tanrının
qurub nizama saldığı dünyanı yenidən, öz
dünyasıymış kimi qurmağa cəhd edir,
İlahi yaradana bənzəyərək, Ona uyğun olaraq
varlığı dərk etmək istəyir. Bu yaradıcılıq təşnəsində əbədi
eşq və ontoloji həqiqət
var, Qulu Ağsəsin yazdığı kimi: “bir sevdiyini
biryolluq sevmək” var, “çətin” də olsa (“Çətirim
səma”). Vərəqlərlə söhbət edən,
onları qarşısında zəmi kimi görən,
yaradılışdan və yaradıcılıqdan xəbər
verməyən söz yazmaq istəməyən şairdir Qulu Ağsəs...
O, sözə münasibəti ilə öz ilahi təyinatına
sədaqətini qoruyur.
Tanrı
səltənətində də, Allahın altında da hər
şey həqiqətdir – Var olandır. Qədim Misirdə
“yaradıcılıq” məfhumu artıq dərk olunmuşdu.
Yeni dövr mətnlərində “hm.(w).t” sözü incəsənət tanrısı Ptaha məxsus yaradıcı güc, ustad sənəti anlamı
daşıyırdı. Yenidən yaradılma və ya
yaratma (qədim yunan dilində isə poiesis adlanırdı) fəlsəfi
kateqoriya olaraq “fəaliyyət”, “proses” və “yaranış” məfhumlarını
özündə birləşdirir və
yaradıcılığın yenidən yaratma mahiyyətini
ifadə edirdi. “Şair”
sözü də (poietes) qədim yunan dilində “yaradan” deməkdir. Reallığı dağıdaraq, parçalayaraq
onun bütöv görünən şəklinin daxili mənzərəsinə
nüfuz etmə, yenidən yaranma, dirilmə, daha üst məna
üfüqlərini fəth etmə, sonsuzluğa qovuşma istəyi
Qulu Ağsəs poeziyasının əsas intensiyasını təşkil
edir.
Mətn və metamətn
Qulu Ağsəs bədii mətni nədir, onun şeirini
aktuallaşdıran hansı cəhətlərdir? Dünya ilə mürəkkəb
qarşılıqlı münasibətlər quran sənətkar, şair
müəyyən təsirlərə qarşı müqavimət
göstərməsə, onlarla bəzən “dil tapmasa”, məhv ola bilər. Xarici mühitlə qarşılıqlı
münasibət müəyyən biliklərin, mesajların,
siqnalların alınması və anlaşılması,
çözülməsi, oxunması anlamına gəlir.
İnsan bütün ömrü boyu məlumat
axınının içindədir. Sənətkar
mövqeyi olmaq bu
prosesdə varolma, sağ, diri qalma şansını qoruyub
saxlamaq üçün öz üslubunu, işarə
sistemini, öz dilini yarada bilmək və cəmiyyətlə
bu dildə danışmaq istedadına sahib olmaq deməkdir. Bu söz, bu dil sonda həm də insanların sərvətinə
çevrilir. Bu sözdə, bu dildə ifadə olunan mənalar,
mətləblər, sadəcə, emosional, estetik təəssüratlar
əldə etmək istəklərimizi təmin etmir. İnsan
həyatının mahiyyətində Haqqa yetişmək,
Onunla görüşmək, Onu tanımaq, Onunla üz-üzə
gəlmək, Onda öz üzünü aramaq və görmək
eşqi
yaşayır. Sənət əsəri
insana ona tam bəlli olmayan metafizik aləmlə bəsit
duyğularla deyil, daha dərin, əzəli bağlarla əlaqə
yaratmaq üçün vasitədir.
Qulu
Ağsəsin şeirində yaradılanı dərk etmək Yaradanı təsdiq
etməkdən keçir. Dünyanı anlamaq –
dünyanın alnına yazılanı oxuya bilməkdir. Anlamaq istəyi –
heyranlıq, heyranlıq – təəccüb, təəccüb
– sual doğurur. Qulu Ağsəsin poeziyası fəlsəfi
suallar və onlara verilən cavablar üzərində qurulmuş
mətndir, yerdə cavabı tapılmayan suallara başqa aləmlərdə
cavab axtarmaq niyyətidir. Yer üzü axan çaydır, qışda
donub yazda yarpaqlayan ağacdır, yağışı var,
qarı var. Lakin görünən
hər şey yalnız sirli aləmlərin
lütfü olaraq dərk olunarsa, yaşayır və
canlıdır. Dünyaya qonaq olduğunu bilsə
də, əbədi sevgiyə inanır şair. “Bir yol yatağından qalxmayan bir
çay”
şeirində
dünya insan
üçün hazır və ya bəlli bir cavab deyil,
axtarış, kamillik yolu kimi təsvir olunur.
“Başını yelləsən, külü közərir” metaforasında insanın Allah lütfünə
inamına, itaət mövqeyinə
işarə olunur.
İşıq deyil, işıq söz verən Allah
insanı azad seçimə, məsuliyyətə, mənəvi
varlığını daim yaşatmağa səsləyir:
Şükür
o göydəki ismin halına,
Şükür yağışına, şükür
qarına.
Şükür
– adımızı öz jurnalına
Əcəl
– adqoydudan qabaq yazdırıb...
Allahın
tək yaratdığı aləmin içində hər
birimizin Onun qulu olmağımıza sevinir şair, bizi də adının
daşıdığı o sevincə şərik edir.
Adəm və
Həvvanın günaha batdığı o mübhəm
gündən bu yana fanilik alnımıza yazılıb. Qulu
Ağsəs isə bu fanilyi sükranlıqla qəbul edir,
onunla barışır. Çünki
insanın var olduğu məkanı, yeri, mövqeyi doğru dəyərləndirir.
Şair cəmi bir misrası ilə dünyanın sirrindən
xəbərdar olduğunu və insanla dünya arasında məsafəni, münasibəti bəlli edir, arif olmağa
çağırır. Dünya “İşıq vermir, amma
işıq söz verir” deyən şair müdrik bir
abiddir, susaraq yol göstərir. Bu, daxilə yönəli bir yoldur,
yaşam və düşüncə biçimidir. O yolun boyu
yoxdur, dərinliyi var. O dərinlyə
getdikcə də ondan geri dönmək daha çətindir, hətta
mümkünsüzdür.
Əsl həyat ətrafımızda olub bitənlər
deyil, qəlbimizin dərinliyində yaşananlardır. Dünyanı bu cür
görə bilən şair ona verilən “söz”dən
razıdır – bu, sözün adı “ümid”dir. Sonsuzluga
götürən, insanın əbədi
varlıq hissini təmin edən, onu bir gün
işığın özü edən “söz”, ümid.
“Günəş olun, sizi hamı görəcək!”, – deyirdi
müstəntiq Porfiri qarşısındakı
zavallı Raskolnikova.
İnanclı pravoslavlar üçün Günəş İsa Məsihin simvoludur. Peyğəmbər
olmaq Tanrıya İsa kimi inanmaq deməkdir. Əslində,
Dostoyevski öz söz hüququnu qəhrəmanına verir,
öz düşüncəsini birbaşa ifadə etmir – oxucusuna düşünmək
üçün azad məkan yaradır. Şeirdə
bunu etmək çətindir, çünki lirik qəhrəman
məfhumu var, müəllif
sözün sübyektidir, özünü gizlədə
bilmir. O, poetik mətnin
konstruksiyasından kənarda deyil, içində görünməlidir.
Qulu Ağsəs mətnlərini
çox zaman sualla
başlayır, onları sual-cavab şəklində qurur, oxucunu da dərk olunana subyekt olaraq daxil olmağa,
anlamadığını anlamağa, xəbərdar olmağa
dəvət edir. Şair oxucunu dünyaya kənardan
deyil, onun içindən baxmağa, yanlışını
qoyub doğrusunu görməyə, pisini qoyub
yaxşısını axtarmağa sövq edir. Dərinliyə
açılan yollarda qaranlıqlar geri çəkilir,
işıq çoxalır, yer – səma, fanilik –
ölümsüzlüklə əvəz olunur. Kainatın ənginliklərinə
doğru irəliləmək, onun sirrini çözmək, Yerlə mələklər arasında əlaqə
yaratmaq insanın Allahla
yaxınlığına və uzaqlığına
bağlıdır.
Qulu Ağsəs daim yenilənən, ilahi bağları
görmək üçün maneələri dəf edən,
insanı formalaşdıran mətnlər yaradır.
Nəticə olaraq, mətndənkənar hadisələri
vəhy ilə qavrayan, sezən şair xüsusu bir metamətn
ortaya qoyur. Bu mətnin qəhrəmanı sirli dünya və sirli
insandır.
Həyat və ədəbiyyat
Günah incəsənətin
predmetidir (Lotman). İncəsənət
günahı təbliğ etmir və əxlaq dərsi də
vermir. İncəsənət günahı araşdırır.
Tanınmış türk folklorşünas alimi professor
Özkul Çobanoğlu universitetdə təhsil alarkən
kirayə qaldığı evin sahibəsini öldürmək
fikrindən məhz “Cinayət və cəza”nı oxuduqdan
sonra vaz keçdiyini deyir: Raskolnikovun əzablarını
yaşamaq onu qorxudur və cinayətdən çəkindirir.
Həyat ədəbiyyat
üçün materialdır, lakin ədəbiyyat özündə gizli
bir sirr saxlayır – bu sirr müəllifin mövqeyi, insana və
dünyaya, onların ikili münasibətlərinə
baxışıdır. Qulu Ağsəsin
yaradıcılıq yolu, onun fəlsəfi poeziyası “Həyat nədir?”
sualının ətrafında dövr edir və ona cavab
axtarmaqla formalaşır. Onun zahirən böyük olmayan, lakin dərin mənaları
arayan meditativ mətnləri oxucunu da bu fkir burulğanına
baş vurmağa, öz daxili aləmini kəşf etməyə
və gizlinində saxladığı eşqi, İlaha
bağlılığı üzə çıxarmağa
sövq edir.
Yuxarıda
Şekspir, Axmatova, Baratınski kimi qələm sahiblərinin
poeziya haqqında qısa aforistik düşüncələrini
qeyd etmişdik. Qulu Ağsəs isə deyir:
Əkinçinin
havaya
atdığı
bir
ovuc toxumdu ulduzlar –
bar
vermədiyindən qızarar.
...Şeir sirdi, Adam,
sirri
bağırmazlar –
ulduzlardan
utan.
Müəllifin bizə söyləmək istədiyi bir
sözə sığmır, o, canlı və mürəkkəb
quruluşa malik fikirdir. Dünyanın ulduzlar boyda sirri varkən,
sözə böyük yük düşür, şairə
isə peyğəmbərlik. Bu sirrə cavab
arayışı boyunca insan ömrü mənaya yetir.
Bilinməyən
həqiqətləri
üzə çıxarmağı poeziyanın qayəsi hesab edən şair sözə bəsit münasibətdən nigarandır.
“Hara baxıram, şairlər” şeirində “Kimdir şair?” deyil, “Kimlər
şair deyil?” sualına cavab verir Qulu Ağsəs. “Yaxadan tutub
danışan”, “misranın qulağını burub
qışqırdan”, “şeiri oxucu üstünə
qısqırdan”, “çığıran şairlər”,
“bağıran şairlər” , “ağıstan şairlər”,
“dağıstan şairlər” və
s. kimi təşbehlərdə təkrarlanan müraciət
“şair” sözünün
hansı səbəblərdən öz ilkin mənasını
itirdiyini,
ucuzlaşdığını,
bayağılaşdığını göstərir.
Müsahibələrinin
birində özü və sözü arasında münasibətlərə
aydınlıq gətirməyə çalışır və
söhbətin əvvəlindən dəfələrlə təkrarladığı
“Bəyəm buna görə seir yazmağa
başladım?” sualına
özü də bilmədən sualla cavab verir: “Təzə nəsə
yazmaq, özünü təzədən kəşf eləmək
adama həmişəmi nəsib olur?!”. Cavabın sonunda yenə
bir sual işarəsi qoyur, yenə bir cavaba, bəlkə də,
bu cavabdan doğacaq
daha bir suala yer qoyur və beləliklə, Qulu
Ağsəs öz poetik
sözü ilə
yerin-göyün başına dolanır.
Özünü kəşf etmək
yaradıcı olduğunu hiss etməkdir şair
üçün. Söz söyləmək,
dünyanı fəth etməkdir. Qəlibləşmiş
hiss və düşüncələri təkrarlamaq deyil,
sözçülük deyil, yaradılanı söz vasitəsilə
görmək üçün
bir də Yaradanın yolu ilə getməyə can
atmaqdır əsl şair
olmaq. “Bəs
Allah, qardaşım, Allah?! Hər şey
insanınmı əlindədi?! Yox, atam, yox! Bayaq soruşdun ki, nə var, nə
yox; Allah var, Allah! Yoxu var, varı yox eləyən…”, – deyə
sözünə davam edir Qulu Ağsəs müsahibəsində.
“Həzərat!” müraciəti
ilə başlayan eyniadlı şeirində isə cəmi
üç suala cavab üzərindən həyatı
anlatmağa
çalışır şair:
Həzərat,
cəmi
üç suala
cavabdı
həyat:
Kim?
–
Heç kim!
Hara?
– Heç hara!
Nə vaxt?
– Heç vaxt!
İnsanı,
məkanı, zamanı və onların
qarşılıqlı münasibətlərini təyin edən
bu lakonik magik mətndə cavab oxucu üçün yenə də sirr olaraq,
sual olaraq saxlanılır.
“Heç kim”, “heç hara”, “heç vaxt” inkarının
arxasında isə, əslində, əbədiyyət, qədim
yunanların həqiqət adlandırdığı
Varlıq təsdiq olunur.
Qulu
Ağsəsin şeirlərində axtarış var, sual var,
insana inam, abid təvazökarlığı, Allaha
şükür etmə məqamı var. Ümumiyyətlə,
Qulu Ağsəs mətninin dialektikası təzadların
qarşıdurması ilə deyil,
qarşılaşdırmasından doğan tamamlanma ilə səciyyələnir:
Cənnətin
qapısını döyən –
demək,
orda deyil,
arxada qalan
göz –
düz
yolda deyil.
Ba-ax, ikisi də tərs
keçidi:
biri –
gündüzdü,
biri –
gecədi.
Gecə –
səhəri
su kimi üzünə çəkər,
Gündüz –
gecənin
çiynindən ulduzları sökər...
İlk
baxışda şeirdə zahiri dinamikaya rast gəlmirik, sanki statik bir mənzərə
təsvir olunur, lakin bu “durğunluğun” arxasında gecə
ilə gündüzün mübhəm görüş anı
– həyata dönüş anı dayanır. Bu hadisə “səhəri
su kimi üzünə çəkər” metaforası ilə böyük canlılıq
qazanır. Obraz öz daxili mənası ilə sonsuz və əbədi
zaman hadisəsinə
çevrilir: gecə səhərin
su lallığına, sakitliyinə, paklığına təşnədir
və əksinə, gündüz də gecədən ayrı
deyildir – onun çiynindən
sökdüyü ulduzları öz rənginə boyayaraq
onları çoxaldır, gecəyə sədaqətini
nümayiş etdirir, dünyaya şəfəq yayır. Qulu Ağsəs əbədiyyəti ziddiyyətlərin
vəhdətində görür. Konkret halda “gecə-gündüz”
antinomiyası Varlığın dərki üçün
müdrikliyə yeni qapı açır və başqa aləmlərlə
görüşə hazırlayır. Bu məqam sirr qapısı, Varlığın dərkinə
keçid məqamıdır.
Bilinməyən dünyalarla
görüş məqamının, ölüm
qarşısında həyatın metafizik təsdiqinin,
reallıqla üzləşmənin həm də yüksək faciə anı
olduğunu Qulu Ağsəs
poeziyasının bəzi nümunələrində
açıqlamağa çalışacağıq.
Üçölçülü
poeziya
Azərbaycan
ədəbi camiəsində xaotik bir durum var. Hamı var,
heç nə yoxmuş kimi, ad
var, söz yoxmuş kimi, söz var, ədəbi söhbət
yoxmuş kimi,
yazıçı var, oxucu yoxmuş kimi və s. Bu
qeyri-müəyyənliyin içində ən asan iş
kütləni arxasına alıb onunla yol getməkdir. Qulu
Ağsəs kütlə şairi deyil, hara getsə, çevrilib baxanda
arxasında yenə də kütləni görməmək üçün
o, təkliyinə, özünə, qələminə, qələm
tutan barmaqlarına və qarşısındakı ağ vərəqə güvənir. Ona
görünən deyil, görünməyən yazılar mənalı
görünür. Özünü yerin bətnində,
Tanrının gözündə görmək istəyir,
Tanrının da gözünə göründünsə, səni
nəzərində saxlayacaq, izləməkdə davam edəcək,
hələ bir görməyə neçə göz də verəcək.
Düşünürəm ki,
uzağı-yaxını görmək üçün
deyil –
və ya yalnız bunun
üçün deyil – həm də göylərdəki cənnəti və
yerdəki cəhənnəmi görmək üçün,
gecə ilə gündüzü həm ayıran, həm də
birləşdirən nöqtəyə nüfuz etmək
üçün, dörd
bir tərəfinə nəzər
salıb orda öz yerini də doğru-dürüst təyin
etmək üçün eynəyə ehtiyacı da yaranıb Qulu Ağsəsin...
Qulu Ağsəs şeiri yalnız Allahdan gələndə
yazır. Bunu
bütün şairlər demək istəyər və ya deyə
bilər və yaxud da deyər,
amma Ağsəs həm də
onu deyir ki, Allahınız olsun, onun olmadığı yerdə
söz axtarmayın, söz müqəddəsdir. Bunu İncil də deyir, Quran da. “Başlanğıcda
söz vardı. Söz Tanrı ilə
birlikdəydi və Söz Tanrıydı”. Tanrı Sözünü
İsanın çiyinlərinə yüklədi və
öz Sözünü onun vasitəsilə insanlara
çatdırmaq istədi. İsa çarmıxa çəkiləndə
ən son qorxusu Tanrıdan uzaq düşmək oldu, özünün Həqiqət
olduğunu bir də sorğuladı,
Söz olmamaqdan qorxdu, özü üçün deyil,
insanlar üçün qorxdu, arxasınca səslədiyi
insanların xilas oluna bilməyəcəklərindən qorxdu.
Şair peyğəmbər deyil, lakin onun getdiyi
yollardan xəbərdar olan Allah elçisidir.
“Mən
sirrimi vərəqə yazası oldum, özü də qələmlə,
işin ən yüngülündən yapışdım,
neçə ildir şeir yazıram, deməli,
ömrümün çoxunu qaya başında
keçirmişəm”, – deyir Qulu Ağsəs. Vərəq yüksəkliklə assosiasiya olunur.
Şairin yerdəki taleyi ruhun son məqamına
yetişmək, abidlər kimi səma dilində
danışmaqdır. Onun
yaşadığı qayanın yüksəkliyindən
“yüngül” görünən “iş” seçilmişlərin
qədəridir. Adı soyadını eşidən şairdir
Qulu Ağsəs...
Dünyanın
ilkin təbiətində ona yaxınlıq, bağlılıq
sosial mərtəbələrlə, maddi gözləntilərlə ölçülmür – bu,
süni yaradılmış əlaqələrdir. Söz Qulu
Ağsəs üçün cismən varolma, ölməmək
üçün yaşamaq vasitəsi deyildir:
Çörəkpulundan
ötrü yazdığım
reklam mətninə
rast gəldim
şəhərdə.
Sözlər üstümə
qışqırdı:
Bizi niyə
küçəyə atmısan?!
Söz
şairlə Allah arasındakı məsafəni təyin edən
ölçü vahididir. “İkimizə bir şeir” adlı
şeirində şair insan ömrünü əbədiyyətin
parçası kimi dərk etmək istəyir:
Baş açmadım
– bu, ömürdü, nağıldı, nədi?!
Uzun olsun, gödək olsun,
usanır adam.
Bilməm şirin arzuları,
acı qisməti
Yaşayanmı İlahidi,
yazanmı adam?!
Şair reallığı
idrak edən və idrak olunanın bərabərhüquqlu
qarşılıqlı əlaqəsi kimi təqdim edir. Burada
insan təsir obyekti kimi təsvir olunmur. Müəllifin məqsədi idrak
olunanın zahiri təzahürlərini deyil, onun daxili mənasını
və bənzərsiz bütünlüyünü önə
çəkməkdir. Şair idrak olunan qarşısında
könüllü təvazökarlıq edir, ona verilən
bilikləri olduğu kimi, hazır şəkildə təqdim
etməkdən çəkinir:
Mən dəliyəm, mən
güclüyəm, mən zorakıyam,
Ən alınan qalalar da gücnən alınmır.
Mən sonuncu sonralardan ən
sonrakıyam,
Bəhsə
düşdüm, zor elədim, heç nə alınmır.
İdrak olunan idrak edənin qarşısında ən
uca mərtəbəyə yetişmək imkanı
açır.
İlahi həqiqət qarşısında
mütəvazilik göstərməyin gücsüzlük
olmadığını, eyni zamanda tam həqiqətləri
üzə çıxarmaq üçün geniş
qarşılıqlı təsir sahəsi
yaratdığını vurğulayır şair. İnsan və Allah arasında
qarşılıqlı əlaqələr bu cür qurula bilər.
Bu cür qarşılıqlı təsirin nəticəsində
anlama prosesinin hər mərhələsində anlamaq istəyən
özü də yeni biliklər səviyyəsinə
yüksəlir:
Qırışından ulduz
axan bu göyün altda
Biz kimik ki, səsimizi zilə qaldıraq?
Ağzı üstdə bir
arzum var tək bu
həyatda:
İstədiyim sözə
çatan qələm qaldıram!
Sirr olan
sözə çatmaq, onu çözmək, haqqı
tapmaq üçün şair yol gedir:
Doldurmuşam
mürəkkəbnən qələm-maşını,
Şütüyürəm
varaqların üstüynən hələ...
Qələmi
ilə qət etmək istədiyi yolu – uzunluq,
“ömrünün çox hissəsini keçirdiyi” qayanı
– hündürlük,
“yorulub küncündə
oturduğu” vərəqi isə enlik, horizontal səth (xana,
otaq, yer və s.) hesab etsək, Qulu Ağsəs
poeziyasında
yaşadığımız dünyanın
üçölçülü təsvirinin əks olunduğunu görə bilərik.
Davamı olacaq…
Kəmalə UMUDOVA
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.14-15.