Kərəm haqlı idi
Hekayə
- Professor
gəlib, eşitmisən?
Kərəm
ağ yük maşınından
ayaqqabı qutularını ehtiyatla Rasimə ata-ata xəbər
aldı. Rasimin diqqəti azca yayındı, az
qaldı axırıncı qutunu əlindən salsın. Birtəhər fikrini toplayıb qutunu əl
arabasında yerbəyer elədi. Professorun
Kazanda nə işi var? Elə bil yüz
ildi onun adını eşitmirdi. Bəlkə,
Kərəm kimləsə səhv salıb, ya onlar tamam
başqa-başqa adamlardan danışırlar? Rasim tərəddüdlə,
bir az da çəkinə-çəkinə
dəqiqləşdirmək istədi:
-
Hansı professor?
- Vay, vay,
vay, - Kərəm ikiqat əyilib Rasimin sağ çiyninə
dayaqlandı, yüngül hərəkətlə yük yerindən
aşağı tullandı, - adə, neçə professorumuz
var bizim?! Hətəmovu deyirəm. Professor
Hətəmov!
Kərəm tozlu əllərini bir-birinə çəkdi,
baş barmağıyla alnının tərini silib yerə
çırpdı. Ciblərini döyəclədi, arxa cibindəki
qutudan siqaret çıxarıb odladı. Rasimin
təəccübü hələ də çəkilib getməmişdi.
Düyünlü qaşları Kərəmin də diqqətindən
qaçmadı:
- Niyə
fikrə getdin?
- Bəylər
hara, bura hara? - Rasim də bir siqaret yandırıb nəzərlərini
Kərəmin üzünə zilləmişdi. Professorun
adını çoxdandır çəkmirdilər. Sanki Bəylər ismi çox uzaq keçmişdə,
yaddaşlarının tozlu künc-bucağında ilişib
qalmışdı. İndi qulaqlarına
yad dəyən bu ad nə vaxtsa hər ikisi üçün məhrəm,
doğma idi.
-
Bağışlayasız, Rasim müəllim. Xəbərdarlıq
edərəm, gələn dəfə mütləq bizdən
icazə alar.
Kərəmin köhnə adətidir, həmişə
belə anlarda mütləq sözü zarafata salır,
irişir. Yenə
öz sözünə qəşş edib gülürdü
ki, Rasim acıqlandı:
-
Yaxşı görək, sənə kim
dedi?
- Uşaqlar
deyir nəsə konfransa gəlib, - Kərəm
tüstünü üfürüb arabadakı qutulara baxa-baxa
siqaret kötüyünü yerə tulladı. Vecsizliyindən
görünürdü ki, professorun gəlişinə
heç tükü də tərpənməyib. Rasimin təlaşı,
həyəcanı ona təəccüblü gəlirdi:
- Gəlib,
gəlib də, Rasim. Dərdi-səri bizə
qalıb? Adlı-sanlı cərrahdır,
bizdən icazə almayacaq ki?!
- Əşi, sən də axı bayaqdan nə icazə-icazə
salmısan? İcazə alsın deyən var? Gəlibsə, gərək görüşək,
yaxşı düşməz.
- Səni
bilmirəm, mənim problemlərim bax burdandı, - Kərəm
şəhadət barmağını hülqumunda
bıçaq kimi sağa-sola gəzdirdi, - vaxtım da yoxdu.
Allah tərəfi, Kərəm haqlı idi, incikliyini
başa düşmək olardı. Axırıncı dəfə
professorla heç yaxşı ayrılmamışdılar.
Həm də Kərəmin başı məhkəmə
işlərinə qarışmışdı.
Maşınla adam vurmuşdu, ürək-göbəyini
yeyirdi. Bir ətək pulu getmişdi, yazıq
indi-indi özünə gəlirdi. Köynəyinin
döş cibindən dərman çıxarıb dilinin
altına qoydu:
- İşdi-şayəd, görüşmək istəsən,
uşaqlardan yerini öyrənib deyərəm.
***
Rasim ayağını çəkə-çəkə
Bauman və Universitetskaya küçələrinin kəsişməsində
ucalan beşmərtəbəli şabalıdı binanın -
"Şalyapin Palas" hotelinin qabağında dayandı. Kərəmlə
cavanlıqları bu küçədə keçmişdi.
2000-ci illərin əvvəllərində
Kazanın mərkəzi küçələri - Tukay, Bauman,
Universitetskaya, Puşkin, Ostrovski bu qədər axar-baxarlı
deyildi. Həmin illər Kərəmlə
iki tin yuxarıda - "Kazan" mehmanxanasında bir nömrədə
kirayə qalırdılar. Kərəm onu dartıb
buralara gətirməsə, yəqin, hələ də
Şamaxıda - yerin az qala göylə
birləşdiyi ucqar qəsəbələrində idi.
Kərəm ondan iki yaş böyük idi, eyni məktəbdə
oxumuşdular.
Qapıbir qonşu olmaqları bir yana,
uşaqlıqdan xasiyyətləri də yaman tuturdu. Yaşıdlarından da çox onunla simsar idi, məktəbdə,
dərsdən sonra da bir yerdə vaxt keçirirdilər.
Universiteti bitirəndən sonra işsizlik lap əhədini
kəsmişdi. Rasim axsaq idi, hərbi xidmətə
aparmadılar. Qəsəbəyə qayıdıb arabir
tikintidə iş düşəndə qazandığı qəpik-quruşla
başını qatırdı. Kərəm əsgərlikdən
qayıtdı, uzun müddət işsiz-gücsüz
avaralandılar. Ucqar qəsəbə ola,
cavan olasan, iş tapılmaya, qəpiyə güllə
atasan... Evdən pul almağa üzləri də
gəlmirdi.
İşsiz-gücsüz,
sərgərdan halda küçələri veyllənə-veyllənə
gəzəndə bayır-bacaqda tapdıqları
yarımçıq siqaretləri damaqlarına qoyub az odlamamışdılar. Kərəmin
imkansızlığa heç tabı qalmamışdı,
borc-xərc edib xalasıoğlunun yanına - Kazana getdi. Rasim qol-budaqsız qaldı, bir neçə ay
doğmalar içində qəriblik çəkdi. Bəlkə,
ona görə idi ki, Kərəm onu Kazana
çağıranda bircə an belə tərəddüd
etməmişdi. Ayaqqabı alverinə girişəndən
cibləri pul, əyin-başları paltar gördü. İndi o günlərə boylananda Rasimin ürəyində
qəribə nisgil qövr edirdi. Yarıac, yarıtox
günlər...
Üfüqün qızardığı, buludların pərən-pərən
düşdüyü avqust axşamında Qul Şərif məscidindən
üzü Tukay meydanına qədər uzanan Bauman
küçəsi yenə basırıq idi. Küçə
musiqiçilərinin ifa etdiyi müxtəlif mahnılar
Kazanın yay axşamlarına xas sərinliyində əriyib
it-bat olurdu. Adamlar qol-qola,
ikibir-üçbir Rasimin yanından ötüb keçirdilər.
Elə bil havanın sərinliyi adamların hərəkətlərinə
də hopmuşdu. Onlar mülayim yay
axşamından xüsusi zövq alır, getdikləri yerlərə
tələsmir, arabir ayaq saxlayır, telefonlarını
çıxarıb bu anı əbədiləşdirirdilər.
Qəribədir, Rasim də hotelə sarı gedib-getməməkdə
qərarsız idi. O, məhzun, bir az da arxayın
sakitliklə adamların telefonun yaddaşına
köçürdüyü anlara, cavanların musiqiçilərin
önündəki qutulara atdığı dəmir,
kağız pullara tamaşa edirdi. On rubl, əlli
rubl, yüz rubl... Rasim yaxşı başa
düşürdü ki, ürəyini sıxan onu içəridə
gözləyən məchulluq, naməlum
görüşdür. Özünü
aldatmaq nəyə lazım?! Bura heç
kimin israrıyla gəlməyib, nə edirsə, öz
xoşuna edir. Lap ürəyi istəsə,
bu dəqiqə üzünü çevirib evinə gedər.
Amma yox... Bir ayrı hiss idi onu saxlayan. İçində
səngimək bilməyən bir inadla bu görüşün
baş tutmağını istəyirdi. Şiddətli
təkidinin kökü ona aydın deyildi, fəqət indi bu
görüşü ürəkdən
arzuladığını lap qəti yəqin etmişdi,
heç bir şəkk-şübhəsi yox idi.
Ağır-ağır
hotelin girişinə sarı addımladı, Bauman
küçəsini ağuşuna alan
musiqi sədaları aram-aram azaldı, handan-hana gecənin əfsunlu
sükutuna qarışdı. Hotelin həyətindəki
heykəli, bəyaz sütunları geridə qoyub
şüşəli qapıdan içəri keçdi. Küçənin qaranlığından sonra
çıraqban foye gözlərini qamaşdırdı.
Enli dəhlizdə düz liftə qədər
qırmızı xalı döşənmişdi. Hotellərə xas ətir, fərqli qoxular Rasimin
burnuna dəydi. Qeydiyyat bölməsində ağ köynəkli iki işçi söhbət
edirdilər. Hər ikisi səliqəli geyimdə
idi. Oğlan qırmızı qalstuk
vurmuşdu, qızsa boynuna bənövşəyi şərf
dolamışdı. Onu görüb lap
xısın-xısın danışmağa başladılar.
Rasim oğlana yaxınlaşdı, döş cibinin
üstündəki zərrin lövhədən adını
oxudu, mane olduğuna görə üzrxahlıq edib sözlərini
kəsdi:
-
Dobrıy veçer, rebyata. Ayrat, skajite pojalyusta,
qospodin Baylar Xatamov v kakoy komnate jivyot?
Oğlan
işçi kompüterə sarı əyilirdi ki, qız dilləndi:
-
Uvajaemıy, vot on, - göyümsov damarları aydın sezilən
əlini meşin kreslolara səmt uzatdı, - tam stayit.
Professor ayaq üstə var-gəl edir, həyəcanla
telefonla danışırdı. İllər
keçdikcə Bəylərin boyu lap bəstələşmişdi.
Professor Rasimin sinif yoldaşı idi, indi
Türkiyədə adlı-sanlı ürək cərrahıydı.
İzmirə universiteti bitirib getdiyi idi. Sonralar şöhrəti ta qəsəbələrinə
qədər gəlmişdi. Rasim arxadan onun
daz başına, tösmərək bədəninə
yapışan sahmansız geyiminə baxa-baxa
axırıncı görüşlərini xatırlamağa
çalışırdı.
Sonuncu dəfə
yeddi ya səkkiz il əvvəl Montin tərəfdə
xudmani bir kafedə oturmuşdular. Deyəsən,
kiminsə toyuna görə
yığışmışdılar. Rasim, Kərəm,
professor Hətəmov və indi heç cür yadına sala
bilmədiyi daha bir-iki nəfər... Xeyirdən-şərə
görüşmək də cavanlığı geridə
qoymağın bir əlamətidi. Heç
nəyi yerli-yataqlı xatırlamasa da, bir şey yadından
çıxmır. Məclisin
axırına yaxın professor sağlıq demək
üçün güclə ayağa qalxdı, səndələyə-səndələyə
masanın bir küncündən yapışıb sözə
başladı. Rasim içəndə özünü
quş kimi yüngül hiss edirdi. Yenə həmən
əhvalda idi, əlində qədəh, altdan-yuxarı
professorun buxağına, enli sifətinə baxırdı.
Professor İzmirdəki həyatından, ordakı
dostlarından, iş mühitindən, tələbələrindən,
say-seçmə əməliyyatlarından, qadınlardan,
dostluqdan, qəsəbələrindən, uşaqlıq
xatirələrindən - bir sözlə hər şeydən
danışırdı.
Həmin görüşdə hamısı, illah da
professor "düd" deyincə içmişdi. Nə Rasim, nə Kərəm
professorun anlaqsız nitqini qavraya bilirdilər. O, bir-biriylə əlaqəsi
olmayan, rabitəsiz şeylərdən həvəslə, bir az da sərxoşluğun verdiyi inadla
danışır, tez-tez cib dəsmalıyla alnının,
boyun-boğazının tərini silirdi. Professor
hey qəliz misallar çəkir, hərdən-birdən ona
kimlərin qulaq asdığını
ölçüb-biçmək üçün
hamını diqqətlə süzürdü. Söhbət təhsilə qədər gəldi, Hətəmov
qəsəbədəki müəllimlərinin ədalətsiz,
savadsız olduğundan bir xeyli şikayətləndi.
Rasim məclis əhlinin gərginliyini hiss edirdi. Hətta əmin idi ki, bu dəqiqə Kərəmin
dişi bağırsağını kəsir, özünü
zor saxlayıb. Gözucu onun sifətinə
baxdı, doğrudan da, Kərəm rəng alıb-rəng
verirdi. Professor Hətəmov məclisi əcəb
dolaşığa salmışdı...
Kərəmin atası Xəyyam müəllim hər
üçünə kimyadan dərs demişdi. Professorun bu
çıxışı dolayı yolla ona da dəyirdi.
Kərəmin qırımından başa
düşmək olurdu, professorun zəvzəkliyi, yerli-yersiz
söhbətləri onu heç açmamışdı.
Rasim o sağlığın axırında qədəhləri
toqquşdurub-toqquşdurmadıqlarını dəqiq xatırlamadı.
Bircə o yadındadı ki, axırda professor
alnını masaya söykəyib yuxuladı, Kərəm
büllur külqabını qəzəblə yerə
çırpıb çilik-çilik elədi. Səs-küyə professordan başqa hamısı
dik atıldı. Sonralar Rasim söhbətin
axırına çıxanda Kərəm Bəylərdən
yaman gileylənirdi:
-
Qudurasan, qurbağa. Camaat xaricə gedib
ağıllanır, bizimkinin olan-qalanı da gedib. Gərək, o külqabını yerə yox,
keçəlinə çırpaydım. Mənim
atam kimi müəllimlər barmaqsayıdı.
O
gün-bu gün, professor Hətəmovun adı gələndə
Kərəmin qan beyninə vururdu. Bayaq professorun
gəlişini xəbər verəndə də sifəti
kölgələnmişdi. Bəlkə,
vecsiz görünməyi, soyuq təbəssümü də əsəbindən
idi. Rasim bu görüşə tək gələcəyini
bilirdi. Kərəm yenə də sağ olsun,
ünvanı öyrənib ona dedi.
Professorun telefon danışığı uzandıqca
uzanırdı. Hotelin musiqilərinə qarışan
xırıltılı səsin içindən Rasimin
qulağına təkdənbir sözlər dəyirdi. Axıra yaxın telefonun o tərəfindən nə
dedilərsə, professor lap özündən
çıxdı, səsinin zor yerinə salıb bir-iki
"yağlı" söyüş işlətdi.
Yaxşı ki, foyedə ikisindən, bir də işçilərdən
başqa adam yox idi. Olsa da,
başa düşməyəcəkdilər. İşçilərin başı
qızğın söhbətə
qarışmışdı. Nəhayət,
professor telefonu cibinə qoydu, süst vəziyyətdə, asta-asta
qəhvəyi kresloya çökdü. Görəsən,
salamlaşmaq üçün doğru zaman idi? Professor hiddətli olduğu qədər heysiz
görünürdü. Ancaq Rasimin burdan qayıtmaq fikri yox
idi, iki əlini yana açıb Bəylərə
sarı gedə-gedə onu fikrindən ayırdı:
- Bizim
professoru kim əsəbiləşdirib?
Professor qəfil səsə tərəf
çöndü, Rasimi görəndə çöhrəsi
dəyişdi, dili topuq vurdu:
-
Ra-ra-ra-ra-siiiiim?
Bir azdan onlar kofelərini qurtumlaya-qurtumlaya qabaq-qənşər
oturmuşdular.
Professor yaman kökəlmişdi, göz
torbaları şişkin idi. Söhbətin ortasında
professor özü əsəbiləşməyinin
üstünə gəldi:
- Deyirlər,
assistentinin konfransda nə işi var? Deyirəm,
ay balam, axı bunun sizə nə dəxli? Qosqoca professor özü bilmir ki, nəyi necə etmək
lazımdı? Yaxşı, bileti ki öz
hesabıma almışam, nədi sizi narahat edən? Qarın ağrılarını başa düşə
bilmirəm.
- Assistent
kimdi, professor? - Rasim masadakı sudan bir
qurtum aldı. Kofenin acılığı ürəyini
vurdu, bilsəydi, südlü sifariş verərdi.
-
Hülya xanım. On beş ildi konfranslarda,
seminarlarda, əməliyyatlarda, dərslərdə mənə
kömək edir.
- Onlara nə
düşüb ki, işinizə qarışırlar?
-
Heç özüm də bilmirəm, - professor masadakı
çərəzlərdən ovuclayıb ağzına
atdı, - bir ondan əminəm ki, mənim konfransa tək getməyim
düz olmaz. Xarici həmkarlarımız da
köməkçilərini gətirir. Sabah
özün də görəcəksən.
Rasimin beyni dumanlandı. Kofe zəqqutum kimi idi, amma professorun
son sözündən sonra ağzındakı xoşagəlməz
dadı tamam unutdu:
- Sabah?
- Bəli,
sabah 15:00-da, Kazan Dövlət Universitetinin
böyük konfrans zalında. Dəvət edirəm.
Olmaya, gəlmək istəmirsən?
- Yox, yox,
elə şey olar? - Rasim handan-hana fikrini cəmlədi, -
mütləq gələrəm. Deməli, sabah
günorta.
- Hə. Ad-soyadını təşkilatçılara
verəcəm, yenə də soruşan olsa, denən, professor Hətəmovun
müsafiriyəm.
-
Yaxşı. professor, deyirdim bu axşam bir
yeyib-içək, - Rasim çırtmayla ehmalca, iki dəfə
boğazına vurdu.
Bu arzu Rasimin ürəyində çoxdan yer eləmişdi. Montindəki
son görüşdə professordan inciyən təkcə Kərəm
deyildi. Rasim də Bəylərin
davranışlarından, məclisdəki süni gərginlikdən,
atmacalardan qıcıqlanırdı. Həm
də professor orda hesabı da ödəmişdi. Özü də lap nəzakətsiz, kor-kobud qaydada.
İndinin özündə də professorun
qırmızı, şax yüzlükləri cibindən
çıxarmağı, heç kimə pul ödəməyə
fürsət verməməyi, istehzalı
gülüşü, həlləm-qəlləm
baxışları gözünün qabağından çəkilmirdi.
Onun hesabı ödəməyi səxavətdən
çox, qürbətdə işləyən köhnə
dost-tanışına lovğa münasibətə bənzəyirdi.
Əlbəttə, o, bunu açıq şəkildə
etmir, dilə gətirmirdi. Ancaq nə Kərəm,
nə Rasim uşaq deyildi, tükü tükdən
seçirdilər. Həmin gün professorun hər hərəkətindən
təkəbbürü hiss olunurdu. Əvvəllər
bu qədər kor-kobud, köntöy deyildi. Amma
uşaqlıqda da belə qəribəlikləri az olmamışdı. İllah da
Rasim, dabbaqda gönünə bələd idi professorun. Ürəyində yaxşı bilirdi ki, Bəylərə
sonadək etibar etmək, kürəyini söykəmək
olmaz.
- Raska, Bəylərcanı
bu axşam olmaz, konfransa hazırlaşmalıyam, - bu köhnə
xitabın az qala qırx yaşı var. Təkcə
ən yaxınları arabir ona Raska deyirlər, - amma sabah,
konfransdan sonra etirazım yoxdur. Lap əntiqə
olar.
***
Rasim işdən tez çıxdı, taksi dayanacaqda
gözləyirdi. Hava azca küləkli idi, pencəyini
çıxarmadı. Tədbirə görə
kostyum geyinmişdi. Universitetin
qabağında sırayla qara maşınlar
düzülmüşdü. Əvvəllər
bu ikimərtəbəli, süd rəngli binanın yanından
çox keçmişdi. İndi heç
vədə diqqətlə baxmadığı giriş
qapısının ağzındakı on iki iri, bəyaz
sütunun ayaqda saxladığı "Kazanskiy Federalnıy
Universitet" yazısına göz gəzdirdikcə yadına
tələbəlik illəri düşdü.
Qol saatına baxıb içəri tələsdi,
konfransın başlamağına bir neçə dəqiqə
qalmışdı. Nə bir yaxınlaşan oldu, nə
adını soruşan. İstiqamət
lövhələrini izləyə-izləyə konfrans
zalını tapdı. İçəridə xeyli adam toplaşmışdı, səhnədə
texniki işçilər son hazırlıq işlərini
görürdülər. İşçilərdən
biri çıxış kürsüsündə mikrofonu
yoxlayırdı. "Tup-tup-tup". Mikrofondan yayılan boğuq səs zalın
divarlarında əridi. Müxtəlif
ölkələrdən gələn ürək cərrahları
konfrans başlamazdan əvvəl foyedə çay, kofe
içirdilər. Rasimin gözləri
professoru gəzsə də, tapa bilmədi. Zalın arxa sırasındakı oturacaqlardan birində
əyləşdi. Buradan səhnə,
kürsü, çıxışçıların
arxasındakı nəhəng lövhə, - orda iri hərflərlə
"XI Mejdunarodnaya Konferençiya Profilakticeskaya Kardioloqiya
2018" yazılmışdı, - və ekran aydın
görünürdü.
İştirakçılar zala gəlməyə
başladıqca uzaqdan qırmızı nöqtə kimi
görünən boş oturacaqlar yavaş-yavaş
azalırdı. Bir neçə dəqiqədən sonra
içəridə oturmağa yer qalmamışdı. Rasim nigaran idi, elə bilirdi hansısa vacib cərrahın,
köməkçisinin və ya özgə birinin yerində əyləşib.
Amma ayaq üstə adam
qalmamışdı, hamı yerbəyer olmuşdu. Tədbirin aparıcısı boğazını
arıtladı, konfransı açıq elan elədi.
Gurultulu alqışlar... Buranın ab-havası
Rasim üçün yad, qeyri-adi idi. Çıxış
edən kardioloqların ekranda əks olunan təqdimatları,
slaydda yazılan terminlər ona maraqlı gəlsə də,
bir şey başa düşmürdü. Slaydda
görünən ürək şəkillərinə uşaq
həvəsiylə baxırdı.
Üçüncü çıxışdan sonra
aparıcı professor Hətəmovu səhnəyə dəvət
etdi. Bəlkə də, Rasimə elə gəlirdi, amma əvvəlki
çıxışlardan daha gur alqış var idi. Ekranda təqdimatı əks olunmağa başlasa da,
Bəylər çıxışı üçün səs-küyün
tam kəsilməyini gözlədi. Səhnənin
aşağısında, pilləkənlərin sağ tərəfində
yosunu rəngdə don geyinmiş bir xanım professorun
çıxışını telefonla çəkirdi. Hətəmov mətnini ingiliscə
hazırlamışdı. Rasim ilk dəfə
idi ki, onu başqa dildə danışan görürdü.
Ürəyində qəribə hisslər
bir-birini əvəzləyirdi. Bir onu bilirdi
ki, professor əbəs yerə şan-şöhrət
qazanmayıb. İndi bu zalda Bəylərin
keçmişini, gün-güzəranını,
qatlaşdığı əziyyətləri,
yaşadığı məhrumiyyətləri Rasimdən
yaxşı bilən tapılmazdı.
Professorun konfrans mövzusu ekrana verilmişdi, Rasim
höccələyə-höccələyə "Hypertrophic
cardiomyopathy (HCM)" yazısını oxudu. Professorun təqdimatı
on dəqiqəyə yaxın çəkdi, sonda yenə
gurultulu alqışlar.
Rasim tədbirin axırında əməlli yorulmuşdu. Bayaq maraqla izlədiyi
hər şey indi adiləşmişdi, həm də ürəyini
sıxırdı. Qol saatına baxdı,
yeddiyə işləyirdi. Bir azdan konfrans
işini başa vurdu, izdihama qoşulub yavaş-yavaş zaldan
çıxdı. Yenə cərrahlar
iki-iki, üç-üç bir yerə cəmləşir,
çıxışlar barədə qızğın
müzakirələr edirdilər. Professor
da bir neçə asiyalı həmkarı ilə nə barədəsə
danışırdı. Rasim mane olmamaq üçün
bir qıraqda dayandı, Bəylər ayaqüstü söhbəti
bitirib yanında bir xanımla ona tərəf gəldi:
-
Yorulmadın, Raska?
- Yox,
professor. Qəti. Ürək
haqqında hər şeyi öyrəndim.
- Elə
demə. Mən o qədər ürək
görmüşəm, o qədər ürəyə
toxunmuşam, onun işindən baş açmaq olmur. Adamı yolda qoymağı da var.
"Lap sənin kimi". Rasim gülümsəyə-gülümsəyə
ağlından keçirdi. Professor susqunluğu
görüb davam elədi:
- Ay Raska,
nə ürəkbazlıqdı, danışarıq
bunları. Tanış ol, yardımcım
Hülya xanım.
Bayaq professorun çıxışını çəkən
yosunu donlu xanım idi. Rasim elə də güman etmişdi.
Bəylər onu da təqdim etdi:
-
Hülya xanım, Rasim də mənim cocuqluq dostum, sinif
arkadaşım.
-
Çok memnun oldum, - Hülya xanım zərif təbəssümlə
əl uzatdı.
- Mən
də, mən də, - Rasim utana-utana Hülya xanımın əlini
sıxdı, üzünü Bəylərə tutdu, - hə,
professor, gedək?
- Mütləq.
Hülya xanım, əntiqə Azərbaycan yeməkləri
yeməyə hazırmısan?
- Hər
zaman.
Onlar universitetdən çıxıb əsas yola tərəf
addımladılar. Rasim maşın əyləmək istəyirdi, professor
zoğalı qalstukunu aça-aça xəbər aldı:
- Hara
gedirik?
- Bizimkilərin
qəşəng bir kafesi var, oranı
danışmışam.
- Hə,
nə olar ki, uzaqdadı ya?
- Elə
də uzaq deyil, bir az aşağıda,
"Reçnoy Port" tərəfdə.
-
Yürüyelimmi o zaman? - Hülya xanım əl
güzgüsündə saçlarını düzəldə-düzəldə
söhbətə qoşuldu, - hava çok güzel.
Onlar etiraz etmədilər. Hava doğrudan da, əntiqə
idi. Rasim və professor pencəklərini
çıxarmışdı. Hülya xanım
çiyinlərinə ağ şal
atmışdı. Yolu əllərinə
alıb bu gözəl yay axşamında üzü Kazan
çay limanına tərəf gedirdilər. Səma mis rəngində idi. Onların
sağından, solundan yüngül yay geyimində olan müxtəlif
adamlar keçirdilər. Köhnə
avtovağzalı keçib ensiz xiyabanla sahilə
yanaşdılar.
Volqa çayının sahilində, limanın sol tərəfində
yerləşən "Beluqa" kafesi Rasimin həmişə
gəldiyi yer idi. Kazanda azərbaycanlıların işlətdiyi
kafelər çoxdu. Buranı həm sahildə
olmağına, həm də ləzzətli yeməklərinə
görə daha çox bəyənirdi. Qiyamət
aşpazları var idi. Rasim, professor Montindəki
haqq-hesabı təkrarlamasın deyə bəri başdan
restoranın sahibi ilə danışıb belini bərkitmişdi.
Ona görə arın-arxayın idi, üstəlik,
işçilər kafenin açıq hissəsində istədiyi
yeri saxlamışdılar. Kefi lap duruldu, kənara
çəkilib Hülya xanıma, professora yer göstərdi.
Qonaqlar üzü Volqa çayına sarı əyləşdilər.
-
Professor, şərabla necəsiniz?, - Rasim
stəkanlara qazlı su süzə-süzə soruşdu.
- Pis
olmaz, hə? - Bəylər üzünü Hülya xanıma
tutub dəqiqləşdirmək istədi, - bəyaz ya
qırmızı?
- Bəyaz,
- Hülya xanım sudan bir udum içib əminliklə
dedi.
Kafedə yan masalar da dolmağa başlamışdı. Sağlarındakı masada dörd cavan əyləşmişdi. İki qız, iki oğlan. Soldakı masada üç xanım var idi, onlar
qırmızı şərab içirdilər. Ofisiantlar sürətlə sağa-sola gedir, dolu sinilərdə
yeməkləri, içkiləri, çirkli qab-qacaqları
daşıyırdılar. Buzlu vedrədə
onların şərabını gətirdilər. Yeməkləri də hazır idi, üçü də
balıq istəmişdilər. Ofisiant
salatı ortaya qoydu, sifarişləri dəqiqləşdirib
balıqları, iri qədəhləri qabaqlarına
düzdü.
- İki
farel, bir kefal, - Rasim boşqablara nəzər yetirə-yetirə
süfrəçini səslədi, - sən bizə ağ pendir, zeytun, göy-göyərti, manqal
salatı da gətir.
Şərab pis getmirdi. Üçü də
möhkəm ac idi, əvvəl-əvvəl hamının
başı yeməyə qarışmışdı. Ofisiant qalan sifarişləri də gətirdi.
Professor yeməyini bitirib səssiz-ünsüz
oturmuşdu. İkiqat buxağı,
qırış-qırış alnı puçur-puçur tər
tökürdü. Süfrədən ağ
salfet götürüb boyun-boğazının,
üz-gözünün tərini sildi. Başının
ortasında tük yox idi. Olan-qalan telini
uzadıb səliqəylə arxaya daramışdı. Keçəl başında bu tellər
qıvrılmış ilana oxşayırdı. Gicgahlarındakı gümüşü
saçlardan, batqın gözlərindən Bəylərin
vaxtından tez yaşlandığını hiss etmək
olurdu. Çəpəki nəzərlərlə
Hülya xanımı süzdü, Hülya xanımın
dalğın baxışları Rasimin çiynindən arxaya
- limana, sahildəki adamlara zillənib durmuşdu.
-
Hülya xanım, balığı bəyəndiniz? - professor puro yandırıb soruşdu. Bir puro da Rasimə uzatdı.
- Lezzetli.
Ama ben Egenin balıkları dışında pek
sevmiyorum, - Hülya xanım nəzərlərini handan-hana
limandan çəkib üzünü professora tutmuşdu.
- Ege bir
ayrı aləmdi, əşi. Raska, dəvət
edirəm, evdəkiləri də götür, gəl. İzmir bir başqa məmləkətdi. Sənə Karşıyakada bir çupra yedirdim, gəl
görəsən.
- Qismət,
- Rasim puronu siqaret kimi sinəsinə çəkirdi, yaman
öskürək tutmuşdu.
- Bunu
siqara kimi içməzlər, canım, - professor gülə-gülə
bir qullab alıb tüstünü ağzında gəzdirdi,
burun pərələrindən havaya buraxdı, - bax belə. Dadını, aromasını, ləzzətini almaq
lazım. Ağzında saxla, zövq al,
sonra üfür.
Rasim pərt
olsa da, zorakı təbəssümlə puronu külqabıda
döyəclədi:
- Elə
də xoşum yoxdu, mənimki siqaretdi.
- Puro zevk
işi, - Hülya xanım professorun purosunu əlindən
alıb qırmızı boyalı dodaqlarına
yaxınlaşdırdı, eynən Bəylər kimi
tüstünü dodaqlarının arasında saxladı,
narın-narın havaya üfürdü. Nazilmiş
tüstü göyə milləndi, aram-aram qeyb oldu.
Professor başıyla buzlu vedrədəki
yarımçıq şərabı göstərdi:
- Raska, nəsə
kar eləmədi.
- Mənə
də. Araq gedər?
- Pis
olmaz.
- Litrlik
gedər?
- İçək, - professor əlini yelləyə-yelləyə
başının üstündəki ağcaqanadları
qovurdu.
Bir qədər sonra onlar büllur qədəhlərini
havada toqquşdurdular. Hülya xanım çaxırla davam
edirdi. Professor eləcə pendirlə,
zeytunla içirdi. Rasim də öyrənmiş can idi, hər
məclisdən baş çıxarırdı.
Şüşə boşaldıqca professor Rasimin nəzərində
lap fağırlaşırdı. Beyni dumanlandıqca elə
bil ürəyindəki göynəkləri, giziltiləri
üzə vurmamağa çalışır, Bəylərlə
umu-küsüsünün, giley-güzarının üzərindən
biryolluq çalın-çarpaz xətt çəkmək istəyirdi.
Rasim aradan keçən illəri
düşündü, ürəyində çək-çevir
elədi. Hərdən qəsəbələri
üçün darıxırdı, amma
düşündükcə, təsirindən çıxa bilmədiyi
hisslərin içində hey əriyir, əriyirdi... İndiki gün-güzəranlarına baxmayın, nə
onun, nə professorun uşaqlığı asan
keçmişdi. Bunu hamısı
yaxşı bilirdi. Ancaq o qəsəbədə kim yağ-bal içində
böyümüşdü ki?
Rasim hərdən düşünürdü, necə
oldu ki, həyat hərəsini bir burulğana atdı?! Yaşaya bilirsənsə,
yaşa! Hərdən ona elə gəlirdi ki, əzəldən
bəxti gətirsə, qeyri bir şəhərdə
doğulsa, başqa bir ailədə böyüsə, ayrı
bir mühitdə yetişsə, daha xoşbəxt olardı.
Amma indi də çox şeyin həsrətində
idi, uşaqlığını düşündükcə bədəni
uçunurdu.
Kaş Hülya xanım burda olmayaydı. Kaş! Bəlkə
onda professorla - uşaqlığının tək-tük
yadigarı ilə olub-keçənlərdən
danışardılar. Bəlkə, onda Bəylərin
xirtdəyindən yapışıb haqq-hesab çəkərdi,
üzünə lombayla tüpürərdi... Gözlərini
yumub ensiz, uzun məhlələrini xəyal elədi. Onda professor yox idi. Yəni var idi,
amma onların arasında dərin uçurum
yaranmamışdı. Onda Rasim Raska idi, Bəylər
Beka. Qayğısız, kədərsiz, bəxtiyar
uşaqlıq. Müştərək
sevinclər, ortaq kədərlər, nəhayətsiz həyat
eşqi. Sonralar eyni çətinliklər, bənzər
nigaranlıqlar, oxşar yoxluqlar... İndi o illərə
boylananda eləcə üçü var idi. Kərəmdən başqa, bir Bəylərə
isinişirdi. Fəqət ona qarşı
özünün də səbəbini müəyyənləşdirə
bilmədiyi, məchul bir şübhə hissi daima içini
didik-didik edirdi.
Şüşənin dibinə çatdılar,
professorun qızartılı gözləri lap uzaqlara
dikilmişdi.
Rasim təəccübləndi, professor Hülya
xanımın qumral saçlarını barmağına
dolayıb nəsə mızıldanırdı. Bir azdan
Bəylərlə Hülya xanım rəqs
meydançasında vals oynayırdılar.
Professorun boyu Hülya xanımın sinəsindən
idi, onların rəqsi kənardan məzəli
görünürdü. Rasim
pıqqıldayıb gülməmək üçün
masanın örtüyünü tumarlayırdı.
Gecəyə yaxın - yan-yörədəki masalar seyrələndə
musiqi səsi də aram-aram azaldı. Professor əməlli
keflənmişdi. Digər masaları
boşaldan, işlərini bitirən süfrəçilər
əlləri qoynunda bir qıraqda sonuncu müştərilərin
qalxmağını gözləyirdilər. Kafedən ən son onlar çıxdı. Hülya xanım ortalarında idi, əllərini hər
ikisinin qoluna keçirdi. Sahilə enmək
istədi. Etiraz etmədilər. Düzü, professorun nəinki yox deməyə, hərəkət
etməyə halı qalmamışdı.
Rasim sərxoş deyildi, kefi yaman durulmuşdu. İçində
ilıq əsməcə var idi, hava sərin olsa da, pencəyini
əlində saxlamışdı. Narın
axşam mehi kətan köynəyinin açıq
yaxasından bədəninə dolduqca yorğun canına
sığal çəkirdi. Sahildə bir
dəstə cavan əylənir, gitarayla mahnı ifa edən gəncin
ətrafında dövrə vurub oynayır, əl çalır,
qışqırıb-bağırırdılar. Nəqarət
hissəsində xorla oxuyan cavanların zil səsi sahilin lal
sükutunu dəlib keçdi:
"A ya
yasnıye dni,
Ostavlyayu sebe.
A ya
xmurıye dni,
Vozvraşayu sudbe".
Sahildə dayandılar. Rasim başını
qaldırıb göyə baxdı. Ulduzlar
bir ovuc tum kimi səmaya səpələnmişdi.
Hülya xanım dedi ki, buranın sahili Göztəpəyə
oxşayır, professor yarıtəsdiq, yarısual səslə
nəsə cavab verdi. Çayın
ortasında gəmi dayanmışdı. O, asta-asta ləngər
vurur, dalğalar üsulluca sahiləcən axıb gəlirdi. Göyərtəyə çıxan adamlar dəmir
sürahidən yapışıb Kazanın gecə mənzərəsini
seyr edirdilər. Rasim könlündən
keçirdi ki, kaş onlar da elə bu dəqiqə həmin gəmidə
olaydılar. Sahildə ağcaqanadlar lap
dözülməz idi.
Rasim taytıya-taytıya dondurma köşkünə
sarı getdi, mavi-qırmızılı kağıza
bükülmüş üç plombirlə qayıtdı. Hülya
xanım uşaq kimi sevindi, professor dinib-danışmadı, vəziyyəti
xarab idi. Öz dondurma payını da Hülya xanıma verdi. Onlar dondurmanı yeyəndə
professor əllərini qarnında qoşalayıb gəmiyə
tərəf baxırdı. Rasim çox
istəyirdi ki, professorun halı düzəlsin, heç olmasa,
dondurma payını yeyə bilsin. Bəlkə, onda nəsə
xatırlayardı... Hülya xanım ikinci
dondurmaya keçdi.
Doğrusu, Rasim elə də dondurma həvəskarı
deyildi, nə hikmətdirsə, heç uşaqlarına da almırdı. Uşaqlar ilan
dili çıxarırdılar, amma Rasim hər dəfə bir
bəhanəylə imtina edirdi. Boğazınız gələr,
hava soyuqdu, yayda yeyərsiniz... Fəqət hər
dondurma köşkünün yanından ötəndə
mütləq ayaq saxlayırdı. Başqa
bir əhvalat idi bu dondurma əhvalatı. Yaddaşına
ləkə kimi düşən, beynindən silinməyən əhvalat.
Uzaq uşaqlıq illərində, bir yay
axşamında qalan əhvalat.
O yay
yeddinci sinfə təzə keçmişdilər.
***
Bəylərin atdığı çınqıl Rasim
yatan otağın pəncərəsinə dəydi. Yerinə girsə
də, yuxu tutmamışdı. Göldəki
qurbağaların qurultusu yarıaralı pəncərədən
otağına dolurdu. Rasimgilin evi məhlədəki son ev idi. Həyətlərindən
aşağıda bir bulaq, bir göl olmasa, burda səssizlikdən
qulaq tutulardı. Bir tərəfdən də
qurbağalar qulaq həyanı idi, yaz girəndən səs-səsə
verib quruldayırdılar. Hardansa
eşitmişdi ki, qurbağaya toxunsa əlləri ziyil tökər.
O gündən qurbağa görəndə yolunu dəyişirdi.
Şüşəyə dəyən
çınqıl fikrini yayındırdı. Barmaqlarının ucunda pəncərəyə
sarı getdi, aşağı boylandı. Bəylər ağ kepkasını havada yelləyə-yelləyə
onu çağırırdı. Qorxdu
anasıgil oyanar. Əynini geyinib tələm-tələsik
həyətə düşdü. Bəylər
neçə gündü baş-beynini aparmışdı.
Rasimin qolundan tutub həyətin bir küncünə çəkdi,
xısın-xısın, bir az da titrək
səslə soruşdu:
- Gedək?
- Qorxuram,
Beka. Pulumuz olanda gedərik.
-
Ağciyər! - Bəylərin çöhrəsi elə dəyişdi
ki, Rasim utandı, lap pisinə gəldi. - Mən bilirdim belə
eləyəcəksən.
- Axı Kərəm də gəlmir.
- O əvvəldən
demişdi, sən adamı lap yolda qoyarsan.
Bəylərin təklifi əzəldən Rasimin ürəyincə
deyildi. Həm də istəmirdi, dostu onu qorxaq kimi
tanısın. Amma atasından, anasından
da çəkinirdi. İllah da atası
bilsə, dərisinə saman təpərdi. Yaxşı bilirdi ki, Bəylər də atasından
ehtiyat edir, onu qabağa verir. Birdən cəsarətə
gəldi, Bəylərin qolundan yapışdı, əmin səslə:
- Gedək,
- dedi.
Alaqapı bağlı idi, səs edib atasıgili oyatmaq
istəmədi. İkisi də çəpərin dəmirinə
ayaq qoyub qıvraq hərəkətlə barının o
üzünə aşdılar.
Qaranlıq küçənin sonuna qədər kəlmə
kəsmədilər. Rasim ürəyinin döyüntülərini
aydın eşidirdi. Heç ağlı kəsmirdi,
Bəylər bu xam xəyala hardan, necə
düşmüşdü? Neçə
gün onun da, Kərəmin də başını dəng elədi.
Kərəm birtəhər aradan sivişdi,
qaldı ikisi. Bəlkə, ayaq saxlasın?
Ziyanın yarısından qayıtmaq da xeyirdir.
Amma kimə deyirsən? Ağlı
nə deyirdisə, ürəyi tərsini edirdi.
Küçənin tininə çatdılar. Davud dayı
dükanı bağlamağa hazırlaşırdı. Dağın döşü səmtdə bir it
üç ağız hürdü. Yalnız bu səsdən
sonra Rasimin canını soyuq tər basdı, titrətdi və
o gün, ilk dəfə onda başa düşdü ki, bu isti
yay gecəsində, adamların əl-ayağının
küçədən yığışdığı bir
vaxtda qəbih iş tutmaq - özü də kimlə, kimlə,
atasız-anasız, xalasının ümidinə qalan Bəylərlə
- həyatının ən səfeh,
ən axırıncı hərəkəti olardı. Heç insafdan da deyildi. Xalası
Bəylərə uzağı bir-iki şillə çəkəcək,
qulaqburması verəcək. Bəs o?
Rasim bir anlıq ata-anasının, qohum-əqrəbasının
onu qabağına qoyub necə danlamağını təsəvvür
elədi. Danlaq ən yaxşı ehtimal idi, atası dərisini
boğazından üzməsə yaxşıdı... Fəqət anlaşılmaz bir inad ona mane olurdu.
Nə qədər çalışsa da, ürəyinin
xofunu, nigaranlığını Bəylərə deməyi
bacarmırdı. Onda fərqinə
vardı ki, Bəylərdən qorxmur, ona yazığı gəlir.
Bəylər də ilin-günün bu vaxtı yaman
mümkünsüz fikrə düşmüşdü. Davud dayı
yay uzunu bu dükanda qəsəbə camaatına, şəhərdən
gələn qonaqlara dondurma satırdı. Dükanın
ağzında dörd kiçik soyuducu var idi. Davud dayı ilboyu qəsəbə camaatının əlindən
usananda, nisyə dəftəri qabaranda gözünü yaya
dikir, bu üç ayın qazancını xəyal edir, ovunur,
təsəlli tapırdı. Davud
dayının adı qəsəbədə heç
yaxşı deyildi. Böyüklər "Çolaq
Davud" deyirdi, yeniyetmə vaxtlarında, ot
biçinində dəryaz üç barmağını
aparmışdı. Həm də pulgir adam
idi, nisyə istəyən olanda sifəti bozarıb əyiş-üyüş
olurdu. Vay o adamın halına ki, Davud dayının nisyə
borcunu bir az yubadaydı. Həmin
adama dişinin dibindən çıxanı deyir,
abrını ətəyinə bükürdü.
Bəylər bu dondurmalar barədə kimdənsə
eşitdiyi gündən iki ayağını bir başmağa
dirəmişdi. İndi küçənin tinindən dükana göz
qoyanda da eyni sözləri hey təkrarlayırdı:
- Sən
qabaqda get, mən də sağ-solu yoxlaya-yoxlaya arxanca. Bax, ordan gedək, - Bəylər koppuş
barmaqlarını yolun o biri tərəfindəki işıq
dirəklərinə sarı uzatdı, - bu tərəf
işıqdı.
Rasim neçə vaxt ürəyini yeyə-yeyə bu
anı yüz yol ağlından keçirtmişdi. Bəylər
danışırdı ki, mütləq gecə gedəcəklər,
Davud dayının başı qarışıq olanda bir
neçə dondurma götürüb səssiz-səmirsiz
aradan çıxacaqlar. Rasim solğun
işıqlardan yayına-yayına dükana
yaxınlaşdıqca əsim-əsim əsirdi.
Çevrilib Bəylərə baxdı, bir az
arxada, yarıəyili vəziyyətdə
dayanmışdı. Dükana lap
yanaşdılar, pəncərənin dəmir
barmaqlıqlarından içəri boylandı, Davud dayı
piştaxtanın arxasında peçenye qutularını yerbəyer
edirdi. Əsl məqam idi, Rasim asta-asta
soyuducunu açdı, zərli kağızda olan dondurmalardan
üç-dördünü götürdü. Arxaya çevrilib Bəylərə baxdı, ikisi də
sevinirdi. İçəridən gələn
səsə həyəcanlandı, qaçmaq istəyəndə
ayağı səkiyə ilişdi, ağzıüstə yerə
dəydi. Dizindən dəhşətli
ağrı qopmuşdu. Bəylər
götürüldü. Davud dayı səs-küyə
çıxdı, yerə dağılan dondurmaları
görüb səsini başına atdı:
- İt
balası, it! İt balası, it!
Rasimin üzü tozlu, qızmar asfalta
yapışmışdı. Özünü tamam
itirmişdi, Davud dayının səsi lap yaxından gəldi,
ayaqlarından canına ağrı yayıldı. Davud dayı çəliyini qaldırıb hikkəylə
sol ayağına, yanına vurduqca göynəyi birə-beş
artır, gözləri alacalanırdı.
- Kimin
uşağısan ə, sən?! Oğru! İt
balası, it.
Davud dayı çəliyini illah da sol ayağına
çırpırdı. Get-gedə bədəni keyidi,
halsızlaşdı, heç nə hiss etmədi. Rasim onda bilmirdi ki, topuğundan canına yayılan bu
küt ağrı ömrü boyu ona "yoldaşlıq"
edəcək. Gücünü toplayıb
küçələrinə tərəf baxdı,
dartınmağa çalışdı. Bəylər
çoxdan gözdən itmişdi.
***
Əvvəl gəmi çəkilib getdi, sonra cavanlar
dağılışdılar. Hülya xanım yaman
yorulmuşdu. Rasimə təşəkkür elədi,
mütləq İzmirə gəlin, - dedi. Professor
ağacların arasına çəkilib qaytarandan sonra bir az yüngülləşsə də, gözləri
açılmırdı. Sağollaşdılar,
arxalarınca baxa-baxa qaldı. Hülya
xanım professorun qoluna girmişdi. Getdilər,
xeyli uzaqlaşdılar, kiçildilər, Kazanın
qaranlıq küçələrinə qarışıb qeyb
oldular.
Mart, 2023
Orxan Cuvarlı
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.28-29; 31.