Miss Yolun mehtəri

 

Hekayə

 

Redyard KİPLİNQ

(1865-1936)

Tam adı Cozef Redyard Kiplinq olan bu şəxs ingilis nasiri, şairi, jurnalisti, səyyahı, pedaqoqu və masonudur. 1907-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk ingilis yazarı olmaqla yanaşı, həm də bu mükafat tarixində hələ də ədəbiyyat nominasiyası üzrə həmin ödülə ən cavan yaşda layiq görülən söz adamı olaraq qalır.

Onun məşhur nəsr əsərləri sırasına "Cəngəllik (Cunqli) kitabı", "Kim" və "Kral olacaq adam", sevilən şeirlərinin siyahısına isə "Mandalay", "Qunqa Din", "Dəftər başlıqlarının tanrıları", "Bəyaz adamın zilləti" və "Əgər..." daxildir.

 

Oğlan razı, qız razı -

Nəyinə gərəkmiş qazı?!

       Bir müsəlman deyimi

 

Bəziləri hesab edirlər ki, Hindistandakı həyat hər cür romantikadan məhrumdur. Belələri yanlırlar, çünki həyatımızdakı romantika bizə yetəcək qədər boldur. Hətta bəzən hədsiz dərəcədə boldur.

Striklendin polisdə niyə çalışdığını anlamayan insanlar əmin idilər ki, o, şübhəli bir tipdir, elə buna görə də ondan bacardıqca uzaq gəzirdilər. Qeyri-adi sayılacaq bir qənaətə əsaslanan bu adam özünü inandırmışdı ki, Hindistanda bir polis məmuru yerli sakinlərə onların özləri qədər yaxından bələd olmalıdır. Onu da vurğulamalıyam ki, Şimali Hindistanda istədiyi zaman özünü eyni ustalıqla hindus və ya müsəlman, çamar və ya fakir kimi başqalarına təqdim edə biləcək ancaq bircə dənə belə insan tapılardı. Qhor-Kathridən tutmuş ta Cama-Məscidə (Cümə məscidinə - A.Y.) qədər uzanan ərazilərdə yaşayan bütün yerli əhali sırf qorxduğu üçün ona hörmətlə yanaşırdı: bundan əlavə, adamlar inanırdılar ki, o, həm gözəgörünməz bir varlığa çevrilməyi, üstəlik, cürbəcür cinlərə hökm eləməyi də bacarır. Ancaq gəlin görək, bu özəlliyinə görə o, hökumətdən indiyədək hansısa mükafat-filan almışdımı? Təbii ki, yox. Onun Simla şəhərini idarə etməsinə hər hansı izn-zad verilməmişdi, ingilislərə isə bu adamın adı, demək olar ki, məlum deyildi.

Belə birisinin cildinə girən Striklendin sən deyən dərin bir ağlı da yox idi, özünün hansısa sarsaq qənaətinə güvənən bu adam abırlı insanların qədəm belə basmayacağı iyrənc məkanlara da girib-çıxır, yerli cəmiyyətin ən yaramaz təmsilçiləri ilə əlaqələr saxlayırdı. Belə bənzərsiz üsulla o, düz yeddi il boyu onları araşdırıb-öyrəndi, ancaq yerli insanlar onun bu əziyyətlərinə bir qiymət verəcək səviyyədə deyildilər, əlbəttə. Hansısa dini təlimin davamçısı cildinə girən bu adam daima yerlilər arasında dolaşırdı, halbuki özündən başqa heç bir ağıllı insan o təlimin faydalı olacağına zərrəcə inanmazdı.

Bir dəfə məzuniyyətdə ikən o, Allahabaddakı Sat-Bhai təriqətinə üzv olmuşdu, sansi təəssübkeşlərinin "Kərtənkələ nəğməsi"ndən də xəbərdar idi, qeyri-adi dini rəqs növü sayılan "hali-Haqq"a ("Hali-Haqq" - dərvişlərin fasiləsiz dövrələr vurmaqla, qarşılıqlı şəkildə ekstaza vardığı rəqs növüdür - A.Y.) tamaşa eləmişdi. Ancaq bir insan bu "Hali-Haqq" rəqsinin harada, nə vaxt və necə icra olunduğunu bilirdisə, deməli, o, başqaları qarşısında öyünə biləcəyi daha nələrdənsə də agah idi. Deməli, o, sadəcə batinə nüfuz eləməmiş, ondan altdakı, daha dərin qatlara da dalmışdı. Ancaq Striklend bununla əsla öyünməzdi, hətta bir kərə o, Caqadhridə ikən "Ölüm Öküzünün boyanması" mərasiminə də qatılmışdı, halbuki həmin öküzü görmək bütün ingilislərə yasaqlanmışdı. O, çanqarların oğru jarqonuna da yaxından bələd idi, Attok yaxınlığında yusufzaylı bir at oğrusunu təkbaşına yaxalamışdı, sərhəddəki bir məscidin minbəri altında əyləşərək, sünni məzhəbli bir dindar kimi hələ namaz da qılmışdı.

Bir fakir qiyafəsinə girərək, Baba-Ataldakı Amritsar şəhərinin bağlarında keçirdiyi və Nasibanın qətli ilə bağlı böyük bir cinayət işinin açılmasına həsr elədiyi on bir günlük dönəm isə onun peşə karyerasında bir zirvə sayılırdı (Doqquzmərtəbəli və yüksəkliyi 40 metrə çatan Baba Atal Ray qülləsi Amritsar şəhərindəki ən hündür tikililərdən biridir və məşhur Qızıl məbəddən cənubda yerləşir - A.Y.). Ancaq adamlar buna qarşı da tamamilə haqlı şəkildə öz narazılıqlarını bildirmişdilər:

- Lənət şeytana, dəftərxanada oturub, xidməti məruzələr hazırlamaq, yeyib-şişərək susmaq əvəzinə, öz rəislərinin bir işə yaramadığını illah gözə soxmaq axı bu Striklendin nəyinə lazımmış görəsən?!

Elə bu səbəbdən də Nasibanın ölümü ilə bağlı araşdırma onun karyera pillələriylə yüksəlişinə hər hansı təkan vermədi, ancaq kiçicik bir qəzəb işartısından sonra o, özünün qəribə sayılacaq adəti üzrə, təkrar öz burnunu yerlilərin işlərinə soxmağına davam elədi. Yeri gəlmişkən, vur-tut bircə kərə bu əyləncəyə, onun həzzinə qapılan bir insan ta ömrünün sonuna qədər ondan əl-ətək çəkməz, yəni soyumaz. Çünki onun içi eşq-məşq də daxil, bu, dünyanın ən vazkeçilməz əyləncələriylə dolar. Başqaları on günlüyə Himalaya səfərə yollananda, Striklend məzuniyyətini, özünün dediyi kimi, "şikar"a həsr eləyirdi - o ara uyğun bildiyi bir cildə girməklə, bu qəhvəyi dərili kütləyə qarışdığı anlarda həmin kütlə də onu öz ağuşuna alıb, bir növ udurdu. Bu sakit təbiətli, arıqhal, qaragözlü, qarabuğdayı cavan oğlan öz fikrini-zikrini başqa məsələlərlə məşğul etmədiyi vaxtlarda söz-söhbətindən doyulmaz birisinə çevrilirdi. Yerlilərin məişət tərziylə bağlı fikirlərini səninlə bölüşdüyü zaman Striklendin söhbətindən əsla bezib-usanmazdın. Nifrət bəslədikləri bu Striklenddən yerli sakinlər yamanca qorxub-çəkinirdilər, çünki adam hədsiz dərəcədə çox şeydən hali idi.

Yol soyadlı ailə bu şəhərdə məskunlaşandan az sonra Striklend - gördüyü hər işə vurulduğu kimi - miss Yola da aşiq oldu, vuruldu, bu adamın necə biri olduğunu anlamaqda çətinlik çəkən miss isə müəyyən müddət keçdikdən sonra bu cavana könül verdi.

Bunun ardınca Striklend evlənmək niyyətini qızın valideynlərinə açdı: ancaq missis Yol bildirdi ki, öz qızının taleyini imperiyanın bu ən az maaş ödənən qurumuna heç bir halda həvalə eləyə bilməz, qızın ahıl atası mister Yol isə öz mövqeyini kəsə şəkildə dilə gətirərkən dedi ki, Striklendin buradakı fəaliyyəti və davranışları onun heç könlünə yatmır, ona görə də bundan belə bu cavanın öz qızıyla ünsiyyətdən çəkinməsini və onunla məktublaşmağa son qoymasını xahiş elədi.

Sevgilisinin həyatına hər hansı kölgə salmaq istəməyən Striklend dedi:

- Yaxşı, qoy siz deyən olsun.

Miss Yolun şəxsən özüylə uzun bir söhbətdən sonra isə o, bu xanımla evlənmək niyyətindən tamamilə əl-ətək üzdü.

Aprel ayında Yol ailəsi Simlaya köçdü.

İyul ayında Striklend "təxirəsalınmaz şəxsi məsələlərin həlli" bəhanəsiylə üç aylığa məzuniyyət götürdü. Bütün əyalətdə "istrikin-sahib" kimi tanınan bu adamın malına-mülkünə qəsd eləməyə heç kəsin cürəti yetməsə də, o, öz evinin qapısını möhkəmcə qıfıllayıb, guya Tarn-Taranda yaşayan bir tanışını - yaşlı boyaçını ziyarət eləməyə yollandı.

Bunun ardınca onun izi qeybə qarışdı: ancaq bir dəfə Simla bulvarında mənə yanaşan bir sais (mehtər, atabaxan - A.Y.) aşağıdakı qəribə məzmunlu məktubu mənə uzatdı:

"Əziz dostum,

bu məktubu sənə təqdim edən şəxsə bir qutu çeruta (hər iki ucu kəsilmiş siqara - A.Y.) ver, çalış əla növ və ən bəyənilən çeşiddən olsun. Onların nisbətən təzələrini elə klubda da tapmaq mümkündür. Üfüqlərdə təkrar zühur elədiyim zaman sənə olan borcumu mütləq qaytaracağam, hələlik isə mən cəmiyyətdən uzaqlardayam.

                                 Dostun E.Striklend".

Mən iki qutu çeruta alıb, həmin saisə verdim, dostuma isə səmimi salamlarımı çatdırmasını tapşırdım. Sən demə, həmin sais elə Striklendin özü imiş və miss Yolun ərəb atına mehtərlik eləmək adıyla, ahıl yaşdakı mister Yolun yanında xidmətə giribmiş. Görünür, zavallının ingilis tütünündən ötrü burnunun ucu göynəyirmiş, həm bütün bu əhvalat bitənə qədər, həm də hər şeyə rəğmən, məhz mənim dilimi dinc tutacağıma isə tam mənada güvənirmiş.

Başı öz qulluqçularına qarışan miss Yol qısa müddət sonra qonaq çağırıldığı bütün evlərdə öz nümunəvi mehtərindən söz salmağa başladı: hər gün sübh tezdən oyanan bu cavan oğlan səhər yeməyinə qədər masanı bəzəməkdən ötrü cürbəcür gül-çiçəklərdən dəstə bağlayırmış, üstəlik, istənilən London faytonçusundan daha üstün məharətlə, ta qara dırnağa çatana qədər atların dırnaqlarını qaşıyıb-təmizləyirmiş! Miss Yolun ərəb kəhəri necə ideal şəraitdə saxlanılırmışsa, bir cüt göz istəyirmiş baxmağa. Atın belində gəzən miss Yolun tərif dolu sözləri isə Stiklend, yəni Dalu üçün əməyinə verilən ən böyük mükafat sayılırmış. Qızlarının o dəli-dolu Striklendlə yaşadığı axmaq sevgi macərasını unutduğunu sanan ata-anası buna ürəkdən sevinməklə qalmır, övladlarını hələ "ağıllı bala" da adlandırırmışlar.

Striklend sonralar deyəcəkdi ki, mehtərliyə həsr elədiyi həmin iki ay özünün mənəvi dəyanəti baxımından son dərəcə qəliz bir sınaq imiş. Hətta öz sais həmkarlarından birinin arvadının ona dəli kimi aşiq olmasını və sevgisinə qarşılıq vermədiyi üçün qadının onu mərgümüşlə zəhərləmək istədiyini də o, xırda-xuruş bir təfərrüat sayırdı.

Miss Yol hansısa yad bir kişiylə at belində gəzintiyə çıxdığı vaxt başqa kişinin bu xanımla deyib-gülməsinə, onların arasında keçən xoş ixtilata qulaq müsafiri olmasına rəğmən, əlindəki örtüklə onlardan bir neçə addım arxada gəlməyini də, tam soyuqqanlı davranmağını da o, özü üçün əsl məşəqqət sanırmış! Benmorun girişində hansısa polis nəfəri onun üstünə çımxırdığı zaman, xüsusilə də özünün Aysar-Canq kəndində işə düzəltdiyi naik (orduya yeni çağırılan əsgərlərlə təlim keçən hərbçi - A.Y.) ona söyüş yağdıranda və ən betəri, cavan bir zabit sırf yoldan gec çəkildiyi üçün onu "donuz" adlandırdığı vaxt bu aşiq öz qəzəbini zar-zor cilovlaya bilirmiş. Amma bu cür həyat tərzi də, təbii ki, ona bəlli bir təzminat bəxş eləyirdi. Hətta saislərin yararlandığı oğurluq üsullarına və vərdişlərinə o necə dərindən yiyələnmişdisə, həmin dövrdə vəzifə başında olsaydı, pəncablı çamarların ən azı yarısını dəstələmə yaxalayıb, qoduqluğa basardı. Adam hətta "aşıq-aşıq" oyununda da ustalaşmışdı: gecələr öz sahiblərini Hökumət evi və ya opera binasının çıxışında gözləyən bütün campanilər (campan, yəni kəcavə daşıyan nökərlər - A.Y.) və ya saislərin əksəriyyəti adətən bu oyunla vaxt öldürürdülər. Həmin dövrdə o, dörddə üçü inək peyinindən ibarət olan tütün çəkməyə də adətkar olmuşdu, Hökumət evinin qarşısına yığılan bütün saislərin ağsaçlı camadarının (camadar və ya cumadar sözü "el ağsaqqalı, dini lider, dini icmanın rəhbəri və ya başçısı" mənalarında işlənir. Buradakı "cama" sözü isə əslində "camaat", "cəmaət" və ya "icma" sözlərinin fərqli bir variantıdır - A.Y.) müdrik kəlamlarını qulağında sırğa eləmişdi. Özünə maraqlı görünən xeyli sayda hadisəyə şahid olduğundan tam əminliklə deyirdi ki, bir saisin gözüylə baxmayan birisi Simla şəhərinin gerçək mahiyyətini yüz il qala anlaya bilməz. Bir də onu sözlərinə əlavə edirdi ki, bütün bu təfərrüatları qələmə almağa cəhd etməyə girişərsə, onun beynini mütləq vurub-dağıdarlar.

Yağışlı gecələrdə gözlərini Benmorun işıq süzülən pəncərələrinə zilləyib, ayaqlarını dinlədiyi valsın tempinə uyğun şəkildə tərpətsə də, başını at çulu ilə örtdüyü anlarda hansı iztirablara qatlaşdığını da Striklend sonralar məzəli bir şəkildə mənə nağıl edəcəkdi. Özünün bu sərgüzəştləri barədə o, nə vaxtsa bir kitab yazmağı da planlaşdırırdı. Həmin kitab isə ona ödənəcək pula dəyməsə də, ən azından onun satışdan yığışdırılmasına səbəb olacaqdı.

Vaxtilə Yakob sırf qovuşmaqdan ötrü sevdiyi Rahilə hansı canfəşanlıqla xidmət göstərirmişsə, Striklend də öz yarının qulluğunda eləcə dururmuş. Üstəlik, məzuniyyəti bitmək üzrə olduğundan adamın səbr kasası da daşmaq üzrəymiş. Daha öncə də vurğuladığım kimi, başqa kişilər onun yanında sevgilisiylə mazaqlaşmağa cəhd edəndə Striklend hər vəchlə hisslərinə hakim olmağa çalışırmış, ancaq bir dəfə özünü heç cür tuta bilməyibmiş.

Həmin gün yetərincə nüfuzlu, həm də yaşlı bir general miss Yol ilə at belində gəzintiyə çıxıbmış və həmin cənab bu xanımla "balaca bir qızcığazmış kimi", yəni cırnadıcı tərzdə məzələnirmiş: qadına bu cür girişməyin ən çiyrindirici cəhəti isə odur ki, bu şux zarafatlara hədd-hüdud qoymaq çətin olur, ona görə də bunları istəmədən dinləyən adam mütləq cırnayır. Generalın dediyi sözləri yanlarındakı saisin də eşitdiyini bilən miss Yolun bütün bədəni o ara əsim-əsim əsirmiş.

Dalu, yəni Striklend, səbri yetdiyi qədər bu məzələnmələrə dözür. Sonra qəfildən generalın atının yüyənini əlinə keçirərək, təmiz bir ingilis şivəsiylə atın sahibindən buralardan əlüstü uzaqlaşmağı tələb edir, əks halda, uçurumdan başıaşağı buraxmaqla onu hədələyir. Bu yerdə miss Yol hönkürür, Striklend isə anlayır ki, özünü açıq-aşkar ələ verib və qurduğu bütün plan alt-üst olub.

Eşitdiklərindən yaşlı general az qalıb huşunu itirə, miss Yol isə hönkürərək, saisinin məcburən qiyafə dəyişdiyini və özünə elçi düşdüyü vaxt valideynlərinin bu cavana rədd cavab verməsinin tarixçəsini generala açıb, deyib. Striklend isə qəzəbdən nə edəcəyini bilmirmiş: həm özünə acığı tutubmuş, həm də onun sirrini açığa çıxaran bu generala - ona görə də lal-dinməz atın yüyənini əlində tutubmuş ki, bəlkə generalı qırmanclamaqla ürəyində baş qaldıran kini soyuda. Ancaq əhvalatı axıra qədər dinləyən, Striklendin əsl kimliyini öyrənən general buna pıqqıldayaraq gülüb, hətta sonra necə qəhqəhə çəkibsə, az qalıb atdan yerə yumbalana. Sonra isə bildirib ki, sırf sais cildinə girib, atlara çul taxmağa qatlaşdığı üçün bizim Striklend hətta "Viktoriya xaçı" almağa da layiqdir. General səmimi etiraf eləyib ki, az əvvəlki davranışına görə özü kötək yeməyi tamamilə haqq eləyibmiş, ancaq Striklendin kötəklərinə dözməkdən ötrü hədsiz dərəcədə yaşlanıbdır. Daha sonra o, bu cür sevgilisi olduğuna görə miss Yolu səmimi qəlbdən təbrik eləyib.

Bu macəradakı qalmaqallı məqamlar generalı sən deyən də sarsıtmayıbmış - məzələnməyə düşkün biri olan bu kişi həm də son dərəcə nəcib bir ağsaqqal imiş. Ən sonda təkrar qəhqəhə çəkərək deyibmiş ki, qızın atası Yol - sarsağın biridir.

Atın yüyənini əlindən buraxan Striklend ona bildirib ki, məhz belə düşündüyü üçün general bu sevgililərə nəyin bahasına olursa-olsun, həyan durmalıdır. Çünki gələcək qaynatasının nüfuzlu-rütbəli, adlarından sonra cürbəcür hərflər yazılan şəxslərin hüzurunda əldən-ayaqdan getdiyi Striklendə yaxşı bəlli imiş.

General deyib:

- Bütün bu hadisələr şit bir məzhəkəni xatırlatdı mənə... Ancaq bütün hallarda sizə kömək edəcəyimə söz verirəm, həm də bunu ən azından o layiq olduğum kötəyi yemədiyim üçün edəcəyəm. Haydı, sais-polismen, təcili evə yollanıb, abırlı bir əyin-başını dəyiş, mən isə mister Yola necə həmlə edəcəyimə gərəkli hazırlığı görüm. Miss Yol, sizdən isə xahiş edəcəyəm ki, evə dönüb, bizi orada gözləyəsiniz.

 

***

 

Bundan yeddi dəqiqə sonra klubda görünməmiş bir qarışıqlıq yaşanıb. Çiynində çul gəzdirən bizim sais əlindəki yüyənlə oradakı bütün kişilərə yalvararaq deyirmiş:

- Allah xatirinə, mənə borca abırlı bir kostyum verin də! Nolar?

Klub üzvlərinin heç birisi onu tanımırmış, ancaq bir qədər məzələnəndən sonra oradakı otaqlardan birində ona sodalı su ilə dolu isti vanna, qonşu otaqda köynək, bir otaqda yaxalıq, digər otaqda şalvar və sair, və ilaxır təklif olunub. Borca aldığı poninin belində Yol ailəsinin evinə tərəf yol aldığı zaman onun əynində az qala klub üzvlərinin yarısına aid fərqli-fərqli geyimlər varmış.

Qırmızı mundir və zərif köynək geyinmiş general ondan əvvəl özünü məlum ünvana yetiribmiş. O gələnə qədər generalın nələr danışdığından Striklend bixəbər qalsa da, mister Yol onu dərin rəğbət hissiylə qarşılayıb, missis Yol isə qiyafəsini dəyişən və bir sədaqət timsalı sayılacaq Dalunu yetərincə nəvazişlə salamlayıb. Üz-gözündən nur yağan general elə hey gülümsəyirmiş. Miss Yol yaşadığı evə qədəm qoyandan sonra ata-anasının bu nikaha verəcəyi "hə" cavabı əsla ləngiməyibmiş: odur ki, öz toy geyimlərini sifariş verməkdən ötrü bizim Striklend ilə miss Yol birlikdə poçt idarəsinə yollanıbmışlar.

Bu işdə onun yaşadığı yeganə qanqaraçılıq isə bulvarda rastına çıxan naməlum bir kişinin oğurlanan ponisini ondan geri istəməsi olub. Beləcə, Striklend bundan sonra öz davranışlarını dəyişəcəyini və "Simladakı", həm də öz əməkdaşlarına fərli maaş ödəyən o qurumun daxili intizamına  nöqtə-vergülünə qədər tabe olacağını vəd edibmiş deyə, onunla miss Yolun nikahı kəsilib...

Həmin vaxt Striklend xanımını hədsiz sevdiyindən bu vədini əsla pozmazdı, hərçənd bu vəd ondan ötrü həm də ağır bir imtahan sayılmalıydı, çünki küçə və bazarlarda eşitdiyi səs-küy ona çox şeylərdən xəbər verirdi, daima onu təkrar öz işinə dönməyə, yenidən səyahətlərə çıxmağa, yeni tapıntılara imza atmağa səsləyirdi. Bir dostuna kömək eləməkdən ötrü onun bu vədinə necə xilaf çıxdığına dair əhvalatı mən bir başqa vaxt sizlərə danışaram. Dediyim o əhvalat çox sonralar baş verəcəkdi və həmin vaxt dostum artıq "şıkara" çıxmaqdan ötrü xeyli dərəcədə yaşlanacaqdı. Axı o, sadə xalqın dilini, dilənçilərin jarqonunu, şərti işarələri, qoyulan nişanələri, mətnaltı və üstüörtülü mənaları artıq tamam-kamal unutmuşdu, halbuki bütün bu sadalananlardan hali olmaq istəyən kəs onları fasiləsiz bir şəkildə öyrənməyə məcburdur.

Ən azından indi o, çalışdığı qurum üçün hesabatları misilsiz bir səviyyədə hazırlayır.

 

Mətndə işlənən bəzi terminlərin açıqlaması:

Fakir - 1. Dərviş;  2. Sehrbaz

Çanqarlar - kənd təsərrüfatı işlərinin icrası üçün muzdla tutulan köçəri əhali

Çamar – 1. Dəriçi, maldar, pinəçi; 2. Dəriçilər kastası, Hindistan cəmiyyətindəki ən aşağı kastalardan biri

Benmor - Simla şəhərində İctimai palata binasının adı

Şikar - ov, ovçunun ələ keçirdiyi heyvan və ya quş

Minbər - məsciddə moizə və xütbələrin oxunduu yüksək kürsü

Sansi - oğurluqla məşğul olduğu üçün ən aşağı sayılan kastanın adı

Sat-bhai - "Yeddi qardaş" dini təriqəti

Yusufzai - Xeybər keçidinin yaxınlığında yaşayan bir puştu tayfası

 

Dilimizə çevirdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.27; 32.