Mahmud Kaşğarinin "Divanü
lüğat-it türk" əsərində
Oğuz leksikası
Hörmətli Azər müəllim, Siz görkəmli
türkoloq, repressiya qurbanı Xalid Səid Xocayev haqqında
yeni məqalə yazmaqla onu bir daha elmi ictimaiyyətin yadına
salmış oldunuz. Buna görə Sizə minnətdarlığımı
bildirirəm. Amma bu məqalədə Xalid
Səid Xocayev ilə birlikdə, eyni zamanda, Mahmud
Kaşğarinin "Divanü lüğat-it Türk" əsəri
də yenidən elmi dövriyyəyə daxil oldu. Bu da Sizin xidmətlərinizdın
sayılmalıdır.
Azər müəllim, mən də "Divanü
lüğat-it Türk" əsərinin tədqiqatçılarındanam. Tədqiqatlarımın
istiqaməti başqalarının tədqiqatlarından bir qədər
fərqlənir. Belə ki, mən öz tədqiqatlarımda
Azərbaycan türklərinin-oğuzlarının əsas hissəsinin
Azərbaycan ərazisinə heç də Səlcuqlarla gəlmə
olduğu fikrini qəbul etmir, Azərbaycan
oğuzlarının elə dədə-babadan Azərbaycan ərazisində
yaşadıqlarını deyir və bu fikri Mahmud
Kaşğarinin "Divanü lüğat-it Türk" əsərində
olan dil faktları ilə sübut etməyə
çalışıram.
XI əsrin
ikinci yarısında Mahmud Kaşğari türklərin
yaşadığı coğrafi ərazini geniş şəkildə
təsvir edir: Rum - Bizans sərhəddindən Çinə qədər:
"Rum ölkəsindən tutmuş Maçinədək
türk ellərinin hamısının boyu (uzunluğu) beş min, eni üç min fərsəx,
tamamı səkkiz min fərsəxdir". "Bu gün
uzunluğu beş min fərsəx, eni
üç min fərsəx, cəmisi səkkiz min fərsəx
olan türk ölkəsinin sərhədlərinin ucları
Abisgün (Xəzər) dənizində birləşərək
Rum diyarından və Özçənddən Çinə qədər
uzanır". Maraqlıdır ki, Mahmud
Kaşğari öz "Divan"ında türklərin məhz
Rum sınırından başlayaraq yaşamalarını bircə
dəfə yox, bir neçə dəfə xatırladır.
Kaşğarinin məntiqinə görə,
Türklərin vətəninə, bizcə, Rum sərhəddindən
şərqə, Xəzər dənizinə qədər olan
torpaqlar da daxildir. Bu mənada, Mahmud Kaşğari, hətta, Rum sərhədlərinə
yaxın ərazilərdə türk xalqlarından hansı
tayfaların, boyların yaşadıqlarını da söyləyir:
"Rum ölkəsinin yaxınlığından şərqə
doğru tərtib etməklə şərqdəki müsəlman
olan və olmayan oğuz boylarının yerlərini də
bildirdim. Rum (Bizans) ölkəsinə ən
yaxın olan boy bəçənəkdir. Sonra
kıfçak (qıpçaq), oğuz, yəmək,
başğırt, basmıl, kay, yabaku, tatar, kırkız
(qırğız) gəlir. Qırğızlar Çin
ölkəsinə yaxındırlar... Bu boylar cənubla
şımal arasında yerləşirlər. Onların hamısının yerlərini bu dairə
içində göstərdim". "Rum
diyarındakı bəçənəklərə qədər
suvar və bulğar dilləri bir çox sözlərin sonu kəsilib
qısaldılmış türk dilidir".
"Sözün qısası, çigil dilindəki dh hərfi
qərbdə Rum diyarına, şərqdə Çinə qədər
uzanan bütün yağma, toxsı, oğuz boyları ilə
arğuların bəzilərinin dilində y olur. Rum ölkəsinə doğru uzanan qıpçaqlar
və onlara uyanlar tərəfindən dh hərfi z kimi
deyilir". "Rum ölkəsindən
Çinə qədər bütün oğuzlar və
köçərilər davamlılıq bildirən ka və
ğ hərflərini qısalıq üçün
atırlar". " Yuxarı
Çinə qədər çigil, yağma, toxsı dillərində
sözlər zəmməli, Rum ölkəsinə qədər
oğuzlar, suvarlar və qıpçaqların dilində fəthəli
olur".
Beləliklə, gördüyümüz kimi, əgər
"Divan"ın yazıya alınma tarixinin 1072-74-cü illər
arası olduğunu yadımıza salsaq və eyni zamanda, Səlcuqların
Ön Asiyaya ilk yürüşlərinin 1071-ci ildə baş
verdiyini qəbul etsək, onda, deməli, yerli türklər
burada ən qədim zamanlardan məskunlaşmış və
heç də bu ərazilərə Səlcuqlarla bərabər
gəlməmişlər. Çünki ən
azından Rum sərhədlərinə yaxın yaşayan
türk tayfalarının dillərində Kaşğarinin
yuxarıda gösrərdiyi fonetik-qrammatik xüsusiyyətlər
cəmi bir neçə ilin ərzində yarana bilməzdi.
Kaşğarinin Rum sərhədlərinə
yaxın ərazilərdə yaşayan türk
tayfalarlndan-oğuzlardan, bəçənəklərdən,
qıpçaqlardan danışarkən isə, bizcə, ilk
növbədə Azərbaycan ərazisindən, burada
yaşayan tayfalardan və əsasən, onların dil xüsusiyyətlərindən
bəhs edir. Çünki, həqiqətən
də, istər tarixən və istərsə də müasir
günümüzdə Rum sərhədlərinə ən
yaxın yaşayan xalq Azərbaycan türkləridir,
buradakı müxtəlif tayfaların nümayəndələridir.
Məlum olduğu kimi, Mahmud Kaşğarinin
"Divanü lüğat-it Türk" əsəri ilk
növbədə Türkcə-ərəbcə lüğət
olsa da, ensiklopedik əsərdir. Yəni burada müxtəlif türk
boyları, onların həyat tərzi, dünya
görüşləri, ədəbiyyatları və s.
haqqında məlumatlar vardır. Bu mənada,
Kaşğari "Divan"da oğuzlar haqqında da məlumat
verir. Belə ki, onun verdiyi məlumatların
böyük bir qismi, əsasən, Səlcuq oğuzlarına
aid olsalar da, bu məlumatlar arasınnda, bizcə, Azərbaycan
oğuzları haqqında da məlumatlar tapmaq olar. Beləliklə,
məsələn, əgər oğuzların məskun
olduqları ərazilərdən danışarkən,
müasir türkoloji ədəbiyyat oğuzların artıq
IX-XI əsrlərdə Sırdərya, Amudərya hövzələrində
və onlara yaxın olan bölgələrdə
yaşadıqlarını söyləyirsə, Mahmud
Kaşğari də oğuzların, əsasən, bu bölgədə
daha çox məskun olduğunu bildirir. Belə
ki, Mahmud Kaşğariyə görə Sitkün,
Manqışlaq, Suğnaq, Qərnağ oğuz şəhərləri
olub, Xəzərin şərqində yerləşmişlər.
Amma bir qədər yuxarıda dediyimiz kimi, Mahmud
Kaşğari türkün sərhəddini qərbdə Rum sərhəddindən
başlayır. Və burada Rum sərhəddində
konkret olaraq hansı tayfanın, hansı türkdilli xalqın
yaşadığını dəqiq göstərir: "Bəçənək,
Rum yaxınlığında yaşayan türk boyu...", " Rum (Bizans) ölkəsinə ən
yaxın olan boy bəçənəkdir...". " Rum
diyarındakı bəçənəklərə qədər...". Böyük türkoloqun sözlərinə
görə bəçənəklər oğuzdurlar: " Bəçənək - bir oğuz boyu. Bu söz Biçənək şəklində də
yazılır." Gördüyümüz
kimi, Mahmud Kaşğari Rum sınırına yaxın ərazilərdə
yaşayan türklərdən danışarkən 24 oğuz
boyundan beçeneklərin adını çəkir. Deməli, buradan belə bir nəticə
çıxır ki, ən azı Mahmud Kaşğari
dövründə Rum diyarına yaxın ərazilərdə
türkdilli tayfalardan məhz oğuzlar, oğuz tayfalarından
isə daha çox beçeneklər məskun olmuşlar.
Beləliklə, böyük türkoloq hələ
XI əsrdə oğuzların yaşadıqları, məskun
olduqları əraziləri təkcə Orta Asiya ilə məhdudlaşdırmayıb,
ən azından onların yaşadıqları ərazilərə
Azərbaycanı da aid etmişdir.
Qeyd
etdiyimiz kimi, "Divanü lüğat-it Türk" ilk
növbədə lüğətdir, dil abidəsidir və
apardığımız araşdırmalara görə, Mahmud
Kaşğari öz əsərində 28 türk dilinin leksik
vahidlərini əks etdirir. Sözsüz ki,
"Divan"da aparıcı yeri ilk növbədə oğuz
leksikası tutur. Mahmud Kaşğari
"Divan"da bir sıra dillərə aid verdiyi sözləri
xüsusiləşdirərək, onların hansı dilə mənsub
olduqlarını göstərdiyi kimi, oğuzlara aid sözləri
də qeyd etmiş, onların bilavasitə oğuzlara aid
olduğunu xüsusi bildirmişdir. "Divan"da
mövcud olan təqribən 9000-ə yaxın leksik vahidin
sırasında oğuz dilinə aid sözlər digər dillərə
nisbətən daha çoxluq təşkil edir. Bu da bir daha Mahmud Kaşğarinin oğuzlara və
onların dilinə xüsusi əhəmiyyət verdiyini
göstərir.
Bizim
apardığımız hesablamalara görə, Mahmud
Kaşğarinin "Divan"da oğuz dilinə aid, qeyd etdiyi
təqribən 300-ə yaxın söz var. Beləliklə,
Mahmud Kaşğarinin "Divan"da oğuz dilinə aid
etdiyi bəzi leksik vahidlər aşağıdakılardır:
(Biz burada leksik vahidləri nümunə verərkən
onların bəzilərini "Divan"da olduğu kimi Mahmud
Kaşğarinin izahı ilə bərabər gösrərir,
böyük bir qisminin isə, məqalənin həcmi
artmasın deyə, sadəcə özünü nümunə
veririk).
ƏP/AP/EP:
təkid və mübaliğə ədatı. Bir
şey həddən artıq gözəllikdə vəsf
edildiyi zaman söylənir. "Ep edhgü nənq = ep
eyi, gerçəkdən yaxşı şey". Oğuzlar bəmbəyaz
mənasında "ap ağ" deyirlər.
ANQ:
"yox, deyil" deməkdir. Oğuzcadır.
Bir şeyi etmək üçün əmr alan
adam "anq-anq" desə, "yox-yox" deməkdir.
UÇ:
Bir şeyin tükənməsi. Oğuzca.
"Boyda nə uç bar = boyda, xalqda çoxluğu səbəbilə
tükənmə yoxdur".
İKİT : yalan. Oğuzca. "
ikit söz = yalan söz".
OĞUR :
qarşılıq, əvəz, bədəl. Oğuzca.
" Atka oğur aldım = ata əvəz
aldım (atın yerinə bir at aldım).
ÜGÜR:
"yağ ügürü =
küncüt". Oğuzca.
ÖKÜZ:
Ceyhun, Fərat kimi çaylara verilən ümumi addır. Bu söz tək halda söyləndiyi zaman oğuzlar
tərəfindən Bənəgit çayı nəzərdə
tutulur. Çünki şəhərləri
o çayın sahilindədir. Köçərilər
də bu çayın kənarına enirlər. Türk ölkəsində bir çox çaylar
öküz adı ilə anılır. Bir
şəhərə də bu ad verilərək "İki
öküz" deyilmişdir. Bu şəhər Ila ilə Yafınç çayları
arasında yerləşir.
ABA: ana. Oğuzca. Karluq türkmənləri
bu sözü p ilə deyirlər.
ALUK:
"aluk ər = keçəl, daz adam".
Oğuzca.
ƏKƏ:
böyük bacı. Oğuzlar buna "əzə"
deyirlər.
ƏTRƏK:
rəngi qızıla çalan sarı adam.
Oğuzca.
ƏNDƏK:
səth, bir şeyin üst tərəfi. Oğuzca.
minqar, sinquk,
sənqək, yanqa, tərinq, yorinça, yengəç, təngəlküç,
pormuk, küdhti, sawçı, sırtladı,
ötünç, utanç, us, oğur, əmir, azak,
aşak, alık, əlig, sağ əlig, ilik, ağıl,
örən, əkin, ak, öyəz, oyuk, üyük,
ütrük, inqir, oba, örçük, örgən, andan,
ayruk, ayrık, alma, eylə, etti, kıldı, utandı,
atlandı, anqladı, koç, tək, kim , çömçə,
kurt, sığra, turma, koşnı, başmak,
başmaklandı, kısrak, kısır, bayram, çəkürgə,
çapıtğan, küvürgən, təmürgən,
küsdi, takdı, çakdı, sokdum.
"Divan"ın
oğuz leksikası istər tarixən Azərbaycan ədəbi
dilində, məsələn, elə konkret olaraq "Dədə
Qorqud" dastanlarının dilində və istərsə də
müasir Azərbaycan dilində olduqca geniş şəkildə
əks olunmuşdur. Belə ki, oğuz leksikasına aid olan həm
"Divan"da rast gəldiyimiz, həm də "Dədə
Qorqud"un dilində işlənmiş us, oğur/uğur, əlig,
ak, örgən, inqək, ayruk, alma, ərməğan, qat,
qoç, qurt, tamur, qoşnı/qonşu, kələcü,
çapıtğan, savaşdı, çaldırdı,
çalturdı, bəkləndi, yazdı, yas, sordı,
bağırdı, buyurdı, dədə, dəvə, dəli,
qonakladı, sınquk, dərin, ağıl və s. sözlər
dediklərimizə sübut ola bilər. Eyni
zamanda, qeyd edək ki, "Divan"da oğuz leksikasına aid
bəzi sözlər Azərbaycan dilinə aid bəzi abidələrdə
və həmçinin Azərbaycan dilinin müxtəlif dialekt
və şivələrində də işlənməkdədir.
Bu faktlar bir daha sübut edir ki, Mahmud
Kaşğarinin göstərdiyi və göstərmədiyi
oğuz leksikası Azərbaycan dilinin leksikasında həmişə
aparıcı rol oynamışdır (Təbii ki, oğuz dili
Kaşğarinin göstərdiyi oğuz leksikasından daha
genişdir və Kaşğari bu leksikanı tam şəkildə
əhatə edə bilməzdi).
Amma Mahmud Kaşğarinin oğuz leksikasına aid etdiyi
sözləri Azərbaycan dili ilə daha geniş şəkildə
tutuşdurduqda qarşımızda yeni mənzərə
açılır. Belə ki, Azərbaycan dilini
Kaşğarinin nümunə verdiyi XI əsrə aid oğuz
leksik qatı ilə müqayisə etdikdə Azərbaycan
dilində daha qədim oğuz qatının olması faktı
üzə çıxır. Məsələn,
Kaşğari yazır: "BƏN: mən. Oğuzlar
"bən bardım" deyirlər ki, "mən vardım,
mən getdim" deməkdir. Digər
türklər "mən bardım" deyirlər.
Kaşğari "Divan"ın digər bir yerində qeyd
edir: "MƏN: ben. Türklərcə".
Tədqiqatçılara görə "birinci
şəxsin təki (mən-Y.Q.) müasir türk dilləri
içərisində yalnız Azərbaycan və uyğur dillərində
mən formasında işlənir. Orxon abidələrində
həm men, həm də ben forması olmuşdur. Qədim uyğur dilində men-mən formaları
işlənmişdir. M.Kaşğariyə
görə, "türklər" men, oğuzlar,
qıpçaqlar və suvarlar ben demişlər. Deməli, Azərbaycan dilindəki mən forması
oğuz-qıpçaq xüsusiyyəti deyil". DQK-da
bu sözə həm mən, həm də bən şəklində
rast gəlirik: Sən aradan çıqğıl, mən Allah
təala bilə xəbərləşim, - dedi; Qazan aydır:
- Üç yüz yigidlən oğlum Uruz mənim evim
üstünə tursun; Mənim üçün gəldünsə,
oğlancugum öldürmüşəm; Mərə, bənim
oğlım başmı kəsdi, qanmı dökdi?; Bən bu gün Qonur ata qaqaram; Azğun
dinlü kafərə bən varayım. Qeyd etmək yerinə
düşər ki, "Dədə Qorqud kitabı"nın oğuz abidəsi olmasına baxmayaraq,
Mahmud Kaşğarinin digər türklərə aid etdiyi mən
variantı bu dastanda daha çox öz əksini
tapmışdır. Hesablamalara görə,
"Dədə Qorqud kitabı"nda bən variantı 54 dəfə,
mən variantı isə 403 dəfə işlənmişdir.
Bu məsələləri dərindən tədqiq edən
filologiya elmləri doktoru, professor Elbrus Əzizov yazır:
"Fikrimizcə, "Kitabi-Dədə Qorqud" eposunun
formalaşdığı dövrdə Azərbaycan dilində
mən variantının üstünlüyü qədim yerli
tayfaların, bən isə gəlmə oğuz-səlcuq
tayfalarının dil xüsusiyyəti kimi başa
düşülməlidir."
"ABA:
ana. Oğuzca. Karluq türkmənləri
bu sözü p ilə deyirlər". Professor
Elbrus Əzizova görə "Aba M.Kaşğarinin
lüğətində "ana" mənalarında işlənmişdir.
Dialektlərimizdə bu söz öz
varlığını qorusa da, ədəbi dilimizdə və
ümumxalq səviyyəsində ayrıca olaraq ana sözü
işlənməkdədir. Kaşğaridə
"ana" mənasında ana sözü də qeyd
olunmuşdur ki, bu sözün yanında onun hansı dilə
aid olması haqqında heç bir qeydə rast gəlmirik
.
KAYIR:
oğuzlar quma "kayır", türklər "qaba
torpaqlı yer" deyirlər. M.Kaşğari yazır: KUM: qum. Çigilcə. Bunu oğuzlar bilməzlər. Maraqlıdır
ki, bu gün Azərbaycan oğuzları qum
sözünü işlətdikləri halda, kayır onlar
üçün arxaikləşmişdir.
ÇUMĞUK:
ayağı, başı qızıl rəngdə,
qanadında ağ tük olan qarğa. Oğuzlar ğ-nı ataraq "çumuk" deyirlər.
KARĞA: qarğa. Qeyd edək ki, bu gün
dilimizdə cümğük deyil, ümumxalq səviyyəsində
qarğa sözü başa düşülür.
KƏLƏÇÜ:
söz. Oğuzca. SÖZ: söz.
Maraqlıdır ki, bu gün Kaşğarinin ümumi türklərə
aid etdiyi "söz"ü işlətsək də,
oğuzlara ünvanladığı kələçü
sözü, hətta, "Dədə Qorqud
kitabı"nın dilində işlənməsinə
baxmayaraq, bizim üçün yaddır.
AYITTI:
söylədi, soruşdu, "ol manqa söz ayıttı = o məndən
söz soruşdu". Oğuzlar "mən
anqar söz ayıttım" deyirlər, "mən ona
söz söylədim" deməkdir. Bu, qaydaya ziddir,
(ayıtur-ayıtmak) "Dədə Qorqud kitabı"nda
aydır 714 dəfə, dedi isə 758 dəfə işlənmişdir.
Ayıtmaq feili bu gün daha çox Orta Asiya
türklərinə, oğuz qruplu dillərdən, əsasən
türkmən dilinə aiddir. "Dədə
Qorqud kitabı" üzərində aparılan statistik
hesablamalar da sübut edir ki, Azərbaycan oğuzlarının
dilində ayıttı sözü aparıcı söz
olmamışdır.
KARDI:
türklərin biri əsil və kök, digəri əlavə
olmaq üzrə qoşa işlətdikləri hər bir ismin və
feilin oğuzlar əlavə olanını söyləyirlər.
Halbuki o biri türklər bunu tək söyləməzlər.
Söz gəlimi, türklər bir şeyi bir
şeyə qatdıqları zaman "kattı-kardı"
deyirlər. Burada kök
"kattı"dır, "kardı" sözü əlavədir.
Oğuzlar bir şeyi bir şeylə
qarışdırdıqları zaman "kardı" deyib əsil
olanı buraxırlar. KARILDI: "bir nənq birgə
karıldı = bir şey başqa bir şeyə
qarışdı". Oğuzca. Digər türklər "katıldı -
karıldı" deyə iki sözü birlikdə söyləyirlər
(karılur-karılmak). Bu gün Azərbaycan
oğuzları Kaşğarinin dediklərinin əksinə
olaraq, qatdı və qatdı-qarışdırdı ifadələrini
daha çox işlədirlər ki, təbii bu da Azərbaycan
oğuzlarını Kaşğari oğuzlarından fərqləndirir.
SƏN:
türklər bu sözlə uşaq, nökər kimi özlərindən
yaşca və mövqecə kiçik olanlara müraciət
edirlər. Möhtərəm, mənsəbli
kimsələrə z ilə "siz" deyirlər. Oğuzlar işi tərsinə çevirərək
böyük üçün "sən", kiçik
üçün "siz" deyirlər. Cəmdə
də belə deyilir, qayda da belədir, çünki
"siz" cəmi olan bir isimdir. SİZ: çigil
dilində böyüklərə, hörmətli adamlara deyilən
bir xitabdır, "sən" deməkdir. Əsil
mənası sizlərdir. Kiçiklərə
"sən" deyirlər. Oğuzlar bunun
tərsini edirlər. Azərbaycan
oğuzları da bu əvəzlikləri Kaşğarinin
oğuzları kimi deyil, ümumi türkcədəki kimi ifadə
edirlər.
BALIK:
palçıq. Oğuzların bəzilərində
və arğu dilində. Arğuların bir qismi isə
üç sükun ilə bu sözə "balk" deyirlər.
Türk dilində ancaq iki sükun yan-yana ola
bilər. Arğuların dilində
dolaşıqlıq vardır. Qeyd edək
ki, bu gün azərbaycanlılar balık deyil, palçıq
sözünə daha çox üstünlük verirlər.
TAŞIKTI:
"ər əwdin taşıktı = adam
evdən çıxdı: Bu söyləyiş yağma,
toxsi, qıpçaq, yabaku və türkmənlərin bəzilərinin
dilində belədir, türklərin çoxu
"çıktı" deyir,
(taşıktı-taşıkar-taşıkmak). Maraqlıdır ki, biz də Kaşğarinin təbirincə
desək oğuzlar-türkmənlərin bir hissəsi kimi
deyil, "türklərin çoxu" kimi çıxdı
sözünü işlədirik.
Beləliklə, gördüyümüz kimi biz, Azərbaycan
oğuzları istər tarixən, istərsə də
müasir Azərbaycan dilində Mahmud Kaşğarinin dediyinin əksinə
olaraq, yuxarıda göstərilən oğuz sözlərini
işlətmir, bu sözlərin sinonimi kimi onların yerinə
ümumi türkcəyə aid olan sözlərdən istifadə
edirik. Bu isə bir daha oğuz-səlcuq qatının Azərbaycan
dilində daha sonrakı qat olduğu faktını sübut
edir. Qeyd edək ki, bəzən
türkoloji ədəbiyyatda tədqiqatçılar bu
sözlərin qıpçaq mənşəli olduğunu
vurğulayırlar ki, bu fikrin özü də bir qədər
mübahisəlidir. Belə ki, əgər sonrakı abidələrə
əsasən biz bu sözlərin hardasa qıpçaq sözləri
olduğunu qəbul etsək də, Mahmud Kaşğaridə, yəni
hər bir sözün tayfa mənsubiyyətini dəqiqliklə
qeydə alan böyük türkoloqun əsərində,
bu sözlərin yanında onların qıpçaq dilinə
aid olduğu barədə heç bir işarəyə təsadüf
etmirik.
Beləliklə,
əgər biz azərbaycanlılar səlcuq
oğuzlarındanıqsa və yaxud da bəzən türkoloji
ədəbiyyatda deyildiyi kimi, indi yaşadığımız
ərazilərə XI-XIII əsrlərdə səlcuq
oğuzları ilə gəlmişiksə, onda niyə bən
deyil mən, aba deyil ana, kayır deyil qum, kələçü
deyil söz, ayıt deyil dedi, kardı deyil qatdı,
qatdı-qarışdırdı, balık deyil palçıq,
taşıktı deyil çıxdı,
çümğük deyil qarğa və s. deyirik? Və eyni
zamanda, biz əgər Mahmud Kaşğarinin göstərdiyi
oğuzlardanıqsa niyə böyük türkoloqun
oğuzlara aid etdiyi sözlərin əksəriyyəti - aluk,
ikit, anq, ujlanq, arsu, arsalık, inqir, sögüş, çərik,
büküm, kübən, sındu, kündi, süyran,
çümğük, sürçük, künçük,
təgirmək, küvürgən, tubuldu, karturdı, yuş,
yumurlandı, yerdəş, muş, kovuz, küvük,
bayık, yüligü, baynak, kibə, kova, minqar, yengəc, təngəlgüc
istər müasir, istərsə də tarixən ədəbi
dilimiz üçün arxaikləşmişdir və yaxud da
demək olar ki, heç əvvəldən də dilimizdə vətəndaşlıq
hüququ qazanmamışdır? Amma bunun əksinə olaraq, cəsarətlə
deyə bilərik ki, Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsərində yüzlərlə
və bəlkə də minlərlə, yanında heç bir
dilə mənsubluğu qeyd olunmayan sözlər vardır ki,
biz bu gün də həmin sözləri qeydsiz-şərtsiz
başa düşür, eynilə Mahmud Kaşğarinin
semantikasında olduğu kimi dilimizdə işlədirik. Belə
sözlərə misal olaraq bəzilərini göstərə
bilərik: ərük ( ərik), oğul, üzüm,
ölüm, ertə, ördək, ərlik, axsaq, armut, alma,
oğlaq, ayran, bir, tər, köç, bit, əsdi (külək),
eşdi (qumu), oxşadım (mən anı oxşadım),
oğurluğ, örtildi (göy örtüldü),
uçurdı (quş), içtürdi (ol manqa su
içtürdi), öpdürdi, oyuldı (yer), boz, toz, tuz, tiz
(diz), buz, söz, tiş (diş), bel, tul (dul qadın), qol,
göl, yer, yol, yel və s.
Azərbaycan türkoloqları haqlı olaraq Azərbaycan
türklərini-oğuzlarını Orta Asiya
oğuzlarından fərqləndirmişlər. Məsələn, xalq
yazıçısı Anar "Dədə Qorqud"
oğuzlarından danışarkən elmi məntiqin və
faktların gücünə əsaslanaraq yazır: "Bəzən
ümumi oğuz anlayışı "Kitabi-Dədə
Qorqud"da haqlarında bəhs edilən oğuzlarla tam eyniyyət
təşkil etmir. Müvafiq mətnlərlə tanış
olduqda aydın görürsən ki, runik daş abidələrdə
öz həyatlarını əks etdirmiş "Orxon
oğuzlarıyla", nəğmələri, zərb-məsəlləri,
rəvayətləri, "Divanü
lüğat-it-türk"də toplanmış oğuzlarla X əsrin
ərəb diplomatı İbn Fədlanın Volqa boyunda
rastlaşdığı, məişətlərini, adətlərini
müfəssəl və müəyyən ifratla, ikrahla təsvir
etdiyi oğuzlarla, hətta Xivəli Əbülqazi xanın
"Şəcəreyi-tərakimə"sində tarixləri
qələmə alınmış oğuzlarla "Dədə
Qorqud oğuzları"nı bir sıra ümumi cəhətlər
yaxınlaşdırsa da bunlar başqa-başqa
xalqlardır".
Biz bu fərqi Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk"-ünü araşdırarkən də
görürük. Ən azı dil səviyyəsində.
Belə ki, məlum olduğu üzrə
Kaşğari XI əsr oğuzlarından və onların dillərindən,
leksik vahidlərindən bəhs edir. Bu
oğuz leksik qatını Azərbaycan dili ilə azacıq da
olsa tutuşdurduqda, Azərbaycan dilində oğuz dilinin daha qədim
leksik qatlarının mövcudluğu faktı ortaya
çıxır. Təbii ki, Azərbaycan
türkoloqları bu prosesi duymuş, Azərbaycan
oğuzlarının XI əsr oğuzlarından, Azərbaycan
oğuz dilinin isə XI əsr oğuz dilindən fərqli bir
şey olduğunu doğru olaraq qeyd etmişlər. Bu mənada
akademik Tofiq Hacıyevin mülahizələri olduqca dəqiqdir:
"Azərbaycan dilində oğuzca iki qat təşkil edir. Birinci qat eramızdan əvvəl ən qədim
dövrlərdən Azərbaycan dilinin əsasını təşkil
edən fonetik, qrammatik xüsusiyyətlər və qədim əsas
lüğət fondudur. İkinci qat orta əsrlərdən
yaranan, başqa oğuz dillərilə yeni əlaqələrin
nəticəsində nüfuz edən faktlarla qaynayıb
qarışmanın nəticəsidir".
Ümumiyyətlə, Azərbaycan türkoloqları, o
cümlədən akad. Tofiq Hacıyev doğru olaraq oğuzların və
oğuz dilinin bu ərazilərə gəlmə olduğunu qəbul
etmir: "Faktlar göstərir ki, Azərbaycan dilinin hələ
qədim kökündə oğuz etnik xüsusiyyətləri
durur... Azərbaycan xalq dili də, ədəbi
dili də kökləri daha dərinə gedən yerli etnik
kollektivin (oğuzların) öz ünsiyyət vasitəsi əsasında
yaratdığı ictimai faktdır".
Bizə elə gəlir ki, Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri hər sahədə, xüsusilə də dil sahəsində akad. Tofiq Hacıyevin dediyi tezisi sübut edir. Belə ki, Mahmud Kaşğarinin oğuz leksikasının Azərbaycan dilində ikinci oğuz leksik qatı olması heç bir sübuta ehtiyacı olmayan faktdır. Məhz Mahmud Kaşğarinin oğuz leksikasının Azərbaycan dilinin leksik qatında ikinci leksik oğuz qatının olması bir daha onunla sübut olunur ki, biz Azərbaycan oğuzları, yəni oğuz qatının birinci leksik qatına sahib olan oğuzlar ikinci leksik qatda mövcud olan, başqa sözlə desək, Orta Asiya oğuzcasını başa düşmür, onları anlamaqda çətinlik çəkirik. Bu mənada, hətta, Mahmud Kaşğarinin göstərdiyi oğuz qatında elə leksik vahidlər vardır ki, bu kəlmələr ikinci oğuz leksik qatıyla gəlsələr də birinci oğuz leksik qatının sahibi olan azərbaycanlıların dilində vətəndaşlıq hüququ qazana bilmədilər. Amma bunun əksinə olaraq səlcuq oğuzlarının, sonralar isə Osmanlı türklərinin dilində özlərinə çox asanlıqla mövqe qazanıb leksik fonda daxil oldular ki, bu da Azərbaycan oğuzlarını səlcuq-osmanlı oğuzlarından istər etnos, istərsə də linqvistik baxımdan fərqləndirən ən mühüm göstəricidir.
Beləliklə onu demək olar ki, Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindəki oğuz leksikası öz tərkibində, öz daxilində ən qədim oğuz elementlərini daşımasına baxmayaraq, hər halda əsasən Orta Asiya və səlcuq oğuzlarını təmsil etməklə bərabər, eyni zamanda Azərbaycan dilinin ikinci leksik qatını əks etdirir.
Yaqut Quliyeva
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.22-23.