Hecavəznli şeirin strukturu 

 

Türk dil ailəsinin dillərindən biri olan Azərbaycan dili öz morfoloji xarakterinə görə iltisaqi quruluşa malikdir. Bu, o deməkdir ki, bu dildə yeni söz yaratmaq üşün sözün kökü dəyişmir, sözdən yeni mənalar almaq üçün sözə şəkilçilər əlavə edilir və bu şəkilçilərin sayı bir neçə ola bilər. Məncə, bu məqamda bir həqiqət də üzə çıxır: bu dilin təbiətindən doğan şeirin vəzni də əsasən, məntiqə görə heca, sillabik vəzn olmalıdır...

Öyrəndiklərimizə görə dil təfəkkürlə bağlıdır. Təbii ki, bu zaman təfəkkür də öz əksini daha çox dildə tapır. Deməli, təfəkkürlə bağlı olan vəzn də öz ifadəsini dildə tapmalı, başqa sözlə desək, təfəkkürdə, bu məqamda iltisaqi dilin verdiyi imkanlar daxılındə yaranan sillabik vəzn də, daha çox iltisaqi dildə meydana çıxmalıdır. Bu mənada, Azərbaycan poeziyasının əsas vəzni olan heca vəzninin Azərbaycan dilinin təbiətindən doğması tamamilə təbiidir.

Azərbaycan dilinin iltisaqi quruluşuna gəldikdə isə, onun bir çox xüsusiyyətləri vardır... Doğrudur, bu xüsusiyyətlərin hamısı maraqlı olsa və böyük əksəriyyəti hələlik "müasir böyük dilçilərimiz" tərəfindən araşdırılmasa da, məni maraqlandıran bu dilin vəznlə bağlı cəhətləri, onun sintaqmatik, prosodik məqamlarıdır...Çünki şeirimizin ana vəzni olan heca vəzni Azərbaycan dilinin sintaqmatik quruluşu ilə çox bağlıdır. Əslində, əksər dünya dilləri ilə həmin xalqın şeirində meydana çıxan vəznin arasında belə bağlılıq vardır. Məsələn, ərəb dili ilə əruz vəzni arasında olan bu bağlılığı hələ VIII əsrdə məşhur ərəb filoloqu Xəlil ibn Əhməd araşdırmış, ilk növbədə ərəb dilinin sintaqmatik quruluşunu öyrəndikdən sonra, bu dilin şeirinin prosodik xüsusiyyətlərini kəşf etmişdir. Bəs Azərbaycan dilinin sintaqmatik quruluşu nə şəkildədir? Bu sintaqmatik quruluş prosodik məqamda özünü nə şəkildə göstərir? Bu suallara cavab axtararkən isə bəri başdan onu deyək ki, Azərbaycan dilinin sintaqmatik quruluşu da, demək olar ki, heç öyrənilməmiş, və yaxud da çox az öyrənilmişdir.

Rus dilçiliyinin verdiyi az-çox məlumata görə, sintaqm, qısaca desək, dildə müəyyən intonasiya və mənaya görə fonetik-qrammatik şəkildə birləşən söz birləşmələrinə deyilir. Təbii ki, bu, sintaqmın ən qısa tərifidir. Sintaqmın həcmi, onun iltisaqi dillə bağlı xüsusiyyətləri isə olduqca maraqlıdır. Yəni Azərbaycan dilində sintaqmın maksimum və minimum həcmi nə şəkildədir və iltisaqi quruluşlu dil bu həcmin müəyyənləşməsində nə kimi rol oynayır? Təbii ki, sintaqm özü də sözlərdən yaranır. Bəs onda Azərbaycan dilində sözün həcmi hansı böyüklükdədir, neçə hecadan ibarətdir? Bu suallara geniş şəkildə cavab vermək, həqiqətən də, çətindir. Çünki qaldırılan bu məsələlərin böyük əksəriyyəti geniş şəkildə araşdırılmayıb. Amma hər halda cavab vermək də mümkündür. Belə ki, bu məsələləri araşdırıb, ilk növbədə Azərbaycan dilində sözün həcmindən danışarkən, onu demək lazımdır ki, Azərbaycan dilində ən kiçik həcimli söz, təbii ki, bir hecadan, ən böyük söz isə, dilçilərin dediklərinə görə, beş-altı hecadan ibarətdir. Bu mənada, sintaqmın həcmi də böyük ola bilməz. Belə ki, əgər orta həcmli sözün orta hesabla 4-5 hecadan ibarət olduğunu qəbul etsək və sintaqmın da iki-üç sözün birləşməsindən yarandığını düşünsək, onda bütövlükdə dildə sintaqmın təqribən on bir-on iki hecadan böyük olmadığını güman etmək olar. Təbii ki, bu, dildə, şifahi nitqdə bu şəkildədir. Amma şeir zamanı dildə olan bu sintaqm, təbii ki, prosodiya ilə, şeirin strukturu ilə birləşdiyi üçün, bir qədər başqa şəkildə də meydana çıxa bilır. Amma o da var ki, nə qədər də başqa şəkildə meydana çıxsa da, kökündə sintaqmın məğzini, strukturunu qoruyur.

Dildə şeir birincidir, yoxsa nəsr? Sualı, konkret olaraq, başqa şəkildə də qoymaq olar. Dədə Qorqud şeirlərində şeir ünsürləri birincidir, yoxsa nəsr? Tədqiqatçıların da dediyinə və mənim də gəldiyim qənaətə görə, məncə, Dədə Qorqud şeirlərinin yaranmasında nəsr ünsürləri ilk sırada durur. Çünki bu şeirlərin bütün digər xüsusiyyətləri ilə yanaşı, bu şeirlərdə ilk növbədə şifahi nitqın əlamətləri çox güclüdür. Dilin sintaqmatik quruluşu da bu şeirlərdə özünü olduqca güclü şəkildə biruzə verir. Bu isə bir daha bu şeirlərin yaranmasında şifahi nitqin, nəsr təhkiyəsinin ilk yerdə durduğunu, bu nitqin, təhkiyənin sonradan prosodik əlamətlərlə birləşərək, Azərbaycan dilində, Azərbaycan ədəbiyyatında şeir şəklində meydana çıxdığını sübut edir. Bu mənada, deməli, hələ Dədə Qorqud şeirlərindən etibarən dilin sintaqmatik quruluşu şeirdə mühüm rol oynamış, sonralar şeirin prosodik əlamətləri ilə birləşərək bütövlükdə anadilli hecavəznli şeirimizin bölgü, təqti xüsusiyyətlərinə çevrilmlşdir. Bu mənada, sonralar şeirimizdə meydana çıxan 7, 8, 11 hecalı şeirlərin bölgülərinin daha çox 4+4, 6+5 bölgülərində meydana çıxmalarının səbəbi də elə dilimizin sintaqm quruluşu ilə bağlıdır. Sadəcə olaraq, dediyimiz kimi, dilin bu sintaqm quruluşu sonradan şeirin prosodik əlamətləri ilə birləşərək, şeirdə bölgüyə, təqtiyə çevrilmişdir. Belə olduqda, şeirimizdə 9 və 10 hecalı şeirlərin olmaması və yaxud da çox az olmalarının səbəbləri də öz-özünə aydın olmuş olur. Belə ki, görünür, dildə 9 və 10 hecalı sintaqmları yaradan nitq vahidləri xoşagələn və zovqoxşayan olmadıqlarına görə, prosodik vahidlərə çevrilə bilməmiş və nəticədə, dilimizdə və şeirimizdə 9 və 10 hecalı şeirlər də yaranmamışdır.

Azərbaycan şeirində heca vəzninin tarixi qədim olduğu kimi, eyni zamanda, olduqca zəngindir. Belə ki, Dədə Qorqud şeirlərindən başlasaq, heca vəzni öz inkişafı boyu ən azı Aşıq Qurbani, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl Xətai, Vaqif, Zakir, Aşıq Ələskər kimi yüzlərlə şairin yaradıcılığından keçmiş və nəhayət, XX yüzildə Səməd Vurğun yaradıcılığında bütün porensialını nümayiş etdirə bilmişdir. (Biz hələ Mahmud Kaşğarinin "Divanü lüğat-it Türk" əsərində olan şeir parçalarının və digər türk xalqları ədəbiyyatlarında olan şeirlərin vəznindən söhbət açmırıq. Əgər onlardan da bəhs etməli olsaq, onda bütövlükdə türk xalqları ədəbiyyatı tarixində heca vəzninin tarixinin, onun qədimliyinin və nəzəri əsaslarının genişliyinin hüdudlarını bir daha müəyyən etmək olar). Bu mənada, Səməd Vurğun, əsərlərinin məzmun və poetikasının digər xüsusiyyətləri ilə yanaşı, elə vəzn baxımından da təkcə Azərbaycan poeziyasının deyil, bütövlükdə türkdilli hecavəznli şeirin zirvəsidir. Belə ki, o, hecavəznli şeiri bənd quruluşu və digər xüsusiyyətləri baxımından inkişaf etdirməklə yanaşı, vəzn baxımından da inkişaf etdirmiş, bu vəzndə 7, 8, 11 hecalı şeirlərlə bərabər, 12, 13, 14, 15, 16 hecalı şeirlər də qələmə almışdır. Bu faktlar isə əgər bir tərəfdən bir şair kimi Səməd Vurğunun qudrətini, şairlik istedadını göstərirsə, digər tərəfdən də heca vəzninin imkanlarını, potensialını nümayiş etdirir. Səməd Vurğun poeziyası üzərində aparılan tədqiqatlar göstərir ki, o, yeddi hecalı şeirdə daha çox 4+3, səkkiz hecalı şeirdə 4+4, on bir hecalı şeirdə 6+5, on iki hecalı şeirdə 4+4+4, on üç hecalı şeirdə 4+4+5, on dörd hecalı şeirdə 7+7, on beş hecalı şeirdə 8+7, on altı hecalı şeirdə isə 4+4+4+4 bölgülərindən istifadə etmişdir. Onun on dörd hecalı şeirlərdə bəzən 4+3+4+3, on beş hecalı şeirlərdə isə 4+4+4+3 bölgüsünə müraciət etdiyi məqamlar da vardır. Amma Səməd Vurğunun yaradıcılığında bütövlükdə, demək olar ki, doqquz və on hecalı şeirlərə təsadüf etmədik. Cünki onun şeirlərində misranın əvvəlinə 5 hecalı sözə və yaxud sintaqma da (2+3, 3+2) demək olar ki, rast gəlmədik. Bizcə, Səməd Vurğun yaradıcılığında rast gəlmədiyimiz bu xüsusiyyət, Azərbaycan dili və onun özəllikləri ilə bağlıdır. Görünür, misranın əvvəlində beş hecalı sintaqmın işlənməsi xoşagələn olmadığına görə, Azərbaycan şeiri onu qəbul etmir. Beləliklə, Azərbaycan və bizcə, bütün türkdilli xalqlar içərisində heca vəzninin ən kamil nümayəndəsi olan Səməd Vurğun yaradıcılığı üzərində aparılan tədqiqatlar, heca vəznli şeirin strukturunda 4 və 3+3=6 hecalı sözlərin daha böyük rol oynadığını və bunların sintaqmların, sonra isə yenə də daha çox 4-ün 4 və 6-nın isə 5 ilə birləşmələri şəklində Azərbaycan hecavəznli şeirinin prosodik əsasında dayandığını göstərir. Və təbii ki, bu birləşmələr, yəni 4+3=7, 4+4=8, 6+5=11, 4+4+4=12, 4+4+5=13, 7+7=14, (4+3+4+3=14), 8+7=15, (4+4+4+3=15), 4+4+4+4=16 eyni zamanda, hecavəznli şeirimizin misra həcmini də müəyyənləşdirir. Cünki bunlar ilk növbədə Azərbaycan dilinin, Azərbaycan şifahi nitqinin, daha sonra isə Azərbaycan şeirinin təbii sintaqmatik-prosodik xüsusiyyətləridir. Bizcə, bu misra həcmlərinə yeni-yeni sintaqmatik, prosodik əlavələr etməklə şeirin misra həcmini artırmaq, şeiri ağırlaşdırmış və Azərbaycan dilinin nitq axınını pozmuş olar ki, şairlərimiz də bunu duymuş və onlar 16-lıqdan böyük misra yaratmamışlar... Ərəb şeirinin vəzni olan əruzun nəzəri sisteminin yaradıcısı  Xəlil ibn Əhmədin təlmində belə bir məqam var: belə ki, Xəlil bəzi nəzəri vəznləri-qəlibləri ayrıca olaraq qeyd etmiş, onlarda haçansa şairlər tərəfindən şeir yazıla biləcəyi ehtimalını söyləmişdr. Başqa sözlə desək, o, bu nəzəri qəliblərlə əruzun bir vəzn kimi potensialının hələ tükənmədiyini və şairlərin bu potensialdan istifadə edə bilmək imkanları olduqlarını bildirmişdir. Amma, bizə elə gəlir ki, yarı zarafat, yarı ciddi şəkildə desək, bizim şairlər ərəb şairlərindən daha istedadlı çıxmış, heca vəznində heç bir potensail qoymamış, onun son imkanlarına qədər ondan istifadə etmişlər...

Beləliklə, biz bütövlükdə anadilli hecavəznli şeirimizin keçdiyi inkişaf yoluna, Dədə Qorqud şeirlərindən tutmuş müasir heça şeirimizə qədər şeirimizin struktur tarixinə bu nöqteyi-nəzərdən yanaşmalı, bu strukturdan çıxış etməli, hecavəznli şeirimizin bu struktur əsasında qurulduğunu qəbul etməliyik: şifahi nitqdən-sözdən sintaqma, oradan prosodiyaya, bölgüyə, oradan şeirin misra həcminə və oradan da bütövlükdə heca vəzninə.

Hecavəznli şeirin prosodik-bölgü xüsusiyyətləri olduqca maraqlıdır. Belə ki, tədqiqatçılar heca vəznli şeirdə bölgünün sərhəddinin, adətən, sözün sərhəddi ilə üst-üstə düşdüyünü söyləyirlər. Məsələn, yenə də Səməd Vurğun poeziyasına müraciət edəsi olsaq, onun bir şair kimi bölgü xüsusiyyətlərinə çox dəqiq əməl etdiyini və bir şair kimi bütün növ həcmli əsərlərində bölgüyə uyğun gələn sözləri zərgər dəqiqliyi ilə seçib işlətdiyini söyləmək olar. Belə ki, onun, demək olar ki, bütün əsərlərində sözlə bölgünün sərhədləri üst-üstə düşür. Bu isə Səməd Vurğun şeirini, poeziyasını vəzn, ritm baxımından bir qədər də gözəlləşdirir.  Doğrudur, bu, adətən, belədir. Amma şeirdə bəzən bunun əksi də ola bilir. Yəni bölgü ilə sözün sərhədləri üst-üstə düşməyə də bilər. Əslində, bu, istedadlı şairin əsərində şeirin ahənginə, axıcılığına heç bir mənfi təsir göstərməməlidir. Əksinə, istedadsız şairin şeirində yerinə düşməyən, pozulan bölgü, həqiqətən də, pis təsir bağışlayır. Bu mənada, heçavəznli şeirdə bölgü ilə sözün sərhədlərinin üst-üstə düşməsi vacib deyildir. Amma üst-üstə düşsə, daha gözəl olar. Məsələn, yenə də Səməd Vurğunun 4+4=8 ölçüsündə yazılmış məşhur "Azərbaycan" şeirində bəzən sözün sərhəddi ilə bölgünün sərhəddi üst-üstə düşmür, amma bizcə bu, şeirdə bir o qədər də duyulmur:

 

Düşdün uğur+suz dillərə,

Nəs aylara, nəs illərə,

Nəsillərdən nəsillərə

Keçən bir şöh+rətin vardır,

Oğlun, qızın bəxtiyardır...

 

Doğrudur, bizə etiraz edib, birinci misranı 2+6 və yaxud, 5+3 şəklində, dördüncü misranı isə yenə də 2+6 və yaxud, 3+5 şəklində oxumağı təklif edə bilərlər. Həqiqətən də, bu zaman sözlər parçalanmaz və sözün sərhəddi ilə bölgünün sərhədləri üst-üstə düşmüş olar. Amma bizə elə gəlir ki, bu zaman şeirin ümumu ahəngi, ritmi, bölgü sistemi pozular. Cünki səkkizlik ölçüsündə yazılmış bu şeir, başdan-başa 4+4 bölgüsü üzərində qurulmuşdur. Və bu şeir, bu bölgüsü ilə möhtəşəmdir...

Təbii ki, anadilli şeirimizdən, onun vəzn xüsusiyyətlərindən, heca vəznindən çox danışmaq olar. Bunlar, hələlik, ilk söhbətlərdir. Amma mənə elə gəlir proqram məramlı söhbətdir. Gələcəkdə, inşallah, ayrı-ayrı şairlərimizin yaradıcılıqlarını vəzn baxımından təhlil edib, onlar haqqında danışarkən, bir daha görüşmək ümidi ilə...

P.S. Məşhur ərəb filoloqu, dilçisi Xəlil ibn Əhməd (718-792) ərəb şeiri, vəzni üçün "Əruz" adlı nəzəri sistem yaratdıb. Biz niyə heca vəzni üçün belə bir nəzəri təlim, əsaslar yaratmayaq? Bizcə, heca vəznin nəzəri əsaslarını araşdırıb, bu vəznin nəzəri əsaslarının təlimini yaratmaq olar...

 

Tərlan QULİYEV

 

Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.24.