Xalqın yaddaş mətnlərinə
çevrilən, milli
şüurun oyanışını
müjdələyən şeirlər
Türklərin
tarixini, mədəniyyəti, folkloru, dil və obrazlar sistemini
poeziyanın əsaslarına hopduraraq şeirləşdirən,
qədim türk mədəniyyətinin söz xəzinəsini
çağdaşlaşdıran, ifadə və üslub
texnologiyalarında əski türk intonasiyasını əks
etdirən Elxan Zal Qaraxanlının şeirləri millətin,
xalqın yaddaş mətnləridir. Türkçü
məzmunu, mistik-tarixi ruhu, özünəməxsus
dil-üslubu ilə seçilən bu mətnlər
özündə qədimliklə müasirliyi, kənd və
şəhər ruhunu, Şərq və Qərb
estetikasını sığdıra bilən modern türk
şeirləridir.
Elxan Zal
"Savaş ayələri", "Yaquar yerişli vaxt",
"Torqovı peyzajı", "Anıt məzar
dastanı", "Türk əsrinin türküləri",
"Ordu günü" və s. kitabların müəllifidir.
Onun poeziyası iki istiqamətdə ifadəsini tapır: sevgi
və savaş şeirləri. Müəllifin əsas etibarilə
ülgüçü şeirləri toplanmış,
türkçülük və islamçılıq
konsepsiyasını əks etdirən "Savaş ayələri"
kitabı poeziya tariximizdə yeni hadisə olduğu kimi, Azərbaycan
xalqı üçün özünüdərkin
inkişafında da yeni bir mərhələnin
başlanğıcı oldu. Savaşa
çağırış məzmunlu bu şeirlərdə məqsəd
türk yaddaşını oyatmaq, bunun üçün dil və
intonasiya qatında əsasən qədim türk şeirinə
üz tutmaqdır. Bu şeirlərin özəlliyi
yalnız məzmun etibarilə deyil, həmçinin dil
baxımından türklüyü -
türkçülüyü dəstəkləməsidir.
Belə ki, müəllif bu şeirlərdə qədim
türk dilinə məxsus sözləri gen-bol istifadə etməklə
kifayətlənmir, o cümlədən yeni söz
yaradıcılığına cəhd edərək dil
materialları ilə sərbəst davrana bilir. Elxan
Zalın bu savaşa çağırış dolu şeirləri
"qan-qan" deyir, ərənləri cəng meydanına,
intiqama səsləyir, qılıncın artıq qında dura
bilmədiyini ifadə edir:
Ruhumuz cəngə
varanda,
Ad üstündə ad gələcək.
Qan iyini alan kimi
Ağzımıza dad gələcək.
Tənqidçi
Əsəd Cahangir Elxan Zal yaradıcılığından bəhs
edərkən onu sələflərinin layiqli
davamçısı hesab edir: "Elxanın şeirlərində
Nizamiyə məxsus epizm də, Füzuliyə məxsus lirizm
də var, o öz türkçülüyü ilə Cavidin,
xəlqiliyi ilə Vurğunun, modernizmi ilə Rəsul
Rzanın, bir sözlə, "min beş yüz illik Oğuz
şeiri"nin varisidir!"
Elxan
Zalın 2013-cü ildə Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində
onun xatirəsinə həsr olunmuş "Anıt məzar
dastanı" kitabı işıq üzü görür. Publisistik və bədii notlarda, nəzm və nəsrin
növbələşməsi ilə yazılmış poemada
müxtəlif zamanlar bir araya gətirilir. Heydər
Əliyev türbəsində dayanıb onu on yeddi imperiya
qurmuş fatehlər nəslinin davamçısı kimi təqdim
edən müəllif türk tarixinin şanlı
keçmişindən, sərkərdələrinin hünərlərindən
bəhs edir: Çingiz xan, Nəsrəddin Tusi yad olunur,
Qaraqoyunlu, Ağqoyunlu, qızılbaşlar kimi dövlətçilik
ənənələri misal çəkilir, bu dövlətlər
"zülmətə bürünmüş orta
çağları" işıqlı gələcəyə
aparan əsas siyasi mərkəzlər kimi təqdim edilir. Tarixi hadisələri və hökmdarları,
itirilmiş qüdrəti yada salmaqda məqsədi
keçmişlə indi arasında körpü yaratmaq olan
poemanın nəzmlə yazılan bu giriş hissəsində
sözlərin əksəriyyəti qədim türkcədə
yazılıb. Beləliklə, əsas qəhrəmanı
Heydər Əliyev olan poemada müəllif bu tarixi şəxsiyyətin
obrazı kontekstində dövlətçilik və millətçilik
məsələlərini qabardır və əsər
yurdumuzun tarixən şahid olduğu hadisələrə nəzər
salmaqla başlanır.
Xaqan
getdi, türk budunu sayrudur,
Ayrılığın
namazına ayrı dur,
Uyquda da
demə Təbriz ayrıdır,
Vətən birdir, Vətən birdir, Vətən bir.
Bütün
millətlərin tarixində qurucu atalar olduğu qeyd olunan əsərdə
şair öz qəhrəmanını rusların Pyotru,
amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi və
Atatürkü ilə müqayisə edir, Azərbaycanın da
qurucu atası olmaq missiyasının Heydər Əliyevin
üzərinə düşdüyünü vurğulayır.
Ümummilli liderin məzarı önündə
onun da Şah İsmayıl kimi dayanıqlı dövlət
qura bildiyini düşünən şair bu qənaətə
gəlir ki, H.Əliyevin cismi sevdiyi məmləkətdə
uyusa da, ruhu Tanrıdağda "Ulular
uçmağında" - qırx pirin arasındadır.
Heydər Əliyev haqqında poema yazmasını, ona olan ədəbi
marağını müəllif müsahibələrinin birində
belə əsaslandırır: "Heydər Əliyev
olmasaydı belə, biz onu uydurmağa məcbur idik. Xalqa, dövlətə hökmdar obrazı
lazımdır. Rusun Pyotru, fransızın Napoleonu,
osmanlının Fatehi var, bəs sənin kimin var? ...Heydər
Əliyev Azərbaycan türklərinin tarixdə yetirdiyi ən
xarizmatik fiqurlardan biridir".
Modern
şeirlərini öncə "Yaquar yerişli vaxt",
növbəti nəşrdə isə "Torqovı
pejzajı" adı ilə bir kitaba toplayan Elxan Zal
Qaraxanlı bu mətnlərdə əski ozan təfəkkürü
ilə modern düşüncəni bir araya gətirir. XXI əsrin
adamını Torqovı küçəsində qədim mənzərələrlə
rastlaşdıran müəllifin şeirlərində Misir
sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida; Şumer və
Göytürk mədəniyyətinin qəhrəmanları
olan İştar, Tan-Ra, İmay, Çulpan, Ötügen, Alp
Ər Tonqa; qədim yunan mifologiyasından Esxil, Helen, Paris,
Orfey; eləcə də Çe Gevara, Zəki Müren, Elton
Conu və başqalarını görmək olur.
Biz dollar
yaşılının nəşəsindəyik
Daha
Çe Gevara zamanı deyil
Marksı
da unudub məktəblərdə
Tərli
şüşələrdən pivə çəkə-çəkə
Azadlığa
heykəl qoyduq ruslu-türklü...
Çağdaş ədəbiyyatımızda türk
savaş poeziyasına dönüşün ilk nümayəndəsi
hesab olunan Elxan Zal şeirində ölüm əbədiyyət,
həyat isə müvəqqəti qonaqlıq kimi mənalandırılır. "Biz Göyün
oğluyuq, yer bizə sığmaz" deyən şairin əsl
vətəni özünə əbədi məkan bildiyi ölümsüzlükdür:
Dünya
cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə dua.
Mən
qonaq yaşadım Yer kürəsində,
İndi sakiniyəm əbədiyyətin.
2021-ci ildə
- Azərbaycan xalqının erməni faşizmi üzərində
möhtəşəm qələbəsindən sonra Elxan
Zalın Qarabağ Zəfərinə həsr olunmuş
"Ordu günü" kitabında 44 günlük Vətən
müharibəsi dövründə "Ədəbiyyat qəzeti"
və digər mətbu orqanlarda çap olunmuş
yazıları toplanılıb. "Peyğəmbərlərə
vəhy gəlir, şairlərə ün. Mən ünlə yazıram", - deyə sözə
başlayan müəllifin bu kitabı da savaşın və
sevginin birgə təcəllası kimi əksini tapır.
Belə ki, Elxan Zalın sevgi şeirlərində, müəllifin
təbirincə desək, "seviş" yalnız
qarşı cinsə
olan hiss, intim\insani duyğu kimi deyil, ilahi eşq,
bütün varlığı sara bilən, insanı aliləşdirən,
böyüdən, mənəvi kamilliyə çatdıran
hisslər kimi mənalandırılır. Bu
şeirlərdə şəhidin, əsgərin\ərənin
timsalında vətənə məhəbbətin ən uca məqamına
şahid olmaq mümkündür. Elxan
Zalın poeziyasında şəhid obrazı itki, kədər,
göz yaşı və ağrı hissi ilə deyil, intiqam,
çağırış, qələbə ilə assosiasiya
olunur. "Şəhidlərimiz der ki..." şeirində
olduğu kimi:
Belə
yazıb yazanımız,
Susmaq bilməz
azanımız,
Çələng
olsun qoy qanımız,
Bizdən əvvəl ölənlərə.
Qucaq
açdı göyün bağrı,
Mərtəbə
yox bundan anrı,
Mərhəmət
göndərər Tanrı,
Qaranlığı dələnlərə.
Köçəri
ruhumuz səmənd,
Ölməzliyə
atdıq kəmənd,
Ölümdən
o yana varmı kənd,
Gələn bizik, kafir mərə.
"Apağ
bir qız idi", "İspan restoranında...",
"Ayrılığın zamanı", "Balıktut
türküsü", "Həsrətimin gil
kitabları", "Çitten bir qız gəlir",
"Sevdalı gecənin türküsü" və s. kimi
sevgi şeirlərində izlədiyimiz qədərincə
görə bilirik ki, Elxan Zalın poetik təqdimatında
"seviş" də bir savaşdır. Əlbəttə,
şairin sevgi şeirlərinin tamamilə ilahi eşqi, yaxud vətənə
məhəbbəti əks etdirdiyini demək olmaz, belə bir təhrifə
gərək də yoxdur. Çünki şairin tamamilə
insani hissləri, kişi-qadın münasibətlərini əks
etdirən "Ayrı sevgilər", "Otel qəsrvaridi",
"Qış nağılı", "Axsaq duyğular gecəsi",
"Tək qalınca qucaq", "Yaşıl gözlü
həsrət" və s. kimi sevgini, şəhvəti,
ayrılıq acısı və həsrət
ağrısını təsvir edən onlarla şeiri də
var.
Elxan Zalın yaradıcılıq kredosuna çevrilən
ülküçü\türkçü şeirləri sanki
bu günün məhvərindən çıxıb müəllifin
uydurduğu, xəyal etdiyi, altşüurunda yaşatdığı
bir zamana, onun tarixinə, mədəniyyətinə uyğun təzahür
edir.
Bugünümüzə, XXI əsr insanının, Azərbaycan
türkünün həyatına, məişətinə, təcrübəsinə,
dərsinə çevrilmiş türk tarixi,
coğrafiyası, qədim türk dili, əski türk
inancları, türk sərkərdələri, qəhrəmanları,
döyüşləri, qələbələri - bütün
bunlar Elxan Zal Qaraxanlı şeirinin dəyişməz
materialıdır.
Mətanət
VAHİD
Ədəbiyyat qəzeti.- 2023.- 13 may.- S.25.