Qardaşım Elçin!
Qardaşım Elçin!
Səksən yaşın mübarək.
Sənin Timuçin kimi doğma qardaşın
var.
Mənim sözün müstəqim
mənasında, fiziki
anlamda qardaşım yoxdur. Amma mən özümü
o xoşbəxtlərdən sayıram ki, müqəddəs ədəbiyyat,
sənət ailəsində
doğma qardaş bildiklərim olub və var. Onlardan çoxunu amansız və vaxtsız ölüm apardı.
Qardaşdan yetim qalmaq böyük
dərddirsə, diri qardaşının varlığı
həm böyük təsəlli, həm də böyük səadətdir. Səndən beş yaş
böyük olsam da, həmişə səni kiçik qardaşım deyil, əkiz qardaşım saymışam. Heç vaxt bir-birimizə
bəlağətli, amma
içi boş sözlər deməmişik.
Amma təlatümlü ömrümüzün
ən çətin anlarında bir-birimizin etibarına, sədaqətinə
sığınmışıq.
Həyatımın ən ağır günlərində ilk yadıma
düşən dostum
sən olmusan. Bu barədə
azı qırx neçə il
bundan qabaq yazmışdım və bütün ötən illərdən sonra bunu yenə təkrar edə bilərəm.
Məndən sənə, səndən mənə deyilənləri
heç vaxt eynimizə almamışıq. Aravuranların bütün səyləri
boşuna gedib. Eyni peşə sahibləri arasında səmimi duyğulara inanmayanlar heç vaxt belə hissləri yaşamamış biçarələrdir.
Dostluqda etibar, sədaqət çeşid-çeşid dedi-qodulardan,
kiminsə uğurunu qısqanmaqdan nəinki qat-qat üstündür, həm də könül arxayınlığının
təməl şərtidir.
Vaxtsız itirdiyimiz dostlarımızın
- qardaşlarımızın nisgilini yalnız sənin kimi sözü diri, qələmi iti sənətkarın varlığı
ovuda bilir.
Arzum budur ki, Allah qoysa, beş ildən sonra mənim doxsan yaşım tamam olanda yenə də haqqımda yazasan və bu gələcək yazın dərc olunandan iki ay sonra mən də sənin 85 yaşını ürəkdən
gələn bir yazıyla təbrik edim.
Hərdən-birdən şairliyim tutanda yazmışdım ki,
"yazıçı ömrünün
iki vaxtı var - yaşamaq zamanı, yazmaq zamanı".
Yaşamaq zamanımız da bitib tükənməsin, yazmaq həvəsimiz də bizi daima
yaşatsın.
Bir daha təbriklər, əziz qardaşım.
ANAR
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.-
2023.- 20 may.- S.3.