Klassik

 

Elçin Əfəndiyevin 80 yaşına

 

Biri 20 il əvvəlin, biri ötən ilin yadigarı olan iki hadisəni xatırlayıram.

Yaxından başlayım. 8 ay əvvəldi, "Şuşaya salam!" beynəlxalq poeziya layihəsinə başlamışdım. 30 ölkədən 44 şair videoformatda Şuşa ilə bağlı fikirlərini göndərir, üstəgəl, Şuşaya ithafən ya sevdikləri şeiri oxuyur, ya da məxsusi yazdıqları şeirləri səsləndirirdilər həmin videoçəkilişlərdə. Sentyabrın 27-dən noyabrın 9-na qədər 44 günlük müddətdə hər gün bir şairin çıxışı şeiri "Space" telekanalında efirə verilirdi. Ukraynalı ədəbiyyatşünas-alim Dmitro Drozdovski Şuşaya məxsusi şeir yazmış, məni xeyli xoş təəccübləndirmiş, hətta mütəəssir etmişdi:

 

 "Ey ağrılar şəhəri, dərdlər,

            qanlar görmüsən, axı kim bilir necə...

Atəşlərin içindən odlu qəlbini

            yenə çıxarırsan qürurla.

Şuşa, söylə, susma sən,

            de dinibmi ağrılar söz ilə, şeir ilə.

Sən ruhun şahidisən, Gövhər Ağa məscidi

            nur ələyir sürurla..."

 

Bir bəndini indi sizin üçün xatırladığım bu şeirin bütünü elə təəssürat yaradırdı ki, sanki müəllif Şuşanı öz gözləri ilə görüb. Çıxışında Drozdovski Şuşanı tanıdığına görə Xalq yazıçısı Elçinə təşəkkür edirdi. Bildirirdi ki, şəhəri tanıdığına görə yazıçının "Baş" romanına borcludur:

"Mən bu şəhəri böyük Azərbaycan yazıçısı Elçinin "Baş" romanında təsvir olunan Qarabağ dünyasından tanıyıram.

Romanın tərcüməçisi kimi Qarabağ dünyasına baş vurur, real tarixi hadisələrlə yanaşı, romanda təsvir olunan əfsunlu realizmə, hadisələrin metafizikasına dalırdım. Romandakı hadisələr yalnız gerçək müstəvidə deyil, həm görünməz olan metazifiki dünyada baş verirdi ki, bu Qarabağ tarixinin, insanların, Şuşa şəhərinin böyüklüyünü anlamağa bir ayrı cür imkan verirdi. Böyüklüyə gedən bu yol faciələr, qarşıdurmalar, konfliktlər ağrılardan keçirdi. Şuşa şəhəri özündə mədəniyyəti, hörməti, sevgini yaddaşı birləşdirən bir şəhərdir. mən "Şuşa" şeirini sanki xüsusi bir ilhamla təsirlə yazmışam..."

 

***

 

İndi qayıdıram, düz 20 il əvvələ 2003-cü il idi. Moskvada, Peredelkinoda idim. "Drujba narodov" jurnalının baş redaktoru Ebonaidze söhbət əsnasında Elçinin "Bayraqdar" povestini xatırladı. Ağızdolusu təqdir sözləri söylədi dedi ki, həcmi böyük deyil, ruscası redaksiyadadır, özü redaktə edəcək, hətta artıq başlayıb yəqin gələn il (bir neçə ay sonra) çap edəcəklər. 9 il sonra Əkrəm Əylislinin məlum romanı həmin jurnalda jurnal redaksiyası adından sərsəm bir təqdimatla çap olunanda mən Ebonaidzeyə zəng elədim. Dedim ki, telefonla müsahibə götürmək istəyirəm, razılıq verdi, danışdıq, redaksiyanın bədii əsəri az qala müfəssəl sənəd, dokument kimi təqdim edən "girişi" ilə bağlı sualıma dərin çaşqınlıq pərtliklə reaksiya verdi, dəbbələdi sairə... Yeri gəlmişkən, həmin müsahibə "Kulis.az" saytında cəmi 3-4 saat duruş gətirdi, onu saytdan elə o gün yığışdırdılar. Həmin söhbət vaxtı mən Ebonaidzedən soruşdum: "Necə olur ki, 3-4 ay əvvəl təqdim olunan romanı belə avantürist girişlə çap edirsiz, amma haqqında 10 il əvvəl ağızdolusu danışdığınız povesti bu 10 ildə redaktə edib bitirə, çap edə bilmirsiz?" Əlbəttə, belə sualların cavabı olmur. Cavabı tarix verdi, Bayraqdarlar. Mən əminəm ki, Zəfər savaşındakı bayraqdarların havaya qalxmasında "Bayraqdar"dakı "Eysebio"nun da xidməti vardı, bu obrazı yaradan, böyük yazıçı fəhminə sahib Elçinin . Ukraynada Azərbaycan yazıçılarının Qarabağla bağlı nəsr əsərlərindən ibarət, tərtibçisi olduğum antologiya çap olunanda (Xalq yazıçısı, səfir Elmira Axundova sağ olsun) bu qənaətim qətiləşmişdi.

***

 

Klassiklərin həmişəcavanlığının müxtəlif təzahürləri var. Biri budur ki, əsərlərini hansı yaşda oxuyursansa, həmyaşıdın olaraq qəbul edirsən onları, yəni klassiklər heç vaxt qocalmırlar. Əsərlərini artıq yaşlı vaxtı yazmış Sədini 20 yaşında oxudunsa da belədir, yaradıcılığına 20 yaşında son verən Rembonu 43 yaşında oxundunsa da. Bəli, klassiklər oxucuları ilə həmyaşıd olurlar həmişə hər yeni oxucu nəsli ilə uzunömürlülük, bəzən əbədiyyət qazanırlar. heç vacib deyil əsərin mövzusu nədir: müharibədənmi danışır, sevgidənmi, tarixəmi səyahət edir, gələcəyimi fəhm edir. Bu həm ədəbiyyatın sirridir.

Əksər əsərlərini 30 yaşına qədər oxuduğum Xalq yazıçısı Elçinin sinni indiki fiziki yaşının yarısını heç vaxt keçməyib mənim üçün. Əvvəl təsəvvürümdə. Sonra görüşəndə. İlk görüşdəcə hiss eləmişdim bunu. Daha doğrusu, təəccüblənmişdim. Çünki qarşımda 60 yaşında klassik, görkəmli dövlət xadimi olsa da, mən vaxtsa uzun, maraqlı bir səyahətdə yol-yoldaşım olmuş, bəlkə məndən bir-iki yaş böyük deməli, təcrübəli olan, məsləhətlərini, düşüncələrini səxavət səmimiyyətlə əsirgəməyən bir cavan, gənc enerjini hiss etmişdim. Sonradan da dəfələrlə bir xeyli görüşlərimiz oldu ki, hər dəfə bu hissimi xatırladım.

İndi, sən demə, Xalq yazıçısı Elçinin 80 yaşı tamam olur. Buna inanmaq olmur. Klassiklər qocalmır!

Sizi təbrik edirəm, əziz Elçin müəllim!

 

Səlim BABULLAOĞLU

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 20 may.- S.9.