Lütfi Zadənin "Qeyri-səlis məntiq" işığında

Elçin absurdizminin üslubi təmayülləri

 

Azərbaycan dramaturgiyası tarixində Elçin yaradıcılığı xüsusi mərhələ təşkil edir. O, milli ənənənin bədii-estetik dəyər sistemini inkişaf etdirməklə yanaşı, dünya dramaturgiyasının qabaqcıl təcrübəsini, xüsusən XX əsr Avropa teatr estetikasını öz yaradıcılıq laboratoriyasında uğurla sınaqdan keçirir.

Elçin dramaturgiyası dünyanın mötəbər teatrlarının səhnəsini özünə cəlb edir. Elçinin qaldırdığı milli problemlər ümumbəşəri problemlərdir, ona görə də tamaşaçılar üçün anlaşılandır. Bu günə qədər dramaturqun əsərləri Amerika, Rusiya, İngiltərə, Türkiyə, Ukrayna, Koreya, Gürcüstan, Kipr və başqa  ölkələrdə uğurla tamaşaya hazırlanmışdır. İngiltərənin tanınmış rejissorlarından Devid Perrinin quruluşunda Elçinin Londonun Avanqard Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulan "Şekspir" pyesindəki yaşanmış tarixə ironik, paradoksal münasibəti ingilis tamaşaçılarının diqqətini cəlb etdi və maraq doğurdu. Londonun St.James Teatrında "Cəhənnəm sakinləri" pyesi əsasında ingilis rejissoru Matthev Goldun quruluşunda səhnə həyatı verilən "Gecə yarısı" ("Midnight") musiqili tamaşası da Elçin yaradıcılığının uğurlarındandır.

Müəllifin "Şekspir" pyesində personajın ikiləşməsi, yəni, bir obrazda birləşən "ər-arvad" - "qadın-kişi" personajlarının bir obraz kimi çıxış etməsi maraqlı tapıntılardandır. Dəli olmuş bir şəxs özünü həm ər, həm də arvad olaraq hiss edir (Şekspir "Hamlet"də "tamaşa içində tamaşa" və yaxud Elçin "Şekspir"də "personaj içində personaj"), üstəgəl, üçüncü şəxsin, yəni, müəllifin "qeyri-səlis" aləmi. Elçin "ər-arvad" obrazları ilə "Adəm-Həvva" arxetipini gerçəkləşdirir. "Yunq nəzəriyyəsi"nə inansaq, həm anima, həm də animus başlanğıclara malikdir geniş fikir aləmində, bundan başqa, Elçinin bədii-fəlsəfi düşüncə meydanında şeytanla apardığı gərgin mübarizədə şeytanın əməllərini puça çıxara bilən bütün həqiqətləri göstərə bilməsi mümkünsüzlüyün mümkünlülüyünün ifadəsidir.

Elçin mətnin və səhnə hərəkətlərinin qarşılıqlı münasibətlərini, yeni rejissor təcrübəsini, teatral şərtilik məsələlərini Azərbaycan teatrına uğurla tətbiq edir.

Elçini fərqləndirən cəhət bir də ondan ibarətdir ki, o, həm də bir neçə cərəyanın priyomlarını və elementlərini bir əsərində birləşdirir. Məsələn, komediyalarında realizm və romantizmin vəhdətini görmək olur. Ənənəvi komediyaya xas olmayan priyomlarla müəllif tamaşaçısını yeni oyun tipi ilə qarşılaşdırır. Onun poetikasına xas olan xəyal, yuxu, dəlilik motivləri, dərin düşüncə və reallıq psixoloji sarsıntılıqda ruhsal və mənəvi rahatlıq anlayışları ilə birdir.

Hələ keçən əsrin 90-cı illərindən etibarən yazmağa başladığı absurd dramlarında Elçin gözlənilməz, paradoksal, qeyri-məntiqi situasiyalardan daha çox istifadə edir. Professor Məryəm xanım Əlizadə 2018-ci ildə "525-ci qəzet"in 5 may nömrəsində dərc etdirdiyi "Elçinin teatr planeti" adlı məqaləsində yazır ki, "Elçin teatr üçün absurd oyunlar yazırdı, bu oyunlarda adi olanı qeyri-adiyə çevirirdi, fantastik olanı isə adiləşdirirdi, gerçəkliyi oyun modelində təqdim edir, oyun içində məxfiləşdirirdi".

Məryəm xanımın 2017-ci ildə "525-ci qəzet"in may ayının 22-də işıq üzü görən "Qanadlarını yanına salma" adlı digər məqaləsində qeyd etdiyi kimi, "eyni bir silsilə zəncirinin müxtəlif həlqələri" olan "Ah, Paris, Paris", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Bolbolustan şahzadəsi, yaxud yaşasın imperator böyük Şir III Otibi Molimi Delembor", "Tır-tır", "Şekspir", "Taun yaşayır", "Cəhənnəm sakinləri", "Teleskop", "Şeytan əməlləri" pyesləri yuxarıdakı nəzəri qənaətlərin təsdiqidir.

Elçin absurdda absurd ("absurdun absurdu") yarada bilən yazıçıdır. "Qanadlarını yanına salma" məqaləsində Məryəm xanım Elçinin pyeslərini yeni bədii-estetik paradiqma kimi göstərir. Yazır ki, "bu paradiqmada absurd faciə ilə, komediya dramla, tragikomediya siyasi pamfletlə qonşulaşır, magik realizm satira ilə, sürrealizm kinayə ilə, bədii şişirtmə eksklüziv reportajla qovuşur...". Yəni Məryəm xanımın fikrincə, Elçin "teatr qarşısında geniş hüdudlar açır, rejissor fantaziyası üçün səhnədə müxtəlif variasiyalar qurmaq imkanı yaradır".

Elçin "Poçt şöbəsində xəyal" povesti əsasında səhnələşdirdiyi eyniadlı pyesində xəyallar aləminin kosmopolit fəlsəfəsini açıb göstərir. Klassik ənənədə yazılan bu əsər modern teatr estetikasının üsullarını da özündə birləşdirir. Elçin öz qəhrəmanlarının əhval-ruhiyyəsini, hisslərini, duyğularını, hərəkət və dinamikasını, eləcə də düşüncələrini, fikirlərini çox böyük həssaslıqla duyur, onların performans sxemini qurur və rəssam kimi zəngin rənglərlə incə-incə təsvir edir. Əsərin baş qəhrəmanı Ədilə real və irreal dünyalar arasında seçim etməyi düşündükcə, onu xoşbəxt etməyə çalışan ərinə qarşı nə qədər mehrli olmaq istəsə də, ruhunun qidası hesab etdiyi, xəyalında canlandırdığı (Kişi) ilə baş-başa qaldığı anların daha çox mənəvi-ruhi rahatlıq gətirdiyini görür və ondan qaça bilmir. Sovet ideologiyasına yad olan belə yanaşma ilə yaradan müəllif əsərdəki reallıqla irreallığı qarşı-qarşıya qoymaqla və onların bir-birinə əks mövqeyini göstərməklə, oxucuya və ya tamaşaçıya hər iki qütbün sərhədlərinə nəzər yetirmək üçün imkan yaradır və irreal aləmdə daha geniş fəzanın, daha çox rənglərin, daha sıx xətlərin olduğunu təsvir edir, bununla da sənətsevərləri puç ideologiyanın fövqünə yüksəlməyə dəvət edir.

Mövzu etibarilə "Poçt şöbəsində xəyal" əsərinin tale əkizi təsiri bağışlayan, "Qatil" psixoloji dramı da absurd poetikanın xüsusiyyətlərini özündə ehtiva edən əsər hesab olunur. Cəmiyyət öyrədənlərin çiyinləri üzərində bərqərardırsa, tale oyunu ilə həyat reallığı arasında çıxılmaz vəziyyətə düşən, psixoloji sarsıntılardan xilas olmaq istəyən əsərin baş qəhrəmanının - Qadının - öyrədənin (müəllimə) ümidsizliyə qapılması, hətta qatilə çevrilməsi mənasızlaşır. Elçin "Qatil" əsərində də absurdluq priyomlarından ustalıqla istifadə edir.

Elçinin absurd pyeslərinə xas olan çoxxətlilik prinsipi onun dramaturji üslubunu səciyyələndirir ki, bu da tamaşanın bədii-estetik ovqatını, mətnin poetik dilini və ifadə tərzini müəyyənləşdirir. Bununla yanaşı, həm də yüksək  ustalıqla, absurdla tam fərqli dramaturji qütbdə dayanan klassisizmi də sintez edir. Belə sintez üsulu isə bədii təxəyyülün qeyri-səlis hərəkət dinamikası ilə doğulur.

Elçin poetikasının qeyri-səlisliyi bir də ondadır ki, onun absurdizmində komizmdə tragizm və yaxud lirizm əksinə, realizmdə  romantizm elementləri bədii mətnin müəyyən qatlarında qarşılıqlı şəkildə təzahür edir. Bu xarakter müəllif dünyasının zənginliyindən və elastikliyindən xəbər verir.

Elçin üçün hadisələrin dəyişkən dinamik mahiyyəti, personajların xarakteri və qarşılıqlı münasibətlərindəki görünməyən "qeyri-məntiqi" tərəfləri süjet xəttinin qurulmasında mühüm yer tutur. Kəsişən və kəsişməyən nöqtələrdəki ziddiyyətlər, qeyri-tipik performanslar personajların daha dolğun və daha gözlənilməz xarakterlərə çevrilə bilməsinə imkan yaradır. Elçin bu "dəyişkən dinamik mahiyyətdə" üzdə olmayan cəhətlərin önə çıxarılmasına xüsusi diqqət yetirir və bütün bu qeyri-adilikləri özünəməxsus bədii priyomlarla, üsullarla çeşidləyir və nizamlayır, insan münasibətlərinin insanları doğru yola çıxara biləcək qanunauyğunluğunu axtarıb tapır. Demək olar ki, yazıçı hər səhnə əsərində bir bədii, fəlsəfi priyomdan istifadə edir. Personajların düşdüyü situasiyalardan, kommunikativ uğurdan   uğursuzluqdan asılı olaraq, realist, sürreal, absurd elementlərdən ustalıqla yararlanır. Bunu xüsusən "Teleskop" və "Şekspir" əsərlərinin nümunəsində göstərmək olar. Eləcə də "Mənim sevimli dəlim" (Diaqnoz "D"), "Mənim ərim dəlidir" pyeslərindəki "ağıllılar" və "dəlilər" antinomiyasına nəzər salsaq görərik ki,  sanki personajların xarakterlərini "şəffaf kolbaya" doldurur və onları xüsusi "kimyəvi formullarla" qarışdırır, onlara xüsusi boyalar, rənglər verir. Lütfi Zadənin "Qeyri-səlis məntiq" nəzəriyyəsindən çıxan nəticə də budur. Bu nəzəriyyə sinergetik mərhələləri tənzimləyən, ziddiyyətli məqamların harmoniyasını yaradan, birləşməsi mümkün olmayan paralelləri təsəvvürdə bir-birinə bağlayan və s. bu kimi çoxtərəfli qütblərdə öz dinamik çeviklikliyi və sürət tezlikləri ilə yoxdan var yaradan bir elm hadisəsidir. Bu nəzəriyyə qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanır, sərhədi olmayan sonsuzluğu əhatə edir, mütləq sıfırla mütləq bir arasında on minlərcə məna çalarlarının mövcudluğunu aşkarlayır, həmin məsafədə qaynaşan rəqəmlər çoxluğunu, və qara rənglərin içindəki saysız-hesabsız rənglərin var olduğunu göstərir. "Qeyri-səlis məntiq" nəzəriyyəsi öz elmi yükünə və təsir gücünə görə fundamental enerji imkanlarına malik bir mahiyyət daşıyıcısı olduğunu isbat etdi. Müasir texnologiyanın inkişafında inqilabi dəyişikliyə yol açdı, yeni dünyanın fərqli şəkil almasını şərtləndirdi. "Qeyri-səlis məntiq" nəzəriyyəsi dəqiq elmlər sahəsinə, riyazi hesablamalar sisteminə aid olsa da, onun tükənməz potensialının humanitar fikir dünyasına, bədii mətnlərə, hətta ədəbi proseslərə belə tətbiq edilməsi, güman edirik ki, absurd dramın "məntiqini" müəyyənləşdirməyə imkan verir. Görkəmli alim Rafiq Əliyevin dediyi kimi, "Qeyri-səlis məntiq - tolerantlıq məntiqidir; ...bütün elm sahələrini dəyişdirmək funksiyasını yerinə yetirir". Əslində, qeyri-səlislik, qeyri-müəyyənlik, qeyri-adilik elementlərinin detallarını insan varlığında, insan idrakının düşüncə, təfəkkür dünyasındakı çoxxətlilik parametrlərində axtarmalıyıq.

Elçin həyat situasiyalarını, insan davranışlarını, insan həyatının hər üzünü, min rəngini bədii təxəyyül süzgəcindən keçirir, milli koloriti saxlamaqla, milli məsələləri bəşəri ideyalar kontekstində təqdim edir. Məntiq və qeyri-məntiq, səlislik və qeyri-səlislik funksiyalarını qarşılaşdırır, onları bədii "fəzada" bir məxrəcə gətirir. Elçin çalışır ki, Lütfi Zadənin təbiri ilə desək, "təbii dildə olan informasiya ilə işləsin".

Elçin yaradıcılığında "qeyri-səlis" motivasiya dialoq dinamikası ilə şaxələnir. Professor İsrafil İsrafilovun nəzər nöqtəsindən baxdıqda elə görünür ki, Elçin "bədii-reflektiv düşüncənin diametral fərqli ideoloji-estetik ifadə arsenalını nümayiş etdirməklə, aktyorla işi yox, tamaşaçı ilə dialoqu nəzərdə tutan sənət oyunu imkanları yaratmağa meyillidir". İstedadlı rejissor Mehriban Ələkbərzadənin baxış bucağında isə görünən odur ki, "...Elçinin yaradıcılığında müasir dialoqlara uyğun gəlməyən dialoqlar var. Amma bu üsul absurd üsluba gəlib çıxır...".

Elçin absurdizmində "qeyri-səlis məntiq" müasir dövrün tragik mənzərəsini ifadə edir. Onun absurd pyesləri cəmiyyətdə yadlaşmanın artması ilə bağlı yaranan mənəvi fəsadlar haqqında xəbərdarlıq edir. İnsanların yadlaşması, çaşqınlığı, ziyalıların cəmiyyət problemlərindən kənarlaşdırılması hissi həmişə əsərlərin mənəvi-psixoloji atmosferini təşkil edir.

Elçin personajlarının davranışı və yaşamı güclü antinomiya üzərində gerçəkləşir. Düşüncələri ilə həyat həqiqətləri arasında daim anlaşılmaz təzad hökm sürür. Bu təzad, bir tərəfdən, qəhrəmanların təfəkkür aləmində xaosun meydana gəlməsinə səbəb olur, bir tərəfdən də təfəkkürdə iki istiqaməti - xaosda nizam və nizamsızlıq arasındakı ziddiyyətin strukturunu müəyyənləşdirir.

"Xaos" mifik təfəkkürdə qarışıqlıq, nizamsızlıq hesab olunur, amma hər bir xaosdan kosmosun yaranması da labüddür. Təbiətin nizam qanunlarının hökmü ilə xaosu doğan enerji onun harmoniyasını da yaradır.

Elçin bütün cəmiyyətin - ağıllı hesab etdiyimiz cəmiyyətin eybəcər cəhətlərini müxtəlif xarakterli personajlar məkanında realizə edir, "ağıllı dəlilər"i ilə dəliliyin mahiyyətini açmaq üçün absurdizm poetikasının priyomlarından istifadə edir, "dəli" personajların vasitəsilə ağıllı hesab etdiyimiz cəmiyyəti ifşa edir. "Mənim ərim dəlidir" ("Diaqnoz D"), "Şekspir" əsərinin personajları, hətta "Teleskop" əsərinin personajlarının bəzən normal düşüncədən fərqli hallara düşməsi deyilənləri yetərincə isbatlayır. "Mənim sevimli dəlim" ("Dəlixanadan dəli qaçıb") əsərində həqiqətlə, xaosla, dəliliklə bağlı hadisələr, əsasən, ictimai fonda baş verir, Məryəm xanımın fikirlərinə istinadda "situasiya paralellərin zəminində modelləşir: bu təcridxana - dəlixana, bu isə cəmiyyətin özü - ayır görək, hansı-hansıdır...". Problemin həllini Hamletsayağı "Dünya dəlixanadır" prinsipi ilə araşdırmağa çalışan Elçinin dəli qəhrəmanları da zamanın qurbanlarıdır.

Piter Brukun düşüncəsinə görə, "Böyük həqiqətləri, gerçəkləri mistik, gizli yolla əldə etmək mümkündür. Bu prinsipi teatr sənətinə ekstropolyasiya  etdikdə, tamaşa bütöv bir tam şəklində formalaşır". Elçin bu prinsiplə absurdluğun içində də gizli mistika yaratmağa çalışır və Elçinin əsərlərində absurdluğun doğurduğu mistikanın öz yeri var. Mistikanın özündə qeyri-səlislik olduğu üçün Elçinin mistikasının tərkib hissəsi kimi absurd detallar, qeyri-səlis məntiq elementləri açıq-aşkar görünür. Sənətkarın "Teleskop" əsəri bu baxımdan orijinaldır. Əsərdəki mistika az qala əsərin leytmotivi təsirini bağışlayır. Müəllifin mistik ruhunun məhsulu kimi diqqət çəkir. Hadisələr müasir və real həyatı əks etdirir. Ancaq maraqlı burasıdır ki, klinik ölüm keçirən insanın - əsərin baş qəhrəmanının yaşadığı hadisələr, bütövlükdə mistik janrda yazılmış əsərlərdən daha dolğun mistika yaradan qeyri-müəyyən, absurd hadisələrlə süslənmiş, tamaşaçının diqqətini müxtəlif istiqamətlərə yönəldən absurd səhnələr vasitəsilə öz sehrli ağuşuna alır... Absurd ovqat tamaşaçını mistikaya qovuşdurur. Elçin inanır ki, yalnız belə olan halda təfəkkürlər arasındakı fərqləri aradan götürmək, çatışmazlıqları və boşluqları dolduraraq onları sürətlə bir-birinə qovuşdurmaq mümkündür.

Elçin insanların təfəkkürləri arasındakı fərqli cəhətləri, eləcə də riyakarlıqla səmimiyyət arasındakı ziddiyyətləri açıb göstərir və insanın təfəkkür xəzinəsinə daxil olmuş kirli fikirlərin yox edilməsinə, onun təmizlənməsinə, saflaşmasına səsləyir.

Həmin əsərlərdə Elçin situasiyaların dramatizmini və psixoloji xaotik gərginliyi nizama gətirir. Elçin psixoloqdur, "Mən sənin dayınam" pyesində  personajların xarakterlərinin dilinə və xislətinə, eləcə də ağlına və düşüncəsinə uyğun olaraq dialoqları nizama düzməklə, hadisələri "qeyri-məntiqi" fabulaya bağlaya bilir.

Elçin özü yazır ki, "Gərgin-psixoloji, ya aram-təmkinli, şərti-qroteskvari, fantastik-mifik, ya tamamilə, real, lirik-mənəvi üslublarla... Azərbaycan ədəbiyyatı bir şeyə can atır: müasir "ümumbəşəri insan"ın xarakterinin dərinliyinə varmağa". Elçin yaradıcılığı üçün bu prinsip səciyyəvidir. E.İoneskonun "Biz insanın ekzistensional varlığının özünü, onun dərin fəciliyini, taleyini, başqa sözlə, dünyanın absurdluğunun dərkini tam şəkildə, bütövlükdə səhnəyə gətirmək və tamaşaçıya göstərmək istədik" məqsədi də Elçinin yaradıcılıq mövqeyinə uyğundur.

Elçin şifahi nitqə ciddi əhəmiyyət verir, nitqin absurd nüanslarından ustalıqla istifadə edir, onun təsir effektini məntiqi həddə çatdırır. Dilin özünü teatrın predmetinə, personaya çevirməklə gülüş effekti yaradır, bununla da cəmiyyətdə baş verən mənəvi çatların miqyasını genişləndirir, mənasız stereotipləri dağıdır.

Elçinin personajları ilə həmişə gözlənilməz metamarfozalar baş verir. Tamaşaçılara ilk baxışdan elə gəlir ki, onlar sosial drama, melodramaya baxırlar, amma hadisələrin "astarında" absurdluq hökm sürür. Tamaşaçı özü tədricən absurdluğun içinə sürüklənir.

Dramaturqun son illərdə yazdığı "Şeytan əməlləri", eləcə də "Xüsusi sifariş", "Qızıl" və "Mehmanxana otağında görüş" kiçik pyeslərinin  birləşməsindən ibarət olan - eksplikasiya etdiyi "Akvariuma xüsusi sifariş" pyesi müxtəlif mövzuları bir mahiyyətdə birləşdirə bilir. Həm də hər mövzunun arxasında bir neçə müxtəlif fəlsəfi nəzəriyyələr, ədəbi cərəyanlar bir-birinə qarışır və zəngin bədii politra yaradır. Bu gerçəklik bir də onu sübut edir ki, Elçinin təfəkkür dünyasında formalaşmış özünəməxsus yazıçılıq dəst-xətti, üslub orijinallığı, çoxistiqamətli paralellərdə sezilən "izm"lərin elastik dinamikası, yəni, "Qeyri-səlis məntiq" nəzəriyyəsinin verdiyi imkanlar onun ayrı-ayrı mövzulara həsr olunmuş əsərlərini bir kontekstə gətirmək və yeni əsər yaratmaq üçün meydan açır.

Elçinin "absurd içində absurd"da yaratdığı gerçəklik "Akvariuma xüsusi sifariş" və "Şeytan əməlləri" pyeslərində çox aydın şəkildə görünür. Üç fərqli pyesin və ya bir pyesdə üç fərqli mövzuların bir ideyaya istiqamətləndirilməsi və hər üç pyesin və mövzunun rabitəsiz bağlılığı, ziddiyyətli hadisələrin bir-birini izləyən dinamikası absurd oyun içində bir başqa absurd oyunun yaradılmasına gətirib çıxarır və bu da "absurdda absurd" fəlsəfəsinin göstəricisidir. Bir süjet məxrəcində üç fərqli mövzunun sinergetik keçidlərini təmin etmək Elçinin dramaturji təfəkkürünün məziyyətlərindəndir.

Elçinin absurd dramlarının poetikası göstərir ki, "Qeyri-səlis məntiq" bədii yaradıcılıq müstəvisində də tətbiq oluna bilər və bu metodla bədii təfəkkürün imkanlarını genişləndirmək olar.

 

İFTİXAR

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 20 may.- S.8-9.