Yaradıcılığın Elçin
miqyası
Məlum
olduğu kimi, "Elçinin
yaradıcılığı" anlayışı nə qədər
genişmiqyaslıdırsa, o qədər də çoxşaxəlidir:
Elçin yazıçıdır, ədəbiyatşünas-alimdir,
publisistdir, ictimai xadim (və dövlət xadimi)dir
- bu sahələrin hər birində böyük nüfuz
qazanmışdır. Ancaq özünün də dəfələrlə
etiraf etdiyi kimi, ilk növbədə
yazıçıdır...
Müsahibələrinin
birində deyir:
"İlyas
Əfəndiyevin ən böyük vəzifəsi
yazıçılıq, ən böyük kabineti isə
evindəki iş kabineti idi. O heç kommunist
partiyasının üzvü də deyildi və bu, Sovet
İttifaqında onun səviyyəsində bir
yazıçı üçün çox nadir hadisə idi.
Ancaq iş belə gətirdi ki, mən lap gənc
yaşlarımdan ictimai həyatın içində oldum, vəzifələr
daşıdım. Ancaq mən hansı vəzifəni
daşımağımdan asılı olmayaraq, aydın məsələdir
ki, ilk növbədə yazıçıyam"...
Lakin "bu kitabda söhbət yazıçı
Elçindən gedir" demək heç də o mənaya gəlmir
ki, Elçinin yazıçılığı onun alimliyindən,
publisistliyindən, ictimai (və dövlət) xadimliyindən
tamamilə təcrid olunur. Əslində, bu, prinsip etibarilə,
mümkün deyil... Hər şeydən əvvəl
ona görə ki, Elçinin yazıçı istedadında
onun alimliyi də, publisistliyi də, ictimai (və dövlət)
xadimliyi də fitri bir inersiya ilə öz təbii
ehtivasını tapır.
Nəhayət,
bir məsələni də xüsusi olaraq qeyd etmək
lazımdır: Elçinin yazıçı üslubuna onun
alimliyi, publisistliyi, ictimai (və dövlət) xadimliyi nə qədər
təsir edirsə, İnsan (Şəxsiyyət!) kimi son dərəcə
səmimiliyi, ünsiyyətcilliyi, ədəbi
istiqanlılığı da o qədər (bəlkə də,
daha çox) təsir göstərir...
Elçinin
yazıçı istedadının arxasında xeyli dərəcədə
zəngin, mənalı, mükəmməl bir həyat yolu (və
təcrübəsi) dayanır... Əvvəla,
İlyas Əfəndiyev kimi böyük bir
yazıçının ailəsində dünyaya gəlmiş,
çox kiçik yaşlarından qaynar ədəbi mühitdə
olmuş, ölkədə gedən mürəkkəb
ictimai-siyasi, mənəvi-ideoloji prosesləri yaxından izləmişdir.
Orta məktəb, Universitet təhsili, Akademiyada elmi tədqiqat
işlərilə ardıcıl məşğul olması,
dissertasiya müdafiəsi, gənc yaşlarından - 1975-ci ildən
Azərbaycan Yazıçılar İttifaqının katibi
seçilməsi Elçinin tərcümeyi-halının ilk
mərhələlərini təşkil edir... Azərbaycanın
dövlət müstəqilliyi ərəfəsində -
1987-ci ildə o, ölkənin mədəni-ictimai (hətta demək
olar ki, siyasi) tarixində çox əhəmiyyətli rol
oynamış "Vətən" Cəmiyyətini yaradaraq
ona uğurla rəhbərlik etmiş, xalqın taleyinin həll
olunduğu illərdə həm Cəmiyyətin sədri, həm
də millət vəkili kimi geniş ictimai fəaliyyət
göstərmişdir... 1993-cü ildən isə Azərbaycan
Respublikası Baş Nazirinin müavini olmuşdur... Və
bütün bu mövqelərin hamısında Elçin həmişə
ilk növbədə mənsub olduğu millətin layiqli
övladı, böyük ziyalısı, ölkəsinin təəssübkeş
vətəndaşıdır...
Yazıçının
yaradıcılıq yolunu araşdırarkən diqqəti cəlb
edən ən mühüm, hətta strateji məsələlərdən
biri onun hansı ədəbi nəslə mənsub
olmasıdır ki, bu baxımdan Azərbaycan ədəbiyyatşünaslığında
çoxdan qərarlaşmış
"altmışıncılar", yaxud "yeni Azərbaycan
nəsri" anlayışları diqqəti cəlb edir.
Akademik Nərgiz
Paşayeva yazır:
"Yeni Azərbaycan nəsri" dünyaya, insana,
gerçəkliyə, cəmiyyət hadisələrinə
köklü, əvvəlkindən fərqli münasibətilə
seçildi, zamanın dəyişən, yeniləşən
ab-havasına uyğun olaraq həm məzmun, həm də
forma-sənətkarlıq baxımından seçilən əsərlər
ortaya qoydu.
Hər
şeydən öncə, bu əsərlərdə cəmiyyət
həyatı idillik boyalardan xilas olmağa başladı,
gerçəkliyin mürəkkəb, təzadlı tərəfləri,
sərt həqiqətləri əks etdirildi, təsvirlərdə
reallıq hissi gücləndi, fərdi üslubların
özünüifadəsinə meydan açıldı, daxili
konfliktlər - iki "mən" arasında mübarizə,
psixologizm, şəxsiyyətin mənəvi dünyası
bütün incəlikləri ilə nəsrə gəldi".
Akademik
İsa Həbibəyli göstərir ki:
"Bir sənətkar kimi Elçinin başlıca xidməti
ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata,
insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, daha
doğrusu, ədəbi fikrin adi həyat hadisələri ilə
qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir. Elçin sadə
insanların adi həyatını, təbii
psixologiyasını, yaşadığı gerçək həyat
tərzini öz axarında, ədəbiyyatda, ideologiyada
olduğu kimi deyil, həyatda olduğu kimi yüksək bədii-estetik
səviyyədə və böyük uğurla qələmə
almışdır".
Elçinin
özü isə bu barədə tam səmimiyyətilə
demişdi:
"...Mən
ədəbi tənqidi də ədəbiyyat naminə
yazmışam, sistem naminə heç nə yazmamışam.
O, başqadır ki, bəzi publisist yazılarda konyuktura
elementləri, Lenindən, Brejnevdən sitatlar olurdu, amma bu, bir
paravoz rolu oynayırdı. Bunu başa
düşmək lazımdır. Hamı bu
söhbətdən çəkinir, nəyisə gizlədir.
Amma gizlətməli bir şey yoxdu burda.
"Kommunist" qəzetində mənim bu tipli bir yazım
çap olunurdusa, bu bir yaşıl işığa
çevrilirdi ki, məsələn, "Ölüm
hökmü"nü, "Mahmud və Mərəyəm"i,
"Ağ dəvə"ni, hekayə və
povestlərimi çap etdirə bilim. Lakin
publisist yazılardan fərqli olaraq, bədii əsərlərimdə,
ədəbi tənqiddə heç vaxt kompromisə getməmişəm,
nə yazmışamsa, vicdanımın səsiylə,
düşüncəmə görə yazmışam və bu
gün də belədir".
Əlbəttə,
Elçinin də daxil olduğu
"altmışıncılar" - "yeni ədəbiyyat"
əvvəlki ədəbiyyatdan həm məzmun, həm də
formaca fərqli yeni üslub təqdim etdi ki, bu barədə
keçmiş Sovetlər Birliyi ədəbiyyatşünaslığında
ətraflı bəhs olunmuşdur. Bununla yanaşı, ədəbi
dövriyyədə "Elçin üslubu" adlanan kifayət
qədər populyar (və mükəmməl) bir
anlayış da var ki, həmin anlayışı Nərgiz
Paşayeva aşağıdakı şəkildə izah edir:
"Elçinin fərdi, tamam orijinal üslubunu səciyyələndirən
əlamətlər arasına, ilk növbədə, bu
üslubun emosionallığını, ondakı analitik məzmunu,
sətiraltı ironiya ilə lirikanın vəhdətini qeyd
etməliyik. Bu baxımdan Elçinin üslubu Azərbaycan ədəbiyyatında
analoqu olmayan tamam yeni bir bədii-estetik hadisədir".
Elçinin
bədii yaradıcılığının janr
diferensiallığı da onun ümumi yaradıcılıq
istedadının çoxşaxəliliyi qədər diqqəti
cəlb edir: hekayə, povest, roman, dram... Və bu
diferensiallıqda aydın görünən bir özünəməxsusluq:
hekayədə, povestdə, romanda, dramda... "Elçin
janrı"!..
Qeyd edək ki, bu sonuncu bizim kəşfimiz deyil, Azərbaycan
ədəbiyyatşünaslığında
(elçinşünaslıqda!) tez-tez rast gəlinən bir
anlayış-ifadədir.
Elçinin
müəllimi, elmi rəhbəri olmuş professor Mir Cəlal
vaxtilə yazırdı:
"Mənim müşahidəmə görə,
Elçin müasir ədəbi gənclər içərisində
inkişafa meylli və ədəbiyyat cəbhəsindəki vəzifə
və məsuliyyətini dərk edən cavanlardandır. Savad və
bilikdən başqa, Elçin öz üzərində
çox işləyən, ədəbiyyatımızın və
yazıçılarımızın qeyrətini çəkən
cavanlardandır.
...Elçin
ədəbiyyata peşə üçün yox, amal
üçün gəlib".
İlk gənclik
illərindən ədəbiyyata sonsuz bir məhəbbətlə
(və ən əsası, istedadla!) xidmət edən
yazıçı Azərbaycan ədəbiyyatının
"altmışıncılar" adlanan nəslinin ən
görkəmli nümayəndələrindən biri olaraq
tanındı və xüsusilə 70-ci illərdə o
zamankı Sovetlər Birliyi (Ümumittifaq) miqyasında
"yeni ədəbiyyat"ın (xatırladaq ki, bu ədəbiyyat
artıq "sovet ədəbiyyatı" deyildi) öndə
gedənlərindən olduğu üçün nüfuzlu ədəbi
mükafatlara layiq görüldü.
Akademik Bəkir
Nəbiyev göstərir ki:
"Elçin geniş dünyagörüşünə
malik, dünya ədəbiyyatına yaxından bələd
olan yazıçıdır, lakin onun öz məxsusi orijinal
bədii üslubu var.
...Elçin
romanlarında, povestlərində, hekayələrində həmişə,
hətta hakim ideologiyanın fironluq etdiyi Sovet dövründə
belə, həqiqəti yazmış... Leninin,
Kirovun yalançı surətlərini yaratmağa
uymamış, bədii ədəbiyyatın əzəli və
əbədi mövzularına sadiq qalmışdır. Onun əsərləri xalqın qəlbindən xəbər
verdiyi üçün, xalqın da qəlbinə yol
tapmışdır".
Elçin
yaradıcılığını, özünün məşhur
ifadəsilə desək, "bir küll halında" dəyərləndirən
məşhur anlayış-oppozisiyalar var ki, onlardan ən
populyar olanları bunlardır: dərinlik və miqyas; millilik və
ümumbəşərilik; fərdiləşdirmə və
ümumiləşdirmə; ənənəvilik və
novatorluq; mistisizm və gerçəklik...
Həmin
anlayış-oppozisiyalar yazıçının
güclü, enerjili fəlsəfi təfəkkürünün
təbii təzahürüdür...
Xalq
şairi, akademik Bəxtiyar Vahabzadə yazır:
"Elçin
nə dərəcədə oxucuların dərin rəğbətini
qazanmış professional bir yazıçıdırsa, o dərəcədə
də yüksək səriştəli professional tənqidçi
və ədəbiyyatşünasdır... Mən Elçinin
keçmiş ümumittifaq mətbuatında - "Literaturnaya
qazeta", "Voprosı literaturı", "Drujba
narodov", "Literaturnoye obozreniye" kimi nüfuzlu və
çoxtirajlı qəzet-jurnalların səhifələrində
tez-tez dərc etdirdiyi yüksək səviyyəli və milli
təəsübkeşlik baxımından qiymətli məqalələri
ilə həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının
təbliğindəki ciddi xidmətlərini xüsusi qeyd etmək
istəyirəm".
Elçinin
yaradıcılığının, o cümlədən
yaradıcılıq yolunun 70-ci illərdən, yəni az qala
başlanğıc dövründən bu və ya digər
formalarda və miqyaslarda
araşdırıldığını nəzərə alsaq,
bu gün təxminən əlli illik bir tarixi olan
"elçinşünaslıq"dan, onun müəyyənləşmiş
nəzəri əsaslarından, prinsiplərindən və
problemlərindən danışmaq tamamilə təbbiidir. 2013-cü ildə nəşr edilmiş
"Biblioqrafiya"sı ilə ötəri
tanışlıq da göstərir ki, Elçin haqqında
müxtəlif millətlərə mənsub 500-dən
artıq tədqiqatçı - müəllifin müxtəlif
dillərdə yazılmış minlərlə əsərləri
işıq üzü görmüşdür ki, bu,
bütöv bir kitabxana deməkdir.
Odur ki, Elçinin yaradıcılığını
öyrənən hər hansı tədqiqatçının
faydalana biləcəyi kifayət qədər zəngin material
vardır. Ancaq əsas mənbə yenə də heç
şübhəsiz, onun bənzərsiz, mükəmməl və
tükənməz ədəbi istedadıdır.
Yazıçının
yaradıcılıq yolunu müxtəlif dövrlərə, mərhələlərə
bölmək təcrübələri olmuşdur və
onların hər birində müəyyən əsas, yaxud
prinsip vardır... Lakin fikrimizcə, akademik Nərgiz
Paşayevanın təqdim etdiyi bölgü daha əsaslıdır:
"1960-cı
illərin sonu, 70-ci illər, 80-ci illərin əvvəli... Elçinin artıq XX əsr Azərbaycan ədəbiyyatının
qızıl fonduna daxil olmuş "Qatar. Pikasso.
Latur. 1968", "On ildən sonra",
"Baladadaşın ilk məhəbbəti", "Parisdə
avtomobil qəzası" və s. kimi hekayələri,
"Bir görüşün tarixçəsi",
"Toyuğun diri qalması", "Dolça" kimi
povestləri meydana çıxdı...
1980-ci illər...
Müasir mövzular ustası kimi tanınan yazıçı
gözlənilmədən tarixə müraciət edir,
folklordan bəhrələnərək fəlsəfi-romantik
"Mahmud və Məryəm" romanını oxucuların
ixtiyarına verir...
..."Mahmud və Məryəm" romanı ilə
Elçin yaradıcılığının ikinci mərhələsi
başlayır, bir-birinin ardınca "Ağ dəvə",
"Ölüm hökmü" romanları yaranır...
...Elçinin
yeni povestinin - "Bayraqdar"ın timsalında sanki XXI əsr
Azərbaycan nəsri həm forma, həm də məzmun
çalarları etibarilə XX əsrin nəsri ilə
vidalaşır, öz inkişafına doğru irəliləyir..."
Nərgiz
Paşayeva Elçin yaradıcılığını
dövrləşdirərkən xüsusilə keçən əsrin
90-cı illərindən etibarən dramaturgiya sahəsində böyük uğurlar
qazandığını da, haqlı olaraq, mühüm amil
hesab edir.
Bununla belə,
böyük yazıçının yaradıcılıq yolu
ilə tanış olanlara məlumdur ki, Elçinin
yaradıcılıq təkamülünün kəskin sərhədləri
yoxdur; xüsusilə o mənada ki, məsələn, 2000-ci
illərə aid elə əsərləri vardır ki,
onların ideya-estetik, bədii-texnoloji "kök"ləri
nəinki 80-ci, hətta bəzən 60-cı illərə gedib
çıxır... Ona görə də həmin
"yol"u dövrlərə, mərhələlərə
ayırmaq ona, ümumiyyətlə, bir bütöv kimi baxmaq
ehtiyacını istisna edə bilməz.
Elçin ədəbiyyata hekayəçi kimi gəlmiş,
60-cı, 70-ci illərdə bu janrın böyük ustası
olaraq məşhurlaşmış, sonrakı onilliklərdə
də hekayə yaradıcılığını yüksələn
(və məhsuldar templə) davam etdirmişdir. Lakin 70-ci illərdə
povest, 80-ci illərdə roman, 90-cı illərdə isə
dram onun bədii təfəkküründə hekayə ilə
ciddi rəqabətə girməklə daha çox önə
çıxıb yazıçının janr
axtarışlarının stabil impulslarını təyin etməklə
yanaşı, yaradıcılıq yolunun mərhələlərini
də müəyyən eləmişdir.
2000-ci, eləcə
də 2010-cu illərin təcrübəsi göstərdi ki,
Elçin həmişə olduğu kimi yenə də hekayədən
güc alır... Və yenə də heç
bir "janr kompleks"i yaşamadan povestə, romana, drama
keçməklə "yazıçının
yaradıcılıq yolu" barədəki ənənəvi
(və kifayət qədər elmi) dövrləşdirmə
stereotiplərinə, əgər belə demək
mümkünsə, tabe olmur.
Heç
şübhəsiz, böyük yazıçı-mütəfəkkir
bundan sonra da hələ neçə illər Azərbaycan (və
dünya) ədəbiyyatını zənginləşdirən
dəyərli əsərlər yazacaq... Və Elçin
yaradıcılığının həm bugünkü, həm
də gələcək araşdırıcıları
mövcud dövrləşdirmələrə yenidən
baxıb, onu daha da təkmilləşdirməyə
çalışacaqlar...
Əsas
odur ki, Azərbaycan (və ümumən dünya) ədəbiyyatının
klassik bir hadisə-fenomeni var: Elçinin
yaradıcılığı!.. Və əsas
bir də odur ki, bu yaradıcılığın
diaxroniyası ilə sinxroniyası arasında çox
güclü (və təbii!) əlaqə mövcuddur...
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2023.- 20 may.- S.11.