Ağıllı dəlilər və dəli
ağıllılar arasında
Gəncliyimdə
müxtəlif formatlı məclislərdə tez-tez eşidərdim:
"Mərd kişilər atlara minib getdilər". Bu sözü, adətən, qadınlar söyləyərdi.
Elə o vaxtdan 50 ildir fikirləşirəm ki, bəs
heç qayıdan olmadı? Tək-tük
qayıdan oldu; onlardan biri də Xalq yazıçısı,
filologiya elmləri doktoru, professor Elçin - Elçin
İlyas oğlu Əfəndiyevdir. Elçinin mübarək
80 yaşı ilə bağlı bu yazını ona görə
belə qeydlərlə başlayıram ki, oxuyanlar bilsin - mən
görkəmli yazıçı, itifəhmli alim, qəlbi atəşlə
dolu türk oğlu olan dostum barəsində ənənəvi
yubiley məqaləsi yazmaq fikrində deyiləm. Ənənə gözəldir, xalqın və millətin,
mənəvi həyatın, xüsusən, bədii ədəbiyyatı
keçmişdən gələcəyə yönələn
təkamülü üçün vacibdir. Elçin həyatda və ədəbiyyatda vaxtı
keçmiş, köhnəlmiş, əntərə
çevrilmiş ənənələri zamanında dəf etməyi
bacaran, yeni ənənələr yaradan, novator bir
yazıçıdır.
Elçinlə mənim tanışlığım
1983-cü ildən başlanır, yəni 40 illik bir tarixə
dayanır. Bu
tanışlıq belə bir əhvalatla bağlıdır:
Yaşar Qarayevin "Poeziya və nəsr" kitabı
haqqında məqalə yazmışdım. Bu
yazı "Azərbaycan" jurnalında çap olunaraq
böyük maraq doğurdu. Hamı yeni
mövqedən yazıldığına görə məqaləni
tərifləyirdi. Yaşar müəllim
isə susurdu. Mənim üçün
onun fikri maraqlı idi, bu maraqla 6 ay gözlədim.
Münasibət çox müəmmalı oldu: "Məndən
çox özünü təqdim etmisən". Əslində, mütəfəkkir tənqidçi və
nəzəriyyat olan Yaşar müəllim düz
tapmışdı. Bu yazını oxuyan kimi Elçin
Yaşar Qarayevə zəng vurur: "Nizaməddini niyə gizlətmisən
orada, göndər gəlsin yanıma". Yazıçılar
İttifaqının 40 yaşlı katibi ilə mənim, yeni
başlayan tənqidçi, 29 yaşlı Nizaməddin Şəmsizadənin
sonralar dostluğa və qardaşlığa çevrilmiş
tanışlığı belə başladı. Elə
ilk görüşdə o mənə hazırlamaqda olduğu
çox qiymətli bir kitab - "Fikrin karvanı" məcmuəsi
üçün "Bəkir Çobanzadə" və
"Əli Nazim" oçerklərini yazmağı etibar
etdi. Elçin Yazıçılar
İttifaqının katibi olanda da, sonralar da mənim və bir
çox istedadlı gənclərin qayğıkeşi oldu.
Elçinin şəxsiyyətinə
işıq salan bir olayı da müxtəsər qeyd etmək
istəyirəm. 1986-cı ilin payızında Moskvada
SSRİ Yazıçılar İttifaqında Sov.İKP
MK-nın "Gənclərlə iş haqqında"
1976-cı il qərarının 10 illiyinə
həsr olunmuş Ümumittifaq müşavirəsi
keçirilirdi. Azərbaycan
Yazıçılar İttifaqını mən təmsil
edirdim və orada bizim gənc ədəbiyyat haqqında
uğurlu bir məruzə etdim. Bu zaman Moskvada doktoranturada
olan böyük alim-türkoloq Aydın Məmmədov mənə
dedi ki, Elçin müəllim bizi qonaq
çağırıb. Məmnuniyyətlə
müəyyən olunmuş görüş yerinə - Arbata
getdim. Elə bildim ki, Elçin müəllim
bizi restorana aparacaq. O, məni iradla qarşıladı. Bu zaman mənim filosof tənqidçi Asif Əfəndiyev
haqqında bir yazım çıxmışdı.
Elçin müəllim özünə, daha doğrusu,
qüdrətli ədibimiz İlyas Əfəndiyevə xas sərtliklə
(və əlbəttə, ərklə!) dedi: "Sən bu Asif
Əfəndiyevi arxivdən çıxarmaqla nə demək
istəyirsən?!".
Aydın
göy gözləri ilə işarə elədi ki, cavab vermə,
özümü saxlaya bilmədim: "Asif Əfəndiyev
filosof tənqidçidir"... Əlqərəz,
Elçin müəllim bizi bazara gətirdi, qəssabın
yanında dayanıb yarım saat onun ət
doğramağına baxdı, biz də müntəzir. Handan-hana ətin yağlı və
qığırdaqlı yerlərindən 5 kq aldı və
onun qaldığı evə gəldik, Elçin müəllimin
iki məharətini də burada gördüm. Xörək bişirmək və qurmanlıq məharətini.
Elçin müəllim tənqid etməyi bacaran, tənqidə
hörmətlə yanaşan yazıçıdır. Bizim yazıçı-tənqidçilər
M.Hüseyn, S.Rəhimov, R.Rza, B.Vahabzadə kimi klassik müəlliflərin
sırasında Elçinin öz xüsusi mövqeyi var. O, istər
yazıçılıq sahəsində, istərsə
şairlikdə və xüsusən, ədəbi tənqid sahəsində
istedadları görür və səmimiyyətlə qiymətləndirir.
Mən ötən illər ərzində Elçinin
yaradıcılığı haqqında 10 məqalə
yazmışam. Dostum, Əfəndiyevlər nəslinin təəssübkeşi,
sənətşünaslıq doktoru Vəfa Xanoğlanla şərikli
"Ədəbi proses və ədəbi nəsil" (2008) kitabını
çap etdirmişik. 70 yaşının
tamamında Elçinə "Canlı klassik" adlı
geniş bir yubiley məktubu yazmışam və o məktub məbuatda
və "Estetik meyar və bədii mahiyyət" (2022
s.124-136) kitabımda çap olunub. Onun barəsində ədəbi
məclislərdə, televiziya və radioda çoxlu
çıxışlar edib, bir dost, tənqidçi və ədəbiyyatşünas
olaraq mövqeyimi bildirmişəm. Elçin müəllim mənim
50 yaşım olanda "İstedad+zəhmət" məqaləsini
yazıb, üç cildlik "Seçilmiş əsərləri"min
II cildinə "İstedad veriləndə" adlı ön
söz yazıb...
Elçinin 50 yaşı 1993-cü ildə çətin
bir dövrdə tamam olub, onda mən onun zəngin və
çoxcəhətli fəaliyyəti haqqında
"Müdrik fikirlər kahini" adlı məqalə
yazdım. O
zaman məqaləni bu adla çap etdirmək mümkün
olmadı. Başqa adla, ixtisarla çap olundu.
Mən onu "Mənəvi iztirablar kahini" adıyla
"Ədəbi proses və ədəbi nəsil" (2008)
kitabımda çap etdirdim.
Elçin bir yazıçı kimi şəksiz
istedadlı, şəffaf və aydın şəxsiyyətdir. O, müxtəlif məsul,
ictimai vəzifələrdə işləyəndə də
kağıza-qələmə sədaqətini bir qram da
azaltmadı, əksinə, həyat təcrübəsi ictimai təzadları
müşahidə sayəsində bir az da
artırdı.
Elçin yaradıcılığa hekayə ilə
başlayıb. Anarın, İ.Hüseynovun,
Ə.Əylislinin, M.Süleymanlının, İ.Məlikzadənin
hekayələri ilə bərabər onun
"Baladadaşın ilk məhəbbəti" hekayəsi də
məşhur 60-cı illər ədəbiyyatının ilki
oldu.
Məhz bu yazıçıların, o cümlədən
də Elçinin hekayə və povestləri ilə ədəbiyyatımız
pafosdan, süni bəzək-düzəkdən, bayağı təsbitlərdən
ayrılıb təhlilə keçdi. Ədəbiyyatda
bədii-fəlsəfi, lirik-psixoloji analitik üslub bərqərar
oldu. Elçinin ilk hekayələri barəsində
"tənqidimizin vicdan"ı (S.Rəhimov) akademik Məmməd
Arif sanballı bir məqalə yazdı. Aerodrom
kepkalı, parusin şalvarlı bakılı yeniyetmə
Baladadaş eppoletli, "adlı-sanlı" müsbət qəhrəmanları
əvəz etdi, parusin şalvarının arxasını
çırpa-çırpa dəbdəbəli, zər-zibalı
qəhrəmanları da çırpıb atdı və ədəbiyyata
daxil oldu. 60-cıların sayəsində ədəbiyyat
saxta qeyri-adilikdən adiliyə, yorucu təfərrüatdan təsvirdə
dəqiqliyə endi.
Dəbdəbəli
təsvirləri detallar əvəz etdi: Məsməxanımın
gecənin qaranlığında par-par yanan (və Məmmədağanı
yandıran) göy gözlərinin sehri oxucunu özünə
cəzb etdi.
Ədəbiyyatımızda
povest janrı 60-cıların sayəsində "hakimiyyəti
ələ aldı": Elçinin "Gümüşü
furqon", "Toyuğun diri qalması", Anarın
"Ağ liman", İ.Məlikzadənin "Quyu",
S.Əhmədovun "Yamacda nişanə",
İ.Hüseynovun "Teleqram", "Saz", "Quru
budaq", S.Azərinin "Dalanda" və s. əsərlər
60-cıların ədəbiyyatda "boyartımını
ucaltdı", mövqeyini möhkəmlətdi.
Elçinin yaradıcılığı bu ədəbi-tarixi
kontekstdə daha aydın görünür. Məhz bu ədəbi
axtarışlar məcrasında Elçinin "Bir an və əbədiyyət", "Qatar. Pikasso, latur", "Beş qəpiklik motosikl" əsərlərinin,
Anarın "Əlaqə"sinin bədii-fəlsəfi
mahiyyəti açılır, reallıq və irreallıq
arasındakı dialektik-psixoloji münasibət üzə
çıxır. Elçinin zəngin və çoxcəhətli
yaradıcılığını bir neçə cür təsnif
etmək olar:
1.
Yazıçı, 2. Tənqidçi və ədəbiyyatşünas
alim. 3. İctimai xadim. 4. Fəal dramaturq. 5. Esseist. 6.
Ssenarist.
Bir adam üçün bunlar çox deyilmi? Elçin bütün bu sahələrdə (və
janrlarda) eyni səviyyədə, eyni istedadla
yazıb-yaradıb. Yazıçı və alim
Elçini tərəziyə qoysaq, tərəzinin hər iki
gözü bərabər gələr: Elçin
alim-yazıçı və yazıçı-alimdir!
60-cılar ədəbiyyatının ən iri
janrlarında - "əlahəzrət roman" janrında da
Elçin müstəsna yer tutur. Bu əsərlərdən
danışarkən mən indi tarixə çevrilmiş
Ümumsovet ədəbiyyatı kontekstini nəzərdə
tuturam. Hər şey böyük ədib
M.Şoloxovun "İnsanın taleyi" (1957) əsərindən
başlandı. İnsan ədəbi fikrin
diqqət mərkəzinə keçdi, bədii tədqiqatın
əsas obyektinə çevrildi. Azərbaycan
nəsrində eyni vaxtda M.Hüseynin "Yeraltı çaylar
dənizə axır", M.İbrahimovun "Böyük
dayaq", İ.Əfəndiyevin "Söyüdlü
arx" əsərləri insanın daxili-mənəvi aləmində
gizli surətdə baş verən psixoloji prosesləri, mənəvi
kataklizmləri ədəbiyyatın təmiz havasına
çıxardı. Mücərrəd
ictimai borc amilini konkret insan amili əvəz etdi.
Və bu zəmində 60-cıların nəsri
formalaşıb, vüsətlə inkişaf etdi. İ.Hüseynovun "Yanar
ürək", "Məhşər", S.Əhmədlinin
"Görünməz dalğa", "Dünyanın
arşını", Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi",
M.Süleymanlının "Köç" və
Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə",
"Ölüm hökmü", "Baş" əsərləri
müasir dünya romanlarının çox gözəl
nümunələridir.
"Mahmud və Məryəm" dastan poetikasına əsaslanan,
romantik-tarixi əsərdir. Burada Elçinin
lirik-psixoloji, analitik-fəlsəfi üslubu romantik məcrada
inkişaf edir. Romanın başlıca
uğuru "Camaat" obrazı ilə bağlıdır.
"Camaat" M.F.Axundzadənin "nuxulular", Mirzə Cəlilin
"Ölülər" və "dəlilər"
obrazları kimi monumental "Toplum obraz"dır. "Camaat" Səfəvilərin süqutundan
sonrakı Azərbaycan xalqının düçar olduğu
milli faciəni əks etdirir. Elçinin "Ağ dəvə"
romanı isə üç müstəvi çərçivəsində
qələmə alınıb: 1. Ağ dəvə ilə
bağlı əfsanə. 2. Balaca Ələkbərin
yaddaşındakı tarix 3. Müasir-real həyat.
Roman işıqlı bir sonluqla bitir. Xanım xalanın cəbhədən
qayıtmamış altı oğlunun simvolu kimi
karvanlaşıb gedən altı ağ dəvənin
ləpirlərində bitən ağ çiçəklər
ümid dolu gələcəyə yönəlib.
"Baş" isə təkcə Elçinin, ancaq
müasir Azərbaycan ədəbiyyatının deyil,
çağdaş dünya nəsrinin bədii-fəlsəfi cəhətdən
ən dəyərli bir uğurudur. Mən bu bədii-fəlsəfi,
tarixi-psixoloji roman haqqında, onun müəllifinin uca milli
mövqeyi barəsində fikirlərimi romanın hələ əlyazmasını
oxuyub yazdığım rəydə, gənc
yazıçı Fərid Hüseynin "Sevdiyim əsər"
layihəsi ilə bağlı "Həqiqət yalnız
bizim xəyallarımızdadır" adlı müsahibəmdə
geniş şəkildə söyləmişəm (Bax. Fərid
Hüseyn. Sevdiyim əsər: 101 ədəbi söhbət,
Bakı, 2019, s.214-220)
"Baş" başsızlıq haqqında
romandır.
Hansı cəmiyyətdə harada başsızlıq var, orada
faciələr var. Millətin başında o millətin
tarixini bilən, mənəvi həyatına dərindən bələd
olan qeyrətli kişi dayanmalıdır...
Romanın əsas nailiyyəti "O"nun
romanı ilə bağlıdır. Bu,
roman içində romandır. "O" bənzərsiz,
mürəkkəb psixoloji obrazdır, Elçinin filosof
yazıçı kimi uğurlu tapıntısıdır, bu
obraz heç bir bədii-psixoloji parametrlərə uyğun gəlmir,
ədəbi tənqid (o cümlədən mən!), hələ
bu obrazı, onun fəaliyyət göstərdiyi mühiti
("Şəffaf və görünməz, sərhədsiz!")
açmayıb...
Elçinin dramaturgiyası da xüsusi tədqiqat və
analitik-psixoloji təhlilin mövzusudur.
Bu dramaturgiya "Poçt şöbəsində xəyal"dan
başlanır. "Ah Paris, Paris!..", "Mən sənin
dayınam", "Dəlixanadan dəli
qaçıb...", "Mənim ərim dəlidir",
"Şekspir", "Teleskop" və s. müasir
dramaturgiyanın maraqlı nümunələridir. Elçin bu əsərlərlə müqtədir
yazıçımız, böyük dramaturq İlyas Əfəndiyevdən
sonra Azərbaycan teatrının yeni bir qolunu - öz
teatrını yarada bildi.
Dəlilik
mövzusunun müəyyən ənənələri
vardır: Mirzə Cəlilin "Dəli
yığıncağı" faciəsi buna nümunə ola bilər. Elçin bu əsərlərlə
belə bir fikir aşılayır ki, cəmiyyətdə
ağıllılıqla dəlilik arasında sərhəd itəndə
bir boşluq, faciə baş verir. Elçini küll
halında belə bir sual narahat edir: Əcəba, görəsən,
ağıllı olmaq yaxşıdır, yoxsa dəli olmaq?! Tamaşaçı özü bu sualın
cavabını tapmalıdır, çünki bu,
dövrümüzün sualıdır.
Tələbə
vaxtı Neftçala bazarında bazarın dəlisi məni hərbi
formada görüb yaxınlaşdı və gülə-gülə
dedi: "Ağlımız olmadı ki, özümüzü
dəliliyə qoyub başımızı saxlayaq". Bu yerdə Xalq yazıçısı Elçinin
müasiri Anarın "Anlamaq dərdi" yada
düşdü. Məncə, anlamaq dərsinin bir
adı da Dəlilikdir! Sən özünü dəliliyə
vurmasan, səni dəli eləyəcəklər.
Nizaməddin ŞƏMSİZADƏ
Əməkdar elm xadimi, professor
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2023.- 20 may.- S.12.