Gənclik şövqü ilə...
Bu yaxınlarda sosial şəbəkələrdə
Türkiyədə Xalq yazıçımız Elçin
haqqında bir kitabın çap olunduğu xəbərini
oxuyarkən yadıma hörmətli
yazıçımızın 1979-cu ildə Türkiyə səfəri
barədə yazdığı "Yaxın Uzaq Türkiyə"
adlı yol qeydləri düşdü. Həmin
yazı, o vaxt Azərbaycanda qeyri-adi maraqla
qarşılanmışdı. Bu da səbəbsiz
deyildi, çünki həmin illərdə Türkiyə Azərbaycan
üçün nə qədər doğma yaxın bir
ölkə idisə, bir o qədər də qapalı, uzaq bir
məmləkət idi.
Azərbaycanda ən azı 60 ildən sonra qardaş
Türkiyə haqqında rəğbət dolu bir yazı
çap edilmişdi (keçən əsrin 60-cı illərində
görkəmli yazıçımız Mehdi Hüseyn də
Türkiyə səfəri barədə "Bir ay, bir
gün" adlı yol qeydlərini yazmışdı. Amma bu əsərdə
Mehdi Hüseynin Türkiyəyə tam rəğbətini
görə bilmirik və bunun da təbii ki, obyektiv səbəbləri
var). Ermənistanın antitürk və həm
də antiazərbaycan ruhlu yazıçıları
"Yaxın Uzaq Türkiyə"dən tez bir zamanda xəbər
tutdular. Və bununla da Kremlə, gənc
türkçü-millətçi Azərbaycan
yazıçısı Elçindən etiraz məktublarının
axını başlandı. Amma necə deyərlər
artıq ox yaydan çıxmışdı. Türkiyə
haqqında gerçək həqiqətlər (hətta mənfi
tərəfləri ilə) iki qardaş ölkə ədəbiyyatının,
mədəniyyətinin bir bulaqdan qaynaqlandığını
Elçin dəqiq müşahidələri ilə,
danılmaz tarixi faktlarla Azərbaycan ədəbi dövriyyəsinə,
daha geniş mənada isə Azərbaycan cəmiyyətinə
ötürə bilmişdi. 60 illik tilsimi
Elçin "Yaxın Uzaq Türkiyə"si ilə
sındırmışdı. Həmin yol
qeydlərini bir daha gözdən keçirirəm və həmin
əsərdə kiçik bir detal diqqətimi çəkir.
O yol qeydlərində Elçin, böyük türk
yazıçısı Ömər Seyfəddinin
"Kolleksiya" hekayəsini xatırladır. Bu
hekayədə "burjua ailəsinin mənəvi
pozğunluğu, əxlaqsızlığı təsvir olunur.
Ana və gənc qız öz evlərində hərə
öz otağında, ərin və atanın - burjuyun
razılığı və hətta şirnikləndirməsi
ilə "mədəni" fahişəlik edir və bu
fahişəliyin haqqı kimi ləl-cəvahir kolleksiyası
düzəldirlər".
Ömər Seyfəddin bu hekayəsinin qəhrəmanını
türk yox, Türkiyədə yaşayan başqa millətlərin
nümayəndəsi kimi təsvir edir, Müsyö Dyuran əslən
Fransadandır, (fransız yox, məhz Fransadan!) arvadı isə
ermənidir.
Əlbəttə, elə tək bu kiçik parça
ürəkləri Türkiyəyə və Türkə nifrətlə
aşıb-daşan ermənilərin nəzərindən
yayına bilməzdi. Ömər Seyfəddinin bu mətninin
Sovet mətbuatında yayınlanması təkcə erməniləri
yox, Kremldə oturan ermənipərəst ölkə rəhbərlərini
də qəzəbləndirməsi şəksiz idi.
Bu ayın 13-də 80 yaşı tamam olan Xalq
yazıçımızın demək olar ki, bütün əsərlərini
oxumuşam.
Onun lap gənc yaşlarından yazdığı hər hekayəsi,
povesti, məqaləsi həmişə hadisə kimi
qarşılanıb, həmişə oxucuların maraq dairəsində
olub. Onun hər bir əsərini həmişə
böyük maraqla gözləyiblər. Onun
ilk əsərləri Mirzə Cəlil ədəbi məktəbindən
qaynaqlanır. Amma bu bir danılmaz həqiqətdir
ki, Mirzə Cəlil ədəbi məktəbindən yola
çıxan Elçin müəllim get-gedə püxtələşən
yaradıcılığı ilə qısa bir zaman ərzində
özünün bənzərsiz üslubunu yarada bildi,
bir-birindən maraqlı əsərlər yazdı. Və bu gün tam əminliklə demək olar ki,
Elçin öz parlaq yaradıcılığı ilə
özü bu gün ayrıca bir ədəbi məktəbdir.
Elçinin ilk romanı "Mahmud və Məryəm"
(1983) bənzərsiz, orijinal bir romandır. Bu romanda həm realizm var, həm
romantizm var, həm sürrealist çalarlar var, həm magik
realizm nümunələri var, həm simvolizm var, həm modernizm
var. Ən əsası isə "Mahmud və Məryəm"
Azərbaycan dastanlarından, nağıllarımızdan, əsatirlərimizdən,
miflərdən, hətta "Qurani Kərim"dən
qaynaqlanan bir əsərdir. Məlumdur ki,
Elçin "Mahmud və Məryəm"i, "Əsli və
Kərəm" dastanının motivləri əsasında
yazıb. Əsər ilk baxışda sevgi
romanı təsiri bağışlasa da, əslində bu
romanda yazıçının məqsədi başqadır.
Əsərdəki hadisələr 1514-ci ilin
iyun-avqust aylarında Osmanlı dövləti ilə (Sultan Səlim)
Səfəvi dövləti (Şah İsmayıl Xətai)
arasında baş verən Çaldıran döyüşü
ərəfəsində və döyüşdən
sonrakı ilk günlərdə baş verir. Səfəvi dövlətində (qismən Gəncə
xanlığında) baş verən mürəkkəb
ictimai-siyasi durum, saray çəkişmələri, hakimiyyət
ehtirası, valideyn ağrısı, xəyanətlər təsvir
olunur. Əsərdə Gəncədən
Ərzurum sarayına və Müqəddəs məbədə
qədər uzanan yollarda
qarşılaşdığımız ayrı-ayrı insan
psixologiyaları ən incə detallarına qədər qələmə
alınıb. Mürəkkəb - gərgin hadisələr
fonunda Mahmudla Məryəmin din, məzhəb, məkr, hiylə
bilməyən saf eşqləri oxucunu riqqətləndirir. "Mahmud və Məryəm" əsərində
Elçin, bu romanın yazıldığı dövr
üçün (1983) məlum ənənəvi ədəbi
izmdən imtina edir. Yəni Xeyir həmişə
qalib gəlmir, Şər çox vaxt Xeyri əzə bilir, hətta
məhv edir.
Eyni zamanda bu romanda, başqa əsərlərdə az-az
təsadüf olunan dramatik rucətlərə də (məsələn,
Aysu və Azərin hekayəti) rast gəlinir. İlk baxışda əsərə
dəxli olmayan, amma küll halında əsərin ən
mühüm tərkib hissəsi olan hadisələrin, əsərdəki
ideyanın açılmasına, tam qavranılmasına xidmət
edən Aysu və Azərin faciəli şəkildə bitən
taleləri həm də əsər içərisində
ayrıca əsər təsiri bağışlayır.
Ədəbiyyatda milli yaddaş amili mühüm məsələdir. Xalqın milli
yaddaşı nəsildən-nəsilə ədəbiyyat vasitəsi
ilə ötürülür. Bu mənada
milli yaddaş, yanar ocaq kimidir. Sovet
imperiyası mövcud olduğu illər ərzində hər
vasitə ilə xalqların milli yaddaş ocaqlarını
söndürməyə cəhd edib. Yazıçı
Elçin digər böyük milli ruhlu
yazıçılarımız kimi, həmin milli yaddaş
ocağımızı qoruyanlardan - ocağın odunu sönməyə
qoymayanlardan biri olub.
"Mahmud
və Məryəm" əsərində yer üzündəki
bütün türk xalqlarını birliyə
çağıran "Böyük Türk Xalqları
Dövləti arzulayan" (Elçin "Mahmud və Məryəm")
Süleyman paşa adlı bir obraz var. Bu dəliqanlı, kəkələyə-kəkələyə
danışan (bu üsuldan, bəlkə də, senzuranı
yayındırmaq üçün istifadə edib)
paşanın dili ilə Elçin o vaxt üçün
(1983-cü il) yazıçıdan böyük cəsarət
tələb edən ifadələri qələmə alıb.
"- Millət bu cür ə-ə-əzab içindədi
(Çaldıran döyüşü baş verəndən
sonra - E.Ə.), amma iki bö-bö-böyük türk
dövləti bi-bi-birləşmək əvəzinə,
bir-bi-bi-birini mə-mə-məhv edir!"
"Mənim üçün tü-tü-türklər
insandan fö-fö-fövqanədir! Bütün ye-ye-yer
üzünün türkləri si-si-sifətlərinin
quruluşundan, a-a-adətlərindən asılı olmayaraq
bi-bi-birləşməlidir!"
1988-ci ildə
Qorbaçovun irəli sürdüyü "yenidənqurma"
illərində, deməli, Sovet dövlətinin nəhəng
okean kimi dalğalandığı bir zamanda, ədəbiyyatımızda,
şəxsən mənim üçün gözlənilməz
qeyri-adi bir hadisə baş verdi. Elçin "Ölüm hökmü"
romanını çap etdirdi (müəllif o əsəri
1984-1988-ci illərdə yazıb. 1984-cü ildə
Qorbaçov hələ hakimiyyətə gəlməmişdi).
Mir Cəfər Bağırov bir obraz kimi, həm
də öz adı ilə (bunu ona görə qeyd edirəm ki,
əvvəldən Bağırovun adı bədii əsərlərdə
"Mirqəzəb Mollayev, "dördgöz" kimi təqdim
edilirdi). 1937-ci il xalqımız üçün
bütövlükdə "Varfolomey gecəsidir". "Ölüm hökmü"ndə tarixinin ən
kədərli, ağrılı günlərini yaşayan Azərbaycanın
real gerçəkliyi qələmə alınıb. Bu yazımda "Ölüm hökmü" əsərini
təhlil etmək fikrində deyiləm. Demək
istədiklərim başqadır. Elə həmin
1988-ci ildə "Ölüm hökmü" əsərindən
bir parça ilk dəfə olaraq "Ədəbiyyat və
İncəsənət" qəzetində çap
olunmuşdu. Bağırovun mürəkkəb,
ziddiyyətli obrazı o vaxt üçün (elə indinin
özündə də) oxucular üçün ən cazibədar
obrazlardan biri olub. Amma 1955-ci ildən,
Bağırovun həbs edilərək güllələnməsindən
sonra bu faciəvi obraz haqqında ədəbiyyatımız ya
susmuş, ya da Bağırov obrazını yuxarıda
xatırladığım başqa adlar altında, ya təhrif
olunmuş şəkildə, ya da ötəri epizodik şəkildə
təsvir edirdilər. "Ölüm
hökmü"ndə isə həm 37-ci ilin dəhşətli
hadisələri, həm də Bağırov surəti oxucuya
gerçək hadisələr fonunda, tam reallıqla təqdim
olunur. "Ölüm
hökmü"nün çapından artıq 35 ilə
yaxın bir vaxt keçir və 30 ildən artıqdır ki,
Sovet dövləti artıq tarixə çevrilib. Amma bu illər ərzində 37-ci ilin faciələri
haqqında Bağırovun ziddiyyətli, mürəkkəb
şəxsiyyəti barədə "Ölüm
hökmü" səviyyəsində ikinci bir əsər hələ
də yazılmayıb (bu iddiamı mənim subyektiv oxucu qənaətim
kimi də qəbul edə bilərsiniz).
Elçinin yaradıcılığı çoxşaxəlidir. Çoxlu sayda hekayələr,
povestlər, romanlar, məqalələr, esselər,
monoqrafiyalar, publisistik yazılar, yol qeydləri, pyeslər,
ssenarilər, oçerklər, portret yazılar, xatirələr,
ədəbi qeydlər müəllifi olan Elçin, həm də
çox gənc yaşlarından ictimai xadim kimi fəaliyyət
göstərib. Yazıçılar
İttifaqının ən gənc katibi olub. 1980-ci ilin sonlarında, necə deyərlər, qələmini
süngüyə çevirərək Azərbaycanın haqq
işi uğrunda mübarizəyə başlayıb, 1987-ci ildə
"Vətən" Cəmiyyətini yaradıb. Rəhbərlik etdiyi cəmiyyət vasitəsi ilə
xaricdə yaşayan mühacir həmyerlilərimizlə əlaqə
yaradıb, uzun ayrılıqdan sonra, onların öz Vətənlərinə
gəlmələrinə şərait yaradıb. Azərbaycan həqiqətlərini, məruz
qaldığımız haqsızlıqları dünya
ictimaiyyətinə çatdırıb. "Vətən"
Cəmiyyəti o zaman xarici ölkələrə
çıxışı olan və səsi bütün
dünyada eşidilən bir cəmiyyət idi. Bu cəmiyyət
Elçin müəllimin fədakar, yorulmaz fəaliyyəti nəticəsində,
o ağır illərdə Azərbaycanımız naminə
çox böyük işlər gördü... Təmsil olunduğu Parlamentdə də Elçin
müəllim həmişə xalqımızın istək və
arzularının ən fəal ifadəçisi olub.
...1992-ci
ilin səhv etmirəmsə, iyul ayında Elçinin
Ümummilli liderimizə həsr etdiyi "Dünya axirət əkini"
adlı məqaləsi Azərbaycan mətbuatında çap
olundu. Kremldəki
vəzifəsindən istefa verəndən sonra Ümummilli
liderimiz böyük çətinliklər bahasına olsa da,
Azərbaycana gəlmiş, Naxçıvanlılar da onu
1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası
Ali Sovetinin sədri seçmişdilər. Amma bu böyük insanın Azərbaycanda
olmasını, həm Azərbaycanın mərkəzi hakimiyyətində
təmsil olunan səbatsız rəhbərlər, həm də
hakimiyyət uğrunda mübarizə aparan mənsəbpərəst
qüvvələr həzm edə bilmirdilər. Onlar bu böyük insana qarşı böhtan
kampaniyasına başlamışdılar. Bakıda
Heydər Əliyev tərəfdarları təqib olunur, işdən
kənarlaşdırılır, cürbəcür təzyiqlərə
məruz qalır, hətta həyatlarına belə qəsd
edilirdi. "Dünya axirət əkini"
məqaləsi məhz belə bir mürəkkəb zaman kəsiyində
yazılmışdı. Bir yazıçı və
ictimai xadim kimi Azərbaycanda yüksək nüfuz sahibi olan
Elçinin bu məqaləsi, Azərbaycanda mövcud hakimiyyətin
qətiyyətsizliyindən narazı və bu çətin -
dözülməz durumda Azərbaycanın nicatını Heydər
Əliyevin hakimiyyətə gəlməsində görən
milyonlarla insanın ürəyindən xəbər verən
bir yazı idi. Məqalənin çap
olunduğu qəzetin əl-əl gəzdiyi günləri
yaxşı xatırlayıram. Heydər
Əliyev şəxsiyyətinin bütövlüyünü,
Heydər Əliyev əzmini, vətənsevərliyini, qətiyyətini,
dönməz əzmini Elçin öz məqaləsində
olduqca dəqiq ifadə etmişdi. Eyni
zamanda Elçin müəllim bu məqalədə vaxtı ilə
Ulu öndərin vəzifələrə təyin etdiyi,
sonralar bu yaxşılıqları unudan satqın xislətli
insanları cəsarətlə ifşa edirdi. Bu böyük şəxsiyyətin mədəniyyətimizin,
teatrımızın, ədəbiyyatımızın
böyük hamisi olmasından misallar gətirirdi. Bu yazısında Elçin öz vətəndaşlıq
mövqeyini sərgiləmişdi.
...1993-cü
ildə xalqımızın israrlı tələbi ilə
Ümummilli liderimiz hakimiyyətə gəldi. Bu
böyük lider hakimiyyətə gələndə ölkə
uçurumun kənarında idi. Qarabağdakı
itkilərimiz, torpaqlarımızın işğal olunması,
sayı milyona çatan qaçqınlarımız, ölkədə
vətəndaş müharibəsi təhlükəsi,
çökmüş iqtisadiyyat, hərc-mərclik. Müdrik rəhbərimiz hakimiyyətə gəlməsi
ilə fəaliyyətə başladı (o fəaliyyətin nəticəsində
bu gün Azərbaycan öz çoxəsrlik tarixinin ən
uğurlu dövrünü yaşayır). Həmin o 93-cü ildə Ümummilli liderimiz
Elçini çox mühüm bir vəzifəyə - Baş
Nazirin müavini vəzifəsinə təyin etdi. Nazirlər
Kabinetində bir
çox sahələrlə bərabər, mədəniyyət
sahəsinə də Elçin müəllim rəhbərlik
edirdi. O gərgin illərdə mədəniyyətimiz, incəsənətimiz,
ədəbiyyatımız həm ölkə daxilində, həm
də xarici ölkələrdə layiqincə təmsil
olunmalı idi. Elçin müəllimin bu
mühüm vəzifədə fövqəladə fəaliyyəti
hər kəsin yaddaşındadır. Elçin
müəllim Ümummilli liderimizin, sonralar isə cənab
Prezidentimiz İlham Əliyevin ona olan etimadını layiqincə
doğrultdu. Onun Nazirlər Kabinetindəki
uğurlu, yorulmaz fəaliyyəti həm ölkə rəhbəri,
həm də xalqımız tərəfindən həmişə
yüksək qiymətləndirilib. Elçin
müəllim həm bir yazıçı kimi, həm də
dövlət xadimi kimi hər cür hörməti haqq edən
böyük bir Azərbaycanlıdır.
İndi hörmətli yazıçımızın 80
illiyi tamam olur.
O yenə də bir gənclik şövqü ilə
yazıb-yaradır. Ədəbi mühitimizin ən
seçkin, ən müdrik nümayəndələrindən
biri olan hörmətli Xalq yazıçımız Elçin
müəllimə yeni-yeni uğurlar arzusu ilə...
Neftçala
13 may 2023
Etibar Əbilov
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2023.- 20 may.- S.14-15.