Otuz altı ildən sonra

 

Əzizlərim

Nüşabə və Elçinə!

 

Əzizlərim!

Bu əziz, mübarək gününüzdə

Sizi xoş arzularla təbrik edəcək hamı.

Ömrün şirin yolları açılır önünüzdə...

Qəbul edin mənim də bu gün xeyir-duamı:

 

Üfüqləri işıqdır həyat adlanan yolun!

Siz şəfəqdən süzülmüş həyat badəsi için.

Biriniz ay olanda, biriniz günəş olun!

Oddan-sudan həmişə əl-ələ tutub keçin!

 

Həyat sərt anlarında sınayır insanları...

Məhəbbətdə, həyatda, sədaqətdə düz olun!

Əsib gedən küləkdir həyatın sərt anları,

Siz boranlı gündə də günəşli gündüz olun!

 

3 noyabr 1972

 

Mənə elə gəlir ki, 1972-ci ildən, o gözəl noyabr günündən keçən 36 ilin sürətli, bu sürətin müqabilindəki heyrətin dərəcəsindən də artıqdır.

Belə bir rəvayət var və bu rəvayəti, deyəsən, mən əvvəllər də hansı yazıdasa xatırlatmışam: "Şeyx Allah adamıydı və Allah onu bu dünyada min il yaşatdı və nəhayət, bir gün Şeyx bağçada qızıl güllərə qulluq edərkən cənab Əzrail nazil olub: "Ya Şeyx", - dedi, - "vaxt tamamdır". Qızılgüllərin beş addımlığında qolu-budaqlı bir söyüd ağacı var idi və Şeyx cənab Əzraildən xahiş etdi ki, icazə versin, o söyüdün kölgəsinə keçin, canını orada tapşırsın və Şeyx icazəni alıb söyüdün kölgəsinə addımladı. Cənab Ərzail Şeyxin canını almazdan əvvəl soruşdu: "Ya Şeyx, bu min il sənin üçün bu dünyada necə keçdi?" Şeyx barmağı ilə qızılgüllüyü göstərib dedi: "Bax, oradan bura gəldiyim kimi".

Rəhmətlik İlyas Əfəndiyev də tez-tez təkrar edirdi ki, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır.

1972-ci il noyabrın 3-ü mənim ailə həyatı qurduğum gün idi və Səadət Sarayındakı o toyda XX  əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin cismən elə XX əsrdə də qalmış, amma ruhən bu gün də mənim (və güman edirəm ki, yalnız mənim yox!) fikrimdə, təəssüratımda yaşayan Əli Vəliyev, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Rahim, Mir Cəlal, Mirmehdi Seyidzadə, Məmməd Arif, Məmməd Cəfər, İmran Qasımov, Nəsir İmanquliyev, Cəlal Qaryağdı, akademik Əli Quliyev, Fikrət Əmirov, Soltan Hacıbəyov (rəhmətlik İsmayılla birlikdə), Tofiq Quliyev, Əmir Həbibzadə (yaşı 100-ə yaxınlaşan Əmir müəllim bu gün də BDU-nun professorudur),  Adil İsgəndərov, Tofiq Kazımov, Abbas Zamanov, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, Əkbər Ağayev, Əziz Mirəhmədov, Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, Möhsün Sənani, Hökümə Qurbanova, Əli Zeynalov, Mehdi Məmmədov, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Zeynal Xəlil, Böyükağa Mirzəzadə, Nüsrət Fətullayev... və bir çoxu o zaman mənə dinozavrlar dövrünün insanları qədər qədim görünən başqa qələm sahibləri, mədəniyyət  xadimləri, o vaxt  orta nəslin nümayəndələri hesab olunan Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, İsa Hüseynov, İslam Səfərli, Kamal Talıbzadə, Məsud Əlioğlu, Hüseyn Abbaszadə, Qabil, Salam Qədirzadə, Qasım Qasımzadə, Bəkir Nəbiyev, Gülxur Əlibəyova, Toğrul Nərimanbəyov, Xəyyam Mirzəzadə... və gənc Yaşar Qarayev, Yusif Səmədoğlu, İsi Məlikzadə, Həsənağa Turabov, Əkrəm Əylisli, Anar, Zöhrab Adıgözəlzadə, Fikrət Qoca, Emin Sabitoğlu, Fikrət Sadıq, Araz Dadaşzadə, Şamil Salmanov, Çingiz Əlioğlu, Rəhman Bədəlov, Akif Hüseynov, Arif Abdullazadə, Aydın Məmmədov... unudulmaz dostlarım Samur Novruzov, Araz Seyidzadə, daha kimlər... Tamada Ağasadıq Gəraybəyli idi, müğənni də Gülağa Məmmədov.

Və o tayda Əhməd Cəmil də, hamı kimi, öz xanımı ilə iştirak edirdi.

Əhməd Cəmillə biz qonşu idik. Çox mədəniyyətli, son dərəcə təmkinli bir adam olan Əhməd müəllim oğlu, qızı və həyat yoldaşından ibarət son dərəcə də abırlı və təmiz bir ailə başçısı idi.

İş belə gətirdi ki, sonralar - üç ildən sonra, 1975-ci ildən etibarən bir müddət biz bir yerdə işlədik, mən Yazıçılar İttifaqının tənqid və ədəbi orqanlar üzrə katibi, Əhməd müəllim isə "Ulduz" jurnalının redaktoru idi və birgə işlədiyimiz o qısa müddətdə də Əhməd müəllim daxili mədəniyyəti və təmkini ilə bir çox o zamankı ədəbiyyat generallarından, eləcə də ədəbiyyat generalı olmaq istəyənlərdən çox seçilirdi. Mən bir dəfə görmədim ki, o, kiminsə arxasınca danışsın, kimdənsə şikayət etsin, yaxud özü üçün nəsə istəsin, nəsə tələb etsin və Əhməd müəllim uzun illər boyu Yazıçılar İttifaqının divarlarına höpmuş böyüklü-xırdalı intriqalar aləminə də tamam yad bir adam idi.

O, Süleyman Rüstəm kimi nikbin, canlı, yüksək yumor hissinə malik, yeri düşəndə yeyib-içən, yaxud Mirzə İbrahimov kimi nəsihət verməyi, XVIII əsr fransız maarifçilərinin fikirlərindən nümunələr gətirməyi xoşlayan, hansı səviyyəli auditoriya olursa-olsun, lazım gələndə ayağa qalxıb, ağıllı və alovlu nitq söyləməyi bacaran, yaxud da Əli Vəliyev kimi nəyəsə ehtiyacı olan kimsəsiz birinin qabağına düşüb, ona kömək etmək üçün cürbəcür qapıları döyən, uşaq kimi küsəyən olan və uşaq kimi də tez barışan adam deyildi və o dövrkü ədəbi mühitin özünəməxsusluğu bir də onda idi ki, yazı-pozuda olduğu kimi, insani baxımdan da müxtəliflik mövcud idi.

Ürəyindən əziyyət çəkən Əhməd müəllim bir azdan təqaüdə çıxdı və 1977-ci ilin bir payız günü rəhmətə getdi.

Orası da mənim yaxşı yadımdadır ki, İmran Qasımov adəti üzrə gecə saat bir radələrində mənə telefonla zəng etdi və söhbət əsnasında:

- Əhmədin ölümü mənə çox təsir edib, neçə gündü yata bilmirəm... - dedi.

İmran ilə Əhməd Cəmilin arasında elə xüsusi bir yaxınlıq yox idi. Sadəcə, İmran Qasımov çox hissiyyatlı adam idi və Əhməd Cəmil də o insanlardan idi ki, sağlığında çox zaman yada düşmür, amma vəfatından sonra tez-tez yaddaşa qonur və bu itkinin doğurduğu təəssüf hissi rahatlıq vermir...

Mən bu kiçik yazını yazarkən Əhməd Cəmilin vaxtı ilə mənə bağışladığı şeirlər kitabını təzədən vərəqlədim və bir daha mənə məlum oldu ki, bu təmkinli (bəlkə də, bir az qapalı...) insanın daxilində təbii bir zərifliyin, bədii-estetik incəliyin varlığı şübhəsizdir, eləcə də şəxsiyyətində olduğu kimi, onun şeirləri də iddiasızdır, hərgah belə demək mümkünsə, bu şeirlərdə poetik iddiasızlıq var.

Əhməd Cəmildə mürəkkəb poetik obrazlar yoxdur, bütün misralar sadədir, amma bu sadəlikdə cəzbedici bir təmizlik, saflıq var, süni ifadələrə, qafiyə xətrinə sözlərin ardıcıllığını pozmaq, yaxud heca xətrinə sözləri təhrif etmək kimi faktlara rast gəlmək mümkün deyil.

Mən ədəbiyyatda və ümumiyyətlə, sənətdə müqayisələrə həmişə şübhə ilə yanaşıram, çünki hər bir sənətkarın qiyməti onun xalqının tarixi və taleyi kontekstində verilməlidir, amma buna baxmayaraq, indiki halda ağlıma bir paralel gəlir: məndə belə bir təəssürat var ki, Afanasii Fet XIX  əsr rus poeziyasında hansı yeri və mövqeyi tutursa, bu gün yaddan çıxmış Ancela Devis, yaxud Patris Lumumba haqqında günün siyasi konyukturasından gələn şeirlər də yazmış Əhməd Cəmil "Can nənə, bir nağıl de"nin və onlarla bu tipli, eləcə də təbiətlə bağlı şeirlərin müəllifi kimi XX əsr Azərbaycan poeziyasında təxminən buna bənzər bir yer və mövqe tutur.

Mən yenə 36 il bundan əvvəlki o gözəl 3 noyabr gününə qayıdıram və o zaman mənim üçün də, Nüşabə xanım üçün də ən gözəl hədiyyələrdən biri Əhməd Cəmilin bizim toy günümüzə yazdığı və indiyə qədər heç bir yerdə çap edilməyən şeiri oldu.

Və bu 36 ilin yuxarıda yazdığım həmin heyrətamiz sürəti o şeiri Nüşabə xanımla birgə ilk dəfə oxuduğumuz o anların unudulmaz hissiyyatını heç vəchlə köhnəltməyib.

 

13 iyun 2008

 

ELÇİN

 

Əhməd CƏMİL

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 20 may.- S.22.