Elçin
yaradıcılığının
polifunksionallığı və polifonizmi
Elçinin
bədii yaradıcılıq axtarışları XX əsrin
60-cı illərinin lap əvvəllərinə təsadüf
etsə də, qısa zaman kəsiyində o, ədəbiyyat cəbhəsində
imzası daha tez-tez görünən yazıçılardan
olmuş, digər tanınmış bədii-poetik təfəkkür
sahibləri R.Rza, B.Vahabzadə, N.Xəzri, Anar,
İ.Hüseynov, S.Əhmədli, İ.Məlikzadə,
X.R.Ulutürk, M.Araz və başqaları kimi 60-cılar ədəbiyyatının
yadda qalacaq simalarından birinə çevrilmişdir.
Ədibin "Mahmud və Məryəm",
"Bülbülün nağılı", "Ağ dəvə",
"Ölüm hökmü", "Dəlixanadan dəli
qaçıb", "Baladadaşın ilk məhəbbəti",
"Dolça", "Bayraqdar", "İlyas Əfəndiyev:
şəxsiyyəti və sənəti", "Qarabağ
şikəstəsi", "Canavarlığın
anatomiyası", daha sonralar 10 cildlik "Seçilmiş əsərləri",
(yenicə yazdığı "Salyerinin son günü" əsəri
ilə bağlı ayrıca bəhs edilməlidir) və s.
kimi yaratdığı nümunələr geniş
auditoriyalara yayılaraq Azərbaycan, Sovetlər birliyi, Avropa və
dünya xalqlarının oxucu ictimaiyyətinə
çatdırılmış, onlar tərəfindən rəğbətlə
qarşılanmışdır. Keçmiş Sovetlər
respublikalarında - Rusiya, Ukrayna, Türkmənistan, Özbəkistan,
Qazaxıstan, Tacikistan, Belarus, Litva, Moldova, Gürcüstan və
Ermənistanda, mütaliə olunmuş, dünya xalqları -
alman, bolqar, çex, çin, fransız, ingilis, ispan,
isveç, macar, polyak, rumın, Türkiyə türkcəsi,
yapon və s. dillərə çevrilmişdir.
***
Elçin
yaradıcılığı ilə bağlı tənqidi
fikir sərgiləyərkən, heç şübhəsiz ki,
bu barədə əsaslı bilgilərə malik olmalı,
onun yaradıcılığının oxuculara və ədəbiyyat
adamlarına az məlum olan tərəflərindən
bəhs etməlisən. Bu kontekstdə
Elçin yaradıcılığı ilə bağlı
diqqət çəkən mənbələrdən biri
2013-cü ildə Humay Əfəndiyeva tərəfindən tərtib
edilmiş "Elçin. Arzu. Həyat. Ədəbiyyat"
kitabından danışmaq zəruridir. Burada
təqdim olunmuş əsərlərin xeyli hissəsi
istedadlı mütərcimlər S.Məmmədzadə,
V.Portnov, E.Vəzirova, V.İbrahimoğlu tərcümələrində
rusdilli oxuculara təqdim olunmuşdur.
Qeyd
etdiyimiz aspektdə "Elçin. "Zaman və
Söz" kitabının da adını çəkmək
istərdik. Janr və üslub
baxımından polifunksionallığı və polifonizmi ilə
fərqlənən, müvafiq bədiyyat kanonlarına aid edilməsi
mübahisəli olan bu yaradıcılıq məhsulları
Elçini orijinal təfəkkür sahibi kimi də təqdir
etməyə imkan verir. Kitabın
struktur-kompozisiya və məzmun-ideya komponentləri qeyri-adiliyi
ilə diqqəti cəlb edir. Burada Elçinin müxtəlif
illərdə beynində dolaşan maraqlı fikirləri,
mühakimələri, özü-özü ilə mükalimələri,
sənət və sənətkarla bağlı
düşüncələri, ayrı-ayrı
gördüyü hadisələrdən yaranan təəssüratları,
düşüncəsini riqqətə gətirən həyat
epizodları, sənətkar tərəfindən tamamilə
özü də bilmədiyi, götür-qoy etmədiyi, yaxud
ağlına gətirmədiyi hallarda kibrit qutusu, salfet, qəzet
künclərindəki ağ yerlərdə, hər hansı
iclas protokolunun kənarında, müxtəlif tipli proqramlar
üzərində, dəvətnamələrdə, hətta
teatr tamaşaları, sirk, yaxud kinoseans biletlərinin üzərində
saxladığı cızmaqaralardakılardan ortaya gəlmişdir.
Elçin
yazıçılıq psixologiyasının sirlərini dərindən
mənimsəmiş sənətkar kimi həmin fraqmentləri
qoruyub saxlamış, nəhayət vaxt gəlib, vədə
yetişdiyi zaman arxivinin qarmaqarışıq
künc-bucağını qurdalayarkən uzun illər ərzində
qovluq, bloknot, cib dəftərçəsi, özünün
digər "ekspromt təfəkkür məhsullarını"
saf-çürük etmiş, onlardan bəzilərini
"amputasiyaya" məruz qoyaraq, iyirmi-otuz illik
avtoqrafları çətinliklə də olsa
yaddaşının dərinliklərindən çözələyib
dilə gətirərək həmin kiçik qeydləri etdiyi
tarixi zaman kəsiminə qayıdaraq öz hiss, duyğu və
ürək çırpıntılarını xəyalında
canlandırıb, onlara yeni həyat verməyi
düşünmüşdü. Ədəbiyyata birbaşa
bağlılığı ilə seçilən həmin
qeydləri bir yerə yığıb, gündəlik xarakterli
ədəbi qeydlər kimi ortaya çıxarmaqla müəllif
həmin yazıları "Zaman və Söz" haqqında ədəbi
düşüncələr adlandıraraq geniş oxucu
auditoriyasına təqdim etmişdir.
Elçinin "Zaman və Söz" əsərini rus
dilinə dünyasını vaxtsız dəyişmiş
istedadlı teatr bilicisi, "Yuğ" teatrının
baş rejissoru və eyni zamanda şəriştəli mütərcim
Vaqif İbrahimoğlu tərcümə etmişdir. Tərcümənin
dili yetərincə axıcı və oxucu nəzərlərini
özünə cəlb edəndir. V.İbrahimoğlunun
tərcüməyə nə qədər böyük məsuliyyətlə
yanaşdığını onun "Tərcüməçidən.
Mənəvi məkan" mövzulu "Ön
sözü"nü oxuduqda daha yetərli təsəvvürlər
formalaşır.
Elçinin "Zaman və Söz" əsəri onun nəinki
Azərbaycan ədəbiyyatında özünə nasir,
publisist, dramaturq, mütərcim, kinossenarist, həm də ədəbiyyatşünas
tənqidçi kimi mədəniyyətimizin inkişafına
individual rakursdan təsir etməyi bacaran alim-tədqiqatçı
imicini formalaşdırmaqdadır.
***
1970-ci illərdən
Elçin dramaturgiyada özünəməxsus yeniləşmələr
etməyə çalışsa da, 90-cı illərdən bu
proses daha intensiv xarakter almışdır. "Ah, Paris, Paris!..", "Mənim sevimli dəlim",
"Diaqnoz D" ("Mənim ərim dəlidir") triptixi
kimi maraqlı əsərləri ilə o, daha çox gündəmi
zəbt edirdi. Elçinin dram əsərləri
özünün fərqli dramaturji gedişi, orijinal
mövzuları, qeyri-adi süjet xətləri və
situasiyaları, yeni obrazlar qalereyası ilə tez-tez diqqət
mərkəzinə düşürdü. "Qatil",
"Teleskop", "Cəhənnəm sakinləri",
"Şekspir" və s. kimi dram nümunələri
tamaşaçını yetərincə duyğulandıran əsərlərdir.
Təsadüfi deyildir ki, Elçinin dram əsərləri
müxtəlif janr formalarını özündə çevrələmək
baxımından da diqqətəlayiqdir: komediya, tragikomediya, kədərli
komediya, xronika, həyat xronikası, məhəbbət
dastanı ("Mahmud və Məryəm"), faciə, absurd,
improvizasiya və s. kimi maraqlı dramaturji janrların da bu
müstəvidə polifonik nümunələr
yaratdığını qeyd etməliyik. Eyni
zamanda vurğulayaq ki, bu dram əsərlərinin əksəriyyəti
Azərbaycanın müxtəlif teatrlarında müxtəlif
illərdə tamaşaya qoyulmuş, dünya xalqlarının
(London şəhərinin və s.) teatrlarında öz səhnə
təcəssümünü tapmışdır.
***
Elçin yaradıcılığını bir qədər
dərinləşdirilmiş aspektdə təhlilə cəlb
edərkən "müəllif - mətn - oxucu"
triadasını nəzərdən keçirməyə ehtiyac
duyulur. Burada
biz bir qədər mahiyyətə vararaq onu söyləməyi
vacib hesab edirik ki, bədii mətn yaradıldığı
zaman oxucunun kongeniallığı (Kongeniallıq latın
dilində olan "con (cum) - birgəlik, eyni vaxtda və
"genius" - "ruh" mənasına gəlir. Kongenial ideya istiqaməti, üslub və fikir
obrazları ilə uyğunluq deməkdir) fikri heç də
bütün hallarda müəllifin təfəkküründə
yer almır. Bununla belə, bu, oxucu
üçün mətnin özünün dil xüsusiyyətləri
ilə lap başlanğıcdan ortada dayanır.
***
Elçinin
XXI əsrin fenomenal nəsr nümunəsi hesab etdiyimiz
"Baş" romanının üslubu burada nəinki
özünəməxsus janr tipi kimi, həm də bədii
formanın vahidliyi, tamlığı, bütövlüyü
kimi, üslub kanonu (kanonlaşmada əsərin predmeti ilə
ondan öncəki əlaqələrin qurulması, dili və
janrı nəzərdə tutulur ki, bu da Azərbaycan, eyni
zamanda dünya ədəbiyyatının bəzi nümunələrinin
üslubuna təsir göstərə bilmək gücünə
malikdir) Elçin yaradıcılığının
xüsusi üslubu olaraq diqqəti cəlb edir.
"Baş" romanında üslub həm də əsərin
predmet məzmununa nisbi olaraq ifadə forması kimi, funksional
şəkilli dil üslubu, fərdi üslub (məhz
özünün üslubu olaraq), həm də digər tərəfdən,
üslubüstü, postrealist, modernist və postmodernist ədəbiyyat
üslubu, abstraksionizm üslubu, absurd üslubu və s. bunlar
bu və ya digər şəkildə Elçin
yaradıcılığında yer almaqdadır. Bizə belə gəlir ki, "Baş"
romanında Elçin XIX əsrin birinci yarısı mərhələsinin
üslubunu yaratmağa da cəhd etmişdir. Belə
yanaşma, heç şübhəsiz ki, həm də müəyyən
mənada XIX əsr realizminin individual üslubunu yaratma istəyi,
yazıçının müəyyən bədii priyomlardan,
onların cəmindən istifadə etmə sistemi kimi ortaya
çıxsa da, "Baş" romanında yer almış
üslub Azərbaycan ədəbiyyatının XIX əsr
dövrünü yaratmaq baxımından tamamilə fərqli
yanaşma kimi nəzərdən keçirilməlidir.
***
Elçin yaradıcılığının geniş
dünya arenasına çıxması da erkən baş
vermişdir. Nümunə üçün deyək ki, 1978-ci ildə
onun Moskvadakı "Sovetski pisatel" nəşriyyatında
"Glğçin. Serebristıy
furqon" adı altında hekayə və povestləri Azərbaycan
dilindən ruscaya avtorizə olunmuş tərcümə
möhürü ilə rusdilli auditoriyaya təqdim
olunmuşdur.
Elçinin
əsərlərinin rus tərcümələrindən bəhs
etdikdə, heç şübhəsiz ki, 2003-cü ildə
Moskvadakı "Avvallon" nəşriyyatında
"Smertelğnıy priqovor" adı altında "Mahmud və
Məryəm", "Ağ dəvə" və
"Ölüm hökmü" romanları Vladimir Portnov və
Tatyana İvanovanın tərcüməsində rus
oxucularının ixtiyarına verilməsini də qeyd etməliyik.
Bu romanların rus dilində təqdimatına nəzər
yetirərkən biz Elçin yaradıcılığı
üçün aparıcı olan milli kolorit və yerli
koloritin orijinala uyğun olaraq saxlanıldığının
şahidi oluruq. V.Q.Belinskinin söylədiyi
kimi, "əsər bədii baxımdan nə qədər
yüksək səviyyəli olarsa, onun milliliyi əks etdirməsi
də o qədər yüksək olar" fikri burada olduqca
yerinə düşür. Bununla belə,
bu əsərlərin orijinalla tutuşdurulub, müqayisəli
şəkildə araşdırılması da öz növbəsini
gözləyən məsələlərdəndir.
2017-ci ildə Elçinin Daşkənddəki "Qlobal
Books" nəşriyyatı tərəfindən nəfis
poliqrafiyada buraxılmış "Glçin. Tanlanqan
asarlar. İkki jildlik", "Birinçi
jild. Kissa va xikoəlar";
"İkinçi jild. Romanlar. Maxmud
va Marəm. Ok tuə" əsərləri
Azərbaycan dilindən özbəkcəyə
çoxsaylı bədii nümunələr çevirmiş
Ocman Kuçkarın tərcüməsində təqdim
edilmişdir.
***
Elçin
barədə söz açdıqda onun elmi-nəzəri
yaradıcılığı da bəhs etdiyimiz bu polifonik,
çeşidli təfəkkür sahibinin fəaliyyətinin
xüsusi tərkib hissəsi kimi maraqlıdır: "Tənqid
və ədəbiyyatşünaslığın problemləri",
"Klassiklər və müasirlər", "Ədəbiyyatımızın
yaradıcılıq problemləri", "Tənqid və nəsr",
"Ədəbi düşüncələr", "Azərbaycan
ədəbi tənqidinin və ədəbi prosesinin problemləri".
"Klassik aşıq poeziyasında dünya obrazı",
"Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti",
"Şəxsiyyət və istedad (Cəfər
Cabbarlı)", "Cəfər Cabbarlı",
"Sosrealizm bizə nə verdi", XIX əsr ədəbiyyatına
fərdi baxış sərgiləyən "Aqoniya", yoxsa
təkamül?" və s. kimi monoqrafik
araşdırmaları və məqalələri, Moskva
jurnallarında və müxtəlif dərgilərdə dərc
edilmiş ədəbiyyat problemləri ilə bağlı
düşüncələri Elçini orijinal və novator ədəbiyyatşünaslar
sırasına qoymuşdur.
***
Elçinin bədii və dram
yaradıcılığı, ədəbi tənqid və ədəbiyyatşünaslıq,
estetika və kulturoloji məsələlərə
baxışı bədii sənət sahəsini və estetik
düşüncəmizi zənginləşdirən sənət
nümunələridir. Eyni zamanda onun
yaradıcılığı keçmiş SSRİ-nin ədəbi
həyatında da yetərincə aparıcı rol
oynamış, bu rol bu gün də postsovet məkanında
eyni vüsətə və gücə malik olmaqdadır.
Bir məsələ də xüsusi olaraq qeyd
edilməlidir ki, 60-cı illərin lap əvvəllərindən
başlayaraq, Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığının,
ədəbi tənqidinin, bir qədər sonra
dramaturgiyasının və teatrının dinamikasını
Elçinin bədii yaradıcılığa, sənətə
və sənətkara adekvat baxışını onu nəzəri
düşüncəsindən kənarda təsəvvür etmək
də sənət məsələlərinin dəyərləndirilməsində
yarımçılıq yarada bilərdi.
Elçinin
əhatəli və dərin ədəbiyyatşünaslıq
təfəkkürü və zəngin tənqidçilik səriştəsi
onu nəinki Azərbaycanda, həm də digər Sovet
respublikaları və o vaxtkı mərkəzi mətbuatda,
Moskvada nəşr olunan "Literaturnaya qazeta",
"Voprosı literaturı", "Literaturnoye obozreniye",
"Drujba narodov" və s. kimi dərgilərdə yer
almış analitik və polemik məqalələri geniş
çevrədə məşhurlaşdırmışdı.
Sovet ideoloji-siyasi sistemi nə qədər qapalı olub, zəngin
düşüncə tərzinə tendensioz mövqedən
yanaşıb, məhəl qoymasa da, Elçinin həmin
dövrlərdə "Drujba narodov" jurnalında nəşr
etdirdiyi "Ədəbiyyatda əyalətçiliyə
qarşı" məqaləsindəki ayıq-sayıq
mülahizələri, müəllifin müstəqil
düşüncə tərzini gənc yaşlarından
nümayiş etdirmişdir. Elçin
çağdaş Azərbaycan nəsrinin canlı klassiki
olaraq özünə sağlığında abidə
ucaltmış sənətkar kimi gələcək nəsillərin
də müasiri kimi oxunacaqdır.
Nizami Məmmədov Tağısoy
Professor, ədəbiyyatşünas-tənqidçi
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2023.- 20 may.- S.27.