28 may - Azərbaycanda Müstəqillik
günü,
Atatürkün
Türkiyəni qurtuluş savaşına
səslədiyi
gün, Türkiyədə prezident seçkiləri və
Bülənt Ecevitin
doğum günü
Səksən
milyonluq Türkiyədə Azərbaycan kökənli Sinan
Oğan Prezident seçkilərinə qatıldı və
"Türk Milliyyətçiliyi və
Atatürkçülüyü ölkənin ana gündəmlərindən
birisi halına gətirdik" - deyə seçkinin sonuna
Türkiyənin ən önəmli ismlərindən biri olaraq
gəldi... İlk baxışda belə bir
sual doğur: Atatürkün ölkəsində
Atatürkçü zehniyyət siyasi həyatın mərkəzində
deyildimi? Mərkəzindəydisə, bəs niyə
səksən milyonluq Türkiyədə heç kəs Sinan
Oğanın dediklərini təshih etmədi? Deməli, hamı razılaşdı ki, Türkiyədə
Atatürkçü zehniyyəti siyasi həyatın mərkəzinə
Azərbaycan kökənli bir siyasətçi
daşıyır. Elə isə problem nədədir?
Niyə Atatürkün qurduğu Cümhuriyyət
Xalq Partiyası günümüzdə Atatürkün
ideallarını təmsil edə bilməyib? Təbii ki, təmsil etsəydi, fəaliyyəti boyu
Atatürk ilkələrini rəhbər tutsaydı, türk
dövlətçiliyinin fiziki və mənəvi
yapısını təşkil edən bütün milliyyətçilər
Atatürkçü bir CHP-yə səs verərdi. Məsələ
burasındadır ki, Atatürkdən sonra bu təmayül təkcə
Mustafa Kamalın ucaltdığı türk
bayrağını qucaqlamış Boz Qurd heykəllərinin
yıxılmasına rəvac verməsiylə yadda qalmır,
eyni zamanda Atatürkdən sonra, 1938-dən 1950-ci illərin
sonuna qədər Türkiyədə, Arif Nihat Asya demişkən,
coğrafiyamızın dışında qalmış
irqdaşlarımızdan söz açanı irqçi,
torpaqlarımızdan söz açanı turançı,
dindaşlarımızdan söz açanı geriçi
adlandırdıqları böyük bir zaman kəsimi var. 1944-cü
ildə Türkiyəmizdə də Stalin metodu ilə
"Turançı-İrqçi blokun" ifşası,
damğalanması, yarğılanması, həbs edilməsi
dövrü kimi yadda qalıb. Türkiyədə
türkçülüyün simvolları olan Nihal Atsız, Zəki
Vəlidi Toğan, Orhan Şaiq Gökyay kimi işıqlı
simalar "şanlı rəis"in - İsmət
İnönünün zamanında həbsxanalarda cəza
çəkmiş, işgəncələrə məruz
qalmışdılar. Hətta Adilə Ayda "Böylə
idilər yaşarkən" kitabında 1944-cü ilin 19 may
törənini xatırlayaraq: "Tribunadakı yerim
cumhurbaşqanı İsmət İnönüyə olduqca
yaxındı... Çıxışının
yarısına çatdığı zaman içimi dəhşət
bürüdü. Bir türk dövlətinin
başqanı bu sözləri necə söyləyə bilərdi?
Bunların Səbahəddin Ali-Nihal Atsız davası ilə əlaqədar
ola biləcəyi ağlıma belə gəlmədi.
Fəqət başqa bir şey ağlıma gəldi.
Bu çıxışı
İnönünün həyatında əbədiyyən
silinməyəcək bir ləkə olaraq qalacaq". Deməli, problem siyasi təsisatda - CHP-də deyil.
Bu gün CHP-nin başında gerçək
Atatürkçü Bülənt Ecevit kimi bir başkan
olsaydı, nəinki Sinan Oğanın sözlərini təshih
etmək lazım gələrdi, heç Sinan Oğan o
sözü deməyə cəsarət etməzdi... Çünki Ecevit Atatürkdən sonra ilk CHP lideri
idi ki, Türkiyənin türkcəsinə yönəldilməsini
istəyən baş ideoloq və dövlət xadimi
olmuşdu. 1974-cü ildə Kıprısa ordu
çıxarıb zəfər çalmağı bacaran,
Kıprıs fatehi kimi tarixə keçən, Başbakan
olduğu dönəmdə isə əlləri türk
qanına batmış Öcalanı türk ədalət məhkəməsinə
təhvil verən Bülənt Ecevit kimi bir partiya
başkanını kim sevməz?..
Qəzetimiz mayın 27-də çap olunacaq və ertəsi
gün Azərbaycan Müstəqillik gününü bayram edəcək. Azərbaycan Cümhuriyyətinin
105 illiyi tamam olacaq... Türkiyədə isə həmin
gün Prezident seçkilərinin ikinci turu keçiriləcək...
Təbii ki, bizim həssasiyyətimiz Qarabağla
bağlı vəfa borcumuzdan dolayıdır. Türkiyə
Ərdoğana səs verməklə həm Turan yolunun
açılmasını sürətləndirəcək, həm
də təkcə Azərbaycanın deyil, bütün türk
aləminin Qarabağdakı mövqelərini möhkəmləndirmiş
olacaq... O ki qaldı Türkiyədəki bu seçkilərdə
gündəmə gələn Azərbaycansız ipək
yoluna... Kılıçdaroğlunun əlindəki natamam xəritəyə
rəğmən, yaddaşımızda 1000 il əvvəl
İbn Hövqəlin cızdığı və bizim
üçün çox əziz olan bir xəritə var.
İbn Hövqəl min il əvvəl Həmədandan Dərbəndə
qədər, Ermənistan da daxil olmaqla, bütün əraziləri
"Azərbaycan xəritəsi" adı ilə təqdim
etmişdi. İpək yolu, Elxanilərin
zamanında da, Səlcuqluların dövründə də
İrandan deyil, Azərbaycandan keçirdi. Tarixən
İran deyil, tarixçi Hellin dediyi kimi, xüsusən Elxanilər
dövründə Azərbaycan ərazisi millətlərarası
iş birliyinə səhnə olmuşdu. Hələ
üstəlik, o zamanlarda nəinki Təbrizsiz, eləcə də
Dərbəndsiz ipək yolu olardımı? Əli bəy Hüseynzadə demişkən,
"Qafqaziya Asiya ilə Avropa arasında əzim bir bərzəx,
cəsim bir körpüdür. Qədimdən
bütün cahanın qapısı bu körpü üzərində
idi, o qapının adı ərəblərcə babül-əbvab,
yəni "qapılar qapısı" idi ki, bugünkü Dərbənddən
ibarətdir. Bu gün Qafqazın bu
qapılar qapısından belə mühüm daha iki
qapısı vardır ki, birinin adı Bakı, digərinin
adı Batumdur. Qədim atəşpərəstlərin
qibləgahı, cədid petrolçu zərpərəstlərin
səcdəgahı olan şu Bakı bütün Avropanın
Asiyaya olan qapılarından biridir." Belə
bir qapıdan keçən ipək yolunu Kılıcdaroğlu
görəsən niyə təsəvvür edə bilmir?
Amma onun seçkilərdəki rəqibi Ərdoğan bunu dəmir
ipək yolu adı ilə gerçəkləşdirməkdədir...
Bu, həm də bilavasitə Azərbaycandan keçməklə
Avropanı Asiya ilə bağlayan dəmir ipək yoludur...
Mayın 28-də Türkiyədə prezident seçkilərinin
ikinci turu, burda isə Azərbaycan Cümhuriyyətinin
quruluşunun 105 illiyidir. Bu sayımızda Cümhuriyyətimizin Azərbaycan
adlandırılmasının səbəbləri ilə
bağlı Nəsiman Yaqublunun dəyərli bir
yazısını dərc edirik. Maraqla
oxunacağına şübhə etmədiyimiz həmin
yazıda unudulan bəzi məqamlar var ki, bu da Azərbaycanla
bağlı Əli bəy Hüseynzadənin fikirləri ilə
əlaqədardır. Bəzi müəlliflərin
haqsız iddiasına görə, guya Əli bəy
Hüseynzadə üçün 1918-ci ilə qədər Azərbaycan
problemi olmayıb. Olmayıbsa, bəs
1906-cı ildə yazılmış aşağıdakı sətirlər
kimin qələmindən çıxıb? Əli bəy
Hüseynzadə səhvən tatar adlandırılan
qövmün məskənlərini, başqa sözlə xəritəsini
cızaraq "Qafqaziyanın qonşu xalqlar tərəfindən
səhvən tatar təsmiyə olunan türkləri... Qafqaz sıra dağlarının cənub səmtində
sakin Azərbaycan türkləri ki, şirvanlı,
bakılı, qarabağlı, gəncəli, irəvanlı və
sairədən ibarətdir. İranın
şimal-qərbindəki sakinləri də bunlardandır"
- deyirdi. Beləcə, 1918-ci ildə
yaranmış Azərbaycan Cümhuriyyətinin adı
çoxdan siyasi leksikona daxil olmuşdu, hətta 1917-ci ildə
Cəlil Məmmədquluzadə "Azərbaycan" məqaləsini
yazmışdı. Və Əli bəy
Hüseynzadənin 1906-cı ildə, Mirzə Cəlilin isə
1917-ci ildə təqdim etdikləri Azərbaycan bütöv Azərbaycan
idi. Siyasi müstəvidə çoxdan
ikiyə bölünsə də o, ədəbiyyatda, ictimai
düşüncədə bütöv qalmışdı.
Elə Hüseynzadənin də nişan
verdiyi coğrafiya bütöv Azərbaycanın xəritəsini
ehtiva edirdi. Hələ üstəlik, Əli bəy
Hüseynzadəyə görə, "İştə,
görünür ki, Qafqaz hürriyyət aləminin tarixində
mühüm rollar oynayacaqdır. Bu
rolların da ən böyüyü Qafqaz və Azərbaycan
türklərinə aiddir. Buralarını
anlamalıyız da, ona görə
hazırlanmalıyız!" Göründüyü
kimi, söhbət istiqlala, azadlığa hazırlanmaqdan
gedirdi və Hüseynzadə 1906-cı ildə bunu
açıq mətnlə ifadə edirdi.
Hüseynzadədən
daha əvvəl, hələ 1869-cu ildə rus tarixçisi
P.Butkov Sankt Peterburqda çap olunmuş “Материалы для
новой истории Кавказа сь 1722 по 1803 годь” kitabının xüsusən,
Qarabağ və Şuşa barədə olan səhifələrində
faktiki olaraq, Azərbaycandan, Azərbaycan xanlıqlarından bəhs
edirdi... Daha əvvəl, XVII yüzilin
ortalarında Övliya Çələbi "Səyahətnamə"sində
Qarabağı "kiçik Azərbaycan"
adlandırırdı.
...Azərbaycan
muxtariyyəti ideyasının gündəmə gətirliməsi
də 1917-ci ilə aid məsələ deyil. Hüseynzadə
1906-cı ildə "Həyat" qəzetində dərc
etdiyi "Bakı vilayəti məbusları" məqaləsində
Rusiya Dövlət Dumasına vəkil seçilən Əlimərdan
bəy Topçubaşova, Əsədulla bəy Muradxanova, Məhəmməd
Tağı Əliyevə səslənirdi: "Ey məbuslar! Millətimiz
bütün ümidlərini indi sizə
bağlamışdır... Biz insanız: Hər şeydən əvvəl...
insanlıq hüququnu müdafiə ediniz. Məzlum
olan sinifləri zalım siniflərin təcavüzündən
azad etməyə çalışınız, tam müsavat, bərabərlik
istəyiniz. Yersiz-yurdsuz əkinçilərimizə,
kəndlilərimizə yer, torpaq tələb edin, fəqirlərin,
kasıbların həyat şəraitini təshihə
çalışınız. Biz qafqazlıyız: Qafqaz əhlinin
özünü sərbəst idarə etməsinə
özü baxa bilmək üçün lazım gələn
muxtariyyət tələb ediniz. Biz müsəlmanız: Binaənəleyh
öz dini əqidəmizdə vicdan azadlığımız
üçün hər nə lazımsa onu istəyiniz, onu tələb
ediniz. Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə
mane olan hər növ sədlərin, divarların
yıxılmasına qeyrət ediniz!.."
Azərbaycanın məfkurəvi-siyasi əxlaqının
ideya və hərəkat şəklində təzahürü
Əli bəy Hüseynzadənin bu sözlərindən və
tələblərindən sonra gerçəkləşməyibmi?
Hüseynzadənin siyasi və milli-ideoloji xəttini
bütün çılpaqlığı ilə ifadə edən
bu mövqeyi sonrakı mərhələdə də milli
özünütəsdiqin və Azərbaycan istiqlal
savaşının ən işıqlı yollarını nişan verməyibmi? Milli
müstəqillik ideyasının ilk rüşeymi kimi
görünən müxtariyyət tələbi, ərazi və
torpaq istəyi, azadlıq fəlsəfəsi Əli bəy
Hüseynzadənin siyasi qayəsi və hürriyyət konsepsiyası
şəklində təzahür etməyibmi?
Yenidən seçkilərə qayıtmaq istəyirəm. Türkiyədə
keçirilən ilk prezident seçkisidir ki, Azərbaycan məsələyə
bu qədər yaxından təmas edir...
2017-ci ildə İstanbulda Milli Birlik ve Beraberlik
simpoziumunda çıxışım zamanı
(https://www.youtube.com/watch?v=raGGtR8BXbA) türk düşüncəsində
Azərbaycanın yeri məsələsinə toxunarkən,
"Bayraq" şairi Arif Nihat Asyadan və Nihal Atsızdan da
örnək vermişdim. Asyanın "Dilimizin qaynağı Türküstan və
Azərbaycan torpaqlarıdır... Gələnəklərimizin,
görənəklərimizin qaynağı Türküstan və
Azərbaycandır" sözləri salondakılar
üçün yeni olmuşdu və ardıyca Nihal
Atsızın 1975-ci ildə yazdığı bu sözlərini
xatırlatmışdım: "Azərbaycan Türkiyəni
quran türklərin ilk yığınaq bölgəsiydi. Anadolu, İraq və Suriya buradan irəliləməklə
ələ keçirilmişdi. On
üçüncü yüzildə Xorasandan Akdənizə qədər
uzanmış Böyük Türkiyəni idarə edən
İlhanlıların mərkəzi bölgəsi Azərbaycandı.
Yəni, bir baxıma Türkiyə bu gün qədim
paytaxtını qeyb etmiş bir dövlət kimidir. Qüzeyi rus, güneyi əcəm əlində
qalmış olan Azərbaycan bu gün də türkdür.
Batı türklərinin bir
bölümüdür. Qırğınla,
kültürlə və hiyləylə yox edilmək istənməsinə
rəğmən böyük bir diriliklə dirənməkdə
və güclənməkdədir... Böyük
keçmişi və mədəniyyəti olan böyük
millətlər necə olsa zincirlərini qırarlar. O
gün umulmaz dərəcədə yaxın da ola
bilər. İstək və inanc hər
güclüyü devirir. İnanalım və
bəkləyəlim".
İndi
Türkiyədəki seçkilərə bir az
da romantik kontekstdə Azərbaycanın belə ilginc və
isti münasibəti, Nihal Atsız demişkən, həmin qədim
paytaxtın münasibətidir. Ən əsası
isə məsələnin mənəvi tərəfidir.
Bunu isə Niyazi Yıldırım Gəncosmanoğlu dəqiq
təfsir edib: "Ta ezelden hür milletiz, Soyu-sopu gür
milletiz, Kandan, candan bir milletiz, Bir temel, bir duvar, bir taş Alevi, Sünni, Kızılbaş..."
Bu, Anadolu ilə Azərbaycanı bütün məsələlərdə
birləşdirən ən qırılmaz xətdir. Bizi
siyasi coğrafiyalar ayıra bilməz: Səlcuqluların
Malazgirddəki zəfəri Anadolunun qapılarını
türklərin üzünə açdığı kimi, Azərbaycanın
qapılarını da Bizansın üzünə
ömürlük bağlayıb... Hətta səlcuqlulardan
sonrakı dönəmdə, yəni Səlim və Xətai
dövründə də birliyimizi sona qədər qoruyub
saxlayan, Atatürkə "Azərbaycanın kədəri kədərimiz,
sevinci sevincimizdir" dedirdən, Heydər Əliyev vasitəsilə
"Bir millət iki dövlət" düşüncəsini
çağdaş siyasi düşüncəyə dövr
etdirən də həmin inanc xətti oldu...
Tarixlər
bir nöqtədə - mayın 28-də birləşdi...
İki
gün sonra Azərbaycanda Müstəqillik günü qeyd
olunacaq, Azərbaycan Cümhuriyyətinin 105 illiyi... Türkiyədə
isə Prezident seçkilərinin ikinci turu keçiriləcək...
Başqa bir 28 may da var. Türkiyənin xilasına səsləyən
Havza Genelgesinin yazıldığı günü nəzərdə
tuturam. Atatürk 1919-cu ilin 28 mayında ilk dəfəydi ki, həmin
təmimnamə ilə, yəni yazılı təlimatla (genelgə
ilə) türk millətinə səslənir, türkləri
ayağa qalxmağa, yunan, fransız, italyan işğalına
qarşı dirəniş göstərməyə, mitinqlər
keçirməyə çağırırdı. Və 1919-cu ilin 28 mayından etibarən, yəni həmin
gənəlgənin yazılmasıyla başlayan böyük
mücadilənin və savaşın sonunda 1923-cü ildə
Türkiyə cümhuriyyəti quruldu.
Mən Azərbaycansız İpək Yolu xəritəsi
ilə həyatının idealını anladan siyasətçiyə
deyil, Azərbaycanda zəfər paradına qatılan
Ərdoğana güvənirəm. Dünya siyasətinin
çağdaş durumu, təqiyyəni sevmir. Sözünü və sevgini ürəyində gizlətməyəcəksən,
hər şey açıq-aydın ortada olacaqdır. Azərbaycan kökənli Sinan Oğanın
Ərdoğanın xeyrinə dönüş etməsi orada
necə görünür bilmirəm, amma Azərbaycan
baxımından bu, qürurvericidir. Doğrudur,
belə bir dönüş Sinan Oğana asan başa gəlmədi.
Amma Oğan haqlıydı. Ən
azı, vəfa borcu baxımından o, bir Azərbaycan əsilli
türk olaraq belə davranmalıydı. Digər tərəfdən,
ortada iki amil vardır: Azərbaycanın haqq savaşında
ilk Türkiyə prezidenti oldu ki, Ərdoğan dünyada Azərbaycanın
maraqlarını qeyd-şərtsiz önə çəkdi. Tarixdə ilk Türkiyə prezidenti oldu ki, Türkcə
danışan Ölkələr Birliyi anlayışını
Türk Dövlətləri Təşkilatına
dönüşdürə bildi.
Mayın 28-i həm də əski CHP lideri və əski
Başbakan Bülənt Ecevitin doğum günüdür. "Soyunmuş seslerimiz
tenden / boşlukta bir aşk örüyor" kimi həssas və
estet misralar nə xoş ki, şair olan bir başbakanın -
Bülənt Ecevitin qələmindən çıxıb... Biz Eceviti siyasətçi olaraq sevmişik.
Kıprısın fəthindən, əlləri türk
qanına bulaşmış Öcalanın zərərsizləşdirilməsinə
qədər... Ecevit "adam kimi bir
adam" ömrü yaşadı. İki oğlu PKK tərəfindən
şəhid edilmiş ana "Nəvələrimdən birinin
adı Büləntdir, digəri Ecevit" deyə ona
sayqısını ifadə etmişdi... Görəsən,
Türkiyədə Öcalan aşiqi yaşıl solların
Ecevitə münasibəti necədir?
***
2008-ci ildə
Ecevitin Kiplinqdən (ingiliscədən Türkcəyə)
çevirdiyi "Adam gibi bir adam"
adlı şeiri Bülənd Ecevitin - tərcüməçinin
üslubunu qorumağa çalışaraq Azərbaycan
türkcəsinə uyğunlaşdıranda
düşünürdüm: Bir Baş Bakan necə olur ki, bu qədər
şaircəsinə yaşaya və bu dərəcədə həssas
düşünə bilir?
Türkiyədəki seçkidə qələbə
Türkiyənin və Azərbaycanın xeyrinə olsun. Atatürkün
Türkiyəsi əbədi yaşasın. Türkiyə Atatürk milliyyətçiliyinə hər
zaman sadiq qalsın.
Seçkidən
sonra isə həyatımızı bu şeirdəki kimi davam
etdirək...
25 may 2023
Adam kimi bir adam
Çevrəndə
hər kəs şaşırsa bunu da səndən bilsə
sən
ağlı başında qala bilərsənsə əgər
hər
kəs sənə şübhə etsə həm şübhəyə
yer buraxıb
həm
özünə güvənə bilsən əgər
gözləyə bilsən usanmadan
yalanla
qarşılıq verməsən yalana
özünü övliya sanmadan
kin
tutmaya bilsən sənə kin tutana
röyalara qapılmadan röya qura bilsən
yolunu
sapdırmadan düşünə bilsən əgər
nə
qazandım deyə sevinib,
nə
yıxıldım deyə acımasan
ikisinə də dəyər verməyə bilsən əgər
söylədiyin doğrunu və gerçəyi əyib bükən hiyləgər
inandıra bilsə safları, dərd etməsən bunu
özünə
ömür verdiyin işlər pozulsa da usanmayıb
yenidən işə başlaya bilsən
töküb ortaya varını yoxunu
bir
püşkdə itirsən belə
itirdiklərin nə idi bunu almadan dilinə
yenidən başlasan yoluna
ürəyinə, sinirinə "dayan" deyərək
dirənişindən başqa bir şeyin qalmasa
hər
kəsin yarıda qoyub da dönüb getdiyi nöqtədə
sən
duruş gətirə bilsən tək başına
hər
kəslə qalxıb-enib yenə də ərdəmli qala bilsən
unutmaya
bilsən xalqı, krallarla gəzsən də
dost da,
düşmən də incidə bilməzsə səni
nə
kiçildib, nə də böyütməsən çevrəni
hər
saatın hər dəqiqəsinə
əməyini qatarsan alın tərinə
haqcasına bölüşsən vicdanındakı ədaləti
Hər
şeyilə dünya önünə sərilər
qorxduğun yerdə əl öpməz
hökmran olduğun yerdə əzməsən
oğlum
adam oldun demək
üstəlik adam kimi bir adam.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.2-3.