Adı soyadını eşidən şair – Qulu Ağsəs

 

(Əvvəli var)

 

Universum axtarışında

 

Qulu Ağsəsin poeziyasında həyat və insan haqqında düşüncələrin mənbəyi İlahiyə bağlıdır. İnsan və Tanrı, günah və xilas, şübhə və səbir, şükranlıq  onun yaradıcılığının  təməl mövzularındandır.  Kainatın sirlərinə cavab axtarışına yönəli fəlsəfi məzmunu,  simvollarla zəngin  metaforik üslubu ilə fərqlənən yaradıcılığı çox geniş mifopoetik düşüncə sahəsi, obrazyaratma xüsusiyyətəri ilə ədəbiyyata  və ədəbiyyatşünaslıq elminə (tədqiqat obyekti kimi) böyük töhfədir.

Şairin bir çox şeirlərində Yer üzü, yaşadığımız məkan əbədi zamanla ölçülür.  Sözünün vardığı məkanlarda Tanrı  ilə görüşəndə sözü boyda susar  şair. Tanrını görə bilmək məqamında özünə yetişən abiddir, arifdir Qulu Ağsəs. Hamımızın yerinə susur bəzən – bizi sözə dəvət etmək üçün. “Sənsən hər yer...  şeirində  o, Tanrı ilə cənnətdə görüşə tələsir:

 

 Gedib tövbə eləməyə

 

           mənə  yer ver, İlahi,

 

Elə yer ki, baxım görüm

 

          Sənsən hər yer, İlahi!

 

Günahımı nəylə desən,

 

          razıyam, yuyum orda,

 

          Əgər gücün çatsa, məni

 

          özündən doyur orda...

 

Qulu Ağsəs  söz söyləmir, divanə bülbüllər kimi nəğmə deyir. “Quş budaqda oxuyur, / şair varaqda” (“Bunu ancaq sənə danışıram”)  anladır bəzən ən doğma insanına,  bəzən də susaraq peyğəmbər səbrində hər şeyi ifadə edir.  Gözü deyil, “dizi yol çəkən”, “dizini yol çəkən” şair  dünyanın yükünü çəkib bir sahilə çıxarmağa səssiz umid edir  başqa bir şeirində (“Dünya zəhər kimi”):

 

          Bu yolun düzü olmaz,

 

Əyrisi, düzü olmaz.

 

          İçiynən danışanın

 

Deməyə sözü olmaz.

 

 Bu yol sonsuzluğun, Allahın, Varlığın mənasına qovuşmağın yoludur.   Göydən  gələn bərəkəti, lütfü görüb dəyərləndirməyən  insanların olduğu yerdə durmaq istəmir lirik qəhrəman, Yaradanın dərgahına üz tutur, öz taleyini  Onun xilaskar əlinə etibar edir:

 

              ...Çıxmaq istəyirəm üzü qüruba –

 

            apar dərgahına məni, Yaradan,

 

            kimsəni yarıdammadım,

 

           bəlkə, Səni yarıdam...

 

          Tanrı dünyanı və insanı gözəl yaratmış tək və əsl Şairdir. Şair də yaradandır, öz poetik yaradıcılığında yeni aləmlər yaradır. Həqiqi şair,  sadəcə, yazan deyil, o BÖYÜK ŞAİRin yazdıqlarını  oxuyandır.

Rasional düşüncəyə malik  insanlar şairlərə və  onların poetik baxışlarına, təcrübəsinə duyarsız yanaşır, poeziyanı reallıqdan uzaq, fantasmaqoriya adlandırırlar. Blok Puşkinə həsr olunmuş ”Şairin taleyi” adlı məruzəsində ”Şair kimdir? – deyə soruşurdu.  Nəzmlə yazan insanmı? Yox, əlbəttə. O  ona görə şair adlanmır ki, nəzmlə yazır; o, sözləri nəzmə çəkir, yəni sözləri və səsləri  bir ahəngə gətirir, çünki o,   ahəngdən doğulmuşdur. Ahəng nədir? Ahəng dünya güclərinin, həyatın nizamıdır.  İntizamsızlığın   xaosun əksinə olaraq, nizam kosmosdur”.

          Qulu Ağsəs yaratdığı  əsərlərdə  özünü sonsuz makrokosmun  bir parçası kimi dərk edərək yaradılışın haradan gəlib, hara getdiyi, görünən dünyanın hansı qüvvələrin, ünsürlərin amansız  mübarizəsindən  yarandığı haqda düşünür, öz duyğularını kosmik varlığın təzahürü kimi  qəbul  edir. Ay, günəş, ulduzlar, buludlar, külək, yer, göy, gecə, səhər, quşlar, ağaclar, dağ, meşə, çay və s. zahiri təbiət mənzərələri şairin qəlbində və poetik düşüncəsində canlı obraza çevrilir.  “Bir yol yatağından qalxmayan bu çay”, “Çətirim səma”, “Bura bir dağ döşüdür... hər tərəf duman, çiskin”, “Görsən ki qaranlıq çökür aləmə”, “Ay yupyumruydu axı”  və s. şeirlərində insan  dolayısı ilə Tanrının ilahi təzahürü  olan təbiətin ayrılmaz hissəsi kimi təqdim olunur, təbiətsə insanı düşündürən sualların cavabını özündə gizlədən ilahi nəsnə kimi dəyərləndirilir.    

İlin fəsillərinin, gecə ilə gündüzün, qaranlıq və işığın, inam və şübhənin bir-birini əvəz etməsi xaos və kosmosun,  xaos  dünya nizamının qarşılıqlı əlaqəsini, dialektikasını ifadə edir.  “Haradı dünyanın / əvvəli, axırı?!”, “Nə çəkir göylərə,/ nə çəkir?!/ – Adamı boynundan ip təki...” və ya  Mən –  ölümlə həyatın arasından keçirəm, / düz yolda olsam da”, “Mat qalmışam arasında /cəhənnəmlə cənnətin” və s. bu kimi sonsuz suallar və düşüncələr iki əks qütbün arasında döyünən şair  qəlbinin dünyanın pozulmuş düzənini bərpa etmək istəyindən xəbər verir  – onun  şeirlərində insan hissləri kosmik nizamın səviyyəsinə uyğunlaşır.

 

 Bunu ancaq sənə danışıram: bircə balama...

 

           “Bunu ancaq sənə danışıram” şeirində şair övladına dünyanın  dixotomik gerçəkliyini (in-yan fəlsəfəsində olduğu kimi) kişi-qadın, yalan-həqiqət  simvolları üzərindən anladır. Bu zaman o, insanın olacaqlar qarşısında təkliyinin, “kimsəsizlikdən bənzərsizliyin” qaçılmazlığını dilə gətirməkdən çəkinmir. Lakin bu xəbərdarlıq gecə yuxusuna hazırlaşan  kiçik həmsöhbətinin  qəlbinə  qaranlıq,  xaos  daşımamalıdır, əksinə,  şair ona  qaranlığın içində  işıq olmanın dəyərini aşılayır. Buna görə ona son olaraq  gecəni gündüzlə barışdıran, qaranlığın özünü  işıqda  xilas edən  ilahi səxavətdən, sevgidən  danışır:

 

    Gör göy üzü nə qədər qayğıkeşdir,

 

gecənin kürəyinə

 

 ulduzdan piltə qoyur...

 

Xaos yaradan gücləri təmsil edən gecə Qulu Ağsəsin poeziyasında insana həyatın hər anının təkrarsız olduğunu xatırladır. Ona görə insan  Yer üzündə  ülviyyətə dəyər verməli, onu qorumalı və çoxaltmalıdır. Kosmos xaosdan yaranmışdır və geri dönüş yolverilməzdir. İşıq bizi xaosdan qoruyan səddir. Qaranlığın işığa çıxması, gecənin gündüzlə əvəz olunması  dialektikası Qulu Ağsəsin  bir çox  şeirlərində  leksik, semantik və süjet səviyyəsində açıqlanır:  gecənin vaxtı  “sübh azanına” qədərdir (“He-ca”),  “Dan yeri  gecənin göydə od tutan / Bağrıdı” (“Dan yeri...”), “Səhər – körpəsidi doğan Günəşin” (“Görsən ki qaranlıq çökür aləmə”), “Günəş –  müqəvva görünsəydi, / gecəni quş kimi qorxudub uçura... (“Yorulub oturdum”), ”Qış günü soyuqdan ölən ağacın / Yasına mart ayı yarpaq yazdırıb...” (“Bir yol yatağından qalxmayan bu çay”) , “Bu da axır... / bu da xilas.../  “Son gecə... / səhər ertə...” (“Qələt eləyərəm, desəm”) və s.

 

 Poetik an axan zamana qarşı

 

 Əsərlərində dualizmin bu cür ardıcıl şəkildə ifadə olunduğu digər Azərbaycan şairi varmı,  söyləməkdə çətinlik çəkirəm.  Qulu Ağsəsin öz şeirlərini xronoloji olaraq sıralamaması da təsadüfi sayılmaz, çünki  yaşanılan, ifadə olunan  təsvir  predmeti insanın dünyaya münasibətidir. O da özü-özlüyündə  bir qavrama, anlama  mədəniyyətidir.  Ədəbiyyatın predmeti də insanın formalaşması (formalaşdırılması deyil) məsələsidir.  Sonu olub bitən və tükənən insanı uzun bir tarixi zamanın içində qoruyub saxlamaq, onun fanilyini dəf  etmək üçün mədəni yaddaş köməyə gəlir.  Bu zaman mühüm olan hadisələrə baxışdır.

 Qulu Ağsəs yaradıcılığında  həyat mənzərəsi  məkanda  ardıcıllıq qanununa görə deyil,  daxili məna əlaqələrinə görə qurulur. Zaman da  nizami xətt  üzrə deyil,  səbəb-nəticə qanununa tabe olmayan mədəni dəyərlər üzərindən öz üst, metafizik anlamını qazanır. “Bir də baş qoşan deyiləm” şeirində zahirən sadə görünən  süjet xəttinin arxasında Varlığın   bütünlük  qazanması məqamı  təsvir olunur. Gün boyu baş verən bəsit hadisələri bir sıraya düzərək  onları “yuxuya verən” şair, əslində, axıb gedən zamanın nisbiliyni dərk edir  və ona qarşı  mütləq zaman  anlayışını  qoyur, adi zamanı məhv edərək (“verdim getsin yuxuya”),  əbədi  zaman haqda düşünür. O, qəlbini sıxan qapalı tənhalıq çərçivəsini  qırır, başqa aləmlərlə təmas qapılarını açaraq  dünya ilə bütünləşir, vəhdət halına gəlir:

 

          Düşündüm, görən, O neynir,

 

           hardan tapır dincliyi?

 

           Gecə Ona,

 

           gündüz Ona,

 

           saat Ona işləyir!

 

Pəncərəmdə Günəş doğdu –

 

üzünə töküb telin.

 

Olan-qalan ağlımı da

 

           qarışdırdı sübh yeli.

 

           Uzaqda göy guruldadı, qəfil yağış çilədi,

 

           qalxıb fərman imzaladım,

 

           hamını əvf elədim...

 

 “Sevgi bol, dərd də namxuda...” şeirində təzadlı hisslərin, günahların  içindən yol, xilas axtarışı vertikal perspektiv üzərindən həllini tapır, zaman da yerdəki  axarından qopur,  yuxarıdan  gələn zamanla nizamlanır, hadisələrin zahiri axını qəhrəmanın  qəlbinin dərinliyində baş verən metamorfoza  ilə əvəz olunur. Bu, ani olaraq, ilğım şəklində bir  nurlanmadır,  gizlinin və sirr olanın insan daxilindən  zühur etməsidir, insanın özünə qayıdışıdır. Tanrı ilə dua dilində, şükür məqamında söhbət edən şair təslim olmuş ruhun  heyranlığını belə ifadə edir:

 

Ömrü sürürəm hələ ki

 

          Verdiyin gündən yuxarı.

 

          Hərdən qaldırmağım gəlir –

 

(döşənib ayaqlarına)

 

Səni özümdən yuxarı...

 

 “Mən şeytan balanam, Tanrım, / Ölü ver, diri qaytarım!” sözlərində fövqəlbəşərilik ideyası daşıyan qəhrəman sonda kor fələyin əlindən qurtulmaq  üçün müdrikliyə can atır. Bu, xilas məqamı son anda baş verir, lirik qəhrəman Tanrının ayaqlarına döşənərək onun sevgisinə tapındığını və tamamilə xilas olunacağına ümidini ifadə edir (Dostoyevskinin “Cinayət və cəza” romanının epiloqunda  Raskolnikov Sonyanın  ayaqlarına döşənərək  şeytandan qurtulmuş ruhunu eşqlə görüşə gətirir).

 

(ardı var)

 

Kəmalə UMUDOVA

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.25.