O səs indi də yaşayır...
İlyas Əfəndiyevi
xatırlayarkən
Elə sənətkar var ki, bütün
yaradıcılığı boyu nə yazırsa, həyatın
hansı problemlərinə müraciət edirsə, həmişə
öz sənətkar təbiətinə,
yaradıcılığın prinsiplərinə sadiq
qalır. Buna yaradıcılıqda özünəməxsusluq
deyirlər və bu özünəməxsusluq həmin sənətkarı
ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə
imkan vermir. Xalq yazıçısı,
görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz
belə sənətkarlardan idi.
İlyas Əfəndiyev haqqında düşünəndə
bir də quruyub xəzəl olsa belə öz ətrini, rayihəsini
itirməyən, elə bil yenicə dərilən boy
çiçəyini xatırlayırsan. İnsanlar
arasında ən zərif, ən kövrək, ən bakirə
hissləri də həmin boy çiçəyinin ətri ilə
müqayisə eləmək olar. Bir da ona
görə ki, İlyas Əfəndiyevin nəsri və
dramaturgiyası bütünlükdə bu incə hissləri
şairanə bir dillə tərənnüm edir.
Bir anlığa təsəvvür edək ki, XX əsrin
nəsri və dramaturgiyasında İlyas Əfəndiyev
adlı bir şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız
nələr itirərdi? Nəsrimizdə və dramaturgiyamızda
lirik-psixoloji təmayülün, C.Cabbarlıdan sonra yeni və
orijinal teatr məktəbinin adı və ünvanı
itirilmiş olardı.
Bu bir həqiqətdir ki, onun
yaradıcılığı təkcə ədəbiyyat hadisəsi
olub qalmır - bu ədəbiyyatın nəsr və dramaturgiya
kimi iki möhtəşəm sarayının memarlarından
sayılan İ.Əfəndiyev həm də Azərbaycan mənəviyyatının
və mentalitetinin qoruyucularından biridir. Xalqımızın
XX əsrdə keçdiyi böyük tarixi yol - bu yolun
uğurundan, qələbəsindən çox
ağrı-acıları, bu yolu keçən insanların əzab
və sarsıntıları onun
yaradıcılığında bir tarix kimi yaşamaqdadır.
Heç şübhəsiz, indiki və gələcək
nəsillər üçün XX əsr azərbaycanlı
obrazı ilə tanışlıq, bu obrazın mənəvi
dünyasına yol İlyas Əfəndiyevin nəsr və dram
əsərlərindən başlayacaq. Bu bədii
əsərlər bəlkə hər dövrdə
konsepsiyası dəyişən, istiqamətini ideoloji küləklərin
müəyyənləşdirdiyi tarix kitablarından daha qiymətlidir,
etibarlıdır. Tarix dedim, görkəmli tənqidçi
Yaşar Qarayevin sözlərini xatırladım: "Azərbaycan
tarixi barədə klassik sənədlər - yeddi
"Qarabağnamə" var. Bütünlükdə,
İlyas Əfəndiyevin yaradıcılığını mən
səkkizinci "Qarabağnamə" hesab edirəm".
Bu, həqiqətdir. Və doğrudan da,
maddi-coğrafi-mənəvi Qarabağımızı daha dərinliklə
duymaq və sevmək üçün İ.Əfəndiyevin bədii
əsərləri ən etibarlı qaynaqlardan biridir.
İlyas Əfəndiyev ədəbiyyata keçən əsrin
otuzuncu illərinin sonlarında gəlib. Ancaq
böyük sənətə gələnə qədər o,
bir sıra məhrumiyyətlər, zamanın çətin
sınaqları ilə üzləşib. Orta
məktəbi əla qiymətlərlə bitirən, bu
müddət ərzində yalnız müəllimlərin
verdiyi biliklərlə kifayətlənməyən İ.Əfəndiyevin
ən böyük arzusu Bakıya gəlib Pedaqoji İnstitutun ədəbiyyat
şöbəsinə daxil olmaq idi. 1934-cü
ildə o, arzusuna çatır. Özünün
yazdığına görə, "varlı" hesab edildiyi
üçün səs hüququndan məhrum edilmişdi, buna
görə işsiz idi, vaxtilə tikdirdikləri böyük
evlərini əllərindən almışdılar, doqquz nəfərlik
ailəyə isə onların öz evinin ikinci mərtəbəsində
iki balaca otaq vermişdilər...
İlyas Əfəndiyevin yaddaşında möhkəm
iz salan bu hadisələr təbii ki, onun əsərlərində
bu və ya digər dərəcədə öz əksini
tapacaqdı.
İlyas Əfəndiyevin ilk kitabı 1939-cu ildə
çap olunub.
"Kənddən məktublar" adlanan bu
kitabda onun eyni adlı povesti və bir neçə hekayəsi
toplanmışdı. "Kənddən məktublar"ı
onun bütün sonrakı yaradıcılığı
üçün səciyyəvi olan aydın, səlis poetik
dili və üslubu, həyat hadisələrinin real təsviri,
obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb
etdi.
İ.Əfəndiyevin
bu ilk kitabı sükutla qarşılanmadı və o
zamanın gənc tənqidçisi Əkbər Ağayev
"Kənddən məktublar" adlı resenziyasında
("Ədəbiyyat qəzeti", 1940, 11 fevral) ədəbiyyatda
ilk addımlarını atan İ.Əfəndiyev haqqında
yüksək fikirlər söyləmişdi: "İlyas
Əfəndiyev yazıçılığın bütün
əlamətlərinə və xüsusi orijinallığa
malik, ümid verən talantdır".
İ.Əfəndiyev
müharibə illərində "Durna", "Kiçik bir
poema", "Yarımçıq qalmış portret
haqqında mahnı", "Tar", "Apardı sellər
Saranı", "Qəhrəman və bülbülün
nağılı" və s. hekayələrini yazdı,
döyüş səngərlərindən uzaqda yaşayan
insanların mənəvi dünyasını qələmə
aldı, onların daxili aləmindəki
çırpıntıları, hiss və həyəcanları
təsvir hədəfinə çevirdi, necə deyərlər,
müharibə içində görünməz müharibəni
əks etdirdi. İndi bu hekayələri oxuyarkən
qətiyyən onları dövrün "sifarişi" olan
yazılar kimi qəbul eləmirsən. Çünki
həmin hekayələrdə dövr şərtidir, onlarda təsvir
olunan ölməz məhəbbət ideyası, mənəvi qəhrəmanlıq
isə əbədidir.
İ.Əfəndiyevin bir oxucusu və tədqiqatçısı
kimi belə bir məsələ həmişə məni
düşündürüb. O, bir yazıçı kimi qadın
psixologiyasını necə də incəliklə bilirdi, bunu
öz əsərlərində necə də məharətlə
əks etdirirdi. Bu baxımdan heç bir Azərbaycan
yazıçısı onunla müqayisəyə gəlməz!...Adını çəkdiyimiz hekayələrdə
İ.Əfəndiyev insan qəlbinin dramalarını
yaradır. Bu isə o zamankı nəsrimizdə
yeni hadisə idi.
1941-ci ildə yazdığı "Durna" hekayəsini
xatırlayıram. "Durna onu sevirdi. Bu
sevgi yaşıl otlar arası ilə yavaş-yavaş axan, nəcib
duyğular təlqin edən bulaqlara bənzəyirdi. Durnanın yetimlik, yalqızlıq iztirabı ilə
pərvəriş tapmış qəlbi bu sakit sevginin sadə,
mehriban axşamları ilə bəxtiyar idi".
Deməli,
böyük sevgi ilə nəfəs alan, onu həyatının
mənasına və məhvərinə çevirən gənc
qız.. Təzəcə ər
evinə qədəm qoyan bu gənc qadının həyat
yoldaşı müharibəyə gedir. Təbii ki,
intizar, ayrılıq sənələri.. Və
birdən... hisslər tüğyana gəlir, Durna
şüurunu hisslərinə qurban verir və ...iradəsini
itirir...
"Görəsən, Eldar onu
bağışlayacaqmı?"
Yazıçı bu hadisəni o qədər təbii təsvir
edir ki, oxucu, xəyanət edən qadına nifrət eləmir,
yalnız onun halına acıyır. Axı, insan hissləri poladdan, dəmir
parçasından yoğrulmayıb, qüvvətli iradəyə
malik insanlar da var, zəif, hisslərinin əsiri olan insanlar
da...
Təbii ki, hər bir yazıçının
yaradıcılığında zamanın möhürü,
diqtəsi olur, ancaq bunu da unutmayaq ki, bəzən
yazıçı bu diqtədən sərf-nəzər edir,
zamanın diqtəsini ürəyinin hökmüylə əvəz
edir.
Bir daha həmin
o hekayəyə qayıdır və Durnanın etirafları
qarşısında susuram: "Sən məni
bağışladınmı, Eldar! - dedi,
- lakin yox... istəmirəm, mən buna layiq deyiləm... Mən sənin ayrılığın
qarşısında özümü itirdim, iradəm sarsıldı.
Mənə bir yol göstər, Eldar - əgər sən
sağ gəlsən... mən ayaqların dəyən
torpaqları göz yaşlarımla isladaraq üzr istəyəcəyəm.. Əgər... əgər
gəlməsən..."
Çox-çox sonralar da İ.Əfəndiyev hekayə
yaradıcılığını davam etdirdi. İlk hekayələrindəki
təbiiliyi, yığcam bir süjet daxilində maraqlı,
düşündürücü mətləb ifadə etməyi,
ən başlıcası, yaddaqalan obrazlar yaratmaq istəyini
sonrakı hekayələrində də görə bilərik.
"Xəncər", "Görüş", "Su dəyirmanı",
"Yaylaq qonşumuz", "Şəhərdən gələn
ovçu", "Yun şal", "Qırçı və
qızıl çiçək" hekayələri müxtəlif
illərdə yazılıb, ola bilsin, bu hekayələrdə
yazıldığı dövrün ab-havası duyulsun, həmin
dövrün ictimai çaları hiss edilsin, ancaq yenə təkrar
etməyə dəyər ki, İ.Əfəndiyev
mümkün qədər bu şablondan - "dövrün həqiqətlərini
realistcəsinə əks etdirmək" stereotipindən
qaçırdı, o, insan qəlbini, insan mənəviyyatını
əks etdirməyə çalışırdı.
İ.Əfəndiyev ilk romanını bir qədər
gec yazdı, amma bu roman - "Söyüdlü arx" Azərbaycan
nəsrində bir hadisə kimi qiymətləndirildi. 50-ci illərin
sonlarında yazılan bu əsər nəsrimizdə
dönüşün başlandığından xəbər
verirdi. Ölkədə demokratik ab-hava,
ictimai-siyasi atmosferdə mülayimləşmə hiss olunurdu və
heç şübhəsiz, İ.Əfəndiyev yenilikçi
bir yazıçı kimi bunu vaxtında hiss edirdi. O, bu əsərdə
Azərbaycan kəndinin mənəvi problemlərini
işıqlandırdı. O, cəmiyyətin ictimai-siyasi mənzərəsini
deyil, yenə də insan qəlbinin dialektimkasını ön
plana çəkdi. Hörmətli
ədibimiz Mir Cəlal Paşayev o vaxt bu əsər
haqqında yazmışdı: "Söyüdlü arx" həm
manerası, həm də yazı mədəniyyəti etibarilə
çoxlarına oxşamayan, memuar stilində
yazılmış şirin, oxunaqlı bir əsərdir".
Sevgililər qovuşmasalar da, sevgi yaşayır...
İlyas Əfəndiyev nəsrinin ən başlıca məziyyəti
nədədir?
Ədəbiyyatşünaslar bu suala müxtəlif cavablar
vermişlər: biri demiş ki, bu nəsr həyat həqiqətlərinin
real təsviri və inandırıcılığı ilə
şöhrət tapıb, başqa birisi lirika, şeiriyyət,
aydın və səlis üslub yazıçının nəsri
üçün əsas barometrdir, - deyib. Bütün bu
mülahizələrin hamısı poeziyası haqda yazmışdı:
Rəsul Rza poeziyasında qılınc kimi kəskin həqiqətlər
vardır. Onun lirikası tikanlı ağ gülə
bənzəyir". Məncə bu fikri
İ.Əfəndiyevin öz yaradıcılığına da
aid etmək olar. Heç şübhəsiz,
onun obrazları təsvir üsulunda lirika və romantika
üstünlük təşkil edirdi, amma bunlar qətiyyən
həyatın reallıqlarını canlandırmaqdan imtina etməyə
gətirib çıxarmırdı. Yada
salaq "Körpüsalanlar" və "Sarıköynəklə
Valehin nağılı" romanlarını. "Körpüsalanlar"da Səriyyə obrazı
Azərbaycan ədəbiyyatında yeni idi. Yeni olduğu üçün də mübahisə hədəfinə
çevrilmişdi. Milli əxlaqın çoxdan köhnəlmiş,
müasirliklə uyuşmayan cəhətləri... və bir də
mənəviyyatda baş verən, sanki əxlaqa zidd
görünən yeni meyllər.. Ərli
bir qadın birdən-birə imkanlı, qəşəng,
göyçək, vəzifəli ərindən imtina edir və
sadə bir buldozerçiyə qoşulub gedir..
Təbii ki, burada məsələnin "texniki" tərəfi
(hüquqi, dini, nikah tərəfi) etiraz doğurur, onlarla,
yüzlərlə kişini, qadını həyəcana gətirir,
bədii əsər qəhrəmanı Səriyyə
üçün qəzet səhifələrində "məhkəmə"
qurulur, o da, yazıçı da "milli əxlaq"
müstəvisində tənqid hədəfinə
çevrilir. Ancaq nəzərə alınmırdı ki,
insanın qəlbi də var, sevgisi də..
Və təbii ki, qəlbi və sevgisi olduğu
üçün roman qəhrəmanı Səriyyə bir
obraz kimi yaşadı..
İlyas Əfəndiyev mahir roman ustası idi. Təkcə
müasir dövrün həqiqətləri deyil, tarixi
keçmiş də onun bir çox romanlarının
mövzusuna çevrilmişdi ("Geriyə baxma, qoca",
"Üçatılan", "Xan çinar"). İ.Əfəndiyev bu tarixi romanlarında da
müasirlik duyğusuna sadiq qalırdı. Keçmişdə, tarixdə səhv və
yanlış meyllər axtarmırdı. Keçmişi
və tarixi ideallaşdırmaqdan da çəkinirdi. Sadəcə olaraq, bu gün bizi
düşündürən bir çox sualların
cavabını axtarırdı. Onun nəsri
dramatik elementlərlə zəngin olduğu kimi, pyesləri də
nəsrə xas olan dolğun xarakterlərə, kəskin
konfliktlərə, maraqlı süjet xəttinə malikdir.
Həm də dramaturq İlyas Əfəndiyevlə nasir
İlyas Əfəndiyevi eyni sənətkarlıq amalı birləşdirir:
dövrün böyük qəhrəmanını yaratmaq,
zamanın böyük həqiqətlərini sənət dilinə
çevirmək! İ.Əfəndiyev M.F.Axundzadə,
C.Cabbarlı, Ü.Hacıbəyli, H.Cavid kimi ustad dramaturqlardan
sonra ədəbiyyat tariximizdə öz yolu və məktəbi
olan bir sənətkardır. Mərhum və
istedadlı rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin
pyesləri ilə recissura sənətində lirik-psixoloji təmayülü
təsbit edə bildi. Həsənağa Turabov, Şəfiqə
Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev,
Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal kimi sənətçilərimiz
İlyas Əfəndiyevin pyeslərində oynadıqları
rollarla məşhurlaşdılır.
"Bahar
suları", "Sən həmişə mənimləsən",
"Atayevlər ailəsində", "Unuda bilmirəm",
"Məhv olmuş gündəliklər", "Mənim
günahım", "Mahnı dağlarda qaldı",
"Qəribə oğlan", "Natəvan",
"Büllur sarayda", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Şeyx Məhəmməd
Xiyabani"... bu pyeslər keçən əsrin yarım əsri
ərzində dramaturgiyada və teatr aləmində iz salan əsərlərdir.
İlyas Əfəndiyev haqqında bu qeydlərimi
başa çatdıranda onun öz obrazı gözlərim
qabağına gəldi. Yazıçılar Birliyində
keçirilən tədbirlərdə onu bir neçə dəfə
görmüşəm. 90-cı illərin əvvəllərində
isə İlyas müəllimlə hansı qəzet
üçün isə müsahibə də aparmışam.
Çox istiqanlı insan idi. Və bir yazımda belə bir cümlə işlətmişdim
ki, onun səsi də diri idi, insanı cəzb edirdi, bu səsdə
tarixlə bu günün çalarları birləşmişdi.
Son
söz: Altıncı sinifdə oxuyurdum. Bir gün əmim Fərman
mənə İlyas Əfəndiyevin "Söyüdlü
arx" kitabını verdi ki, oxu, kənd
həyatından yazılıb. Mən də oxudum və o
zamanın bir "ədəbiyyat həvəskarı kimi bu əsər
haqqında on-on iki cümlədən ibarət balaca bir "məqalə"
yazdım. Göndərdim "Ədəbiyyat və
incəsənət" qəzetinə. İki
həftədən sonra həmin o yazı qəzetdə dərc
edildi. 1962-ci il idi. O yazıdan sonra mən
ədəbiyyata daha möhkəm bağlandım.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.12.