"Qara
Nabat"ın gözü
(Olmuş əhvalat)
Lap çoxdan, gəncliyimin bığı burma
çağlarında kəndimizə
getmişdim. Kəndimiz Qarayazı meşəsinin
yaxınlığında yerləşirdi.
Kür çayı boyunca uzandıqca uzanan sıx meşədə çinar, palıd, qarağac, söyüd,
tut, vələs və
adlarını unutduğum
neçə-neçə ağac
vardı. Onların yan-yörəsində
bitmiş iydə, zoğal, göyəm, yemişan, zirnik kolları meşəyə
xüsusi yaraşıq
verirdi. Aprel ayının ortaları,
may ayının əvvəllərində meşədə
gəzmək adama çox xoş gəlirdi. Ağacların üstünə qonmuş quşların cəh-cəhi, şən
avazı könül oxşayırdı. Göyərçinlər, bildirçinlər, alabaxtalar,
dolaşalar, sağsağanlar,
torağaylar, leyləklər,
sığırçınlar, anadillər meşənin daimi sakinləri idi. Onların bir ağacdan
uçub başqa ağaca qonaraq oxumaqları, qıy çəkməkləri qulaq
oxşayırdı, xoş
simfoniya təsiri bağışlayırdı. Kənddə
olarkən meşəni
gəzmək, o gözəl
simfoniyanı bir daha dinləmək həvəsinə düşdüm.
Bu həvəsimə ayrı bir səbəb
də vardı. Dayım qızı Şahnabatgil meşədə yaşayırdılar.
Onun əri Sirac meşə gözətçisi
idi. Kənddəki evlərindən köçüb
yaz-yay aylarında meşədə qalırdılar.
Dayım
qızı da, onun əri də
hədsiz dərəcədə
mehriban və qonaqpərvər insanlar idi. Xətrimi də çox
istəyirdilər.
Meşəyə getmək istəyimi yaxın bir qohumuma bildirdim. O, yəhərli-yüyənli
iki at təşkil elədi, bir nəfər bələdçi
ilə məni yola saldı.
Günorta çağı idi. Bu vaxtlar meşədə adətən sakitlik olurdu. Quşların
ağacdan-ağaca uçuşu,
şirin nəğmələri
az eşidilirdi.
Buna baxmayaraq, meşənin dərinliklərinə
getdikcə vəziyyət
dəyişirdi. Quşların uçuşu, ürəyəyatımlı
səsləri artırdı.
Yolu xoş əhvalla başa vurduq. Dayım qızı və əri bizi sevinclə
qarşıladılar, yaxşı
qonaqlıq verdilər.
Axıra
yaxın "Qara Nabat" adlı bir qadın gəldi. O, qonşuluqda
yaşayırdı. Mənimlə
əl tutuşub "oy, bu Vidadi
nə yaxşı oğlan olub, çoxdan - balacalıqda görmüşdüm" - dedi.
Şahnabat him-cimlə yanımı
qaşımağımı işarə etdi. Əhəmiyyət vermədim. Gözdəyməsinə inanmırdım. Elə-belə ara
sözü sayırdım.
Kəndə qayıtmaq zamanı çatanda atları gətirdilər. Yol yoldaşım bir sıçrayışla atının belinə qalxdı. Mən ayağımı yəhərin üzəngisinə qoyan kimi üzəngi qırılıb yerə düşdü. Sirac yeznə üzəngini bağlayıb mənə yəhərin üstünə qalxmağa kömək etdi. Yüyəni atın başından keçirib əlimə verdi. Yüyəni dartıb atı mahmızlamaq istəyəndə yüyən dibdən qırıldı. Sirac yenə onu da düzəltdi. Yola düşdük. Bir az getmişdik ki, yorğa yerişli at birdən büdrədi. Qabaq dizləri üstə aşağı çökdü. Məni üstündən yerə atdı. Sağ qolumun biləyi altımda qalıb bərk burxuldu, ağrısından ayağa qalxa bilmədim. Dayım qızıgil yüyürüb köməyə çatdılar, məni qaldırıb evlərinə apardılar. Şahnabat bacı iki-üç yumurtanın sarısını bir əskiyə yaxıb biləyimi sarıdı. Atlara minib yenidən yola düşdük.
Axşam çağı idi. Meşəyə sərinlik çökmüşdü. Quşlar yuvalarından çıxıb dəstə-dəstə olub havada cövlan edirdilər. Səsləri bir-birinə qarışmışdı. Bəzisi cükküldəyir, bəzisi çığırışır, bəzisi qarıldayır, bir qismi də qıy çəkirdi. Səslər bir-birinə qarışıb qeyri-adi nəğmə kimi qulaq oxşayırdı. Çox heyif ki, mən xoşladığım bu nəğmələri dinləməkdən zövq ala bilmədim. Biləyimin sızıltısı amanımı qırmışdı. Bu ağrı on gündən çox əziyyət verdi. Odur-budur yaman nəzərdən bərk qorxuram. Bir az haqqımda tərif deyiləndə, xoş sözlər söylənəndə "Qara Nabat" yadıma düşür, gizlindən əlimi aparıb yanımı qaşımağa çalışıram. Neyləyim? "Ehtiyatlı igidin anası ağlamaz" - deyib dədələr.
Bu anda ürəyimdən bir vacib dilək də keçdi. Ulu Tanrımız bizə qonşu olan pis niyyətli dövlətlərin şərindən və bəd nəzərindən millətimizi - Odlar yurdu Azərbaycanımızı qorusun! Amin, yenə də Amin!!!
20.05.2023
Vidadi Babanlı
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.13.