Anlamsızlığın anlamı

 

Suallar cavablar

 

Həyat olduqca emosional yazı kimidir.  Bu yazının mənası nədir bəs? Həyatın mənası nədirsə, bu yazının anlamı da o qədər amorfdur. Heç bir mənaya, məzmuna forma qəlibinə sığışmır. Çünki Onu ifadə etməyə çalışır. Tandığım ən dürüst, humanist insanlardan birini. Elmi, akademik yazı deyil, heç fəlsəfi deyil. "Etik" kodu olmayan etik dəyərlər daşıyır. Bertrand Rassel taksi sürücüsünün hekayəsi qədər amorfdur bu yazı. Ən azından Bertrand Rassellə taksi sürücüsü arasında həyatın mənasını axtarmır.

Həyatın mənası nədir? Bu suala cavab vermək yerinə, analiz etməyi seçirəm. Braziliyanın paytaxtı haradır? Qurbağalar rəng olur? Birəbitdən quşları hansı təkamül mərhələlərini keçiblər? Bu suallar necə adi görünürsə, "Həyatın mənası nədir?" sualı da bir o qədər yersizdir, bayağıdır ilk baxışda. Həyatın mənası ilə bağlı suallar varlıqlarla bağlı deyil, daha çox linqvistik hadisədir. Belə olduqda bayağı səslənir. Bir alma, kartof yaxud təzyiqölçən özlüyündə mənasızdır. Söhbət dialoqlarımızda isə mənalanır. Sənət əsərləri yazılarında daha da dərinləşir. Təzyiqölçən bir insanın taleyini, sağlamlığını ya xəstəliyini ifadə edən ədəbi, estetik bir fakt ola bilər, misal üçün. Həyata onu ifadə edən yazılarımızla da məna qazandıra bilərik. Bulutların doğru ya səhv olduğunu demək asan deyil. Tutalım ki, bulutlara doğru ya səhv demək insanla bağlı funksiyaları ifadə etməklə mümkündür.

Həyatın mənası nədir? sualının yerinə başqa bir soruya ehtiyac var. Niyə hər şeyin varlığın yerinə bir şey var? Bunu ədəbiyyat, fəlsəfə elm mənalandıra bilir. Həyata həyat qata bilir, həyəcanlandırır. Teoloqlar dinlərə görə,  yalnız tanrı var qalanı illüziyadır... Çünki tanrı əzəlidir. O, heç bir şeyin yerinə bir şeyin mövcudluq səbəbidir.

O  insan da öz varlığı ilə həyatı mənalandırır. Başqalarının xoş anları ilə xoşbəxt olur, kədəri ilə kədərlənir. İngilis fiilosoflara görə, "Həyatın mənası nədir?" sualına fəlsəfə elm cavab verə bilməz bunu etməsi bir qədər gülüncdür. Ancaq ədəbiyyat sənət bu sualı cavablandıra bilər. Onun ədəbiyyatla bağlı olduqca çılğın fikirləri eyni zamanda soyuqqanlı analizləri ingilis filosoflarını haqlı çıxarır. Ədəbiyyat tarixində şəxsiyyəti bir meyar, etalondur. Siyasi ilğımlar çağında heç vaxt zəmanə adamı olmur. Yazdıqları hər zaman üçün sosioloji, ədəbi, fəlsəfi, intellektual çalarlar ifadə edir. İnsan ləyaqətinin ucalığı onun üçün həyat prinsipidir. Vətən sevgisi maraqlıdır. Bir daşı, kəsəyi, çiçəyi sevmək o sevgini göstərməkdən başlayır vətən sevgisi. Şüarsızdır həyatı etdikləri.

 

 Məna problemi

 

"Həyatın mənası nədir?" sualı çağdaş dövrdə dəyişib. Çünki "Həyatın mənası nədir?" deyil, daha çox "kimdir?" olub. Niyə? Çünki surətpərəstlik, şəxsiyyətpərəstlik şiddətli bir yaranma dövründə nələr deyil, kimlər, daha doğrusu, kim aparıcıdır. Dünyadakı şizofrenik şəxslərə pərəstiş ya pərəstişin şizofreniyası, həddən artıq sağ görüşlərin "iqtidar" əldə etməsi "kimi" "nə"dən güclü edir, vizuallaşdırır. Belə bir dünyada mühitdə O, ədəbiyyatla xoşbəxtdir. Özünü bəxtəvər sayır. Çünki xalqının ədəbiyyatını yaxşı bilir. Sevdiyi xalqını yaxşı tanıyır. Bütün bunları dilinə belə gətirmir. Həyatında görürük. Çox zəhmli görkəmi var. Ancaq ən azı bir o qədər nəzakətlidir. Haqlı olmaqla nəzakətli olmaq arasında qalanda nəzakətli olmağı seçir. Onunla bağlı xoş, gözəl dəyərləri sadalamaq artıqdır. Ünsiyyətdə olmaq bəs edir. Yaxud da, kənardan müşahidə etmək. Necə ki, İsa Hüseynovun "Saz" əsərinin qəhrəmanı İsfəndiyar kişi ağsaqqallıq iddiasında olmadan, ağsaqqaldır. Böyükdür, dəyərlidir. Bax, elə.

 

 

Məna darlığı

 

Anton Çexovun "Üç bacı" pyesində iki nəfər söhbət edir. Biri digərindən souşur:

 

- Bir mənası var?

 

- Məna? Bir bura bax, qar yağır. Bunun mənası nədir ki?

 

Burada mənanı necə yoza bilirik? Axı dialoqda estetik bir peyzaj yoxdur. Göyün alleqoriyasını da görmürük. Bəyaz bir yalanla rastlaşmırıq. Burada heç vaxt qış qar görməyən bir cənublunun qəribə sualı var da deyə bilmirik. O zaman Çexovun qəhrəmanının həyatın mənasızlığını ifadə etməsi məna darlığından xilas edir bizi. Birbaşa həyat onun içində baş verənlər çox mənasızdır demək asan deyil. Çünki biz bir şeyin mənasız olduğunu iddia edən şəxsə "Bəs burada mənasız olan nədir?" sualını versək, həmin adam onu mənalarla ifadə etməyə çalışacaq. Deməli, mənasızlıq da mənadır. O isə məna mənasızlığı mənalandıran, hər gün gözəlliyini itirən həyatda gözəllik axtaran, həyatdan, ədəbiyyatdan sənətdən həyəcanla danışan, yaşayan, yaşadan bir insandır. Həyatın mənasızlıq küncünə itələnən insanların acısını ürəyində gəzdirən, anlamsızlığa anlam qazandıran fərddir O.

 

 

İnsan öz alın yazısını özü müəyyən edir?

 

Bura qədər həyatdan daha çox məna sözünü analiz etdik. Halbuki həyat sözü məna sözü qədər problemlidir. bu da anlaşılandır. Həyat sözü pomidor sözündən nəyi ilə fərqlənir ki? İnsanın doğulmasından toylarda, şənliklərdə rəqs etməsinə qədər hər şey həyatın amorflaşmış vəziyyəti deyilmi? Ona xüsusi forma məzmun verməyimiz mümkün olmadığı üçün müəyyən qəliblər qaydalar yaradırıq. Bütün həyatımız, alın yazımız necə olur ki, məna həyat sözləri ilə düşünülür. Həyatımın mənası varmı? Mən bu dünyada etdim axı? Yaşadıqlarım, yazdıqlarım dəyər ifadə edirmi? Bütün yaşadıqlarımız yozduqlarımız bir paranoya xəstəsinin uydurduqları deyilmi? Froydun dediyi kimi, bəlkə , hər şey fəlsəfənin paranoyanın yanılmasıdır. İllüziyasıdır. Mükəmməliyə yaxın fərdi bir həyat düşünək. Bütöv şəkildə həyatı ifadə edə bilmir. bu da qəribədir deyilmi? Elə isə milyonlarla həyat necə olur bəs?

Həyat var olmaqla bağlı suallara cavab verməyimiz üçün insan həyatının xaricinə çıxmağımız lazımdır. Nitsşe Vitqenşteyn belə düşünürlər. Hətta dərimizin, bədənimizin xaricinə çıxmağı zəruri bilirlər. Halbuki buna gərək yoxdur. Terri İqltona görə, ingilis cəmiyyətini tədqiq etmək üçün Yeni Zellandiyaya getməyimizə ehtiyac olmadığı kimi insanı öyrənmək üçün onun xaricinə çıxmaq da lüzumsuzdur. Ədəbiyyat nəzəriyyəçisi, strukturalisti filosof Terri İqltonun "Həyatın mənası"na dair tezisi mənə imkan verdi ki, öyrətmənim, professor Akif Hüseynov haqqında danışım. Bütün məna yozumlarım Hüseynov Akifi ifadə etmək cəhdidir. Hər kəs "necə qabağa gedə bilərəm"in planlarını qurarkən öz daxili aləminə, ədəbiyyata sığınan ədəbi tənqidçini. Yazdıqları, düşündükləri yaşadıqları zamanın ötəsində oldu. "Yaşamaq şakaya gəlməz, böyük ciddiyyətlə yaşayacaqsan" deyən şairi təsdiqləyir ömrünün 82-ci ilini yaşayan Akif Hüseynov ömrü. Ciddi əzəmətli, sadə insanlara qarşı isə gülərüz şən. Bizim ədəbiyyat zövqlərimiz bəzi məqamlarda ayrılır. Ancaq Azərbaycan ədəbi fikir tarixinin tənqidinin məna, istinad nöqtələrindən biridir Akif Hüseynov. Məna kəlməsi ingilis dilində zehin sözü ilə eyni kökdəndir. Zəkası, dürüstlüyü təfəkkürü ilə orijinaldır, bənzərsizdir, klassikdir.

Nəhayətdə, Çexovun qarla bağlı sualına qayıdaq. Məna? Bir bura bax, qar yağır. Bunun mənası nədir ki? Buna Filip Larkninin peyzaj lirikası olan "Ağaclar çiçəkləyir bir nəğmə kimi" misrası ilə cavab verirəm. Akif Hüseynov kimi.

 

Ülvi BABASOY

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.17.