Elena Ferrante:
postmodernizm və feminizm
Elena Ferrante təkcə İtaliyada deyil, eyni zamanda
dünyaca məşhur feminist yazardır. O əsərlərində
sadə dili, üslubu, maraqlı obrazları ilə
oxucuların diqqətini çəkmişdir. 1992-ci
ildə, ilk romanı "L'amore molesto" ("Bəlalı
eşq") yayınlanandan etibarən yazar "Elena
Ferrante" təxəllüsü ilə tanınmağa
başlamışdır. Nəşriyyatlara yazdığı
məktubları və mətbuata verdiyi müsahibələrinin
toplandığı "Bir Yazıçının səfəri
- Frantumaqliya" adlı kitabı xaric, 49-dan çox dilə
tərcümə olunan yazar kim olduğu
haqqında heç kimə məlumat vermədən
yaşamağı seçir. Onun
romanlarının hər biri mif və reallığın,
müasirlik və qədim adətlərin eklektik, dialoq
mozaikasını təqdim edir. Yazarın
yaradıcılığı feminizm və postmodernizm
kontekstində gündəmə gəlsə də, bəzi ədəbiyyatşünaslar
onun postmodernizmi inkar etdiyini vurğulayır. Ancaq aşağıda sadalanan hissələrdən
aydın olur ki, yazar əsərlərində postmodernizm
elementlərindən ardıcıl olmasa da, səpələnmiş
şəkildə istifadə edib. Xüsusilə
miflərin dekonstruksiyası, intertekstuallıq, tarixi metafiksiya,
iç-içə hekayələr, hadisələrə
skeptik baxış bucağı yazarın əsərlərinin,
belə demək olarsa, hər birində özünəməxsus
yer tutur.
Mifdən süzülüb gələn süjet
müasir İtaliya cəmiyyətindəki problemlərlə,
gündəmlə iç-içə girir. Onu bu kontekstdən
məşhurlaşdıran romanlar silsiləsinin ilk kitabı
olan "Mənim Brilliant dostum" İtaliya patriarxal cəmiyyətinin
kəskin tənqidini əks etdirir. 70-ci illərin
feminist hərəkatlarını, onların qadınların bədəni
və İtaliya cəmiyyətindəki əks-sədasını
özündə ehtiva edir.
Ancaq
yazarın ilk nəşr olunan romanı "Bəlalı
eşq"dir (1992-ci il). Burada
hadisələr ana-qız süjeti ilə təqdim olunur.
Delia anası, tikiş işi ilə məşğul
olan Amaliyanın dəfn mərasimi üçün Neapola
qayıdır və anasının son günlərini yenidən
canlandırmaq üçün axtarışa başlayır.
Bu prosesdə o, anasının onu tərk etdiyinə
dair dəlillərin ardınca anasının hekayəsini
yansıtmaq üçün sözün həqiqi, eyni zamanda
məcazi mənada yeraltı dünyasına enir. Bu roman Demeter və Persefonun mifoloji fiqurlarını
Ariadnenin obrazı ilə birləşdirir. Delia yeraltına enəndə şiddətin
yeraltı dünyasını Minotavrın labirintinə
çevirdiyini xatırlayır. Lakin
Ferrante mifi dəyişdirir - Delia-Ariadneni labirintdən
çıxaran xətt onun tikiş işi ilə məşğul
anasının izlərindən ibarətdir. Bu ana xətt Deliaya təcavüzünün xatirəsini
bərpa və nəql etməyə kömək edir, beləliklə,
onun sükutu romanın son qismində pozulur. Delia anası kimi özünün ikiqat portretini
yaradır, onların ortaq zorakılıq tarixini etiraf edir və
həmçinin Filomela və ya Araxne kimi travmaları sənətə
çevirir.
Sonrakı romanlarında da Elena Ferrante eyni xətlə
davam edir. Onun yaradıcılığı mifologiyadan həyatın
içinədək uzanır. Beləliklə, Ferrantenin
ikinci romanı, "Tərk edilmə günləri" də
(2002-ci il), Medea və Didonun yenilənmiş
versiyalarını dramatikləşdirir. Əri
onu və iki uşağını özündən kiçik
bir qadın üçün atıb gedən Olqa intihar və
qisas haqqında düşünərkən inkar, qəzəb,
zorakılıq və özünü alçaltma mərhələlərindən
keçir. İkiqat maskulinist məkanda tələyə
düşmüş Olqa simvolik anaları Medea və Didonun xəttini
izləyərək düşmən evinin və düşmən
şəhərinin patriarxal labirintini müzakirə edir.
Lakin mifoloji personajlardan fərqli olaraq, o, şəfa
vasitəsi kimi qəzəb və ümidsizliyi yazı ilə əvəz
edir, beləliklə, "Tərk edilmə günləri"
Olqanın sağ qalma və yaradıcı ifadə hekayəsini
təşkil edir. Mifologiyadan bilindiyi kimi,
Medea və Dido iki çox güclü qadın idi, lakin hər
biri bir qədər fərqli mədəniyyətlərdə
yaşayırdı. Qeyd etdiyimiz kimi, əsər
qədim mədəniyyətlərdəki əfsanələrlə
intertekstual əlaqədədir.
"Burada Olqanın həm zorakılıq, həm də
seksual çıxışları onun öz səsi ilə nəql
edilir və əks olunur. Ərinə və yeni sevgilisinə
hücum edən, onun diqqətini çəkmədiyi kişiləri
aldatmağa çalışan və Olqanın
peşmanlığının şahidi oluruq".
Ferrantenin
sonrakı romanı, "İtirilmiş Qız"
(2006-cı il) adlanır, bu əsər yenidən
ixtira edilmiş klassik miflərin başqa bir konfiqurasiyasına
malikdir. Baş qəhrəman Leda, böyüyən
qızları evi tərk edən universitet professorudur. Tətilə gedəndə Leda Elena adlı balaca
qızcığazın kuklasını oğurlayır və
bununla da gözəl Helenin anası Leda haqqında mifi
oyadır. Ferrante Helenin Ledanın bioloji qızı deyil,
başqa bir zorlama qurbanı olan Nemesisin qızı olduğu
mifin daha az tanınan versiyasını
canlandırır və yeniləyir. Ana olmayan
Leda öz qızını böyüdür və Ferrantenin
dediyi kimi, özünü "analıq haqqında mürəkkəb,
müasir sualın ortasında" tapır (Fr, 206). "İtirilmiş qız"ın süjeti bu
surroqat və ya simvolik ana və qızlar məsələsi ətrafında
dolaşır, ənənəvi analıq
anlayışlarını çətinləşdirir və
ana-qız bağının bioloji olmayan
konfiqurasiyalarını təklif edir.
Ferrantenin ilk üç romanı buna görə də
klassik miflərin müasir versiyalarını yenidən işlənmiş,
qadın mərkəzli strukturlarının mədəni təməli
kimi izah edir.
Onun "Gecə çimərliyi" (2007-ci il)
əsərində yazar "İtirilmiş qız"ın
süjet elementlərinə yenidən nəzər salır, əsərdə
kukla, Selina cəsarətlə od və su ilə sınaqlardan
keçir, lakin məşum kişi fiquru onun sözlərini
qarmaqla sinəsindən çıxararaq oğurladıqda geri
çəkilir. Bu zorlama səhnəsi, Filomela
mifinin təkrarında onun dilini metaforik şəkildə kəsir.
Selinanın qoruya bildiyi yeganə söz
"ana"dır. Kuklalar yazarın
"Neapolitan Roman"larında tetralogiyanın çərçivə
aləti kimi geri qayıdırlar. Helena və
yunan mifologiyasına başqa bir mifoloji istinad olan hekayəçi
Elena Qreko, Turində yaşayan və uşaqlıq dostu olan
Lila Cerullonun doğma Neapoldan yoxa çıxdığı
haqda danışan bir yazıçıdır. Elena Lilanın həyatı haqqında yazmağa
başlayır və onların birgə tərcümeyi-halını
danışır.
Elenanın ən məşhur silsiləsi "Neapol
Roman"ları adlanır. Elena Ferrantenin ən
çox oxunan kitabları; bu məşhur 4 silsiləsindən
ibarətdir. "Mənim Brilliant dostum" (2012-ci il), "Yeni soyadının hekayəsi"
(2013-cü il), "Gedənlər və qalanlar"
(2014-cü il), "İtkin qızın hekayəsi"
(2015-ci il) kitabları bu silsiləyə daxildir.
"Mənim Brilliant dostum" İtaliyada gecəqonduda
böyüyən iki gənc qızın çəkişmə,
qısqanclıq və sirlərlə toxunan dostluqlarından,
çətin böyümə və var olma macəralarından
bəhs edir. Hekayə gənc qızlar Lila və Yelena kişilərin
hegemonluq etdiyi cəmiyyətə baxmayaraq, necə fərqli və
güclü qadın olduqlarını izah edərkən, 50-ci
illərdən başlayaraq həm dövrün, həm də
İtaliyanın demək olar ki, təfərrüatlı mənzərəsini
yaradır. Sanki bu yazılanlar bir
növü avtobioqrafikdir. Bəlkə də,
buna görə müəllifin kimliyi bu qədər maraq
doğurur.
Burada da yenə mifin dekonstruksiyası,
köçürülməsi mövcuddur. Məsələn, əsərdəki
uşaqlıq dövründə "Don Axilin hekayəsi"ni nümunə kimi götürsək görərik
ki, onun əsas intertekstlərindən və nəsr-tematik
strukturlarından biri labirintdəki dəhşətli insan-heyvan
Minotavr mifidir. Bilindiyi kimi, "Yunanların Tesey
və Minotavr mifini xatırladan bu labirint Lila və Yelenanın
dostluğunun mənşəyi haqqında mif yaradır. Elena Ferrantenin poeziyası yunan mifologiyası ilə zəngindir,
onun qəhrəmanları isə arxaik ritualları və
keçid ayinlərini təsvir edir.
Elena
yazırdı: "Axil nağıl canavarı idi və mənə
onun yanına getmək, onunla danışmaq, ona baxmaq, casusluq
etmək, özünü nə o, nə də onunku kimi
göstərmək qəti qadağan idi".
Beləliklə, Ferrantenin romanları daha geniş
Aralıq dənizi ədəbi və mədəni
coğrafiyası, Minotavr mifinin mənşəyi kimi kollektiv
Aralıq dənizi qadın vizyonu (Todesco) və Dedal tərəfindən
qurulmuş Kirit labirintinin içinə yerləşdirilə
bilər. Borxes irəli sürüb ki, iki hərəkət edən
güzgü labirint təşkil edir və labirint Minotavr
adlı dəhşətli məxluqun yaşadığı dəhşətli
bir evdir. Başı öküz
başı, bədəni insan bədəni olan Minotavr
("Minos öküzü"). Minotavr
Tesey tərəfindən öldürülmüşdü.
Krit sivilizasiyasının şöhrətini
yüksəldən bu mifə görə Dedal tərəfindən
Minotavrı həbs etmək üçün labirint
yaradılıb. Orta əsr alimlərinin
fikrincə, bu labirint bu günə qədər
yaradılmış ən çətin labirintdir.
Həqiqətən də, Yelena və Lilanın
uşaqlıqlarını yaşadıqları Neapolitan
bölgəsinin şiddətli patriarxal səltənətini
labirint kontekstində oxumaq olar. Olivia Santovetti qeyd edir
ki, "Elena Ferrantenin "Neapolitan Roman"ları yazı
aktına, onun yaratdığı mexanizmlərə və bu
gün qadın yazıçının formalaşmasına
postmodern metafantastik marağı inandırıcı şəkildə
nümayiş etdirir. Güzgülər və
labirintlər Ferrantenin bütün romanlarında qadın
şəxsiyyətinin formalaşması və ya nitqinin
fiqurları kimi təkrarlanır. İlk
romanında Delia anası Amaliyadan fərqini müəyyən
etmək üçün güzgüdəki əksini
araşdırır. Eyni məsələ
"Mənim Brilliant dostum" romanında da ortaya qoyulur, bu dəfə
bunu edən Qrenkodur (Lenü). Santovetti həmçinin
iddia edir ki, Ferrantenin Elena Qrekonun hekayəsi ilə
canlandırılan layihəsi eyni vaxtda Kalvinonun təklif etdiyi
hiperromana bənzər bir roman, meta-roman və antiroman
yaratmaqdır. Mətnin qalıq
ölçüsü, sürüşüb gedən,
özünü inkar edən və müqavimət göstərən
elementlərlə zəngindir".
Ferrantenin ədəbi mətnləri nəzəri
kontekstdə Linda Hutçeonun "tarixi metafantastika" kimi təyin
etdiyi postmodern paradiqma daxilində də tədqiq
olunmalıdır. "Postmodern nəzəriyyənin əsas
ideyalarından biri tarixi izahatlara, mənbələrə və
elm olaraq tarixə skeptik prizmadan baxmaqdır. Postmodern dövrdə bütün metanəsrə
şübhəli yanaşma hamıya məlumdur və tarix məsələsi
bu geniş spektrin yalnız bir hissəsidir"(9). Ferrantenin romanları da qadın səsini kişilərin
üstünlük təşkil etdiyi ədəbi və mədəni
qəfəsdən geri alır, qadınların
yaradıcılığını və bədii
azadlığını patriarxal diskurs qəfəsindən
azad edir. Qadının hərfi və ya
metaforik şəkildə silinməsi, sakitləşməsi və
eybəcərləşməsinin tetropları, qadın bədənlərinin
izsiz yoxa çıxması konsepsiyası ilə birlikdə
bütün bu kimi paradiqmalar onun poetikası üçün
mühüm əhəmiyyət kəsb edir və dörd
"Neapolitan Roman"ının əsasını,
süjetini təşkil edir. Ferrantenin mətnləri
həyatın genişliyini və dərinliyini əhatə
edir, eyni zamanda onu yerli, italyan və neapolitan obyektivindən
keçirir. Müxtəlif janrlardan və ədəbi
ənənələrdən - mif və epik povest, bildunqsroman,
detektiv triller, melodram, romantik roman, tarixi roman, metafantastika
postmodernist mətn və hətta müasir epik buna daxildir.
Lakin o, bu janrların və ya mətnlərin hər
birini yenidən işləyərkən onu qadın
nöqteyi-nəzərindən süzgəcdən keçirir
və mətnin mərkəzinə qadını qoyur, duyğu
və hissləri sırf müasir özünüdərk və
ya postmodern istehza ilə ifadə edir. "Tarix yaratmaq
"xəyali yenidənqurma"dır və keçmişin
hekayəsini qurmaq aktı postmodern tənqidin obyektidir. "Tarixi fakt kimi qəbul etdiyimiz şeyləri
tarixşünaslığın keçmiş hadisələrin
izahlı və nəqledici təsvirləri təşkil
edir".
Nəticə
olaraq qeyd edə bilərik ki, feminist-postmodern yazar Elena Ferrante
Tondellinin poetikasını əhatə edir, emosional yazı və
birinci şəxs təcrübəsini birləşdirərək,
emosiyaları artıq əlavə romanların
emosionallığının tərkib hissəsi deyil, ədəbiyyat
və siyasəti güclü şəkildə birləşdirən
bir şeydir, çünki o, sosial səviyyəni mürəkkəbliklə
qarışdırır. Folklorun, miflərin
dekonstruksiyası, intertekstuallıq, tarixi metafiksiya,
iç-içə hekayələr, hadisələrə
skeptik baxış bucağı yazarın fərqli üslubu
ilə birləşir.
Kalvinodan təsirlənir, onun roman
anlayışını tətbiq edir və əksər
postmodern elementi unikal şəkildə istifadə edir.
"Birnövü özünəməxsus olan bizi
italiyan ədəbi postmoderninin mümkün heterojenliyinə
yaxınlaşdırır. Monika Cansen,
postmodernizmlə bağlı italiyan debatının təfərrüatlı
şəkildə yenidən qurulmasında əslində
Tondellidən Umberto Eko və ya İtalo Kalvinoya xas olan "mədəni"
postmodernizmlə müqayisədə "birbaşa"
postmodernizmin nümayəndəsi kimi danışır".
NARGİS
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.18.