Janr transformasiyası və
üslub fərqləri
1
"Janr transformasiyası" deyilən bir
anlayış var - nəzəri səciyyəli və son dərəcə
mürəkkəb quruluşlu - yozumlara yol açan və
onları bir məqamda təsrifləndirən, oxucunun bədii
mətni qavramasında önəmli rol oynayan bir vahid - nəzəri
və fəlsəfi anlayış. Bu məsələ
bütövlükdə üslub, yazı tərzi, bədii mətnin
qurulma (qavrama çərçivəsində və sair)
strategiyası ilə bağlıdır.
Yazıçı-müəllif bu hekayə, bu şeir, bu
dramatik mətnlə nəyi necə demiş və oxucu
qavrayışı həmin ürəkdə
danışılan "əhvalatı" necə, hansı
yöndə dəyişdirə bilmişdir. Mətnlər bir
dəfə yox, sonsuza qədər oxunur və yozulur (bədii
mətnin içində onu var edən cövhər - estetika sən
oxuduğun andan başlayaraq hərəkətə gəlir və
bir daha dayanmır-!), bədii mətnin fiziki sərhədləri
daxilində heç nə dəyişməsə də, oxu
prosesində dəyişir, necə deyərlər onun
üçün biçilən, çəkilən çərçivədən
çıxır, belədə, yəni sərbəstlik, bədii
mətnə xas olan "azadlıq" şəraitində
keçmişə və gələcəyə istədiyi
şəkildə yollana bilir. Ancaq təbii ki, bu proses bilinmədən,
heç nəyə toxunmadan gedir və ən əsas məqam
da sonsuz sayda mətnləri yaradan üslubi xüsusiyyətlərin
bir-birindən inanılmaz dərəcədə fərqli
olmasındadır. Ədəbi prosesdə bu qovğa, bu
"kortəbii" hadisələr mütləq "sınma
nöqtəsini" yaradır ki, ədəbi prosesin
özü daxilən dəyişsin, başqalaşsın,
inkar seli gəlsin, Çexov doğulsun, Balzakın qələmlə
inanılmaz məşəqqətlə, əslində
yaşadığı əsrə baxıb yaratdığı
memarlıq abidələri - romanlar kibrit çöplərindən
qurulmuş piramida kimi "dağılsın", həmin
böhran - dağılma məqamında bütün
canını və qanını onun üstündən xətt
çəkən üsluba axıda bilsin. "Janr
transformasiyası" əslində, yəni, bizim təfsirimizdə
bir janrı başqa birisinə çevirmir, yaxud bunlar
arasında yerdəyişmə, qarşılıqlı təsir
və əlaqə prosesini ehtiva etmir, bu proses janrın öz
içində, onun necə deyərlər xarabalıqları
içində gedir. Bədii mətn oxunduqda o, dərhal
şəklini, görünüşünü dəyişir,
gülə, gülləyə, fırlanğıca, karuselə
- istədiyi hər şeyə dönür və anidən
öz yuvasına qayıdır. Anacq bu
tipli, yüksək ixtisaslı bədii mətnlər dünya ədəbiyyatında
heç də çox sayda deyildir. Bir məqam da var: bu
yüksək ixtisaslı mətnlər barədə. Vaxtilə
V.Vulf Coys
haqqında bunu demək istəmişdi: "...Bir
uşaqlıq gizlənmişdi onda. Və bu
çox qəribədir, çünki uşaqlıq adətən
yavaş-yavaş olsa da, əvvəl-axır çəkilib
gedir, qeyb olur. Ancaq onun qəlbində uşaqlıq tam
qaldığına görə heç kəsin
bacarmadığı, öhdəsindən gələ bilmədiyi
şeyləri edə bilirdi. Belə ki, istədiyi zaman həmin
dünyaya gedib geri qayıda bilirdi, bizim çoxumuzdan fərqli
olaraq..."
Son illərdə
ədəbi prosesdə görünən, haqqında təhlil
yazıları yazılmış bir neçə mətni nəzərdən
keçirmək olar, - həm də o mətnləri dünyaya
gətirən müxtəlif, çox fərqli yazı tərzləri
baxımından.
2
Əli Zərbəlinin daha bir hekayəsi - "Corab
oğrusu" dərc edilib. Əvvəlki hekayələrindəki
üslub strategiyası, bədii mətni qurub yaratma
stixiyası bu hekayədə də ifadəsini tapıb.
Əlinin hekayələrində qabarıq hiss edilən və
getdikcə önə çıxan bir cəhət var - əşyalara
maraq, onları bədii mətn çərçivəsində
"oynatmaq", əşyanın içindəki sükutu
hekayə dilinə çevirmək və sair. Bu
hekayələrdə insanlar - personajlar daha çox ürəklərində
danışır və sürətlə
düşünürlər. Bu hekayələrdə
təhkiyə dinamikası fərqlidir, orijinal və sirayətedicidir.
Bu hekayələrdə təhkiyə insani
münasibətlərin ən kritik və son məqamından əvvələ
- hələ bəlkə də, danışığın,
danışmağın kəşf edilmədiyi bir əraziyə
qayıdır. Və belə olduğu
üçün də müəllif bir məqamda gözdən
itir və adi personajlardan birinə çevrilir. Bu hekayələrdə bir də bədii şərtiliyi
fikrən gerçək halına qaytarıb
gülüşün dərinliklərinə səyahət
marşurutu cızılır. "Qəhqəhə"
hekayəsində adam evdə qəşş
edib özündən gedir və ölür. Hadisə
inanılmaz olduğundan ölüm səbəbi kimi müxtəlif
versiyalar yaranır, onlardan biri də anekdotdur. Camaat həyətə doluşub Saleh kişidən
bu anekdotu dinləmək istəyirlər. Dinləsələr
də kimsə gülmür. Gülə
bilmir. Çünki bu versiyada ölüm
gülüşün axırına çıxıb.
"Corab
oğrusu" hekayəsi mövzuya ənənəvi
yanaşmanı bəri başdan istisna edir, yəni, kim bu kimi
anlayışlarla mətnə yanaşsa hekayənin içindəki
bədii mətləbi görməyəcək, ondan yan
keçəcək, bu hekayə və ümumən son zamanlar
gənclərin qələmindən çıxan başqa mətnlərdə
estetika yenidir, insanı anlamaq, aldığın,
qavradığın mənanı
"parçalamağı" tələb edir. Bədii mətn
həm vəfa (kişinin aldatdığı
sandığı qadının da adı Vəfadır), xəyanət,
aldatma... kimi mövzunu əhatəsinə alır, ekspozisiya
hissəsində kişinin aldatmaq planı türklər
demiş "tıkır-tıkır işləyir", ənənəvi
yanaşma burda bitir, açar qıfıl deşiyinə girib
səs elədikcə təhkiyənin sürətinin dedikləri
bir-bir sözə çevrilir, amma o sözlərin içində
vəfa, xəta, aldatma, xəyanət kimi deyimlər yoxdu, ər-arvad
bir-birini şirin-şirin aldadır, amma bir detal, kişinin
itirmiş sandığı corab və onun bir-iki sözlə
təsviri plan quranı məyus edir - hər kəs
özünü aldadır. Ancaq hekayənin mətləbinə
bunun qəti dəxli yoxdur. Yəni, bu da
axırı. "... Bugünü heç vaxt unutmayacaqsan. Mesajı görməyinlə qapı dəstəyinin
bir neçə dəfə səbrsizcə aşağı dartıldığını
eşidəcəksən. Bir an sonra
isə qapı zəngi cingildəyəck. Ətrafa
sükut çökəcək. Sükuta
fikir vermə. Qarşında vurnuxan təlaşlı
ayaqlardakı corablara fikir ver. Bunlar ki, sənin Moskvada ezamda
olarkən aldığın, topuğuna xırda ayılar səpələnmiş
və aylar öncə itirdiyin corablardır (diqqət edin:
topuğuna xırda ayılar səpələnmiş və
aylar öncə itirdiyin...).
Vəfanın əsəbi
pıçıltılarını eşidəcəksən. Qarşında
çarəsizliklə vurnuxan corablara diqqət kəsil.
Onları aldığın günü
xatırla. Otelə nahar üçün
qayıtmamışdan əvvəl Moskvanın mərkəzi
küçələrində biraz veyllənmişdin. Sonra vaxt öldürmək üçün
qarşına çıxan paltar dükanlarından birinə
girmişdin. Kassada növbədə durarkən
qarşındakı qıvrım saçlara bir neçə
dəfə oğrun-oğrun baxmışdın. İndi heç cürə xatırlaya bilmədiyin
gic bir bəhanə ilə söhbətə
başlamışdınız. Bıy, siz
azərbaycanlısınız? Təsadüfə
bir bax, elə mən də bura ezamiyyətə gəlmişəm.
Möhtəşəm gün idi. Həmin
günün ən unudulmaz günün olduğunu
düşünərdin. Bugünə qədər.
Çünki, artıq əminsən: bir neçə saniyə
sonra çarpayının altında tək olmayacaqsan".
Fərqli oxu vərdişi tələb edən,
bambaşqa üslub və estetik platformaya köklənmək
ehtirasını sürdürən nasirlərdən biri də
Sərdar Amindir. Onun "Nilufərlər" və
"Pah" hekayələri ilə Əli Zərbəlinin mətnləri
arasında həmin cəhd baxımından oxşarlıq olsa
da yazı tərzi başqadır. Sərdar hekayə mətnini
assosiativ əlaqələr müstəvisində qurur - hər
şey, yəni hekayədəki bütün detallar uzaqdan və
yaxından bir-biri ilə əlaqəlidir, bundan daha önəmlisi,
onların təsviri bu yaxınlıq və
uzaqlığın ötəri bir şey olduğunu təqlin
edir, yəni aldadır, əslində isə birdən su
üzünə çıxan əşyalar dənizin
altını, dibini unutdurmaqla yanaşı, o dərinlərə
nüfuz etmək ehtirası yaradır. Bu tərz
metaforik təsvir aurası yaradır. Diqqət etdinizsə,
Əli Zərbəlidə belə bir yanaşma yoxdur (metaforik
aura-!), Əli beynindən və ruhundan heç cürə
çıxmayan xatirələri gerçəklik modusuna gətirib
bədii şərtiliyin mətndə hansı
"dağıntılar" yarada biləcəyini işarələyir.
Şiddətlə bu dağıntının
baş verməsini istəyir.
Sərdar isə insanın ən ülvi hislərini onun
başına gələcək ən məşum hadisə -
ölümlə yanaşı təsvir edir, ülvi şeylər
bu dünyada qalır ki, kimsə gəlib sahiblənsin, ölümsə
xatırlanmalı nə varsa vurub
dağıdır. "...Qiyamət qopana qədər
uyuşmayacaq bu torpaqlar hələ içindəki kimsəsiz
əşyalar çürüyənədək onların
iniltisinə də dözməli idi". Sərdar
həyatın dibindəki, bəlkə də, eşitmək
istəmədiyimiz mətləbləri danışır və
birdən yaşamın ən zərif, toxunsan uçulacaq
yerinə toxunur və hekayə bitir, əslində transformasiyaya
uğrayır. "Pah" hekayəsində bu məqam
anidən işıqlanır və itib gedir. "Sonra
qapı açıq qaldığında balkondan evə
doluşan hünülər. Hünülər
və ağcaqanadlar. Arvadım bunlara
quş deyir, mənsə bu hənirsiz uçan xırda həşəratlara
hünü. Dibçəklərlə gəldilər,
otaqları bürüdülər. Zərifanəliyindən
bildim ki, evimizdə çox yaşamağı
bacarmayacaqlar".
"Küləklə, suyla, zəlzələylə yox,
nəhəng maşınların sərt yük yerləriylə
daşınmış torpaqlar Günəşli dərəsində
çox nabələd idi. Yüksək təzyiqlə
doldurulmuş təkərlərin torpaqdan
ayırdığı bu maşınlar bəla orduları kimi
yorulmadan torpağın qəsdinə durmuşdu, sonra qəriblik
dalınca qəriblik...
Yad daş-kəsək Günəşli dərəsinin
qarnını hər gün bir az da dikəldir, vələdüzzina
kimi bu yerlərin ruhunu narahat edirdi".
Bu hiss və
emosiya İlham Əzizin hekayələrində də var - insan
birdən öz nisgilinin içində gizlənmək istəyir,
qaçır - özündən, sevdiklərindən və
sair... amma peşman olub geri qayıdanda heç nəyi yerində
görmür, ölüm hər şeyi biçib
doğramış, yerdə kimsənin olmayan xatirələr
qalmış. "Beşmərtəbəli
binanın birinci mərtəbəsi" hekayəsində
qızın ölümə getdiyi məqamda oğlanın
işıq dirəyinin arxasında gizlənməyi, tərəddüd
etməyi... uzaqdan görünür, sanki hər şey
çoxdan baş vermiş, çox mətləbə nöqtə
qoyulubmuş, indi istəsən də bir şey eləyə
bilməzsən.
Orxan Həsəninin "Qırmızı
ayaqqabılar" hekayəsində müharibəni başqa
bir rakursda verir. Bu mətndə su, rəng və
işığın sayrışaraq oynaması, bir yerdə bənd
tutmayıb qaçıb gizlənməsi qəribə estetik
emosiya yaradır. Bu hekayələrdən
biri də Furqanın "Onun meyvəsi" mətnidir. Orxanda olduğu kimi "Onun meyvəsi" kiçik
hekayədir. Heç nə izah edilmir, hər
şey qazılaraq yazılır və əbədiyyətə
ünvanlanır. Döyüşdə bir
ayağını itirmiş Bəhman mağazada satıcı
işləyir. Sol ayağının dizdən
aşağı hissəsini Cəbrayılda ağac kimi əkib
qayıdıb. Hər gecə o
ağacı görür. Su vermək istəyəndə
ayılır, meyvəsini dərmək istəyəndə isə...
Dostlarını hətta bir ayağı üstündə
belə tennisdə udur, onlar hirslənir, çıxıb
gedirlər.
Qulağına səs gəlir: cürətin var həyata bir
ayaq üstündə qalib gəl... Hər
şey sol ayağına protez qoyulandan sonra başlayır,
sevinir, gec yatır. Yuxuda həmin ağacı
görür, yaxınlaşıb meyvəsini dərmək istəyəndə
bunun meyvə yox, tennis topu olduğunu anlayır və yuxudaca
ağlayır... O ağacın meyvəsi o qədər
çox şeyə çevriləcək ki, həmişə
aldanacaqsan, lap meyvənin özü olsa belə, istəsən
də əlin çatmayacaq. Həyata qalib gəlmək
mümkün deyil və lazım da deyil, ancaq Bəhman
artıq o sərhədi adlayıb keçib... Fikrən
yanında şəhid olmuş dostlarının yanındadı,
Cəbrayılda...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.24.