Əbədi Əlef
Səlim Babullaoğlunun
"İlk hərfi itmiş cümlə" kitabı barədə...
Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlə" kitabındakı
şeirlərini modernist mövsümi poeziya hesab etmək olar. İnsan
böyük kosmik-təbiət ritminin içindəykən, qədim
poeziya məhz beləydi. Məsələn, klassik haykular
mövsümüydü, ilin fəsillərinə işarə
olmalıydı ki, bu da haykular üçün mütləq
element olan "kiqo"nun, "mövsümi söz"ün
istifadəsiylə baş verirdi.
İnsan
ritmdən ayrılmazdı:
nəfəsin ritmindən, ürək
döyüntüsünün ritmindən, yuxu və
sayıqlığın ritmindən, fəsillərin dəyişməsindən.
Rus tədqiqatçısı Vadim Rudnev yazır: "Ritm -
yaradılışın universal inkişaf qanunudur. XX əsr
bioloji və kosmoloqoji ritmlərin, incəsənətdə və
poetik misralardakı ritmlərin öyrənilməsinə
böyük töhfələr verib. Ən sadə Ritm vahidi
zamanda təcəssüm olunan müxalif binarlıqdır:
Allah-şeytan, in-yan, ağ-qara, gündüz-gecə, həyat-ölüm
kimi".
İslami
ənənə iddia edir ki, Adəm cənnətdəykən,
ritmik şeirlə danışırdı. İlk kahinlər,
onlar, həm də şair və loğmanlardı, iti
müşahidə qabiliyyətləri sayəsində dəyişən
Ay fazalarının və başqa təbiət hadisələrinin
təkrirlərinə əsasən öncəgörmələr
edir, proqnozlar verirdilər, yəni peyğəmbərlər
kimi gələcəkdən xəbər verə bilirdilər.
Beləliklə zaman...bəli, zaman - Səlim
Babullaoğlunun haqqında söz etdiyimiz kitabının vacib
tərkib hissəsidir. Amma bu zaman - xüsusi zamandır. Bizə
zamanın üç konsepsiyası məlumdur: qapalı, yaxud
dairəvi; şaquli və üfüqi. Dairəvi zamana induizmdə
və buddizmdə rast gəlinir, bir də öz "əbədi
dönüşlər"i ilə Nitsşedə. Şaquli, esxalatoji zaman İbrahimi
dinlərə (hənif dinlərə) xasdır. Üfüqi-proqressiv
zaman isə Yer üzərində
cənnət qurmaq istəyən ateitizmə və hər
cür sosial utopiyalara aid zamandır.
Babullaoğlunun şeirlərində zaman şaqulidir, ərəbcədəki Əlef
(Əlif) kimi; yerüstü, dünyəvi hər şeyi
istisna edib sıxışdırandır ki, son məqsədi cənnətə
girməkdir, cənnətdə isə "zaman daha
olmayacaq" (İohanın Vəhyi, X fəsil, VI ayə).
Varlığın iki findamental kateqoriyası olan zaman və məkan poeziyada
ritm və sözün vərəqin səthindəki yeri ilə
təzahür edir. Ritmik planda Babullaoğluda 12-lik hecaya
canatım var, bir çox misralar üç hecalıq dörd
sözdən ibarətdir. Bunu isə hər biri 3 aylıq 4
mövsümlü illik dövrə, dövrləşməyə
də bağlamaq olar.
Amma
"İlk hərfi itmiş
cümlə" (ikinci adıyla "poetik təqvim") 13
hissədən ibarətdir. Kitab
Ramazan ayında yazılmış və Ramazan ayının
şeirləri ilə bitir ki ("ramazan"ın içində
anaqrammik olaraq "namaz" və
"zaman", eləcə də "azan" var), bu da yerüstü və insani
zamanın xaricinə çıxmağın rəmzidir;
unutmayaq ki, hicri təqvimindəki Ramazan ayı miladi təqvimindəki
bütün ayları 36 il ərzində "ziyarət
edir".
Burada Məhəmməd Peyğəmbərin
meracı ilə bağlı hədisi
xatırlamaq yerinə düşər. Rəvayətə
görə, Peyğəmbər səma səyahətindən
geri dönəndə yatağı soyumağa, su qabdan
tökülməyə macal
tapmamışdı. Quranda 70-ci surənin 4-cü ayəsində
zamanla bağlı daha bir rəmzi deyiş, ifadə var: "Mələklər
və Ruh (Cəbrayıl) müddəti (dünya hesabı ilə)
əlli min il olan bir gündə Onun yanına yüksələrlər".
Əbu Adil bunu belə şərh edir: "İnananlar üçün bu
günün uzunluğu bir dua qədərdir".
Su da zamanın qədim rəmzlərindəndir.
Axar su insanın zamanı, onun hərəkəti və
inkişafıdır; axmaz su, okean və dəniz suyu - bu əbədiyyətdir,
bəqa ( "elə bildim ki, bəqa . suyunu içdim",
S.Ə.Şirvani)
Babullaoğlunun şeirlərində çaylar Allah okeanına tökülür,
sufi maksiması da belədir, anlamaq, varmaq-damlanın dəryaya
qayıdışıdır. Yaxud, başqa cür, Eliotun
sözləri ilə deyək: "Çay içimizdə, dəniz
əhatəmizdədir". Və yaxud da Babullaoğlunun
sevdiyi Odenin sözləriylə: "Dəniz
formasızdır".
Və burda da Yaradanın təyininə,
həm Qərb, həm də, Şərq mistikləri
üçün səciyyəvi olan eyham var. Bu
assosiasiyaları davam etdirsək, daha doğrusu, Azərbaycan
şairinin mətnlərinə Qərb ənənələri
kontekstində baxsaq, yad planetdəki okeanın - müəmmalı,
amma hətta itirdiyimiz əzizlərimizi ("İlk hərfi
itmiş cümlə"də
şairi müvəqqəti olaraq qoyub getmiş əziz
adam onun anasıdır) diriltməyə qadir olan düşüncəli substansiya
olduğundan bəhs edən "Solyaris"i, Stanislav Lemin məşhur
əsərini xatırlaya bilərik; bu okeanın tərzi-düşüncəsinə
və iradəsinə biz heç cürə təsir edə
bilmirik ki, alimlər, yalnız bu substansiyanın səthində
baş verənləri təsvir edə bilirlər.
Amma Babullaoğlu Yaradanın təsvirindən imtina edir. İki gözü, iki
qulağı, iki beyin yarımkürəsi və yalnız bir
dili olan adam Yaradana , Təkə yalnız bir yolla
yaxınlaşa bilir: Onun adını zikr zamanı təkrar edərək. İnsan Yaradanı təsəvvür
edə bilmədiyindən Onu təsvir edə bilməz. Amma o, Yaradanın şəfalı
bulağından, təsəvvüfdən, onun müdrikliyindən
dada bilər.
Kitabın son şeirlərindən birində şairin uşaq ikən, heç
bir tora və ağuşa sığmayan o azman stixiya ilə
görüşündən bəhs olunur. Dənizdə
güclü fırtına, burulğan... az qala, uşaq həlak
olacaq. Və bu yerdə güclü ata əli dada
çatır, uşağı tutur. Bu epizodu imanın möhkəmliyi
sarıdan sınaq kimi də yozmaq olar, İbrahimin öz
oğlunu qurban etmək hadisəsindəkitək. Uşaq xilas
olur, amma əhd bağlanır - o bütün
ömrünü Kitabı oxumağa və Xaliqin Adını
vəsf etməyə sərf edəcək.
Uşaqlıq motivi, itirilmiş
cənnət olan uşaqlıq və ora
qayıtmaq arzusu Səlim Babullaoğlunun bütün
yaradıcılığı üçün səciyyəvidir.
"Sizə həqiqəti söyləyirəm - dedi İsa, -
dəyişməyəcək və uşaq kimi
olmayacaqsızsa, heç vaxt Səma Şahlığına
(oxu: cənnətə - N.M.) girməyəcəksiz" (
Matfeyin İncili, XVIII fəsil, III ayə). Babullaoğlunun dəyərlər
sistemində, yalnız uşaqların aydın olmayan şəkildə
danışmaq, qığıldamaq haqqı var. Bəlkə
ona görə ki, islam ənənəsində uşaqlar iki
yaşına qədər mələklik dövrünü
yaşayırlar. Həm də, bəlkə Seçilmiş
Georgi Palama dediyi kimi, "Allah haqqında bildiklərimizi
danışmalı yox, qığıldamalıyıq".
Qığıldama. Sükut. Dua.
Və bir də şaquli
və əbədi Əlefdən başlayan Ana və Allah.
Onların şəfqəti isə sonsuzdur.
Nicat Məmmədov
Ədəbiyyat
qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.5.